Fevral 4, 2019

Ələddin Məlikov – İslam və Fəlsəfə (müvafiq yoxsa, müxalif?)

Müdriklik çox şey bilmək deyil,
lazım olanı bilməkdir.
Esxil.

İslam mədəniyyətinin ən mühüm hissələrindən biri Fəlsəfi düşüncə və nəzəriyyələrdir. Onun köklü və qurucu rolunu nəzərə aldıqda, əhəmiyyətinə daha da varırıq. Bildiyimiz kimi hər bir elmi dəqiq mənimsəmək üçün həmin elmin tarixinə, o elmdə meydana çıxmış dönüş və çevirilişlərə, elmin şəxsiyyətlərinə, o elmdə ixtira edən, dönüş yaradan alimləri tanımaq zəruridir.

Fəlsəfə haqda danışarkən qarşıya çıxan ilk sual bundan ibarətdir ki, İslam fəlsəfəsi, fikh, üsul, təfsir və hədis elmləri kimidirmi? Yəni öz əsas məzmununu İslamdan alıb, yoxsa kənardan islam elmləri cərgəsinə daxil olub, sonradan İslam alimləri tərəfindən ona qatda-qanunlar yazılmışdır?

İslam ilə fəlsəfənin münasibəti haqda əsasəın üç nəzəriyyə var:

1. İslam fakihləri və hədisçiləri belə qənaətə gəliblər ki, filosofların İslama heç bir bağlılıqları yoxdur. Onların Quran və hədisə istinad etməsi, kütləni azdırmaq və müsəlmanların qəlblərini oğurlamaq məqsədi daşıyır. Nəticədə İslamla fəlsəfənin heç bir əlaqəsi yoxdur. Bu nəzəriyyənin zəif nöqtəsi budur ki, İslam bəşəri düşüncə və təfəkkürə dəvət edir. Quran və hədislərdə də elə mövzulara toxunulur ki, fəlsəfəsiz onlara aydınlıq gətirmək ya mümkün deyil, ya da tam yanlış təfsirə varmaq deməkdir. Məs: Quran Tövhid məsələsində Tanrını ev tikənə bənzətmir. Onun zat və mahiyyətinin hər yerdə və hər şeydə təcəlla və zühur etdiyini bəyan edir.

»أینما تولوا فث م وجه هللا«

“Hansı tərəfə yönəlsəniz Allah ordadır”. (Bəqərə, 115)

»هو األول واآلخروالظاهر والباطن«

“Əvvəl də, axır da, zahir də, batində odur”. (Hədid, 3)

2. Bu nəticəyə gəlmək olar ki, fəlsəfə İslama zidd deyil. Əksinə onun bəzi məzmunlarını açıqlamaq üçün çox gözəl vasitədir. Məhz buna görə fəlsəfəni mükəmməl mənimsəmək lazımdır. Çünki fəlsəfəyə səthi və sadə yanaşmaq insanı varlığın inkarına, amma onu ətraflı, daha dəqiq və dərin mənimsəmək bəşəri kainatın incəliklərini başa düşməyə sövq edir. Nəticədə isə insan varlıq və onun yaradıcısını bilik və elm üzündən sevməyə başlayır. İkinci dəstə yeni ziyalılardır. Onlar İslama müsbət gözlə baxmır, azadçılıq və məsuliyyətsizlik törədən hər şeyi İslamın qanunları əleyhinə işlədirlər. Onlar fikirləşirlər ki, dini fəlsəfə qeyri-ərəb millətləri tərəfindən bir növ İslama qarşı əks əməldir. Bu fərziyyənin səhvi daha aydındır. Çünki onlar fəlsəfi kitabları həmişə qərəzli şəkildə mütaliə etmişlər. Bundan əlavə dini fəlsəfəyə varan ilk filosoflar ərəb olmuşlar. İslam aləmində bir çox görkəmli ərəb filosofları var. Nümunə üçün bir neçəsinin adını qeyd edirik: İbn Bəcca (1070- 1139), İbn əl-ərəbi (1165-1240), İbn Rüşd (1126-1198), İbn Tüfeyl (1110-1185), və sair kimiləri göstərmək olar. Deməli fəlsəfə islam aləmində heç də ancaq qeyri-ərəblər tərəfindən formulə edilməmişdir. Aşağıda geniş formada bu haqda məlumat verəcəyik.

3- Qeyd olunan nəzəriyyələrdən belə qənaətə gəlmək olar ki, fəlsəfədə Quran və Rəvayətlərlə uzlaşmayan ideya və düşüncə ola bilər. Çünki bu insan şüuruna gələn predmetlərdir. Amma əsas məsələ budur ki, İslam torpaqlarında göz açmış filosoflar İslama tam şəkildə sadiq və xalis niyyətli olublar. Onlar heç vaxt sərbəst şəkildə İslamın aşkar qayda-qanunlarına qarşı bir söz deməyiblər. Lakin bəzi səhvlərə yol vermələri mümkündür. Əlbəttə bu növ səhv etmə teoloqlarda, fakihlərdə,təfsirçilərdə və s elmi təbəqələrdə də görünə bilər. Amma heç vaxt belə 2 işləri qəsdən etməmişlər. Belə qənaətə gəlmək olar ki, İslamla fəlsəfənin ziddiyyət məsələsini araşdıran şəxslərin bəziləri qərəzli şəkildə açıqlama vermişlər. Onların bəziləri İslama digərləri isə fəlsəfəyə müsbət yanaşmamışlar. Qərəzsiz şəkildə fəlsəfə kitablarını mütaliə edən şəxs buna şahid ola bilər. Zənnimcə, düzgün nəzəriyyə üçüncü nəzəriyyədir.

Fəlsəfə nədir?

Fəlsəfə termini yunan mənşəli sözdür. Bu söz «Phileo- fileo» – sevirəm, «sophia- sofiya»– bilik və müdriklik sözlərinin inteqrasiyasından yaranmışdır. Sokrat ya təvazö etdiyindən və ya sofistlərdən tam şəkildə fərqlənməyə xatir özünü filosof adlandırırdı.

Müsəlmanlar bu termini yunanlardan əxz edərək, onu ərəb dili leksikologiyasına daxil etdilər. Ona şərq rəngi verməklə, onu mütləq rasyonal biliklərə şamil etdilər. Fəlsəfə müsəlmanların terminologiyasında konkret bir fənnin və fakultənin adı deyildi. Onlar fəlsəfəni rasyonal bir elm olaraq, bütün ənənəvi elmlərin qarşısında işlədirdilər. Bu terminin geniş məfhumu olduğu üçün öz zamanının rasyonal elmlərinin hamısına yiyələnən şəxsə filosof deyirdilər. Bu etibarla filosofa obyektiv kainatın anoluqu olan, elmli dünya deyilirdi. Ümumilikdə fəlsəfə termini İslam aləmində iki hissəyə bölünürdü:

  1. Teori fəlsəfə;
  2. Praktiki fələsfə.

Təbiiyyat, riyaziyyat və metafizika teori fələsəfəyə daxil idi. Praktiki fələsfə isə etika, estetika, siyasət və mənzil idarəçılıyini əhatə edirdi.

Tərcümə əsri

Tərcümə hərəkatı İkinci Abbasi xəlifəsi Əl- Mənsurun (Mənsur Dəvaniqi adı ilə məşhur idi.) (754- 775) zamanından başladı. O Bağdad şəhərini quraraq, onu Afina və İsgəndəriyyənin alternativi etdi. Mənsurdan sonra gələn Abbasi xəlifələri onun yolunu davam etdirdilər. Harunər-Rəşidin oğlu Əl- Məmun 217- ci hicri ildə (miladi ilə 832-ci ildə) tərcümə üçün böyük bir mədərəsə təsis etdi. O mədrəsə Beytül- Hikmət (Hikmət ocağı) adı ilə məşhurlaşdı. Məmun bir qurup mütərcimləri oraya yığaraq, oranın riyasətini Xristian həkimi Yühənna ibni Masiveyhə tapşırdı. Məmun bir dəstəni Hindistana, bir qrupu İrana, digər bir elmi heyəti hazırkı Türkiyəyə göndərərək elmi və faydalı kitabları yığmağı əmr etdi. On səkkiz yaşlı Hüneyn ibn İshaq Beytülhikmənin aktiv mütərcimlərindən idi. Məhz buna görə o Mütəvəkkilin (842-861) hakimiyyəti zamanında Beytül-Hikmənin rəhbəri seçildi. Hüneyn ibn İshaq ərəb dilindən əlavə yunan və fars dillərini də gözəl bilirdi. Alimlər deyirlər: müsəlmanları yunan fəlsəfəsinə tanış etməkdə heç kəsin onun tək rolu olmamışdır. Çünki o Aristotelin çoxlu əsərlərini ərəb dilinə tərcümə etmişdir. Tərcümə mədəniyyəti hicrilə dördüncü əsrədək (miladilə onuncu əsrədək) davam etdi.Bu barədə böyük tarixçi İbn Nədim deyir: Müsəlmanlar Sokratdan qabaqkı filosofların, sofistlərin, stoisizmlərin, epikurçuların kitablarını belə tərcümə etmişdilər. Demokrit və Epikurun fərziyyələri teoloqlara və əşərilərə dərin təsir bağışladı, stoisizmlərin düşüncələri isə mötəzilələrdə effekt verdi. Müsəlmanlar Aristoteli İlk müəllim adlandıraraq, onun bütün kitablarını metafizikasından tutmuş fizika, ruh haqqında, nikomax etikası, politika, poetika və sair kitablarını ərəb dilinə tərcümə etdilər. Mütərcimlər bununla kifayətlənməyib Yunan fəlsəfəsinin antik mətnlərini daha dəqiq və dərin başa düşmək üçün onların şərhedicilərinin kitablarını da, məxsusən İsgəndəriyyəli filonun şərhlərini tərcümə etdilər. Qeyd olunanların hamısını nəzərə almaqla belə daha bir siyasi amil fəlsəfənin inkşafı üçün daha mühüm əhəmiyyət kəsb edirdi. O bundan ibarət idi ki, Bəni Abbasın qəsbkar və zülmkar hökuməti müsəlmanlar arasında öz peristijlərini qorumaq üçün, həmçinin özlərində elmi və mədəni nöqsan hiss etdiklərindən bu növ fəlsəfi şübhələri ictimaiyyət arasına atırdılar. Hakimiyyət orqanları ictimaiyyətin təfəkkürünü formalaşdırmaq üçün və cəmiyyəti özlərinə cəlb etmək üçün alimləri yığaraq, onları təşviq edirdilər. Onlarda Yunan, Rum və İranlıların elmindən 3 istifadə edərək, haqq Əhli beyt İmamlarının qarşısında dükan açmaq istəyirdilər. Bu da hardasa alimlərdə rəqabət hissini oyadaraq elmi mübahisə və münazirələrin genişlənməsilə nəticələnirdi.

İslamın ağıl və fəlsəfi düşüncəyə dəvəti

İddia etmək olar ki, Təfəkkür və düşüncə toxumu İslamın vasitəsilə Ərəbistan yarmadfasına səpildi. Bütpərəstlikə, sehrə, caduya və xurafata varan bir cəmiyyət hər cür sağlam düşüncə tərzindən məhrum idilər. Nagəhan, hər növ korkoranə təqlidi pisləyən və düzgün düşüncəyə dəvət edən bir din ilə rastlaşdılar. Quran ayələrinin bir çoxu insanları təfəkkürə ,düşüncəyə fikirə dalmağa dəvət edir. Qurandan sonra İmam Əli(ə)ilk şəxsdir ki, tovhid maariflərini əqlə əsaslanaraq müsəlmanların üzünə açdı. Onun əqldən qaynaqlanan izahları və açıqlamaları Nəhcül-bəlağədə və sənədli rəvayətlərdə qeyd olunubdur. İbn Sina öz meracnamə əsərində İmamƏli(ə)-ın əshab içərisində bu fəzilətə malik olmasına işarə edərək yazır: İslam Peyğəmbəri(s) bütün əshabın içində üzünü Əli(ə)-a tütaraq buyurdu:

قال رسول هللا: »یا علي اذا عني الناس انفسهم في تكثیر العبادات والخیرات فانت ع ن نفسك في ادراك المعقوالت حتي تسبقهم«

Ey Əli! əgər müsəlmanlar ibadət etməklə və xeyir verməklə özlərini zəhmətə salırlarsa, sən öz şüuruvu və nəfsivi əqli elmlərdə, düşüncə və təfəkkür etməklə çətinliyə sal. Tainki onları qabaqlayasan. (Zəka rəhbəri kitabı, səh. 4)

 Mötəzilə cərəyanının böyük alimlərindən olan İbn Əbil- Hədid bu barədə belə qeyd edir: Ərəblərdən heç kəs İlahi maarifləri əqlə əsaslandırmırdı və müdrikcəsinə onu açıqlamırdı. Ərəblərdən bu meydana ilk qədəm qoyan şəxs Əli (ə) idi. O tövhid və ədalətin dəqiq və dərin mənalarını elə açıqlamışdır ki, Səhabə və tabeinin heç biri məsələyə bu növ aydınlıq gətirməmişdir və hətta bəziləri o açıqlamaları başa düşüb, dərk edib və təsəvvür etməyə belə qadir deyildilər.

Sonrakı, imamların (ə) hər biri öz zamanlarının şəraitinə uyğun olaraq və fürsətlərdən tam şəkildə istifadə edərək, əqli düşüncəyə yiyələnməyə dəvət edirdilər. Bu məsələ İmam Sadiq (ə) və İmam Rıza(ə)-ın zamanlarında öz apogeyinə çatmışdı. İmam Rıza (ə) Məmun tərəfindən digər məzhəb və dinlərin rəhbərləri ilə keçirilən elmi iclas və münazirələrdə, iştirak edirdi. Çox təəccüblüdür ki, şərqşünaslar və islamşünaslar İmam Əli (ə)-ın elmi və əqli fəaaliyyətlərini nəzərə almır, İmamların (ə) da dini əqidələri əqlə əsaslanaraq isbat etməsini dolğun şəkildə xarakterizə etmirlər.

Şiəlik və fəlsəfi düşüncə

Əhli- beytin (ə) Teoloji mövzuları açıqlaması, təhlili və analiz etməsi səbəb olmuşdu ki, Şiələrin zəka və düşüncə tərzi fəlsəfi təfəkkür formuna düşsünlər. Əlbəttə bu bidət deyildi, çünki, Quranın özü bu metodu müsəlmanların qarşısına qoymuşdu. Tarix ən yaxşı şahiddir ki, İslamın ilkin illərindən başlayaraq Şiələr digərlərindən daha çox bu məsələlərə meyl etmişlər. Qarşı məzhəbin daxilində isə şiələrə yaxın olan mötəzilələr bu səmtə yönəlmişdilər. Məhz buna görə onlar öz çərçivələrində davamlı şəkildə inkşaf edə bilmədilər. Əhməd Əmin Misri özünün Zəhrül-İslam adlı kitabında bunu təsdiq edərək, Şiə hakimləri olan Fatimilərin vasitəsilə Misirdə fəlsəfə çevrilişinə toxunaraq yazırdı: Fəlsəfə Şiələrə sünnülərdən daha çox yapışır. Misirdə Fatimilərin hakimiyyəti zamanında, İranda büveyhilərin dövründə bunun şahidiyik. Hətta son əsrlərdə İslam ölkələri arasında, İran fəlsəfəyə daha çox ciddi yanaşır.

İslam fəlsəfəsinin mühüm fəlsəfi cərəyanları

Müsəlman filosofları arasında, Əl- Kindi (800- 870) İslam dünyasının ilkin filosofu idi. O ərəblərin filosofu kimi fəxri ləqəb almışdır. Onun dünyagörüşünün əsasında ən ümumi səbəbiyyət əlaqəsi ideyası durmuşdur. O hətta qeyri müstəqim şəkildə epistemoloji məsələlərə 4 də toxunmuşdur. O həqiqətə çatmaq üşün üç ünsürü; hissi, əqli və vəhyi tanıtdırırdı. Lakin O idrakın bu üç metodundan yalnız vəhyi daha düzgün və dəqiq hesab edirdi. Əlbəttə sonradan Farabi (875-950) və İbn- Sina (980-1037) da qnasonoloji məsələlər haqqında dəyərli və geniş şəkildə açıqlama vermişlər. Amma fəlsəfi məktəb və cərəyan formunda isə islam dünyasında iki fəlsəfi cərəyan və iki elmi və dini məktəb olmuşdur.

İndi isə qısa şəkildə qeyd olunan cərəyanları araşdırırıq:

1.Peripatetizm, (Məşşaizm): Peripatetizm yol getmək mənasınadır. Deyilənlərə görə Aristotel gedə -gedə tədris edirmiş, buna görə bu fəlsəfə cərəyanı Peripatetizm adlanır. Bu cərəyanın rəhbəri yunanıstanda Aristotel, İslam fəlsəfəsi dairəsində isə İbn Sina (980-1037) olmuşdur.

 2.İşraqilik (neoPlatonizmi): İşraqilik nur saçmaq mənasınadır. İslam filosofları Platonun nəzəriyyələrini daha dərin və yeni üslubda işlədiklərinə görə, bu cərəyana neoPlatonizm deyilir. Bu cərəyanın Yunan dairəsində yaradıcısı Platon və İslam fəlsəfəsində rəhbəri Şihabəddin Yəhya Sührəvərdi (1154-1191) olmuşdur. Bu iki fəlsəfi cərəyanın əsas fərqi bundan ibarətdirki, Peripatetizm cərəyanında yalnız arqumentə, sübuta və dəlilə əsaslanmaq kifayətdir. NeoPlatonizmdə isə fəlsəfi mövzularda tədqiqat aparmaq üçün təkcə arqumentə, sübuta və dəlilə əsaslanmaq kifayət deyil. Bunlardan əlavə nəfslə mübarizə aparmaq və onu saflaşdırmaq da zəruridir. Qəti şəkildə aydın olan məsələ budur ki, Platon ilə Aristotel arasın da bir çox fikir ayrılıqları olmuşdur. Lakin hazırda iki islam fəlsəfi cərəyanı arasında olan ixtilaflar sonradan meydana gəlmiş fəlsəfi düşüncələrdən qaynaqlanır və onların arasında olan ixtilaflara aid deyildir. Filosof M.Mütəhhəri Platon ilə Aristotel arasında olan əsaslı fərqləri üç mövzudan ibarət bilir:

1- İdeyalar aləmi.

2- İnsan ruhu öncədən ideyalar aləmində olmuşdur. Elm və bilik xatırlamaqdır, öyrənmək yox!

O deyirdi: Platon öz zamanında və hətta özündən sonra belə, İşraq fəlsəfəsinə varan bir şəxs kimi tanınmamışdır. Mütəhhəriyə görə, Sührəvərdi İslam mistikasının və təsəvvüfünün təsiri altında olmuşdur. Məhz buna görə O işraqilik fəlsəfəsini yaratmışdır. Lakin Sührəvərdi bu nəzəriyyələrin məqbul sayılmağı üçün onları Yunan filosoflarına nisbət verirmiş. Buna şahid kimi iki sübut gətirə bilərik;

1.Söhrəvərdi nisbət verməyini heç bir sənədə əsalandırmır.

2.Fəlsəfə tarixi Platonun ideyalarını işraqilik fəlsəfəsi kimi və ya ona oxşar şəkildə qeyd etməmişdir. Hətta Platon işraqilik metodundan da istifadə etməmişdir.

İslam dünyasında yuxarıda qeyd olunan iki fəlsəfi cərəyandan əlavə, daha iki elmi cərəyan inkşaf etmişdir:

1.Mistika: (İrfan): Bu cərəyanın görkəmli şəxsiyyətləri heç vaxt özlərini filosofların ardıcılı bilməmişlər. Onlar çox vaxt filosoflarla qarşıdurma yaratmışlar. Bu cərəyanın böyük şəxsiyyətlərindən Bayəzide Bəstami, Həllac, Cüneyd Bəğdadi, İbn Ərəbi, Mövlayi Rumi və sairlərin adlarını çəkmək olar. Bu cərəyan İşraq fəlsəfəsinin əksinə olaraq, arqumentlə isbat etməyi tam şəkildə inkar edir. Bu cərəyanın məqsədi filosofların əksinə olaraq, həqiqətə qovuşmaqdır. Filosofların məqsədi isə həqiqəti kəşf etməkdir.

2.Teologiya (Kəlam): Bu cərəyan Peripatetistlər kimi arqumentlə sübut və isbat etməyə əsaslanır, bu fərqlə ki, Teoloqun öncədən vəzifəsi konkret şəkildə müəyyənləşib, o, müəyyən dindən və məzhəbdən müdafiədir. Lakin filosofun öncədən heç bir vəzifəsi aydın deyil, məhz buna görə gətirdiyi arqumentin nəticəsindən vahiməyə düşmür. Şiəlikdə bu cərəyanın böyük şəxsiyyətlərindən Hişam ibn Həkəm, Şeyx Mofid, xacə Nəsirəddin Tusi və s, Sünnülərdə isə, Əbül hüzeyl əllaf, Qazi Əbdül- cəbbar, Əşəri və s kimilərin adlarını çəkmək olar. 5

Transsendental Teosofiya

Bu dörd cərəyan ardıcıl şəkildə inkşaf edərək davam edirdilər. Tainki, 16-cı əsrdə dahi mütəfəkkir Sədrəddin Şirazi (1571-1640) qeyd etdiyimiz dörd cərəyanı birləşdirərək öz fəlsəfəsini Transsendental Teosofiya adlandırdı. Qeyd olunan dörd cərəyanın bir çox problemləri bu fəlsəfi cərəyanda həll edilmişdir. Bu məsələni qeyd etmək yerinə düşərdi ki, Sədra Şirazinin meydana gətirdiyi fəlsəfi cərəyan, həm arqumenti və həm şühudu həqiqətə çatmaq üçün kifayət bilirdi. Əlbəttə Sədra tam həqiqətə qovuşmağ üçün hər iki üslubdan istifadə etməyi zəruri bilirdi. O deyirdi: yalnız Kamil insan tam həqiqətə qovuşa bilər, insanın kamil həqiqətə qovuşması üçün iki kateqoriyadan, elm və əməl qüvvəsindən kamil istifadə etməsinə bağlıdır. Sədra Şirazi düşüncəni bir subyektiv üslub olaraq dörd mistik mərhələdə öz fəlsəfəsində yerləşdirdi:

Birinci səyahət: »dünyada başlanır və Allahda qurtarır«. Burada şeylərin, materiyanın və formanın quruluşu problemləri haqqında danışılır, səyahətin yolunu ziyarətçilərin ilahi reallığın fövqəlhissi dünyasına çatmaqdır.

İkinci səfər: »Allahla Allahda« başa çatır. Burada ağıl vasitəsilə ilahi biliklərin Allahın atribut və adlarının əldə edilməsidir.

Üçüncü səfər: Allahın məxlüqat dünysına qayıdışdır. Lakin bu qayıdış artıq »Allahla« qayıdışdır, İlahi işıqdan fövqəlhissi dünyanın dərkidir.

Dördüncü səyahət: «Allahla birlikdə məxluq dünyasına olan səfərdir«. Ağıl öz ruhunu, esxatologiyanı, sonsuz dünyanın perspektivini, hüdudları arxasında yer həyatını dərk edir.

Filosofun başqa yazılarını buradan oxuya bilərsiniz:

  • https://science.academia.edu/AladdinMalikov