Mart 25, 2019

Ziya Balıyev – İslamda kafir anlayışı və cihad ayələri


“Qurani-Kərimin cihad ayələri davamlı sülhə çağırış və insansevərliyin ifadəsidir”

Hacı Şahin Həsənli

Kafir kimdir?

Kafir sözünün lüğəvi mənası “üstünü örtən” deməkdir. Yəni, kafir bir şeyin üstünü örtən, onu gizlədən insana deyilir. Qurani-Kərimdə kafir sözü bir çox yerdə fərqli formalarda 425 dəfə işlədilməkdədir. Quranda bəzi yerlərdə müşriklərə[1], bəzi yerlərdə peyğəmbəri[2], axirəti inkar edənlərə[3], bəzi yerlərdə isə kitab əhli olan xristian və yəhudilərə də kafir deyilir[4]. Ümumi mənada kafir deyildikdə, Allahı, onun kitabını, peyğəmbəri və axirəti inkar edən şəxs nəzərdə tutulur.  

Kafirlərin növləri

Kafirlər ümumi mənada inkar edən şəxslər olsa da, onların da bir çox növləri vardır. Məsələn, Allaha şərik qoşanlar, ümumi mənada Allahı inkar edənlər, başqa dində olanlar və.s şəxslərə kafir deyilsə də, hər biri ayrılıqda təsnifləndirilmişdir. Məsələn, Allaha şərik qoşan şəxsə “müşrik”, inkar edən şəxsə “dəhri”, yəhudi və xristianlara isə “kitab əhli” deyilir. Bundan əlavə, onlara qarşı rəftarı da müəyyən edən 4 əsas bölgü mövcuddur.

1. Müstəmin – Müstəmin, müvəqqəti aman alaraq İslam torpaqlarına daxil olan şəxsə deyilir. Bu şəxslər daha çox ticarət məqsədi ilə gələn kafirlərdir ki, İslam torpaqlarında olduqları müddətdə onların canı amanda olur və öldürülmələri tamamilə qadağandır. Məsələn, İslam peyğəmbəri Mədinədə olduğu zaman yeni bazar qurmuş, ora kafirlərin gəlməsinə icazə vermişdir.[5] Bu zaman buraya gələrək ticarət edən şəxslər müstəmin idilər.

2. Muahid“Əhlul Hudnə”, “Əhlul Əhd”, “Əhlus Sülh” deyilən muahidlər, İslam dövləti ilə sülh şəraitində yaşayan, müsəlmanlarla döyüşməyən, onları yurdlarından çıxarmayan və döyüşənlərə yardım etməyən şəxslərə deyilir. Qurani-Kərimin Mumtəhənə surəsində muahidlər haqqında qeyd olunur:

“Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kim­­sələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır.”[6]

Muahid haqqında bir hədisdə peyğəmbərin dilindən belə nəql olunur:

“Kim bir muahidə zülm edər və gücünün üstündə olan bir yüklə yükləyərsə, axirət günü o şəxsə düşmənəm.”[7]

3. Zimmi“Zimmət” kökündən gələn zimmi sözünün mənası “himayədə olan” deməkdir. Zimmilər İslam dövlətində yaşayan və canları qorunan kafirlərə deyilir. Bunlar daha çox xristian və yəhudilərdir. Zimmi haqları İslam dövlətində olduqca güclü qorunur. Bir çox hədisdə bu məsələyə toxunulub.

Peyğəmbər buyurur:

“Bir zimmini haqsız yerə öldürən axirətdə cənnətin qoxusunu duymaz. Halbu ki, cənnətin qoxusu 40 illik məsafədən duyulandır.”[8]

Hz.Əli buyurur:

“Kim zimmiyə əziyyət etsə, bilsin ki, mənə əziyyət etmişdir.”[9]

4. Müharib – Mühariblər, adından da göründüyü kimi müharibə edən şəxslərə deyilir. Yəni, İslam torpaqlarına və ya müsəlmanlara hücum edən, onları öldürən, yurdundan çıxaran, yaxud da bunu edənlərə kömək edən şəxslərə müharib deyilir. Mühariblərin İslama görə hökmü ölümdür.[10]

Cihad ayələri və onları anlama metodu

“Ey Malik, hərkəsə qarşı ədalətlə davran. Müsəlmanlar sənin din qardaşındır, qeyri müsəlmanlar isə yaradılışdan səninlə eynidirlər.”[11]

Hz. Əli

Cihad sözü “chd” kökündən gəlir, mücadələ etmək, mübarizə aparmaq mənasını verir. Cihad ümumi mənada din uğrunda döyüşmək, din uğrunda mübarizə aparmaq mənasında istifadə edilir. Cihad məsələsi daim qeyri müsəlmanlar tərəfindən qınaq obyekti olmuş və tənqid edilmişdir. Lakin, düşünürük ki, bu qınamalar və tənqidlər cihadı doğru anlamamaqdan irəli gəlir. Humanizm prisniplərini əlində əsas tutan Qərb, cihadı insanların üstünə hücum çəkmək, onları öldürmək kimi anlayır, əslində isə cihad sadəcə müdafiə olunmaqdır və təkcə silahla deyil, elmlə, əxlaqla da olur. Məsələn, 4000 tələbə yetişdirən İmam Cəfər Sadiq İslam tarixində ən böyük mücahidlərdən biri sayılır. Onun cihadı sadəcə elmi müstəvidə olmuş, heç bir zaman silahla döyüşməmişdir. Və yaxud, İndoneziyada İslamın yayılmasının səbəbi kimi göstərilən bir tacirin əxlaqı, ən böyük cihad nümunələrindən biridir. Silahlı cihad ancaq və ancaq silahlı hücum olduğu təqdirdə baş tutan prosesdir. Bu zaman da, müsəlmanların başqa yolu olmadığı üçün silaha əl ataraq öz dinlərini və canlarını müdafiə etməyə məcbur qalırlar. Qurani-Kərimin Bəqərə surəsində deyilir:

Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir.”[12]

Ayədən göründüyü kimi, Allah ancaq döyüşənlərlə döyüşməyi əmr edir və həddi aşmamağı qəti şəkildə tapşırır. Mumtəhənə surəsində qeyd edilir:

Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kim­­sələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır.”[13]

Burada da qeyd olunan əmr budur ki, ancaq və ancaq döyüşən insanlarla döyüşmək olar, hər kim muahiddirsə, yəni müsəlmanlarla sülh bağlayıbsa, onlarla nəinki döyüşmək, hətta dostluq belə etmək mümkündür.

Bu ayələrə rəğmən İslama qarşı irad tutulan bir neçə ayə vardır ki, dünyadakı islamafoblar bu ayələri əsas tutaraq İslamı qeyri tolerant, vəhşi, humanizmdən uzaq bir din kimi təqdim edirlər. Həqiqətdə isə, bu insanlar ayələri tam oxumadan, kontekstdən çıxarış edirlər. Bu ayələrə diqqət edərək mahiyyətinə varmağa çalışaq.

“Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, öldürün, onları əsir tutun, onları mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Çünki Allah Bağışlayandır, Rəhmlidir.”[14]

Bu ayəni əsas götürən islamafoblar qeyd edirlər ki, İslam vəhşiliyi təbliğ edir və qeyri müsəlman olan hamını öldürməyi əmr edir. Əslində isə onlar, ümumi mətndən çıxarış edərək, məsələdən xəbəri olmayan insanları aldadırlar. Ayədə müşrikləri öldürmək əmr edilir, lakin ortada əsas bir sual vardır: hansı müşriklər? Yuxarıda kafir kateqoriyasını əbəs yerə təqdim etmədik və bunu etməkdə məqsədimiz bütün təfərrüatlara varmaqdır. Bu ayədə qeyd edilən müşriklər, müharib kateqoriyasında olan kafirlərdir, yəni, müsəlmanlara hücum edən, onları öldürən şəxslər. Bu ayəni əsas götürən şəxslər bir ayə öncəyə baxsaydılar, bunu rahatlıqla görərdilər. Bir ayə öncəsində deyilir:

“Saziş bağladıqdan sonra onu pozmamış və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır.”[15]

Bu ayə, islamafobların əsas götürdükləri ayənin bir öncəki ayəsidir və əsas götürdükləri ayə bunun davamıdır. Bir ayə əvvəldə Allah sülh bağlayanların istisna olduğunu deyir. Bu insanlar da muahidlərdir. O muahidlər ki, peyğəmbər onlara zülm edənə axirətdə düşmən olacağını deyir və Quranda onlarla dostluq etməyə qadağa qoyulmur. Bu insanlar müsəlmanlara hücum etməyən və hücum edənlərə yardım etməyən şəxslərdir.

Başqa bir irad tutulan ayə Nisa surəsində keçər.

“Onlar özləri küfr etdikləri kimi, sizin də küfr edib (onlarla) eyni olmanızı istəyərlər. Onlar Allah yolunda hicrət etməyincə onlardan (özünüzə) dost tutmayın. Əgər üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan nə bir dost, nə də bir köməkçi tutun.”[16]

Ayədə “harada görsəniz öldürün” sözünü də, birinci təqdim etdiyimiz ayədəki kimi təqdim edən şəxslər, bu ayədən sonra gələn ayəyə hər halda baxmayıblar. Sonrakı ayədə deyilir:

“Ancaq sizinlə aralarında müqavilə olan bir camaata qoşulanlar, ya da sizinlə və ya öz camaatı ilə vuruşacaqlarından köksləri sıxıldığı üçün sizin yanınıza gələn kimsələr istisnadır. Əgər Allah istəsəydi, onları sizə qarşı qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı (vuruşmanıza) yol verməz.”[17]

Ayədən də açıq aşkar görünür ki, “öldürün” əmri  gələn məsələ ancaq və ancaq döyüşən insanlara, yəni mühariblərə aiddir. Müsəlmanlarla sülh bağlayan, döyüşməyən, döyüşənlərə yardım etməyən muahidləri öldürməyə isə Allah qətiyyən icazə vermir.

Bu cür onlarla ayə vardır ki, bunlar hamısı ümumi mətnin içərisindən çıxarılaraq insanlara təqdim edilir və ümumi mətni oxumayan şəxs dərhal aldanır. Bu ayələrin hamısına bir-bir toxunaraq oxucunu yormaq istəmirik. Bütün irad tutulan ayələrə təqdim etdiyimiz metodla və göstərdiyimiz kafir kateqoriyasıyla baxsanız, məsələ sizin üçün gün kimi aydın olacaqdır.

Fitnə aradan qalxana və Din Allaha məxsus olana qədər döyüşün

Qurani-Kərimdə iki ayə də vardır ki, bu ayələr bir çox zaman yanlış anlaşılır. Bu ayələrin yanlış anlaşılmasının səbəbi isə, təkcə qərəzli islamafoblar yox, həm də bəzi təfsirçilərdirlər. Toxunacağımız iki ayə bunlardır:

“Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlarla vuruşun! Əgər son qoysalar, (bilin ki,) düşmənçilik ancaq zalımlara qarşı olur.”[18]

“Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun! Əgər (şirkə) son qoysalar, (bilsinlər ki,) Allah onların etdiklərini görür.”[19]

Müzakirə mövzusu olan iki məsələ “fitnənin aradan qalxması”“Dinin ancaq Allaha məxsus olması”dır.  Bu ayədəki fitnənin şirk və ya küfr, Dinin Allaha məxsus olmasını isə bütün dünyanın müsəlman olması kimi təfsir edən alimlər vardır. Bu ayələri əsas götürən islamafoblar da ya bu təfsirçilərdən, ya da şəxsi nəzərlərindən dolayı bu ayəyə irad tuturlar. Həqiqətdə isə bu ayələrdəki fitnənin və Dinin Allaha məxsus olmasının tamamilə başqa mənası olmalıdır, əks təqdirdə bu ayələr başqa ayələrə zidd düşür. Məsələn, Bəqərə surəsinin 256-cı ayəsində açıq aşkar qeyd edilir ki, “Dində məcburiyyət yoxdur”:

“Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir.”[20]

Bu ayə qəti şəkildə dində məcburiyyətin olmadığını qeyd edir və dini seçimin azad olduğu vurğulayır. Bir çox insan bizə irad tutaraq qeyd edə bilər ki, əslində Bəqərə 193 Bəqərə 256-nı nəsh edib. Bu tamamilə yanlış yanaşmadır, çünki nüzul sıralamasında Bəqərə 256-cı ayə ən sonuncu gələn ayələrdən biridir və Bəqərə 193-dən bir il sonra nazil olmuşdur.[21] Bu zaman, öncəki ayənin sonrakı ayəni nəsh etməsini iddia etmək olduqca yanlış bir arqument olardı. Burada sadəcə iki alternativ vardır:

1. Ya Bəqərə 193-ün təfsiri yanlış verilir.

2. Ya da Bəqərə 256 Bəqərə 193-ü nəsh edib.

Hər halda, ayənin təfsirinə dəqiq yanaşsaq, məsələ aydın olacaqdır. Bir çox təfsirçi  ayədəki fitnə sözünü şirk, küfr kimi təqdim etsə də, Quran təfsirçisi Fəxrəddin Razi incə nüansları sezərək fitnəyə tam başqa tərif vermişdir. Raziyə görə buradakı fitnə sözünün ehtimal olunan iki açıqlaması ola bilər:

1. Müsəlmanları zorla dinlərindən döndərmə təhlükəsi.

2. Düşmən tərəfindən gələ biləcək hücum riski.

Razi, ayənin təfsirində qeyd edir ki, “Müşriklər müsəlmanları təqib etdikləri üçün, onlar əvvəlcə Həbəşistana, sonra isə Mədinəyə hicrət etdilər. Müşriklərin bu təqibləri, müsəlmanları qorxudaraq dindən döndərmək üçün idi. Bu ayənin də enmə səbəbi bucür təqiblərə görə idi.”[22]

Ayədə keçən fitnə sözünə verilən ən ideal tərif bu tərif olmalıdır. Ona görə ki, bu tərif zamanı bu ayə digər ayələrlə uyğunluq təşkil edir. Yəni, ayədə keçən fitnə sözündə məqsəd, müsəlmanların təqib edilməsi, onların yurdundan qovulması, zorla dinlərindən döndərilməsidir. Bütün bu hadisələrin aradan qalxması üçün Allah döyüşməyi əmr edir.

Fitnənin nə olduğu aydın olduqdan sonra, Dinin Allaha məxsus olması da aydın olur. Fitnə müsəlmanların təqib edilməsidirsə, Dinin Allaha məxsus olması da müsəlmanların rahatlıq tapması, amanda olmasıdır. Dinin Allaha məxsus olmasında qəsd, müsəlmanların rahat ibadət etməsi, zorla dinlərindən döndərilməməsi, yəni bütün ibadətlərinin şəxslərə və bütlərə yox, Allaha olmasıdır.

Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən?”[23]

Peyğəmbərin həyatında cihad

Bir çox zaman praktiki məsələlər nəzəri məsələlərdən daha çox önəm kəsb edir. Məsələn, biz burada ayələri və hədisləri ələ alaraq İslamın kafirlərə olan mövqeyini nəzəri olaraq ortaya qoyduq, lakin sual yaranır: Bəs praktikada İslam peyğəmbəri necə edirdi? Bütün bu iddiaların qarşılığında, İslam peyğəmbərinin hücumları da çox önəmli məsələdir. Əgər İslam peyğəmbəri hz. Muhəmməd bir dəfə belə kafir olduğu üçün kiməsə hücum edibsə, dediyimiz bütün nəzəriyyələr puç olur. Bunun üçün də, peyğəmbərin İslam dövlətinin müharibələrinə və bu müharibələrin səbəblərinə nəzər salaq.

1. Bədr döyüşü.

Səbəb: Əbu Süfyanın ordu toplayaraq müsəlmanların üzərinə hücum etməsi.

2. Kaynuka döyüşü.

Səbəb: Yəhudilərin bazarda bir müsəlman qadını təhqir edərək alçaltması və bir müsəlmanı öldürməsi.

3. Bəni Səlim.

Səbəb: Qatafan və Səlim qəbilələrinin ittifaq bağlayaraq Mədinəyə hücum etmək istəyi.

4. Zuamr və Bahran döyüşləri.

Səbəb: Bəni Səlim və Bəni Muharib qollarının Mədinəyə hücum etmək istəyi.

5. Uhud döyüşü.

Səbəb: Məkkə müşriklərinin Bədrin intiqamını almaq üçün hücumu.

6. Xəndək döyüşü.

Səbəb: Əbu Süfyanın ordu toplayaraq müsəlmanların üzərinə hücum etməsi.

7. Bəni Qureyza.

Səbəb: Peyğəmbərə sui-qəsd hazırlamaları və müsəlmanlarla olan əhdi pozaraq Xəndək döyüşündə müşriklərə yardım etmələri.

8. Bəni Mustələq.

Səbəb: Bəni Mustələq qəbiləsinin hücuma keçməsi.

9. Xeybərin fəthi.

Səbəb: Xeybər yəhudilərinin Məkkə müşriklərini döyüşə sövq etməsi və onlara yardım etməsi.

10. Zatur Riqa döyüşü.

Səbəb: Enmar, Saləbə, Muharib oğullarının döyüş üçün toplandıqları xəbərinin alınması.

11. Huneyn döyüşü.

Səbəb: Həvazin, Səkif və Bəni Nasr qəbilələrinin birləşərək hücuma keçməsi.

12. Mutə döyüşü.

Səbəb: Bizansa göndərilən elçinin öldürülməsi və ölkədə müsəlmanların təqibinə başlanması.

13. Təbuk döyüşü.

Səbəb: Mutə döyüşündəki məğlubiyyətin intiqamını almaq üçün Bizanslıların hücuma keçmə xəbəri.[24]

Göründüyü kimi, peyğəmbərin bütün döyüşləri müdafiə məqsədli olmuş və o, hücum etməyən, müsəlmanları öldürməyən kimsəyə qarşı hücum etməmişdir. Bütün bunlar ortaya qoyduğumuz nəzəriyyəni praktiki cəhətdən isbat edir.

PS. Bəzi insanlar peyğəmbərdən sonrakı hücumları əlində əsas götürə bilər, lakin bunlar qətiyyən dəlil deyildir. İslamın kafir və cihad nəzəri ancaq və ancaq Quran və peyğəmbərin öz əməlləri ilə müəyyən edilə bilər. Peyğəmbərdən sonrakı şəxslər xəta edə bilərdilər və onların etdikləri İslam demək deyil.

Sonda, kafirlər haqqında nazil olmuş Kafirun surəsini oxucuların öz nəzərinə buraxırıq:

1. De: “Ey kafirlər!

2. Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm,

3. siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.

4. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm,

5. siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.

6. SİZİN DİNİNİZ SİZƏ, MƏNİM DİNİM DƏ MƏNƏDİR!”


[1] Onlar Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilməyənlərə sitayiş edirlər. Kafir öz Rəbbinə qarşı (şeytana) köməkçidir. (Furqan:55)

[2] Allahı və Onun elçilərini inkar edənlər­, Allahı Onun elçilərindən ayırmaq istəyib: “Biz (o elçilərin) bəzisinə inanır, bəzilərinə isə inanmırıq!”– deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq. (Nisa:150-151)

[3] De: “Şahidlərinizi gətirin şəhadət versinlər ki, bunu Allah haram buyurmuşdur”. Əgər onlar şəhadət versələr, sən onlarla birlikdə şəhadət vermə. Ayələrimizi yalan sayanların və axirətə inanmayanların istəklərinə uyma. Onlar (başqalarını) öz Rəbbinə tay tuturlar. (Ənam:150)

[4] Yəhudilər: “Üzeyr Allahın oğludur”– dedilər. Xaçpərəstlər də: “Məsih Allahın oğludur”– dedilər. Bu onların ağızlarından çıxan sözlərdir. (Bu,) daha əvvəlki kafirlərin sözlərinə oxşayır. Allah onları məhv etsin! Gör necə də (haqdan) döndərilirlər! (Tövbə:30)

[5] Muhammed Hamidullah, İslâm Peygamberi, (Çev.: Salih Tuğ), İstanbul, 1980, II, 1017.

[6] Mumtəhənə: 8-9

[7] Əbu Davud, Xərac, 31-33

[8] Buxari, Cizyə, 5

[9] İbn-i Ebi’l Hadid, Şerh-i Nehc-ul Belağa, c.20, s.253, hadis: 578

[10] Tövbə:5

[11] Hz. Əli – Nəhcül Bəlağə, 53-cü məktub

[12] Bəqərə:190

[13] Mumtəhənə:9

[14] Tövbə:5

[15] Tövbə:4

[16] Nisa:89

[17] Nisa:90

[18] Bəqərə:193

[19] Ənfal:39

[20] Bəqərə:256

[21] Mehdi Bazergan, Kuranın Nüzul Süreci, Fecr Yayınevi, Ankara-1998, s.104-113, 129-135

[22] Fəxrəddin Razi – Təfsiri Kəbir, Bəqərə:193 təfsiri

[23] Yunus:99

[24] Müslim, Buxari, Əbu Davud və Təbəri Tarixində döyüşlərin bütün təfərrüatlarına baxa bilərsiniz.