Aprel 21, 2019

Ziya Balıyev – Qədim Dövr, Orta Əsrlər və İslam: Düz yoxsa kürə şəkilli dünya?


Elm və texnologiyanın zirvəyə çatdığı bir dönəmdə, yəni modern tarixdə insanlar nəin ki, dünya haqqında, hətta kainat haqqında belə çoxlu məlumat əldə etməyi bacardılar. Kainatın bir nöqtədən başlayaraq genişləndiyini, canlıların təkamül keçərək günümüzə gəlib çatdığını, zamanın dəyişkən olduğunu tapdılar. Hətta modern elm uzun müddət haqqında danışılan qravitasiya dalğalarını, Qara dəlikləri müşahidə etməyi bacardı. Müşahidə edilən bir şey də bizim dünyamız idi. Kosmosa buraxılan peyklər sayəsində bizim dünyamızın müxtəlif fotoları çəkilərək bizə göstərildi. Fotolarda görünən dünyamız kürə formasındadır.

XIX əsrdə Vaşinqton İrvinq və Jan Letranın fikirləri bizə bunu təlqin etdi ki, Orta əsrlərdə insanlar dünyanın düz olduğuna inanırdılar. Hətta bəziləri Xristofor Kolumbun dünyanın kənarından yıxılmaqdan qorxduğunu deyirdi.

Bu fikirlərin bir tərəfi də mütləq formada İslama toxunur. İslamafob düşüncəli şəxslər iddia etdilər ki, Quranda və ümumi İslam təfəkküründə dünya düz olaraq qəbul edilib. Bunun da səbəbi, o dönəmdə düz dünya anlayışının məşhur olması və İslam peyğəmbərinin bu fikri mənimsəyərək Qurana köçürməsidir.

Həqiqətənmi o dönəmlərdə (daha qədim və daha sonra) düz dünya anlayışı məşhur idi? Dünyanın kürə şəkilli olması yeni (ən tez Fernando Magellan) bir kəşfdirmi? Bu axtarışa tarixdə əlimiz çatan ən ilk mənbələrdən başlayayaraq, sualımıza düzgün cavab tapa bilərik.

Tarixdə dünyanın formaları

Tarixdə düz dünya fikrinin olduğu heç kim üçün şübhəli olan bir məsələ deyil. Tarixdə bu cür fikirlər mövcud olmuşdur. Əsas şübhə doğuracaq və araşdırılması vacib məsələ, bu düz dünya fikrinin hansı zamana qədər mövcud olmasıdır.

Bəzi mənbələrin iddia etdiyinə görə qədim zamanlarda Finikiyalılar müxtəlif ölçmə vasitələri ilə dünyanın kürə şəkilli olduğu qənaətinə gəlmişdilər.[1] Dünyanın kürə şəkilli olduğunu ilk iddia edənlərdən biri də e.ə 6-cı əsrdə yaşamış Pifaqordur.[2] Başqa yunan filosofu Platon (e.ə V-IV) da öz tələbərinə dünyanın kürə formasında olduğunu və havada asılı qaldığını deyirdi, lakin bunu heç bir dəlillə əsaslandırmırdı.[3]

Dünyanın yuvarlaq olduğunu ilk dəfə detallarıyla izah edən isə, məşhur yunan filosofu Aristoteldir (e.ə IV). Aristotel Misir və Kiprdə görünməyən ulduzların səbəbini dünyanın kürə şəkilli olmasıyla əlaqələndirirdi. Aristotel başqa bir dəlil kimi ay tutulmasını əsas gətirir. O, ay tutulması zamanı yerin kölgəsinin ora düşdüyünü, buna görə də yerin kürə formasında olduğunu deyirdi. [4]

Arximed (e.ə III) də dünyanın yuvarlaq olduğunu qeyd etmişdir.[5]

Yunan filosofu, astronomu, riyaziyyatçısı, şairi, tarixçisi və coğrafiyaçısı Eratosfen (e.ə III-II) isə, dünyanın kürə şəkilli olduğunu deməklə qalmayıb, onun çevrəsini belə hesablamağı bacarmışdı. Belə ki, bir gün kitab oxuyarkən maraqlı bir nüans onun diqqətini çəkir. Əsvan şəhərində 21 iyun günü ilin ən uzun günü idi və həmin gün günorta vaxtı sütunun kölgəsi tamamilə yoxa çıxırdı. Bu zaman Eratosfen özünə sual verir: ”Necə ola bilər ki, 21 iyun günü Əsvanda kölgə yoxa çıxarkən, bundan 800 km uzaqlıqda olan İskəndəriyyədə bu baş vermir?” Bunun bir cavabı var idi ki, bu da dünyamızın əyri olmasıydı. Eratosfen kölgələr arasındakı fərqləri hesablayaraq İskəndəriyyə və Əsvan arasında 7 dərəcə əyrilik olduğunu tapdı. Bununla da dünyanın çevrəsini hesablamağı bacardı. Necə? Əgər dünya kürə şəkillidirsə 360 dərəcəyə sahib olmalıdır. İskəndəriyyə və Əsvan arasındakı məsafə 800 km, dərəcə fərqi isə 7 dərəcədir. Bu zaman Eratosfen 7-nin 360-ın 1/50-i olduğunu əsas götürərək, 800 km-i 50-ə vurur və alınan rəqəm bu gün bildiyimiz rəqəmlərə[6] olduqca yaxın olur: 40.000 km[7]

Starbon (e.ə I-b.e I) isə dünyanın kürə şəkilli olduğunu isbat etmək üçün tamam fərqli metodla yanaşır. Ona görə bunun ən böyük dəlili dənizdə uzaqlaşan gəmilərdir. Gəmilərin aşağıdan yuxarıya doğru gözdən itməsinin tək səbəbi dənizdəki əyrilikdir və bu da yerin yuvarlaq olduğuna isbatdır.[8]

Bu siyahını olduqca uzatmaq mümkündür, lakin oxucunu yormaq istəmədiyim üçün bunu uzatmağı labüd bilmədim. Bütün təqdim etdiyimiz dəlillər bizə bunu göstərir ki, düz dünya anlaşı ancaq çox qədim kçmişə aiddir. Milet məktəbindən sonrakı dönəmdə bu fikir artıq müşahidə olunmur, yerinə isə kürə şəkilli dünya modeli hakimdir.

Quran və İslam coğrafiyasında dünya modeli

Bəzi islamafob düşüncəli şəxslərin o dönəmdəki düz dünya fikrinin məşhur olduğunu deyərək, bunun Qurana xəta kimi düşdüyünü iddia etdiklərini bildirdik. Birinci bölmədə, yəni dünya modelinin tarixi hissəsində bunun belə olmadığını gördük. Düz dünya fikrinin Afina məktəbinin gəlişiylə yoxa çıxdığı bütün tarixi dəlillərlə ortadadır. Lakin burada bizə çox ciddi və əsaslı irad gələ bilər. İrad budur ki, bu fikirlər ancaq Yunanıstan və ona yaxın bölgələrdə məşhur idi, ərəblərdə isə belə bir nəzəriyyə mövcud deyildi. Bunun incələnməsi üçün, Quranın nazil olduğu dönəmə mümkün qədər yaxın mənbələrə baxaraq müəyyən etmək mümkündür deyə düşünürəm.

Əvvəlcə Qurani-Kərimdə bu məsələylə bağlı irad tutulan ayələrə qısaca nəzər salaq:

“Sonra yeri döşədi” Naziat:30

“O, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi” Bəqərə:22

“Məgər Biz yeri yataq etmədikmi?” Nəbə:6

“O, yer üzünü sizin üçün beşik etmiş, orada sizin üçün yollar salmış və göydən su endirmişdir“ Ta ha:53

“O, yeri sizin üçün beşik etdi və orada sizin üçün yollar saldı ki, bəlkə düz gedə biləsiniz” Zuxruf:10

“Allah yeri sizin üçün xalı təki döşədi” Nuh:19

Bunlara bənzər başqa ayələr də əsas gətirilir. Quranda əsas irad tutulan məsələ döşəmək, yaymaq, düzləşdirmək, beşik, xalı, yataq etmək kimi sözlərdir. İrad tutan şəxslər deyirlər ki, döşəmək, yaymaq, düzləşdirmək ancaq düz dünyaya aid məsələlərdir və yuvarlaq dünyada mümkün deyil. Beşik, xalı, yataq isə düzdür və burada yerin formasının onlar kimi olmasına işarə edilir.

Bu ayələrin anlaşılmasında bir yox, bir neçə məna mövcuddur.

1. Düzləşdirmə bütün dünyaya aiddir

2. Düzləşdirmə ancaq quru hissələrə aiddir. Məsələn, materiklərə.

3. Düzləşdirmə yaşamaq üçün ideal olan platformalara aiddir və.s

Əgər məsələyə səmimi yanaşsaq, yəni istər İslam təəssübkeşliyini, istərsə də islamafob nifrəti kənara qoysaq, bu ehtimalların hər birini göz önünə almalı və analiz etməliyik. Nə “Quranda xəta olmaz deyə dünyaya aid deyil”, nə də “Quran insan sözüdür deyə dünyaya aiddir” demədən, dəlillərə baxmaq və doğru qənaəti əldə etmək labüddür.

Bu 3 ehtimalın hansına aid olduğunu anlamaq üçün bizim qarşımızda bizi həqiqətə aparacaq əsas 2 istiqamət mövcuddur:

1.Digər ayələrə baxaraq analiz etmək

2. Həmin dövrdə insanların hansı fikirdə olduğunu bilmək

Mətnlərin oxunmasının təməl 2 qanunu mövcuddur: Hermenevtik oxunuş və postmodern oxunuş. Hermenevtik oxunuş budur ki, bir mətnin yazıldığı dönəmdə insanlar tərəfindən necə anlaşıldığına baxaraq, mətnin nə dediyini bilmək. Postmodern oxunuş isə, mətnin özünə baxaraq ehtiva etdiyi mənanı əqli yolla çıxarmaqdır. O halda, irad tutulan ayələri başqa ayələrlə analiz edərək əqli müstəvidə postmodern, həmin dönəmdəki düşüncələri ələ alaraq isə hermenevtik oxuya bilərik.

Əvvəlcə bu ayələri başqa ayələrlə müqayisə edərək, ilk nəticəni əldə edək.

Rəhman surəsi 33-cu ayədə deyilir ki, “Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz. Bu ayədə keçən hüdud (əqtar, qutur) daha çox dairəviliyi bildirən çevrədir.

Zumər surəsi 5-ci ayədə deyili: “O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. Ayədə keçən bürümək (təkvir) sözü yukəvviru sözündəndir və mənası yuvarlaq bir şeyin üstünə nəyisə dolamaqdır. Ərəblər başa sarğı bağlamağa da yukəvviru deyirlər. Dilimizdəki kürə sözü də yukəvviru sözü ilə eyni köktəndir.

Ya sin 37-ci ayədə bildirilir: “Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi onlar zülmət içində qalırlar. Ayədəki soymaq sözü (səhl) yuvarlaq bir şeyin üstündən soymağı bilirir, düz səthdən deyil. Heyvanları soymaq üçün düzəldilən yerə verilən sallaqxana adı da bu kökdən gəlir.

Bütün bu ayələrə baxdığımız zaman yuxarıda verdiyimiz 3 ehtimaldan birincisi, yəni düzlüyün bütün dünya üçün aid edilməsi böyük ölçüdə sual altına düşür. Çünki digər ayələrdə açıq-aşkar yuvarlaqlığa işarə edilir. Bu halda düzlüklə bağlı əsas 2 anlayış qalır. Ya ancaq quru sahələrə aiddir, ya da platformalara. Əslində düzlüklə bağlı olan ayələrin insanların yaşaması üçün, rahat olması üçün vurğulandığını əsas götürsək, məsələnin dağlıq ərazilərlə nisbətdə yaşamaq üçün daha əlverişli olan platformalara aid olduğu anlaşılandır. Lakin yenə də dəlillərə baxmağa davam edək.

İrad tutan insanlar Quranın digər ayələri ilə uzlaşdırmanı qəbul etməyə bilərlər. Burada onlar, bizim sadəcə söz oyunu oynadığımızı, sözlərə xüsusi mənalar verdiyimizi deyə bilərlər. Məsələyə lap səmimi yanaşsaq, irad tutulan ayələrlə uzlaşdırdığımız ayələri ələ aldıqda, ortada tam yarı-yarıya ehtimal qalır. Qurana görə 50% dünya düzdür, 50% kürə şəkilli. Bu iki ehtimalın hansının doğru olduğunu bilmək üçün isə, bizi yəqinə çatdıracaq tək şey, o dönəmdəki insanların dünyanı necə bilməsidir. O halda Quranın nazil olduğu dönəmə ən yaxın yaşayan alimlərin fikirlərinə nəzər edərək, buna baxaq.

Öncəliklə qeyd etmək istərdim ki, qədim təfsirçilərin demək olar ki, heç biri irad tutulan bu ayələrə xüsusi açıqlama verməyiblər. Yəni, təfsirçilər ”bu ayədə keçən sözdə dünyanın düzlüyü və ya yuvarlaqlığı qəsd edilir” kimi sözlərə qətiyyən yer verməyiblər. Bu məsələyə bircə təfsirçi xüsusi olaraq toxunub ki, o da yerin düz olduğunu deyənlərin fikrini rədd edib. Bu təfsirçi Fəxrəddin Razidir. Fəxrəddin razı deyir:

“Bəzi insanlar yerüzünün bir döşək olmasını deyərək, bu ayəni dünyanın kürə şəklində olmadığına əsas gətiriblər.  Bu həqiqətdən uzaq bir görüşdür. Çünki, kürə nə qədər böyük olsa, onun hər parçası üzərində yerləşmək mümkün olar.”[9]
Burada Razinin dediyi şəxslərin kim olduğunu dəqiq anlamaq çətindir, lakin o, bir başa bu məsələni inkar edir. Fəxrəddin Razi 12-ci əsrdə yaşamış bir alimdir. Quranla arasında sadəcə 5 əsr fərq var.

13-cü əsrdə yaşamış İbn Teymiyyə isə bu mövzu haqqında deyir:

“Bütün alimlər yerin yuvarlaq olduğu mövzusunda icma ediblər. Bunun dəlili isə, günəşin dünyanın fərqli yerlərindəki insanlar üçün eyni anda doğub batmaması, əksinə bunun fərqli vaxtlarda olmasıdır.”[10]
“Əhli cədəldən olub məhz bəhs xatirinə dördbucaq, altıbucaq deyənlər xaric, hansısa alimin bunu inkar etdiyini görməmişəm. Cədəl edənlər belə dünyanın kürə olduğunu inkar etmirlər, sadəcə başqa cür də ola biləcəyi ehtimalını verirlər.”[11]

Ardınca sözlərini Quranla əsaslandırır: “Zumər surəsi 5-ci ayədə keçən təkvir sözü yuvarlaqlaşdırmaqdır. Ərəb dilində başa sarıq bağlamağa da eyni söz deyilir.”
İbn Teymiyyənin bu sözləri onu göstərir ki, həmin zamanlarda dünya düzdür deyən şəxslər olmayıb, bunu sadəcə bəhs xətrinə iddia edənlər olub.

11-ci əsrdə yaşamış İmam Qəzali də dünya haqqında bu fikirləri səsləndirir:

“Filosoflar deyirlər ki, ay tutlması, yerin günəş ilə ay arasına girərək ayın işığının yox olmasından ibarətdir. Çünki o, öz işığını günəşdən alır. Yer isə kürə formasındadır. Bu sözlər dini əsaslarla heç bir ziddiyət təşkil etmir.”[12]

İmam Qəzali bu hissədə yerin kürə formasında olmasını bildirir və bu fikrin İslamla ziddiyətinin olmadığını vurğulayır. Burada bu sözlərin islamla ziddiyətdə olmamasını deməkdə qəsdi, həmin dövrdə bu mövzunun müzakirə obyekti olmasından dolayı deyil, sadəcə, bu kitabda Qəzali filosofları tənqid edir və bu hissədə tənqid olunası bir şeyin olmadığını bildirir.

10-cu əsrdə yaşamış Biruni də dünyanın kürə şəkilli olduğunu bilmiş, hətta onu dövrümüzə ən yaxın olan rəqəmlərlə hesablamağa nail olmuşdu.[13]

10-cu əsrdə yaşamış başqa bir alim İbn Həzm də, günəşin hər zaman müəyyən nöqtələrdə şaquli düşməsini əsas götürərək yerin kürəşəkilli olduğunu demişdir.[14]

Nəin ki, ərəb dünyasında, o dönəmin Avropasında belə Hideqard[15], Yohannes de Sakrobosko[16] kimi şəxslər açıq aşkar yuvarlaq dünyadan bəhs edirlər.

Bütün bunlar bizə göstərir ki, Milet məktəbindən sonra təkcə Yunanıstanda deyil, dünyanın heç bir yerində düz dünya nəzəriyyəsi mövcud deyildi. Peyğəmbərə 3 əsr, 4 əsr, 5 əsr yaxın yaşamış ərəblər belə düz dünyadan danışmırlar, əksinə yuvarlaq dünyadan bəhs edirlər. Bu da onu göstərir ki, həmin dönəmlərdə hər kəs üçün dünyanın forması kürə şəkilli idi. Bu təqdirdə irad tutulan ayələrin heç bir mahiyyəti qalmır və dediyimiz 1-ci ehtimal, yəni bütün dünya üçün aid edilməsi fikri heç bir əsasa söykənə bilmir.

Təfsirçilərin məsələyə xüsusilə toxunmaması, o dönəmdə bu məsələnin onsuzda aktual olmadığını, yəni dünyanın formasının hamı tərəfindən eyni qəbul edildiyini göstərir. 12-ci əsrdən sonra bu məsələ haqqında bir iki söz deyilməsi və düz dünyanı iddia edənlərin sadəcə bəhs xətrinə bunu etdiklərini bildirilməsi hər şeyi göz önünə sərir. Qədimdə insanların düz dünyaya inandığı iddiası, ancaq 19-cu əsrdən sonra ortaya çıxmış mifdir və heç bir elmi əsası yoxdur. Milet məktəbindən 19-cu əsrə qədər demək olar ki, bu mövzu heç bir dönəmdə aktual olmayıb.

“Kolub dünyanın bitdiyi yerdən yıxılmaqdan qorxurdu” mifini uyduran insanların da iddialarını puç edən şey, elə Kolumbun səyahət xəttidir. Əslində Kolumb dünyanı kürə şəkilli bildiyi üçün Amerikanı kəşf etdi, əksi olsa, bu istiqamətdə yollanmayacaqdı. Necə? İzah edək. Xristofor Kolumb dünyanın kürə şəkilli olduğunu bilirdi. O, Hindistana getmək üçün İspaniyadan çıxaraq, Afrikanın ən cənubundan keçməyin vaxt aparacağını düşündü. Ona görə də belə qərara gəldi ki, Şərqdə olan Hindistana getmək üçün Qərb tərəfə yollansa daha tez zamanda Hindistana çatacaq. Çünki dünya kürə şəkillidir və Hindistan İspaniyaya Qərb tərəfdən daha yaxındır. Lakin Kolumb burada hesablama xətası etdi. O, Eratosfenin hesablamalarını yox başqalarını əsas götürdü və dünyanı daha kiçik zənn etdi. Yolunun üstündə dayanan kəşf olunmamış materikdən (Amerika) isə, xəbəri olmadı.


[1] Herman Ralph – The Pacific Basin: A History of Its Geographical Exploration (American Geographical Society, 1967) s.19

[2] Charles H. Kahn, (2001), Pythagoras and the Pythagoreans: a brief history (Hackett, 2001) s.53

[3] Platon – Phaidon (Say yayınları, 2015) s.119

[4] Arisoteles – Gökyüzü Üzerine (Dost Kitabevi, 1997) s.173

[5] Chris Rorres – Archimedes’ floating bodies on a spherical Earth”, American Journal of Physics

[6] 40.075 km

[7] Ernest Richard Lloyd – Adversaries and Authorities: Investigations into ancient Greek and Chinese science (Cambridge University Press, 1996) s.60

[8] Strabo – The Geography of Strabo (Loeb Classical Library edition, 1960) s.41-43

[9] Fahruddin er-Razi – Tefsiri-Kebir: Mefatihul Gayb (Huzur yayın Evi, İstanbul – 2002), c.II, s.116

[10] İbn Teymiyyə, Məcmu əl-Fətəvə, 25:195

[11] İbn Teymiyyə, Məcmu əl-Fətəvə, 6:586

[12] İmam Gazzali – Filozofların Tutarsızlığı (Çağrı yayınları, İstanbul-1981), s. 7-8

[13] Moritz – Geodetic Reference System (Journal of Geodesy – 1980) s.128-133

[14] https://www.independent.co.uk/news/science/how-islamic-inventors-changed-the-world-6106905.html

[15] https://brunelleschi.imss.fi.it/galileopalazzostrozzi/object/HildegardOfBingenLiberDivinorumOperum.html

[16] Olaf Pedersen – In Quest of Sacrobosco (Journal for the History of Astronomy –1985) s.175-221