Mart 30, 2019

Ziya Balıyev – Qəlb, Beyin və Düşüncə

Qədim tarixdən bu yana hər zaman düşünmənin harda formalaşması haqqında fikir ayrılıqları olmuşdur. Bəziləri düşünməni həyata keçirən orqanın qəlb, bəziləri isə beyin olduğunu iddia etmişdirlər.

Qədim Misirdə mumyalanma zamanı cəsədlərin bütün orqanları çıxarılsa da, ancaq qəlbləri yerində qalırdı. Çünki Misirdə qəlbin ağıl və qərar vermə orqanı olduğu düşünülür və Misirin ölülər kitabın da deyilirdi: “Ancaq həqiqi qəlbin səninlə qalacaqdır.”[1]Böyük yunan filosofu Aristotel özünün “Siyasət və Böyük Etika” əsərində belə qeyd edir:
“İnsanın qəlbi iki hissədən ibarətdir. Onlardan biri özlüyündə ağıla malikdir, digəri özlüyündə malik deyil, lakin ağıla qulaq asmağı bacarır. Bizim fikrimizcə insan, ümumiyyətlə, bu hər iki hissənin məziyyətlərinə yiyələnməkdən asılı olaraq yaxşı sayılır.”[2]

Bununla birlikdə, e.ə 5-ci əsrdə yaşamış Alkmeon açıq-aşkar düşünmənin beyinlə əlaqədar olduğunu qeyd etmişdi.[3] Alkmeondan sonra yaşamış, tibbin atası sayılan Hippokrat da, bu fikri dəstəkləmiş və zehni beyinlə əlaqələndirmişdir.[4]

Bütün bu qarşıdurmalardan sonra elmin inkişafı nəticəsində Alkmeon düşüncəsi tamamilə qəbul edildi və düşünən orqanın qəlb olduğunu deyənlər xətalı adlandırıldılar. Elmin bu mövzuda verdiyi şərh dinə qarşı tamamilə yeni bir hərəkat yaratdı və bu hərəkata qatılanlar dinin insan sözü olduğunu, içində xətalar ehtiva etdiyini müdafiə etdilər.

Səmavi dinlərdə qəlb və düşüncə

Səmavi dinlərin (İudaizm, Xristianlıq və İslam) müqəddəs kitablarında qəlb sözünə dəfələrlə yer verilir. Tövratda qeyd edilir: “Qavrayan qəlb, görən göz və eşidən qulaq.”[5]

Bu məsələyə İncildə belə toxunulur: “Sənin qəlbinə də qılınc sancılacaq. Bu, birçoxunun qəlbindəki düşüncələrin aşkara çıxması üçündür.”[6]

Və nəhayət Qurani-Kərim: “Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, qəlbi ilə düşünüb, qulaqları ilə eşitsinlər? Çünki əslində gözlər deyil, kökslərdəki qəlb kor olur.”[7]

Səmavi dinlərin hər birində qəlb anlayışı özünə yer tapıb və bu söz çox zaman düşünməylə birlikdə işlədilir.

Bu yazıda Tövrat və İncildə keçən qəlb sözünü açıqlamaq bizim vəzifəmiz deyil, çünki bunu, bu kitablara daha yaxından vaqif olan bir insan açıqlamalıdır. Bizim üstümüzə düşən Qurani-Kərimdə keçən qəlb məsələsinə aydınlıq verməkdir.

Qəlb sözü ərəbcə QLB kökündən gəlir, dəyişmək, dönmək, tərsinə çevirmək mənalarını verir.

Qurani Kərimdə “Qəlb” sözü 132 dəfə işlədilməkdədir[8] və bunlar əsasən 2 fərqli mənada keçir.

1.Məcaz mənada

Qəlb sözü hardasa dünyanın hər bir yerində məcaz mənada işlədilmədikdədir. Məsələn, azərbaycancada  “ürəyim səni istəyir”, “ürəyim düşdü”, “ürəyimə xal saldın” və.s kimi ifadələr mövcuddur. Və yaxud məşhur Modern Talking qrupunun “Your my heart” yəni “Sən mənim qəlbimsən” mahnısı çoxlarınıza tanışdır. Fərqli dillərdə bunun kimi yüzlərlə nümunə gətirmək mümkündür. Ərəbcə olan Qurani-Kərimdə də bu söz məcaz mənalarda işlədilib. Məsələn, “Sonra bunun ardınca sizin qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu.”[9], “Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalır.”[10] və.s

2.Düşüncənin mərkəzi kimi

Qurani-Kərimdə qəlb sözünün başqa işlənmə mənası da, düşünməklə əlaqədardır. Quranda ağılla bağlı 500-ə yaxın ayə vardır və o ayələrdəki ağıl sözləri ərəbcə fərqli formalarda işlədilmişdir. Məsələn, lüb[11], hicr[12], nuhə[13], hulm[14], fuad[15] və.s. Qəlb sözü bunlardan sadəcə biridir. Lüğətlərdə də qəlb sözü qan ötürən orqanla birlikdə, ağıl mərkəzi, düşünmə, zəka, ruh, zehin kimi mənalarda işlədilir.[16] Bu, düşünməylə qəlb orqanını eyniləşdirmək deyil, düşünmə sözünün bir qarşılığının da qəlb sözü olması ilə bağlıdır. Məsələn, Azərbaycan dilində göz sözü orqan göz ilə birlikdə hansısa əşyanın bir hissəsi üçün də istifadə edilir. “Bunu dolabın bir gözünə qoy” və yaxud “Tərəzinin bir gözünə qızılı, bir gözünə də gümüşü qoy” dedikdə, nə dolabın, nə də tərəzinin bizim gözümüz kimi gözünün olduğunu iddia etmirik. Sadəcə göz sözü müxtəlif mənalarda işlədilə bilindiyi üçün bunu istifadə edirik. Qəlb sözü də eynən belədir, “onlar düşünməzlər, qəlbləri möhürlüdür” dediyimiz zaman, düşüncənin qəlb orqanında olduğu nəzərdə tutulmaz, qəlb sözünün düşüncə mərkəzi kimi istifadə edilməsi nəzərdə tutular.

Qəlb sözünün ağıl mərkəzi kimi də istifadə edilməsi dəqiq bir məsələ olsa da, Quranda keçən bir ayə bəzi məsələləri çətinliyə salır. Ayəyə diqqətlə nəzər etmədiyimiz zaman, ilk baxışdan problem olduğunu düşünürük. Bu ayə Həcc surəsinin 46-cı ayəsidir:

“Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, qəlbi ilə düşünüb, qulaqları ilə eşitsinlər? Çünki əslində gözlər deyil, kökslərdəki qəlb kor olur.”

Bu ayədə keçən “kökslərdəki qəlb” sözü bir çox insanda sual doğurur: bu ayəyə görə həqiqətənmi bizim qəlb orqanımızın düşündüyü nəzərdə tutulur?

Həqiqətdə belə deyil. Ayəyə diqqət etsəniz qəlb sözü iki dəfə keçir. Birində düşünmədiyi deyilir, digərində isə kor olduğu. Düşünməklə bağlı keçən qəlb sözündə “kökslərdəki qəlb” keçməz, bizim yuxarıda qeyd etdiyimiz ağıl mərkəzi olan qəlb keçər. Yəni, “qəlbi ilə düşünüb” dedikdə, “ağıl mərkəzi ilə düşünüb” nəzərdə tutular. Sinədə olan qəlb isə korluqla eyniləşdirilib, düşünməylə əlaqəsi yoxdur. Burada isə korluq tamamilə məcaz mənada işlədilib, çünki qəlbin həqiqətdə kor olmadığını hərkəs bilir. Bu sadəcə ərəb dilində bir ifadə ola bilər. Eynilə bizim dildə “küt beyin”, “pambıq ürək”, “sınıq qəlb” və.s ifadələrin olduğu kimi.

Bu iddiaların qarşılığında kimsə təkidlə deyə bilər ki, “Bir ayədə iki dəfə eyni qəlb sözü gəlib. Birinə düşünməz deyir, birinə isə köksdə olan. Bu halda ikisidə eyni şeydir və nəticə budur ki, elə düşünən sinədəki qəlbdir.” Bu şəxsə rasional cavab vermək mümkündür. Bizim bunu iddia etməmizin əsas səbəbi budur ki, Quranda düşünmə kimi istifadə edilən heç bir qəlb sözündə köksdə olan qəlb ifadəsi yoxdur. Köksdə olan qəlb ifadəsi keçən ayədə belə bu ifadə, düşünməylə bağlı olan qəlb haqqında cümlə bittikdən sonra işlədilir. Bu məsələ bizə əsas verir ki, bu iddianı irəli sürək. Əgər belə olmasaydı, istənilən halda bircə yerdə də olsun düşünmə dedikdə, köksdə olan qəlb ifadəsi işlədilərdi.

Qeyd etdiyimiz iddianı ortaya atan şəxsi çətinliyə salacaq iki mühim məsələ də vardır.

1. Nə üçün heç bir ayədə düşünmə sözü keçəndən sonra cümlə bitməmiş “köksdəki qəlb” sözü keçməz?

2. Həmin ayədə göz və köksdəki qəlb üçün eyni korluq sözü keçməkdədir (تَعْمَى). Bu məntiqlə, bu korluq sözlərinin ikisi də eyni mənanı verməlidir. Bu halda gözdəki korluqla, qəlbdəki korluğu eyni fiziki müstəviyə salmaq mümkünsüzdür.

İkinci beyin: Qəlb

Yuxarıda verdiyimiz cavablar yetəri qədər tutarlı olsa da, mümkündür ki, bir nəfər yenə də etiraz edərək “Quranda düşünmə orqanı ürəkdir”,-desin. Bu halda, o insana da öz qəbul etdiyi mənayla cavab vermək olar.

Öncədən qeyd etdiyimiz kimi, tarix boyu Alkmeonun “düşünən beyin” anlayışı ilə Aristotelin “düşünən qəlb” anlayışı, düşüncə haqqında olan nəzərlərdə əsas pay sahibi olmuşdur. Zaman keçdikcə modern elm Alkmeonu doğru sayaraq, Aristoteli tarixin tozlu səhifələrinə qərq etdi. Lakin, elmin inkişafı Aristoteli o tozlu səhifələrdən çəkib çıxararaq ortaya tam yeni bir rəy qoydu: Nə Alkmeon yanılırdı, nə də Aristotel, hər ikisi haqlı idi.

Elmin ən böyük özəlliyi budur ki, o, sabit deyil və durmadan yenilənərək ortaya yeni fikirlər oyur. Dünən tam həqiqət saydığımız bir müddəa, səhər oyandığımızda tamamilə yanlış ola bilər. Qəlbin düşünməməsi və zehnin tamamilə beyində olması iddiası da, elmin bucür müddəalarının içindədir. Elmin yenilənməsi və inkişafı ortaya modern zamanda mümkünsüz olan fikri qoydu: Qəlb bizim ikinci beynimizdir.

Qəlblə bağlı ilk şübhələri tətikləyən səbəb qəlbi dəyişdirilən insanlarda müşahidə olunan qəribə hadisələr oldu. Qəlbi dəyişdirilən insanlar sonradan özlərini qəribə aparmağa başlayırlar; fərqli yeməklər yeyirlər, fərqli musiqilər dinləyirlər və fərqli şeylərə maraq göstərirlər.

16 aylığında vəfat etmiş Cerinin qəlbi 7 aylıq Karterə qoyulur. Maraqlısı budur ki, bir müddətdən sonra Cerinin atası Karteri görməyə getdikdə, uşaq onu heç vaxt görmədiyi halda üstünə qaçır və ilk sözü “Ata” olur. Onu görmədiyi halda ona ata deməsi və qucaqlaması olduqca qəribə bir haldır.

24 yaşlı bir qızdan qəlb donoru alan 25 yaşlı kişidə də qəribə dəyişiklər müşahidə edilmişdir. O, özünü qadın kimi hiss etdiyini deyir. Həyat yoldaşı da əməliyyatdan sonra ərinin çox dəyişdiyini qeyd edir. Alış-verişi heç sevməyən biri əməliyyatdan sonra tam bir alış-veriş dəlisi olur. Həyat yoldaşı qeyd edir ki,” indi onunla mağazaya getmək rəfiqələrimlə getmək kimidir.”

17 yaşlı bir afro-amerikalı vəfat edir və onun qəlbini 47 yaşlı qafqazlıya köçürürlər. 47 yaşlı şəxs qeyd edir ki, “əvvəllər klassik musiqiyə nifrət etsəm də, indi çox sevirəm.”[17]

Bu kimi hadisələr olduqca çox rastlandığı üçün elm adamları bunun səbəbini araşdırmağa başlayırlar. İlk dəfə Dr. Endryu Armur tərəfindən 1991-ci ildə “Qəlb beyni” anlayışı ortaya atılır. Endryu Armur tərəfindən qəlbdə eynən beyində olduğu kimi neyronlar, neyromediatorlar[18], zülallar və neyroqliyalardan[19] ibarət çox qarışıq bir sistem aşkarlandı. Bu araşdırma qəlbin beyinlə 4 formada əlaqəli olduğunu ortaya qoydu:

1. Nevroloji (Sinir xəbərdarlıqlarının çatdırılması yoluyla)

2.  Biokimyəvi (hormonlar və neyromediatorlar yoluyla)

3. Biofizik (Təzyiq dalğaları yoluyla)

4. Enerji (Elektromaqnit yoluyla)

Qeyd etdiyimiz 4 bənd qəlbin beyinlə əlaqəsini göstərir. Qəlbin özünə məxsus sinir sistemləri vardır və sinir sistemləri beyini önəmli formada təsirə məruz qoyur.[20][21]

Araşdırma haqqında bütün təfərrüatları “Science of the Heart” kitabından oxuya bilərsiniz. (Kitabın adına toxunmaqla kitabı oxumaq mümkündür)

Oksford Universitetinin professoru Deyvid Peterson da duyğularımızın tək qaynağının beyin olmadığını, qəlbin də rol oynadığını qeyd edir. Qəlbimiz beynimizdəkiylə eyni neyronları ehtiva edir və qəlblə beyin birlikdə fəaliyyət göstərir. Qəlbimizin sağ mədəciyinin səthi ətrafında beyindəkinə bənzər minlərlə neyron yer alır.[22] Neyronlar beynimizdə düşüncəni formalaşdıran şeylərdir. Bu zaman ortaya sual çıxır: Bu qədər neyron qəlbin sağ mədəciyində nə üçündür?

Professor Deyvid Peterson bir dovşan qəlbində məsələni test etmişdir. Peterson dovşanın qəlbinin hamısını yox, sadəcə neyronlar yerləşən sağ mədəciyi götürmüş və onun canlı mexanizmaya bağlı olmadıqda belə hərəkət etdiyini müşahidə etmişdir. Professor Peterson testi daha da genişləndirərək sağ mədəciyə elektrod təsir edir və dərhal hərəkətlərdə yavaşlama müşahidə edir. Bunun sadəcə bir cavabı var: Sağ mədəcikdəki neyronlar müstəqil qərar verirlər. Petersonun nəzərincə qəlb öz qərarlarını özü verir. Professor əlavə edir:

“Qəlb, beyinə cavab verən bir orqandır, lakin beyinin köləsi deyildir. Görünən odur ki, elm qəlbə aid olan bir şeyi geri qaytarır: Hissləri.”[23]

Elm hələ ki, bu mövzuda yeni addımlar atmaqdadır və gələcəkdə bizi nələrin gözlədiyini bilmirik.

PS. Bu elmi faktları ortaya qoymaqla bizim Qurandan möcüzə çıxarmaq niyyətimiz yoxdur. Elmi faktlar qəlbin düşündüyünü ortaya qoysa da, “Quranda bu elmi fakt var idi” demək olduqca yanlış yanaşma olardı. Çünki Qurani-Kərimdəki qəlb sözü orqan qəlblə qətiyyən əlaqəli deyil. Bu elmi faktları sadəcə təkidlə “Quranda ürək düşünmə orqanıdır” deyən şəxslərə görə ortaya qoyduq ki, belə olsa belə Quranda xəta olmur.


[1] Albert Champdor – Mısırın ölüler kitabı, Ruh ve Madde yayınları, İstanbul-1998, s.94

[2] Aristotel – Siyasət və Böyük Etika, Yeni Nəşrlər Evi, Bakı-2006, s.279

[3] Ligeros KA – How ancient healing governs modern therapeutics, Putnam’s Sons,  New York-1937

[4] Farrington, Greek Science: Its meaning for us (Thales to Aristotle), Penguin, New York-1944

[5] Tövrat, Qanunun təkrarı, 29:4

[6] İncil, Luka, 2:35

[7] Quran, Həcc, 46

[8] (Yazıya toxun)

[9] Bəqərə, 74

[10] Zumər, 23

[11] Bəqərə,179

[12] Fəcr, 5

[13] Taha, 54

[14] Nur, 58

[15] Hud, 120

[16] E. W. Lane – Arabic English Lexicon,  İbn Mənsur – Lisanül Ərəb

[17] Paul Pearsall, Gary E. R. Schwartz and Linda G. S. Russek – Changes in heart transplant recipients that parallel the personalities of their donors (Yazıya toxunaraq mətni oxu)

[18] Neyronlar arasındakı əlaqəni təmin edən kimyəvi maddə.

[19] Yapşıqan rolunu oynayaraq sinir sistemlərini bir arada tutan sinir hüceyrəsi.

[20] Armour, J.A., Anatomy and function of the intrathoracic neurons regulating the mammalian heart, in Reflex Control of the Circulation, I.H. Zucker and J.P. Gilmore, Editors. 1991, CRC Press: Boca Raton. p. 1-37.

[21] Armour, J.A., Potential clinical relevance of the ‘little brain’ on the mammalian heart. Exp Physiol, 2008. 93(2): p. 165-76.

[22]Richardson RJ – Separate neurochemical classes of sympathetic postganglionic neurons project to the left ventricle of the rat heart

[23]Dr. Mercola – Modern Research Reveals Your Heart Does Have a Mind of Its Own