Aprel 12, 2019

Hacı Ramil Bədəlov – Həqiqi mömin necə olmalıdır?

Bir nəfərə yaxşılıq etmək istəyəndə bunu fikirləşməli deyilik ki, o namaz qılandır yoxsa yox. Namaz qılandır öz yerində, vəzifəmiz var ona da yaxşılıq etməliyik. Amma daha namaz qılan deyil deyə ona yaxşılıq etməyim kimi bir şey yoxdur. İmam Sadiq yolnan keçəndə gördü ki, yolda bir nəfər yıxılıb qalıb. Səhabələrə dedi “Gedin onu qaldırın yerdən.” Gəldilər onu qaldırsınlar yerdən, qayıtdılar İmam Sadiqin yanına dedilər: “Ağa, bilirsən bu kimdir?” Dedi: “Kimdir? Nə məsələdir ki?” Dedilər: “Yəhudidir.” İmam Sadiq cavab verib dedi ki, “Mən səndən soruşmadım o kimdir, mən sənə dedim bir nəfər yıxılıb qaldır onu yerdən.” İnsan deyil? İnsandır da. Burda nə fərqi var ki? Niyə fərq qoyursan sən? O yazıqdır, yıxılıb sən onu götür ordan. Mömin belə olmalıdır. Dindarı görəndə insanın ürəyi açılmalıdır. Dindar yaşadığı məhəllədə, məntəqədə ən nümunəvi insan olmalıdır. Məhəllədə onu qabaqlayan olmamalıdır salam verməkdə, yaxşı əməl etməkdə. O həmişə qabaqlamalıdır, əlindən gələn yaxşılığı etməlidir. Belə olmalıdır mömin. Hamının ona qarşı məhəbbəti olmalıdır, insanlar, onun ətrafında yaşayanlar onu sevməlidir, nümunə göstərmək istəyəndə nümunə olaraq onu göstərməlidir. İman əhli belə olar, istər xanım, istər kişi fərqi yoxdur, gərək insan belə olsun.

Bəli, insan belə olmalıdır. Mömindən ziyan dəyməz insanlara. Mömini görəndə insan başa düşməlidir ki, bundan mənə zərrə qədər ziyan dəyməz. Heç zehnindən belə keçməməlidir ki, bəlkə bundan mənə ziyan dəyər. Elə şərait yaratmalıyıq. Ona görə bizim vəzifəmizdir elə yaşayaq ki, mənə görə sənə söz gəlməsin, çünki mən pis olsam deyəcəklər burdakıların hamısı pisdir. İnsanların baxışı budur. Bir söz deyim sizə, İmam Hüseynin əgər məhəbbəti daxil olubsa bu qəlbə, bizdən heç kimə ziyan dəyməməlidir, əksinə bizdən hamı xeyir görməlidir. İstər maddi, istər mənəvi. Maddi imkan yoxdursa, mənəvi əxlaqla, rəftarla fayda verməliyik. Bizi görəndə sevinməlidir insanlar.

Müharibələrin birində müsəlmanlar iki qadını əsir tuturlar. Onların qohum əqrəbası kafir idi, peyğəmbərlə vuruşmuşdu, müsəlmanlar da onları öldürmüşdü. Cəsədlərin yanından keçəndə ağladılar. Bilal ikisini də gətirdi peyğəmbərinin yanına. Peyğəmbər baxdı bunlar ağlayır, dedi: “Niyə ağlayırsınız?” Dedilər: “Biz gələndə öz yaxınlarımızın meyidini gördük, ona görə ağlamışıq.” Peyğəmbər üzünü tutur Bilala deyir: “Bilal, qəlbindən rəhmət çıxıb sənin. Nə olsun kafirdilər? Onlar da insandır axı. Sən Bilalsan, biz səni tərif etmişik, sən belə etməməlisən.” Peyğəmbər Bilalı danladı. Danladı ki, sən bir kafiri bu cür incitmisən, narahat etmisən. Mömin gərək belə olmasın.

Təsəvvür et, hələ bunu qoyaq kənara, bizim İslam dini deyir ki, bir dənə qoyunu kəsəndə o biri qoyunun qarşısında kəsmə, baxmasın o. İndi bir qrup insanlar çıxıb ki, atanın balanın gözü qarşısında, balanın atanın gözü qarşısında başını kəsir. Halbuki, bu din deyir heyvanı heyvanın gözünün qarşısında kəsmə, qaldı insan. Bu din insanlara bu qədər sevgi, məhəbbət deyir, amma dini gətirib elə ediblər ki, təsəvvür edin, insanlar baxır qaçmaq istəyir bu dindən. Bu cür olmaz, vallah olmaz.

Dünya səviyyəsində müsəlmanları məlumatsız, elmsiz təqdim edirlər. Bu cür təbliğatlar edirlər. Mən ona görə danışıram bunu ki, gərək möminlər ziyalı olsun, möminlər savadlı olsun. Siz bunu bilin, Qərbə elm və mədəniyyət Şərqdən keçib. Bunu qətiyyətlə deyirəm sizə. Qərbə elm Şərqdən getdi, amma indi deyirlər yox. Aristotelin, Platonun kitablarını tərcümə etmişdi müsəlmanlar. Orijinalları yox idi, müsəlmanlar bunları ərəb dilinə tərcümə etmişdilər. Qərblilər o kitabları apardılar, öz dillərinə tərcümə etdilər.

Möminlər yenə də passiv olmamalıdır, yenə də ruhdan düşməməlidir. Bizim ziyalı, savadlı, məlumatlı möminlərimiz olmalıdır, özü də hər yerdə. Həkimlərimiz olmalıdır. Bütün sahələrdə bizim ziyalı nümunəli insanlarımız olmalıdır ki, biz onlara baxanda ürəyimiz açılsın.