Avqust 27, 2018

Akvinalı Foma və onun fəlsəfi fikirləri

Neapolitan krallığının Akvino yaşayış məntəqəsində aristokrat ailəsində doğulan Foma Akvinali 1225-26- 1274-ci illərdə yaşamışdır. Akvinalı ləqəbi buradandır. Təhsilini benediktçilər monastırında, Neapolitan universitetində almış, sonra Paris universitetində alman filosofu Böyük Albertin şagirdi olmuşdur. 1248-ci ildə Albertlə birgə Kölnə gedərək, burada teoloji mərkəz yaradır. 1252-ci ildə Paris universitetinə qayıtmış və teologiya magistri olmuşdur. Parisdə ölmüşdür. 1323-cü ildə müqəddəs elan edilib. Əsas əsərləri: «Teologiyaların cəmi», «Bütpərəstliyə qarşı katolik inam həqiqətinin cəmi», «Knyazlann idarəçiliyi haqqında», «Mübahisəli suallar».

O Aristotel fəlsəfəsini xristian təliminə uyğunlaşdırmış, xristianlıq və aristotelizmin, inam və zəkanın sintezini yaratmışdır.

Aristoteldə olduğu kimi Akvinalı da ətraf dünyanı iyerarxik nizamlanmış struktur kimi təsvir edir: zirvədə Allah yerləşir, aşağıda; səma sferası, insanlar, heyvanlar, bitkilər, daşlar, torpaq yerləşir.

Onun fikrincə insan – təbiətinə görə zəkalı və ruhi mövcudluq olan ali maddi yaradılandır. İnsan eyni zamanda həm bədən, həm də ruhdur. İnsan ruhu vahid və bölünməzdir. Ruhun əsas funksiyaları – idrak və iradə. İradə idrakın ardınca gələn fəallaşdırıcı qüvvədir. İdrak xeyirin dərkinə yönəlmişdir. İdrak birinci, İradə isə seçilmiş məqsəddən asılı olan impulsdur.

İdrak hissi qavrayışdan başlayır. İnsan zəkasında hissi qavrayışdan keçməmiş heçnə yoxdur. Hissi təəssüratlardan çıxış etməklə insan hadisələrdə ümumi cizgiləri dərk edir və onlar haqqmda anlayışları formalaşdırır. Dünyanı dərk etməklə insana məlum olur ki, bütün şeylərdə ilahi dəyər gizlənib.

Allahın mövcudluğunu isbat üçün Foma Akvinalı beş üsul göstərir:

1. Kosmoloji arqument: dünyada hər şey dəyişir, deməli özü heç nə ilə şərtlənməyən, lakin bütün dəyişmə və hərəkətin mənbəyi olan ilkin səbəb mövcud olmalıdır. Məhz belə bir ilkin səbəbi biz Allah adlandırırıq.

2. Kauzal arqument: hər bir nəticənin səbəbi, səbəbin də öz səbəbi var və s. ilkin səbəb isə Allahdır.

3. Zərurətə əsaslanmış arqument: yerdə hər şey o mənada prinsipal təsadüfidir ki, onun mövcudluğu zəruri deyil. Şey başqası ola bilərdi, mövcud şeylərin yerində başqaları mövcud ola bilərdi. Lakin hər şeyin təsadüfi olması ağlasığan deyil. Zəruri olan nəsə mövcud olmalıdır, biz onu Allah adlandırırıq.

4. Kamillik dərəcələrinə əsaslanmış arqument: dünyada hər bir mövcudluq az və ya çox dərəcədə kamildir. Deməli, varlıq və kamilliyin dərəcələnməsi haqqında danışmaq olar. Nəsə olmalıdır ki, yer dünyasının hüdudlarından kənarda yerləşir və kamildir. Bu nə isə Mütləq Varlıqdır, onu Allah adlandırırıq.

5. Teoloji arqument: biz təbiətdə nizam görürük və hər şeyin arxasında məqsəd tapırıq. Dünyadakı nizam ona şəhadət verir ki, o son dərəcə fıkirləşilmiş plan üzrə yaradılıb, yəni bu planı törədən rasional ruh mövcuddur.

Hər şeyin səbəbi Allahdırsa, onda şəri də Allah törədir? Bu suala cavab verən Akvinalı göstərir ki, gerçək Şər Allahdan deyil, insanın azad fəaliyyətindən irəli gəlir. Allah insana iradə azadlığı, halal və günahkar həyat arasında seçim azadlığı əta edib. İnsanın bu iradədən düzgün istifadə etməməsində Allah günahkar deyil.

Şükürov-Hamı üçün fəlsəfə