Avqust 29, 2019

Çolaq Addım – “Allah” sözünün mənşəyi haqqında

Qaraqan kitabında oxuculara yenə üçüncü şəxsin adından və ya öz adından bu məlumatları verir:

“Ərəblər Suriya ilə sıx əlaqədə idilər və oradan Xristiyanlar və yahudilər tez-tez ticarət məqsədi ilə Yəsribə (Mədinənin köhnə adı) gəlirdilər. Onlar qədim Suriya dilində şərqi-aramey dialektində danışırdılar. Bu söz öz mənşəyini əvvəldə danışdığımız yahudilərin “Eloxim”-(tanrılar)sözündən götürür. Daha sonralar bu kəlimə müsəlmanlar tərəfindən daha da ərəbləşdirilərək “Allah” formasını alır .Məkkədən şimalda xeyli yahudi tayfalar yaşayırdı. Mədinə ətrafında 3 yəhudi qəbiləsi var idi. Banu kaynuk, Banu Nadir, Banu Kurayza-onlar şəhərin özündə yaşamasalar da bu kiçik kəndlərdən tez-tez karvanlar keçir və ərəblər yahudilər tez-tez əlaqədə olurdular. Xristianlıq o zaman Misirdə və Suriyada xeyli yayılmışdı. Amma Ərəbistanın özündə Nəcranın şimalında Xristiyanlığın iki sektası mövcud idi. Bu xristiyanlar katolik deyildilər, onlar ənənəvi xristiyanlıqdan uzaq düşüb və öz qollarını yaratmışdılar. Onların dinləri Xristiyanlığın əsas inamlarını qəbul etmirdi. Sonradan bu iki sektanın İslama necə təsir etdiyini də görəcəyik. Nəcran Xristiyanlarının doğru bildiyi keşiş Nestor İsa haqda belə deyirdi: ”O tanrı deyil , onun içində tanrının ruhu var və bədən olan adi bir insandır. Qolqofada xaça çəkilən isə İsa peyğəmbər deyildi sadəcə onun mövcud olduğu adi insanın bədəni idi.” Bu fikirlərinə görə Nestor 431-ci ildə Efes şəhərində ənənəvi Xristiyanlar tərəfindən eretik və imansız elan edilir. Amma buna baxmayaraq onun fikirləri gəlib Ərəbistan yarımadasında radikal xristiyanlardan uzaqda rahatca inkişaf edir və öz davamçılarını yaranır. Məhəmməd peyğəmbərin zamanına yaxın Xristiyanlar 488-ci ildə yaranmış Monofizit sektası da Misirə daha sonra Suriyaya yayılır və öz davamçılarını tapır. Beləcə Ərəbistan yarımadasının şimalı Xristiyanlığı tam qəbul etməyən və incilin dəyişdirildiyini söyləyən xeyli xristiyan eretikləri ilə dolu olur.”

Qaraqanın oxuculara satdığı bu məlumatlara biz düzəlişlərimizi edək.
Əvvəla “elohim” sözünü “tanrılar” şəklində oxuculara çatdırmaq böyük bir saxtakarlıqdır. Doğrudur ki, “elohim” sözündəki “im” cəm şəkilçisidir. Lakin buna “təzim cəmi” deyirlər, latın dilində “pluralis majestatis” olaraq bilinir. Bu, təkcə yəhudi, arami və uğarit dilləri kimi semit dillərdə deyil, başqa dillərdə də mövcuddur. Misal üçün azərbaycan dilində prezidentləri, səfirləri təqdim etdikdə “ali cənabları” sözü ilə və ya hörmətli bir şəxsi təqdim etdikləri zaman “həzrətləri” kimi sözləri işlədirlər. Burada “cəm şəkilçisi” işlədilsə də qəsd olunan təzim, ucaltma, hörmət mənasıdır. Ona görə də Bibliyada “elohim” sözü Tək və Yaradıcı Allah üçün işlədildikdə fel cəmdə yox, tək formada gəlir. Buradan da başa düşürük ki, qəsd olunan “tanrılar” yox, tək ilahdır. Elohim sözü kök etibarı ilə “eloah” sözündəndir, bu söz aramey dilində “Ĕlāhā” kimi səslənir, ərəb dilində isə “ilah” olaraq bilinir. Bizim dilimizdə də “ilahi” dedikdə “mənim allahım” deməkdir. Yəni bu savadsız iddiaya görə ərəblər “Allah” sözünü yəhudilərdəki “elohim” sözündən götürüblər. Axı ərəblər üçün bunu yəhudi dilindən götürməyə nə ehtiyac vardır? Ərəb dili “hind avropa” ailəsinə və ya altay dil ailəsinə aid deyildir ki, özünə yad olan bir dildən nəsə götürsün. Ərəb dili də yəhudi, arami dilləri kimi semit bir dildir və eyni kökdən əmələ gəlir. Ona görə də eloah sözü və ya “Ĕlāhā” sözü hansı kökdən əmələ gəlirsə “ilah” sözü də o kökdən əmələ gəlir. Daha sonra “ilah” sözünə müəyyənləşdirici “əl” hərfləri əlavə edilmiş və vahid “Allah” sözü əmələ gəlib. Bu, türklərin “tanrı” sözünü uyğurların “tenqri” sözündən götürdüklərini iddia etmək kimi bir şeydir. Halbuki hər iki söz də eyni mənbədən gəlir, çünki dillərin kökü birdir.
Daha sonra iddia edir ki, keşiş Nestorius İsanın tanrı olmadığını deyib. Gəlin bu iddianın doğruluğu üçün Nestorius ilə və onun öyrətdiyi doktrina ilə tanış olaq. Nestorius Türkiyədə indi Kahramanmaraş kimi tanınan, lakin o zaman romalıların Suriya əyalətlərindən biri olan Germanisiyada miladi 381 və ya 386-cı ildə dünyaya gəlib. Nestorius öz yaşadığı bölgədə xristianlığı Antiox (Antakiya) məktəbindən öyrənib və müəllimi mofsuestiyalı (Məsisili) Teodor olub. Bu məktəbin özəlliyi Bibliyanı hərfi mənada başa düşmək olub. Bu məktəbin anayışına görə İsanın bəşəri təbiəti ilə ilahi təbiətini ayırmaq lazımdır, onları birləşdirmək olmaz. Ona görə də Nestorius Bizans imperatoru ikinci Teodosiyus 428-ci ildə Nestoriusu Konstantinopolun patriarxı təyin etdikdə özü ilə bu məktəbin bir çox fikrini də ora daşıdı. Bundan sonra o dövrdə Nestorius’un fikirləri mübahisəyə səbəb olmağa başladı. Nestorius’a görə İsanın bəşəri təbiətini ayırmaq vacib olduğu üçün o, Məryəmin “tanrını doğan” mənasına gələn “teotokos” adlanmasına qarşı idi, ona görə Məryəm “kristotokos” adlanmalıdır, çünki doğulmaq ilahi bir təbiət deyildir, lakin bəşəri bir təbiətdir. Nestorius’a görə İsada iki şəxsiyyət olub, insan oğlu və Allahın oğlu kimi biri bəşəri şəxsiyyət, o biri isə ilahi şəxsiyyət olub. Buna xristian teologiya tarixində “diofizitizm” deyirlər. Bu ideyanın əksinə isə buna qarşı çıxanların ideyasına “monofizitizm” deyiblər. Monotizitizmə görə isə İsa yalnız bir şəxsiyyətdir, onun bəşəri təbiəti ilahi təbiyyət tərəfindən həll edilmişdi. 431-ci ildə Efes şurası hər iki ideyanın bidət olduğunu, ortodoks inanclara zidd olduğunu qərar verərək ikisini də ləğv edib. Nestorius isə patriarx vəzifəsindən azad edilərək Misirə sürgün edilmiş və orada 450-ci ilə qədər yaşamışdır. Lakin Nestorius’un fikirləri Şərqə doğru yayılmışdır.
Bir sözlə Nestorius heç bir zaman “İsa tanrı deyildir” sözünü işlətməyib. İsanın tanrı olmadığını deyən bir kəsi heç bir zaman Konstantinopolun patriarxı kimi təyin etməzdilər. Nestorius’un konflikti əslində kiçik fəlsəfi bir detal üzərində olub və İskəndəriyyənin patriarxı Kiril ilə arasındakı bu konfliktdə Roma papası Kirilin tərəfini tutub. Nestorius daha sonra Misirə sürgün olunduqda onun fikirləri şərqə doğru yayılıb, lakin nestorian kilsəsi heç bir zaman İsanın tanrı olmadığını deyən bir xristianlıq yaymayıb. Tarixi bilən bunu çox gözəl bilir. Ona görə də İraqda, Suriyada, hətta Ərəbistan Yarımadasının cənubundakı Nəcranda yayılmış nestorianizm xristianlığı İslama yaxın olan heç bir fikir öyrətməyib.
Doğrudur ki, xristianlığın daxilində İsanın tamamilə bir bəşər olduğunu, onun bir tanrı olmadığını öyrədən fiqurlar olub, lakin bu fiqurlar heç bir gücə və nüfuza sahib olmayıb, onların bu fikrinə tabe olan geniş xristian kütləsi olmayıb. Olsa da bu, tamamilə başqa coğrafiyada olub. İslam qaynaqları təsdiqləyir ki, Nəcranda belə bir kiçik qrup olub, lakin qısa zamanda bu qrup məhv edilib, onların yayılmaq, fikirlərinin yaxın coğrafiyaya təsir etmək imkanı olmayıb.
Bura qədər təqdim etdiklərimizdən elə aydın olur ki, Qaraqan nə yazdığını özü belə başa düşməyib, yaxud da ona bu fikirləri təlqin edən məchul kəs özü nə dediyini anlamayıb. Əvvəla nestorianizm bir ideya kimi monofizitizm sayılmır, əksinə monofizitizmin əksi olan difizitismə aiddir. Yuxarıda izah etdik ki, ikisi arasındakı fərq budur ki, monofizitizm İsanın tək bir şəxsiyyətə, bir təbiətə sahib olduğunu, difizitizm isə İsanın iki təbiətə, iki şəxsiyyətə sahib olduğunu deyir. Hər iki tərəf də İsanın ilahi təbiətini inkar etmir. Hər iki tərəf də İncili dəyişməmiş bir qaynaq olaraq qəbul edir. Üstəlik monofizitizm 488-ci ildə sekt kimi əmələ gəlməyib, daha əvvəl mövcud olub və Efes şurasında, Kalkedon şurasında ortodoksluğa zidd fikirlər kimi rədd olunub. Bu gün monofizitist kilsəsi kimi tanınan kilsələrə Etiopiya və Eritreyanın Tevahedo kilsəsi, İskəndəriyyədəki qibtilərin kilsəsi, erməni kilsəsi, suriya kilsəsi və Hindistandakı “malankara” kilsəsi aiddir.
Bu yazdıqlarımız sizə Qaraqanın hazırladığı kitabın həqiqi dəyərini göstərməlidir. Kitabın nə qədər tarixi uyğunsuzluqlar, saxtakarlıqlar, xətalı məlumatlarla dolu olduğunu, batil iddialar ilə dolu olduğunu nəzərə alsaq deyə bilərik ki, azərbaycan oxucusunu bu cür saxtakarlıqla aldatmaq mümkündürsə o zaman Qaraqandan öncə elə oxucuların özlərini ittiham etmək lazımdır. Hər ağzınıza atılanı yemək zənn edərək udmayın.