İyun 19, 2019

Araşdırma: İtlərin ‘kədərli’ baxışlarına səbəb olan üz əzələləri insanların marağını çəkmək üçün təkamülləşib

Araşdırmaçılar, itlərin insanlara sevimli görünən kədərli ifadəyə bürünmələrini təmin edən göz ətrafındakı əzələlərinin təkamül nəticəsində zamanla ortaya çıxdığını tapdı.

ABŞ Elmlər Akademiyasının bazar ertəsi günü təqdim etdiyi araşdırmaya görə, itlərin qaşlarını qaldırmalarını təmin edən bu əzələlər, itlərin ataları olan canavarlarda yoxdur.

Amerikan və İngilis elm insanlarının tapdığı tapıntılar, itlərin üzlərindəki bu anatomik dəyişməni insanların yanında yaşayaraq min illər ərzində inkişaf etdirdiklərini göstərir.

Araşdırmada, ‘bala it baxışlarının’ itlərin insanlarla bağ qurmasına köməkçi olduğu yazılır.

‘İstədiklərini etdirmək üçün insanlarda güclü bir arzu hissi oyandırırlar’

Araşdırma qrupunda iştirak edən “Portsmouth” Universitetindən Julian Kaminski, “İtlər bu hərəkəti etdiyi zaman, insanlarda onların istədiklərini etmək üçün güclü bir arzu oyandırırlar” dedi.

Kaminski, “Dəlillər, itlərin əhilləşdirildikdən sonra qaşlarını qaldıra bilmək üçün bu əzələləri inkişaf etdirdiklərini göstərir” ifadəsini istifadə etdi.

Araşdırma qrupunda iştirak edən “Duquesne” Universitetindən Professor Ana Barous, “Bu gözlərin daha böyük görünməsini təmin edir və balaca körpələrə bənzəyirlər” deyir. “İnsanlarda onların ehtiyaclarını qarşılama istəyi oyandırır.”

“Portsmouth” Universitetindən Professor Bridqet Uoller isə, tapıntıların “üzlərin diqqətimizi çəkmədə nə qədər əhəmiyyətli ola biləcəyini və üz ifadələrinin ictimai təsirdə nə qədər təsirli ola biləcəyini göstərdiyini” söyləyir.

Araşdırma daxilində itlər araşdırıldı və təxminən 33 min il əvvəl canavarlardan ayrı bir növ olaraq təkamülləşdikləri üçün onlarla müqayisə edildi.

Daha əvvəlki araşdırmalar, itlərin bu baxışları insanlar onlara baxdığı zaman etdiklərini göstərirdi ki, bu da qəsdli edilən bir davranış olduğu nəzəriyyəsinin ortaya çıxmasına gətirib çıxarmışdı.

Araşdırma eyni zamanda 2015-ci ildə Yaponiyada edilən bir araşdırmanın davamı xüsusiyyətindədir. Bu araşdırmada, insanlarla itləri arasındakı baxışmaların ‘sevgi hormonu’ olaraq bilinən oksitosini artırdığı, bunun da qadınlar və körpələri arasındakı təsirə bənzər olduğu tapılmışdı.