May 13, 2020

ATEİZM VƏ TƏNQİDİ

Müəllif: Enis Doko
Tərcümə: Fuad Muradov
Redaktə: Ziya Balıyev

TƏMƏL ANLAYIŞLAR

Allahın var olduğuna inanan görüşə fəlsəfədə Teizm deyilir. Teizm Allah mənasını verən Yunanca “Theos” sözündən törəmişdir. İslam, Xristianlıq, Yəhudilik kimi ilahi dinlər Teizmi müdafiə edirlər. Bu dinlərə görə hər şeyə qadir, sonsuz mərhəmətli və yaxşı, hər şeyi bilən bir yaradıcı vardır. Ateizm, məna olaraq Teizmin rəddi deməkdir. Digər bir deyişlə Ateizm tanrının var olmadığına olan inancdır.

İnanc sözü çox vaxt xətalı bir şəkildə, dəlilsiz, kor-koranə, doqmatik bir formada bir iddianın doğru olduğunu düşünmək hesab edilir. Halbuki bu doğru deyil, inanclar iki yerə ayrılır: Səbəbləndirilmiş inanclar və səbəbləndirilməmiş inanclar. Sözü gedən tərif yalnız səbəbləndirilməmiş inanclar üçün etibarlıdır, səbəbləndirilmiş inanclar hər hansı bir məqbul səbəb ya da dəlilə bağlı olaraq bir iddianın doğru olduğunu düşünməkdir. Bəzi yeni-ateistlərin bu yanlış qəbuldan hərəkətlə “İnanmaq istəmirəm, bilmək istəyirəm” kimi şüarlarla dini tənqid etdiyinə rast gələrik. Halbuki, məlumatın özü də bir inanc növüdür, məlumat doğru olma xüsusiyyətinə sahib səbəblənmiş bir inancdır. Dünyanın yumru olduğunu bilirəm, amma dünyanın yumru olduğuna inanmıram demək axmaqlıqdır, bir şeyə inanmadan onu bilə bilməzsiniz. Bütün inanclar kimi Allahın varlığına (Teizm) ya da yoxluğuna (Ateizm) olan inanc səbəbli ya da səbəbsiz ola bilər. Bu yazımızdakı məqsədimiz Allaha olan inancın səbəbli bir inanc olduğunu göstərməkdir.

Yaxşı, bəs, bir inancın səbəbli olması nə deməkdir? Bir inanc lehinə arqumentlər (dəlillər) verilərək təməlləndirilər. Arqumentlər o inancın doğru olma ehtimalını artıran, iddianın özündən müstəqil səbəblərdirlər. Arqument ya da dəlil bir iddianı riyazi qətilikdə isbat edəcək dəlil deyil. Heç bir fəlsəfi problemlə əlaqədar belə bir dəlil vermək mümkün deyil. Çox vaxt “Allahın varlığı qəti olaraq göstərilə bilməz, bu səbəbdən inancın mövzusudur” kimi ifadələrə rast gəlmək mümkündür. Bu ifadələrdə inanc anlayışının səhv istifadəsiylə birlikdə, bu cümlənin yaratdığı gözlənti də doğru deyil. Xarici dünyanın və sizin bir kompüter simulyasiyası olmadığınızı, əlinizdə tutduğunuz kağızların gerçək olduğunu da riyazi olaraq isbat edə bilməzsiniz. Ya da ətrafınızda gördüyünüz insanların çox ağıllıca hazırlanmış, şüursuz robotlar olmadığını da riyazi olaraq isbat edə bilməzsiniz. Ancaq bu aldığınız havanın gerçək olması, ya da ananızın şüurlu bir varlıq olması, inanclarınızın səbəbləndirilməmiş doqmatik inanclar olduğu mənasına gəlməz. Yazımızda kainatdakı bir neçə faktdan hərəkətlə Allahın varlığını səbəbləndirməyə çalışacağıq.

Burada təqdim edəcəyimiz arqumentlər Allahın varlığının lehinə təqdim edilə biləcək arqumentlərin yalnız bir qismidir. Arqumentlər hipotezlərlə müdafiə olunar. Hipotezlər arqumentin nəticəsini müdafiə etmək üçün istifadə edilən ara səbəblərdirlər. Bunların doğru olma ehtimalının səhv olma ehtimalından çox olması arqumenti müvəffəqiyyətli etmək üçün kifayətdir. Yuxarıda bəhs etdiyimiz kimi, müasir fəlsəfə heç bir nəticə üçün qəti isbat tapmaq olmaz. Əsasən bu yazının məqsədi də Allahın varlığını qəti olaraq isbat etməkdən ya da Ateizmi tam mənasıyla çürütməkdən daha çox, elm, iradə və qüdrət sahibi əzəli bir yaradıcının varlığına inanmağın (Teizm), inanmamağa görə (Ateizm) çox daha məqbul olduğunu ortaya qoymaqdır. Bunun üçün də tək bir dəlillə Tanrının varlığı isbat etməyə çalışmaq yerinə, dəlillərin cəminin təmin etdiyi qane edicilikdən faydalanma yoluna gediləcək. Tanrının varlığına dair dəlillər öz başlarına müstəqil ələ alındıqları zaman qəti olmasalar belə, onların bir araya gəlməsiylə meydana gələcək qane edicilik, şübhəsiz daha çox olacaq.

Son olaraq, yazıda çox istinad edəcəyimiz “Okkamın ülgücü”[1] adlı qanunu xatırlatmaq istəyirəm. Bu həm elmdə, həm də fəlsəfədə istifadə edilən qanunlardan biridir. Bu qanuna görə, əgər bir ya da bir neçə hipotez, tək bir cisim ilə açıqlana bilirsə, bu açıqlamanın seçilməsi birdən çox cismə istinad edən açıqlamanın seçilməsindən daha məqbuldur. Digər bir deyişlə, şərhlərimizdə istifadə etdiyimiz varlıq sayı ola bildiyi qədər az olmalıdır, lazımsız yerə cisimlərin sayı artırılmamalıdır. Məsələn, Qravitasiya nəzəriyyəsini ələ alaq. Bu nəzəriyyəyə görə kütləsi olan iki cisim bir-birini cazibə qüvvəsi deyilən bir qüvvəylə çəkir. Bu nəzəriyyə tək qüvvəyə aid edilir. Halbuki, zəif itələyən və ondan güclü çəkən bir qüvvəyə də aid edilərək, eyni müşahidələri izah etmək olardı. Bu ikinci nəzəriyyəni seçməməyimizin səbəbi, Okkamın ülgücüdür.

Təməl anlayışları nəzərdən keçirdiyimizə görə, Allahın varlığı lehinə və Ateizmin əleyhinə verilə biləcək arqumentləri araşdıra bilərik.

KAİNATIN BAŞLANĞICI

Niyə heç bir şey əvəzinə bir şey var? Kainat əzəlidir, yoxsa sonradan ortaya çıxdı? Bu suallar fəlsəfənin ən əhəmiyyətli sualları arasındadır. Tarix boyu Ateistlər kainatın əzəli olduğunu müdafiə etmiş, bu səbəbdən də bir şərhə ehtiyac duyulmadığını söyləmişlər. Digər tərəfdən, Teistler kainatın əzəli olmadığını və şərhə ehtiyac duyduğunu, əzəli və şərhə möhtac olmayan şeyin Tanrı olduğunu iddia etmişlər. 20-ci əsrin əvvələrində Eynşteynin işlədiyi Ümumi Nisbilik nəzəriyyəsi ilə kosmologiya elminin qapısı açılmış, bunun nəticəsində bu gün kosmologiyanın təməl nəzəriyyəsini meydana gətirən Böyük Partlama nəzəriyyəsi ortaya çıxmışdı.  Bu nəzəriyyəyə görə, kainat 13.8 milyard il əvvəl böyük partlayış adlanan bir açılışla mövcud olmağa başladı. Bu nəzəriyyədən sonra, kosmoloqların böyük əksəriyyəti kainatın bir başlanğıcı olduğu fikirini qəbul etmişdi. Bu inkişaf Allahın varlığı lehinə klassik İslam düşüncəsindəki “Hüdus” dəlili olaraq bilinən arqumentin, Kəlam Kosmoloji Arqumenti (The Kalām Cosmological Argument) adıyla yenidən fəlsəfə səhnəsinə dönməsinə gətirib çıxarmışdı. Bu arqument hipotezlər halında bu formada yazıla bilər:

1. Kainatın başlanğıcı vardır.

2. Başlanğıcı olan hər şeyin bir səbəbi vardır.

3. Kainatın bir səbəbi vardır. (1 və 2)

4. Əgər kainatının bir səbəbi varsa bu səbəb Allahdır.

5. Allah vardır.

Yuxarıda bəhs etdiyimiz kimi birinci hipotez müasir kosmologiyada ümumi qənaəti əks etdirən bir hipotezdir. Bu mənada doğru olma ehtimalının, səhv olma ehtimalının üstündə olduğu rahatlıqla deyilə bilər. Hətta bu hipotez lehinə müxtəlif fəlsəfi arqumentlər belə gətirmək mümkündür. 1-dən başlayıb saymağa başladığınızı düşünün: 1,2,3,… Nə vaxt sonsuza çatacaqsınız? Cavabı sadəcə heç bir zamandır, çünki hər vaxt sayacağınız bir sonrakı bir ədəd olacaq. Yaxşı sonsuzdan 1-ə geri saymaq mümkündür? Bunun da cavabı xeyrdir, çünki sayma istiqamətini dəyişdirmək, saymağı asanlaşdırmaz, nəticədə keçilməsi lazım olan ədəd sayı eynidir. Bu səbəbdən 1-dən başlayıb sonsuza çata bilmirsinizsə, sonsuzdan başlayıb (sonsuzdan başlamaq da ayrı bir problemli anlayışdır) 1-ə də çata bilməzsiniz. Sonsuzu bitirmək hansı istiqamətdə sayırsınız sayın, qeyri-mümkündür. Ancaq, əgər, kainat əzəlidirsə, sizi bu mətni oxumağa cəzb edən hadisələr silsiləsi sonsuz bir zəncir meydana gətirməlidir. Yəni, bu ana qədər sonsuz sayda hadisə tamamlanmış olmalıdır. Sonsuz tamamlana bilinməyəcəyinə görə bu mümkün ola bilməz. Deməli, keçmişdəki hadisələr silsiləsi sonsuz ola bilməz, yəni kainatın bir başlanğıcı olmalıdır.

Başlanğıcı olan hər şeyin bir səbəbi olduğunu söyləyən ikinci hipotez də doğru görünməkdədir. Müasir elmin birinci hipotezi dəstəkləməsindən ötrü bəzi ateistlər ikinci hipotezi rədd etməyə və kainatın heçlikdən, səbəbsiz bir şəkildə ortaya çıxdığını iddia etməyə çalışmaqdadırlar. Ancaq bu gülüncdür. Əgər heçlik səbəbsiz bir şəkildə kainatı yarada bilirsə, niyə başqa şeylər yaratmamaqdadır? Heçlik var olan bir şey deyil və heç bir xüsusiyyəti yoxdur. Buna görə heçlik, kainatı avtomobillərə ya da televiziyalara qarşı seçə bilməz. Yaxşı, bəs, heçlik niyə yalnız kainat yaratdı, amma başqa cisimlər, məsələn avtomobillər və televiziyalar yaratmadı? Heç bir xüsusiyyəti olmadığı üçün heçlik heç bir şeydən də təsirlənə bilməz. Elə isə niyə otağımızda avtomobil və televiziyaların səbəbsiz, öz-özünə ortaya çıxdığını görmürük? Birinci hipotezi rədd edən birinin bu suala verə biləcəyi bir cavabı yoxdur. Heçliyin kainatı səbəbsiz yarada biləcəyi iddiasının səhv olma ehtimalının, doğru olma ehtimalından daha yüksək olduğu iddiası buna görə rahatlıqla müdafiə oluna bilər.

Üçüncü hipotez ilk iki hipotezin məntiqi nəticəsidir. Bu səbəbdən iki hipotez doğrudursa, üçüncü hipotez də qaçınılmaz bir şəkildə doğrudur.

Son olaraq dördüncü hipotezə nəzər salaq. Kainatın səbəbi necə bir şey olmalıdır? Bu niyə kainatın yaradıcısı sifətinə malikdir. İkinci hipotezdə göstərdiyimiz kimi, sonsuz tamamlanmayacağına görə sonsuz səbəblər zənciri də ola bilməz. Bu səbəbdən ilk səbəbin özü səbəbsiz olmalı ya da səbəb tələb edəcək bir başlanğıca sahib olmamalıdır. Əgər onun da bir səbəbi ya da başlanğıcı olsaydı, sonsuz səbəblər zənciri (infinite regress, təsəlsül) problemi meydana gələrdi. Okkamın ülgücü gərəyi bu ilk səbəbin kainatın tək bir yaradıcısı olduğu deyilə bilər. Sonsuz dəyişmələr silsiləsi bənzər şəkildə qeyri-mümkün olduğu üçün bu varlıq dəyişməz olmalıdır. Fəza, zaman və maddə sonradan ortaya çıxdığına görə dəyişməyən bir şey zamanın içində ola bilməz və ilk səbəb fəza və zamandan müstəqil, maddi olmayan bir şey olmalıdır. Fəlsəfəçilər, dəyişməyən, maddi olmayan və zamansız ola biləcək iki anlayışdan bəhs edirlər: mücərrəd nəsnələr və maddi bədən sahibi zehinlər. Ancaq mücərrəd nəsnələr səbəb-nəticə əlaqəsinə girə bilməzlər. Buna görə kainatın səbəbi maddi bədən sahibi olmayan bir zehin olmalıdır. Bütün bu saydığımız sifətlər Allahın sifətləridir və buna görə kainatın səbəbinin Allah olduğu deyilə bilər. Bu səbəbin digər xüsusiyyətlərini önümüzdəki hissələrdə ələ alacağıq.

KAINATIN HƏYAT ÜÇÜN HƏSSAS NIZAMI

Həyata uyğun bir kainat, çoxala bilən və enerji istifadə edib yenidən yığa bilən varlıqlara icazə verə bilməlidir. Bunlar həyat üçün olmazsa olmaz şərtlərdir. Belə varlıqlar, ancaq çoxalma və enerji yığma kimi kimyəvi müddətləri mümkün edən, zəngin kimyaya və enerji qaynaqlarına sahib bir kainatda mümkündür. 1970-ci illərdə Karter, Karr, Rees, Pol Deyviz kimi elm adamlarının yazdığı məqalələr və Berrou ilə Tiplerin detallı çalışmaları nəticəsində fiziklər, zəngin kimya və enerji qaynaqlarının (ulduzlara) varlığına icazə verən təbiət qanunlarının ortaya çıxmasının, icazə verməyənlərlə müqayisədə çox-çox zəif olduğunu fərq etdilər. Digər bir deyişlə, fizikanın həyata icazə verəcək şəkildə olması ehtimalı, olmamasına görə astronomik dərəcədə zəifdir. Bu fakt fizikaçılar tərəfindən “həssas nizam” termini ilə ifadə edilməyə başlandı.

Kainatın həssas nizamlı olmasından hərəkətlə, Allahın varlığı lehinə bu şəkildə yekunlaşdırıla biləcək bir arqument gətirmək mümkündür:

1. Kainatın həyat üçün həssas nizamlı olması şərhə möhtacdır.

2. Bu faktın Teistik bir açıqlaması mövcuddur: Allah kainatı həyat ortaya çıxaracaq şəkildə hazırladı.

3. Kainatın niyə həssas nizamlı olduğu ilə əlaqədar, eyni dərəcədə məqbul Teistik olmayan bir açıqlama mövcud deyil.

4. Bu səbəbdən kainatın həyat üçün həssas nizamlı olması Teizm lehinə bir dəlil təşkil edir.

İlk hipotezi anlamaq üçün əvvəlcə həssas nizamla əlaqədar bir neçə nümunə verməliyik. Məsələn, yaşadığımız kainat üç ölçülü kainat yerinə başqa bir ölçü sayına sahib olsaydı, qərarlı atomlar meydana gələ bilməz, bunun nəticəsində kimya və həyat meydana gələ bilməzdi. Məsələn, cazibənin şiddəti 1060-da (1 arxasında 60 sıfır) 1 qədər güclü ya də daha zəif olsaydı, kainat və ulduzlar meydana gəlmədən içinə çökəcək ya da dağılacaq, həyat ortaya çıxa bilməyəcəkdi. Bu, kainatın hər hansı bir yerinə gizlənən saç telinin şans əsəri vurulmasına bərabər dəyərdir. Bir başqa nümunə daha verək. Kainatın genişləmə sürətini təyin etmədə əhəmiyyətli rol oynayan kosmik sabit adlı parametr, olduğundan 10120-də 1 qədər güclü olsaydı, qalaktikalar meydana gələ bilməyəcək, eyni miqdarda daha zəif olsaydı, ulduzlar meydana gələ bilmədən kainat içinə çökəcək və hər iki vəziyyətdə də həyat meydana gələ bilməyəcəkdi. Bu nümunələri daha da artırmaq mümkündür. Bu qədər fərqli parametrin həyat ortaya çıxaracaq şəkildə, bu qədər həssas dəyərlərə sahib olmasını təsadüflə açıqlamaq çox çətindir. Bu, 20 dəfə arxa arxaya lotereya qazanmış birinin zəfərini təsadüflə açıqlamağa bənzəyir. Bu səbəbdən ilk hipotez doğru görünməkdədir.

İkinci hipotez də doğru görünməkdədir. Teizmə görə Allah kainatı həyata icazə verəcək şəkildə yaratmışdır. Bu səbəbdən Teizm doğrudursa, təməl sabit və qanunların həyata icazə verəcək dəyərlərə sahib olmasında təəccüblənəcək bir vəziyyət yoxdur.

Yaxşı, bəs, Teizm xaricində, həssas nizamı açıqlaya biləcək başqa məqbul bir şərh vardırmı? Ateistlər ümumiyyətlə, həssas nizam faktını çox kainatlar fərziyyəsi ilə açıqlamağa çalışarlar. Bu fərziyyəyə görə, fizika qanunları və təməl sabitləri bir-birindən fərqli çoxlu sayda kainat vardır. Bu kainatların çoxunda həyat olmasa da, çox az sayda kainatda parametrlər həyata uyğun şəkildədir. Biz elə bu az ədəddəki kainatlardan birindəyik və dolayısilə parametrlərin həssas nizamlı olmasına heyrətlənməməliyik. Bu açıqlama müvəffəqiyyətlidirmi? Çox kainatlar nəzəriyyəsinin qarşılaşdığı Bolsman beyin problemi və Tərs qumarbaz məntiq xətası kimi problemləri görməməzlikdən gəlsək belə, bu qayda Teistik nəzəriyyəyə rəqib ola bilməz. İki növ çox kainatlar nəzəriyyəsindən bəhs etmək mümkündür: Metafizik çox kainatlar və fiziki çox kainatlar. Metafizik çox kainat modellərinə görə mümkün olan hər şey bir kainatda reallaşır. Əgər bu model doğrudursa, o zaman hazırlanmış kainatlar da vardır və Allah da vardır deyilə bilər. Bu səbəbdən metafizik çox kainatlar nəinki Teizmə rəqibdir, hətta Teizmi təsdiqləyir. Fiziki çox kainatlar nəzəriyyəsində isə kainat yaradan bir mexanizm vardır. Bu mexanizm yeni kainatlar yaradır. Bu mexanizmin, həyata icazə verəcək kainatlar yarada bilməsi üçün bir çox şərti təmin etməsi lazımdır. Məsələn, kainatlar arasında təməl fizika sabitlərini dəyişdirməsi lazımdır, yeni yaranan kiçik kainatların genişləyib böyüməsini təmin etməsi lazımdır, kainat içində maddə meydana gəlməsi üçün yüksək miqdarda enerji təmin edə bilməsi lazımdır və. s. Bu səbəbdən kainat yaradan mexanizmin özü həssas nizamlı olmalıdır, çünki bu şərtlərdən hər hansı biri təmin edilmədiyi zaman həyat bütün kainatlarda qeyri-mümkün hala gəlməkdədir. Buna görə fiziki çox kainatlar nəzəriyyəsi həssas nizama açlqlama verə bilməz; əksinə problemi bir addım daha irəli, kainat yaratma mexanizminə aparar.

Bu arqument əgər uğurludursa, ilk arqumentdə tapdığımız kainatın yaradıcısı olan fəza-zaman xaricindəki bir varlığın, eyni zamanda kainatı, həyatı ortaya çıxaracaq şəkildə bir planla yaratdığını göstərməkdədir. Bu nəticə Okkamın ülgücü gərəyi, yaradıcı ilə hazırlayıcının eyni varlıq olduğu fərziyyəsi əldə edilər. Bu səbəbdən kainatın yaradıcısı, çox deistin iddia etdiyi kimi kainatı yaradıb çəkilmiş və insanlarla maraqlanmayan bir varlıq deyil. Tam tərsinə, o, bütün parametrləri kainatın həyatı ortaya çıxarmasını təmin edəcək şəkildə nizamlamışdır. Yəni canlılıq olmasını hədəfləmişdir.

KAİNATIN KƏŞF EDİLƏ BİLİNƏRLİK VƏ TEXNOLOGİYA ÜÇÜN HƏSSAS NİZAMI

2010-cu illərdə həssas nizam mövzusunda mütəxəssis fizik və fəlsəfəçi Robin Kollins kainatımızın yalnız həyat üçün deyil, eyni zamanda kəşf edilə bilinərlik və texnologiya üçün həssas nizamlı olduğunu ortaya atdı. Kainatın kəşf edilə bilinərlik üçün həssas nizamlı olması demək, təməl fizika sabiti, qanun və parametrlərin kainatı kəşf etmək üçün üçün ideal dəyərlərə sahib olması deməkdir. Digər bir deyişlə, kainatdakı parametrlərdə ediləcək çox kiçik dəyişikliklər, elmlə məşğul olmağı çətinləşdirəcək. Kainatın texnologiya üçün həssas nizamlı olması demək, bənzər şəkildə, kainatın texnologiya istehsalına uyğun bir quruluşda olduğu, parametrlərdə ediləcək çox kiçik dəyişikliklərin texnologiya istehsalını çətinləşdirəcəyi, hətta qeyri-mümkün hala gətirəcəyi deməkdir. Kainatın kəşf edilə bilinərlik və texnologiya üçün həssas nizamlı olmasından hərəkətlə, Allahın varlığı lehinə yuxarıdakı arqumentə bənzər bir arqument formalaşdırmaq mümkündür.

1. Kainatın kəşf edilə bilinərlik və texnologiya üçün həssas nizamlı olması, şərhə möhtacdır.

2. Bu faktın teistik bir şərhi mövcuddur: Allah kainatı kəşf edilə bilər və texnologiya ortaya çıxaracaq şəkildə hazırladı.

3. Kainatın nə üçün kəşf edilə bilinərlik və texnologiya üçün həssas nizamlı olduğu ilə əlaqədar, eyni dərəcədə məqbul teistik olmayan bir şərh mövcud deyil.

4. Bu səbəbdən Kainatın kəşf edilə bilinərlik və texnologiya üçün həssas nizamlı olması Deizm lehinə bir dəlil təşkil edir.

İlk hipotezi daha yaxşı anlamaq üçün əvvəl kainatın kəşf edilə bilinərlik və texnologiya üçün həssas nizamlı olmasının nə mənanı verdiyini daha detallı anlamağa çalışaq. Məsələn, atomlardakı elektronları nüvə ətrafında tutan elektromaqnetik qüvvəni ələ alaq. Bu qüvvəyə nəzarət edən parametr incə nizam sabitidir. Bu sabit böyüsə elektromaqnetik qüvvətin gücü böyüyər, kiçilsə elektromaqnetik qüvvətin gücü kiçilər. Əgər incə nizam sabiti sahib olduğu dəyərdən 10% daha güclü olsaydı, alovun uzun müddət yanması qeyri-mümkünləşər, alovldan asılı metalların emalı kimi texnologiya və elm üçün əhəmiyyətli bir çox əməliyyat reallaşa bilməzdi. Digər tərəfdən bu sabit çox az daha kiçik olsaydı, alovlar sönməz və bütün yanıcı maddələr qısa müddət içərisində tükənərdi. Yanacaqların olmadığı bir mühitdə texnologiya və elm ortaya çıxaran bir mədəniyyət meydana gələ bilməzdi. Bundan əlavə, incə nizam sabiti daha kiçik olsaydı, mikroskopun böyütmə gücü zəifləyər və bundan ötrü hüceyrə kimi kiçik bioloji strukturlar görünə bilməzdi. İncə nizam sabiti kiçik olsaydı texnologiya da çox ciddi zərbə alardı, çünki transformatorlar ilə elektrik mühərrikləri istifadə edilə bilməz hala gələr, antenaların qəbul etmə gücü zəifləyərdi.

Başqa bir təməl qüvvə olan zəif nüvə qüvvəsinin gücünü ələ alaq. Əgər bu qüvvənin gücü 10 dəfə daha güclü olsaydı, atomlar 100 dəfə daha tez dağılar, Kalium-40 yaş təsbiti istifadə edilməz hala gələr, Karbon-14 yaş təsbiti 300 ildən köhnə cisimlər üçün istifadə edilə bilməzdi. Cisimlərin yaşını təsbit etmək ciddi problem olardı. Bu qüvvət 10 dəfə daha zəif olsaydı, neytron adlı təməl parçacıqlar təsbit edilə bilməz olardı, bunun nəticəsində ulduzların içindəki proseslər haqqında məlumat əldə edə bilməzdik. Kosmik arxa fon radiasiyası olaraq bilinən radiasiya kainatın böyük ölçüdə formasını çox həssaslıqla verir. Kosmik arxa fon radiasiyasının gücü kainatdakı Barion foton nisbətinə bağlıdır. Bu nisbət 10 dəfə daha böyük ya da daha kiçik olsaydı, bu radiasiyanı təsbit etmək qeyri-mümkün olardı. Bunun nəticəsində kosmologiya elmi ciddi nisbətdə məhdudlaşar, kainatın keçmişi və quruluşu haqqında məlumatımız çox azalardı. Bu nümunələri daha da artırmaq mümkündür. Buradan görə bildiyimiz kimi, kainatdakı əhəmiyyətli ədəddə parametr, kainatın ağıllı canlılar tərəfindən kəşf edilməsinə və texnologiya yaratmalarına uyğun dəyərlərə malikdir. Kainatdakı parametrlərin, texnologiya istehsalı və kainatın kəşf edilməsi üçün təsadüfən uyğun dəyərlərə sahib olduğunu iddia etmək çətindir.

İkinci hipotez məqbul görünməkdədir. Teizmə görə Allah kainatı ağıllı canlıların ortaya çıxarmasına uyğun şəkildə yaratmışdır. Allahın kainatı eyni zamanda, bu ağıllı canlıların anlaya biləcəyi və həyatlarını asanlaşdırmaq üçün texnologiya istehsal edəcəyi şəkildə hazırlamış olmasında heç bir qəribəlik yoxdur. Hələki davamlı təbiətə baxıb üzərində düşünməyə təşviq edən İslami Teizm baxımından tam da gözlənilən forma, kəşf edilməyə və texnologiya istehsalına uyğun bir kainatdır.

Üçüncü hipotez də doğru görünməkdədir. Kainatın arxasında ağıllı canlılarla maraqlanan bir şüur olduğu fərziyyəsi rədd edildiyi zaman, kainatın ağıllı canlılar tərəfindən kəşf edilməyə uyğun şəkildə olduğunu gözləmək üçün heç bir səbəb yoxdur. Çox kainatlara vurğuyla bu vəziyyəti açıqlamağa çalışmaq, bir əvvəlki hissədə verdiyimiz səbəblərdən ötrü məqbul bir yanaşma deyil. Bu teistik olmayan fərziyyələr baxımından bu vəziyyətə təsadüf deməkdən başqa bir variant yoxdur. Ancaq bu, teistik açıqlama qədər qənaətbəxş bir həll deyil. Çünki, yuxarıda vurğuladığımız kimi, çox sayda fərqli parametrin həssas nizamı mövcuddur və bunların hamısının uyğun dəyərlərə sahib olması çox təəccüblüdür.

Bu səbəbdən, kainatı yaradan səbəb ağıllı canlılığa icazə verəcək bir kainat hədəfləməsilə yanaşı, insanlar tərəfindən anlaşıla biləcək və texnologiyaya imkan verəcək bir kainat meydana gəlməsinə diqqət göstərmişdir.

RİYAZİYYATIN TƏBİƏTİ VƏ KAİNATA TƏTBİQİ

Riyaziyyat kəşfdir yoxsa icad? Niyə riyaziyyat kainatı açıqlamaqda əvəzolunmaz rol oynayır? Bunlar riyaziyyatla əlaqədar soruşa biləcəyimiz ən fundamental suallar arasındadırlar. Riyaziyyat bir tərəfdən tamamilə zehni bir fəaliyyət kimi görünür, çünki riyaziyyatçılar nəzəriyyələrini saf zehni düşüncə ilə formalaşdırırlar. Digər tərəfdən, riyaziyyat kainatı ciddi bir həssaslıqla təsvir etməkdə, onunla əlaqədar kəşflər etməyimizi təmin etməkdədir. Bu səbəbdən riyaziyyatın biziim fövqümüzdə bir istiqaməti var kimi görünməkdədir. Bu iki iddia bizə, Allahın varlığı lehinə maraqlı bir arqument təqdim edir. Bu arqument bu formada təqdim edilə bilər:

1. Ədədlər kimi riyazi obyektlər ya gerçəkdə yoxdur, ya zehindən müstəqil bir formada vardır, ya da zehinə bağlı anlayışlar olaraq vardırlar.

2. Riyazi obyektlər vardır.

3. Riyazi obyektlər, zehindən müstəqil var ola bilməzlər.

4. Bu səbəbdən riyazi obyektlər zehinə bağlı anlayışlardırlar.

5. Əgər riyazi obyektlər bir zehinə bağlı anlayışlardırsa, əzəli, zamansız və sonsuz bir zehin var olmalıdır.

6. Sonsuz, əzəli, zamansız bir zehin vardır.

Birinci hipotez, riyazi obyektlərlə əlaqədar üç təməl nəzəriyyənin xülasəsidir. Birinci nəzər Nominalizm olaraq bilinir. Bu nəzərə görə riyazi obyektlər insanların formalaşdırdığı adlandırmalardır. Daha doğrusu, riyazi obyektlər nə zehinə bağlı olaraq, nə də zehindən müstəqil olaraq vardır. İkinci nəzər Nəzəriçilik olaraq bilinir və bu nəzərə görə, riyazi obyektlər vardır, ancaq onlar zehinə bağlı olaraq vardırlar. Üçüncü və son alternativə görə isə, riyazi obyektlər zehindən müstəqil bir şəkildə vardırlar. Bu nəzər Platonizm adlanır.

İkinci hipotez, Nominalizmi rədd edir. Bəs, Nominalizmin səhv olduğunu düşünməyimiz üçün bir səbəbimiz var? Birincisi, Pifaqor, Platon, Gödel, Herdi, Kentor kimi riyaziyyatçıların əhəmiyyətli bir qismi riyaziyyatla məşğul olarkən bir icad etdiklərini deyil, kəşf etdiklərini düşünüblər. Nominalistlər bu riyaziyyatçıların riyaziyyatla məşğul olarkən nə üçün yanıldıqlarını açıqlamalıdırlar. İkinci və daha əhəmiyyətli səbəb isə, kainatın riyaziyyata uyğunluğu, yəni riyaziyyatla təsvir edilə bilinər olmasıdır. Riyaziyyatçılar nəzəriyyələrini kainata baxmadan, masada formalaşdırırlar. Ancaq bu nəzəriyyələr daha sonra nəzəri fiziklər tərəfindən kainatı anlamada istifadə edilir və bir çox maraqlı kəşf edilir. Məsələn 1928-ci ildə Dirak öz adını daşıyan tənliyi həll edərək, pozitron adlı bir parçacığı proqnazlışdırmışdı. Bu parçacıq 4 il sonra, 1932-ci ildə kəşf edildi. Bu maraqlı faktı Nobel mükafatlı fizik Vaynberq bu formada təqdim edir:

“Riyaziyyatçıların daha sonra fiziklər üçün faydalı olacaq formulları zehinlərində belə bir hədəf olmamasına baxmayaraq, riyazi gözəllik duyğusu ilə formalaşdırmaları çox qəribədir… Fiziklər riyaziyyatçıların fiziki nəzəriyyələr üçün lazım olan riyaziyyatı nəzərdə tuta bilmə qabiliyyətlərini çox əsrarəngiz olduğunu düşünürlər. Bu, Neyl Armstronqun 1969-cu ildə Ayın səthinə ilk addımını atdığı zaman, Jül Vernin ayaq izlərini tapması kimidir.”

Bu fakt Nominalizm baxımından ciddi problemlər ortaya çıxarır. Necə olur ki, bizim icadımız olan riyaziyyat kainatı bu qədər həssas bir şəkildə təsvir etməkdədir? Necə olur ki, bu icad elm üçün imtina edilməz ola bilir? Nominalistin bu suallara verə biləcəyi bir cavabı yoxdur. Təbiət qanunlarının riyazi bir dilə sahib olması, bizi riyaziyyatın insanlığın fövqündə olduğu, bu səbəbdən də Nominalizmin səhv olduğu nəticəsinə aparmaqdadır.

Üçüncü hipotez, Platonizmin səhv olduğunu iddia edir. Riyaziyyat kainatı təsvir etsə də kainatdan müstəqil bir məşğuliyyətdir. Kainatımız çox fərqli bir quruluşda olsaydı da, 19 sadə ədəd olacaqdı, bu səbəbdən riyazi teoremlər və obyektlər kainatla əlaqəsizdir. Bunların doğruluğu zaman və məkandan müstəqildir. Buna görə, Platonizm doğrudursa, riyazi obyektlər fəza-zaman xaricində var olan və səbəbi əlaqəyə girməyən mücərrəd cisimlər olmalıdırlar. Platonizm bu quruluşuna görə müxtəlif problemlərlə qarşı-qarşıya qalır. Əgər Platonizmin iddia etdiyi kimi, riyazi obyektlər səbəbi əlaqəyə girə bilmirlərsə və zehindən müstəqildirlərsə, o zaman bizim onlardan xəbərdar olmamağımız lazım idi. Çünki bir şey haqqında məlumat əldə etmək üçün o obyektlə bir növ əlaqəyə girmək şərtdir, belə ki bu əlaqə əsnasında obyektlə əlaqədar məlumatlar ondan bizə keçə bilsin. Ancaq riyazi obyektlər kimi məkanda olmayan, səbəbi əlaqələrə girməyən nəsnələrlə belə bir əlaqə təmin etmək qeyri-mümkündür. Ancaq biz riyazi cisimlərdən xəbərdarıq, bu səbəbdən Platonizm doğru ola bilməz.

Riyaziyyatın kainata tətbiq edilə bilinməsi Platonizm baxımından da problemdir. Çünki, əgər riyazi obyektlər zaman-məkandan müstəqil, səbəbi əlaqəyə girməyən obyektlərdirsə, kainatla heç bir qarşılıqlı təsirə girə bilməmələri lazımdır. Bu vəziyyətdə, kainatı təsvir etmələri çox qəribə və təəccüblüdür. Fəza-zaman xaricində olan və kainatla heç bir qarşılılıqlı təsirə girə bilməyən strukturların kainatı təsvir etmələrini gözləmək üçün heç bir səbəb yoxdur. Bu fəza-zaman xaricində olan və heç bir şeylə təsir olunmayan bir kitabın, sizin həyatınızı təsvir etməsi kimidir. Belə bir şey qəbul edilə bilməyəcək qədər böyük bir təsadüf olar. Bir əvvəlki paraqrafda açıqladığımız problem ilə birləşdirildiyində, bu vəziyyət Platonizmi rədd etmək üçün bizə məqbul səbəblər təqdim etməkdədir.

Dördüncü hipotez, ilk hipotezdən məntiqi olaraq çıxmaqdadır. Bu səbəbdən əlimizdə məqbul variant olaraq Nəzəriçilik qalmışdır.

Beşinci hipotez də məqbul görünməkdədir. Bunu anlamaq üçün belə bir sual soruşaq: Riyazi obyektlər necə bir zehninə bağlı anlayışlar ola bilərlər? İnsan zehninə bağlı anlayışlar ola bilməyəcəklərini rahatlıqla söyləyə bilərik, çünki riyazi obyektlər sonsuzkən, insan zehni tutum olaraq sonludur. Bu səbəbdən riyazi obyektlər sonsuz bir zehinə bağlı olaraq var olmalıdırlar. Bu zehin bizim kainatdan, başqa sözlə zaman-məkandan müstəqil olmalıdır. Çünki yuxarıda bəhs etdiyimiz kimi riyazi cisimlər, kainatdan müstəqildirlər, kainat var olmasaydı da, fərqli bir şəkildə var olsaydı da riyaziyyat eyni olacaqdı. Təbii ki,  zamanın xaricində olan bu varlıq əzəli və əbədi olmalıdır. Son olaraq, bu zehnin kainatla əlaqəyə girən, hətta onu hazırlayan bir zehin olması lazımdır. Çünki, kainatın riyaziyyata uyğunluğu yalnız bu varlığın kainatı zehnindəki riyazi strukturlarla hazırlayıb yaratmış olmasıyla açıqlana bilər.

Əzəli-əbədilik, kainatı hazırlama və sonsuz bir elmə sahib olma sifətləri Allahın sifətləri olduğu üçün, riyaziyyatın təbiətinin və kainata tətbiq edilə bilinərliyinin  bizə, Allahın varlığı lehinə başqa bir səbəb daha təqdim etdiyini söyləyə bilərik.

ƏXLAQIN OBYEKTİVLİYİ

“Günahsız bir insana işgəncə etmək yanlışdır” ya da “Bir uşağa təcavüz etmək əxlaqi olaraq qəbul edilməzdir” kimi cümlələr hərnormal insana müzakirə edilməz dərəcədə doğru görünəcək. Hissiolaraq günahsız bir uşağın öldürülməsinin yanlış olduğunu hamımız bilirik. Bunlar əxlaqi cümlələrdir və müəyyən faktları təsvir etmələrilə yanaşı, zərurət ifadə edərlər. Buna görə əxlaqi cümlələr -malı/məli- şəkilçiləri ilə də ifadə edilə bilərlər: “Günahsız bir insana işgəncə etməməliyik”, “Təcavüz etməməliyik” və.s. Bu cümlələri doğru edən şey nədir? Əxlaqı nə təməlləndirir? Bu sual bizə Allahın varlığı lehinə başqa bir arqument daha gətirir. Bu arqumentbu formada tərif edilə bilər:

1. Obyektiv olaraq doğru əxlaqi mülahizələr vardır.

2. Əgər obyektiv olaraq doğru əxlaqi mülahizələr varsa, Allah vardır.

3. Allah vardır.

Əvvəl ilk hipotezi ələ alaq. Obyektiv əxlaqi mülahizələrin olmağı, cəmiyyətin inancları və davranışlarından müstəqil əxlaqi mülahizələr olması deməkdir. Buna görə, bütün dünya pedofillərlə dolsa belə, yenə də “Uşaqlara təcavüz etmək səhvdir” mülahizəsi doğru olacaq. Əgər, “Uşaqlara işgəncə etmək səhvdir” kimi mülahizələrin obyektiv olaraq doğru olduğu qənaətindəsəniz, o zaman birinci variantın da doğru olduğu qənaətində olacaqsınız. Əxlaqi mülahizələrin doğruluğu, xarici dünyanın var olduğu ya dadünən var olduğum, xatirələrimin gerçək olduğu və.s. təməl inanclarımız kimi hissi olaraq doğru görünməkdədir. Bu intuitiv məlumatın səhv olduğunu düşünməküçün heç bir səbəb təqdim edilmədiyi müddətcə, birinci variantın doğruluğurahatlıqla fərz edilə bilər. Heç olmasa doğru olma ehtimalının, səhvolma ehtimalına görə daha yüksək olduğu deyilə bilər.

Bəzi fəlsəfəçilər, birinci variantı mədəniyyətlər arası əxlaqi anlaşılmazlıqlara istinadən tənqid etmişlər. Bu fəlsəfəçilərə görə, fərqli mədəniyyətlərin vəinsanların bəzi əxlaqi faktlar nöqtəsində anlaşılmazlıqlara düşdüklərininmüşahidəsi, obyektiv əxlaqın olmadığını göstərir. Məsələn, antik bəzi cəmiyyətlər insan qurban edərkən, bu gün biz bir insan qurban etməyiəxlaqi olaraq səhv bir şey olaraq görürük. Bu etiraz bir neçə baxımdanproblemlidir. Birincisi, cəmiyyətlər ya da fərdlər arasında əxlaqi anlaşılmazlıqlar olduğunu fərz etsək belə, bu obyektiv əxlaqi mülahizələr olmadığını göstərməz. Anlaşılmazlıqlar hər sahədə, hətta elmvə riyaziyyat kimi obyektiv olduğu nöqtəsində əksəriyyətlə həmfikirolduğumuz sahələrdə belə ortaya çıxır. Məsələn, Dünyanın formasımövzusunda fərqli mədəniyyətlər fərqli təsəvvürlərə sahib olmuş ola bilərlər. Bu, dünyanın obyektiv bir forması olmadığı mənasını verməz. Ancaq mədəniyyətlər arası anlaşılmazlıqlar olduğu iddiası da tam doğru deyil. Cəmiyyətlər arasında dəyişən şey əxlaq qəbulu deyil, kainat qəbuludur. Bir insanı qurban etməyi qanuni görən bir birliyi ələ alaq. Bubirlik günahsız bir insanı kefindən öldürməyi qanuni görməməkdədir. Bu cəmiyyət, əsəbi Tanrılardan insanları qorumaq və bir çox insanın həyatını qurtarmaq üçün insan öldürməyə cəhd etməkdədir.Biz bu cəmiyyətdən fərqli olaraq, belə Tanrıların varlığına inanmadığımız üçün, yəni fərqli bir kainat qəbuluna sahib olduğumuz üçün birinsanı qurban etməyi qanuni görməməkdəyik. Bu səbəbdən əxlaqi anlaşılmazlıqların əsas qaynağı, fərqli kainat anlayışıdır, buna görə də əxlaqi anlaşılmazlıqlar əxlaqın obyektiv olmadığını göstərməz.

Birinci varianta digər bir etiraz da Təkamül nəzəriyyəsindən gətirilə bilər. Bəzi fəlsəfəçilərə görə “əxlaq” dediyimiz şey, hər hansı bir orqanımız kimi təkamül müddəti boyunca inkişaf etmiş, tək məqsədi çoxalmavə növü həyatda tutmaq olan bir instiktdir. Bunun üçün də bufikri müdafiə edənlərə görə obyektiv əxlaqi mülahizələr yoxdur. Müzakirə mövzusu etiraz bu baxımdan problemlidir; çünki məntiqdə genetik xəta (genetic fallacy) olaraq bilinən bir məntiq xətası vardır. Buməntiqi xəta ilə edilən səhvin xüsusiyyəti, bir şeyin mənşəyi ya datarixinə istinad verilərək, bir iddianın yanlışlanmağa çalışılmasıdır. Ancaq bu hər zaman mümkün deyil. Nümunə vermək lazım olsa,belə bir iddia genetik xətaya malikdir: Elm adamı olan Kekule benzol molekulunun quruluşunu yuxusunda görüb. Bu səbəbdənKekulenin benzol molekulu nəzəriyyəsinə inanmamalıyıq. Kekuleninbenzol molekulunu yuxusunda gördüyü doğrudur, ancaq bu vəziyyət molekulun o formada olduğunu göstərməz. Bu etirazı ortaya atanlara görə, elmlə məşğul olarkən istifadə etdiyimiz induksiya qabiliyyətimiz, müşahidə etməkdə istifadə etdiyimiz hiss üzvlərimiz, riyazi hisslərimiz və.s. hamısı təkamüllü proseslərlə gəlmişdir. Ancaq bu, riyaziyyatın, elmin, beş duyğularla aldığımız məlumatın obyektiv olmadığını göstərməz. Bənzər şəkildə, əxlaqi hisslərimizin mənşəyi təkamül olsa da, bu əxlaqın obyektiv olduğu iddiasını yanlışlamaz.

İkinci hipotezin doğru olub olmadığını anlamaq üçün, obyektiv əxlaqın varlığına inanmağın fəlsəfi nəticələri üstündə düşünməyimiz lazımdır. Mərhəmət, yaxşılıq, comərdlik kimi əxlaqi xüsusiyyətlər, azad iradə sahibi kəslərin daşıya biləcəyi xüsusiyyətlərdir. Masa, kürsü, bakteriya kimi elm və iradə sahibi olmayan cisimlərin mərhəmətli ya da comərd olmasından danışıla bilməz. Bu səbəbdən əxlaqi mülahizələri təməlləndirəcək şey elm və iradə sahibi bir varlıq olmalıdır. Əxlaqi mülahizələr, bir əvvəlki hissədə ələ aldığımız riyazi mülahizələr kimi təcrübi deyildirlər. Təməl əxlaqi qanunlarının doğru olub olmadığı heç kainata baxmadan aydın ola bilər, bu səbəbdən bunlar kainatdan müstəqil olaraq doğrudurlar. “Uşağa təcavüz etmək səhvdir” mülahizəsi, dünyada heç təcavüz olmasa, hətta heç uşaq olmasa da doğru olacaq. Bu vəziyyəti belə də anlaya bilərik: Gələcəkdə şüurlu, əzab çəkə bilən iradəli robotlar olacağını düşünün. Bu robotlara zövq üçün işgəncə etmək yanlışdır mülahizəsi hələ o robotlar var olmadan doğrudur. Bu səbəbdən əxlaqi mülahizələr zaman və məkandan müstəqil olaraq doğrudurlar və onları doğru edən, təməlləndirən varlıq zamansız olmalıdır. Son olaraq əxlaqi mülahizələrin alt qolu olduğu -malı/məli -formatında lazımlılıq ifadə edən cümlələr bir məqsədə işarə edər. Məsələn “Kvant mexanikası dərsini keçməliyəm” deyən bir adam, məzun olmaq kimi bir məqsəd üçün bu cümləni istifadə etməkdədir. Bu səbəbdən əxlaqı təməlləndirən bu varlığın insanlarla əlaqədar bəzi planları, yəni məqsədləri olmalıdır. Bütün bu bəhs etdiyimiz faktlar zamansız, mərhəmət, yaxşılıq, comərdlik kimi əxlaqi sifətləri daşıyan və insanlarla əlaqədar planları olan Allahı tərif etməkdədir. Bu analiz də ikinci variantın məqbul olduğunu göstərməkdədir. Bu da birinci varianta  birləşdirildiyi zaman Allahın varlığı lehinə bizə beşinci bir səbəb təqdim etməkdədir.

NƏTİCƏ

Yazımızda Allahın varlığı lehinə beş müstəqil arqument araşdırdıq. Bu arqumentlər müvəffəqiyyətlidirsə, Teizm, yəni Allahın varlığına inanmaq şüurlu, səbəbləndirilmiş bir inancdır. Birinci arqumentdə kainatın başlanğıcından hərəkətlə kainatın yaradıcısı, maddi olmayan, zaman-məkan xaricində bir zehin olması lazım olduğunu göstərməyə çalışdıq. İkinci arqumentdə kainatın həyat üçün həssas nizamlı olmasından hərəkətlə, kainatın bir hazırlayıcısı olması lazım olduğu nəticəsini çıxardıq. Bu hazırlayıcının Okkamın ülgücünə istinadən, ilk arqumentdəki tək bir yaradıcı olduğu nəticəsinə vardıq. Beləcə bu zaman-məkan xaricindəki kainatın yaradıcısı olan varlığın eyni zamanda, ağıllı həyatı ortaya çıxarmağı planlayan bir dizayner olduğu nəticəsinə vardıq. Üçüncü arqumentdə, kainatın yalnız həyat üçün deyil, kəşf edilə bilinərlik və texnologiya üçün də həssas nizamlı olduğunu və bundan hərəkətlə kainatın təməl sabitlərini nizamlayan bir hazırlayıcı olması lazım olduğunu göstərməyə çalışdıq. Kainatı həyat üçün həssas nizamlayan bu yaradıcı, ondan ortaya çıxacaq canlıların kainatı anlamasını və texnologiya istehsal etməsini hədəfləmişdir. Dördüncü arqumentdə riyaziyyatın təbiəti və kainatın riyaziyyata uyğunluğundan hərəkətlə, sonsuz tutumlu, zaman-məkan xaricində, kainatı riyaziyyata uyğun bir şəkildə yaradan elm və iradə sahibi bir varlığın olduğu nəticəsinə vardıq. Okkamın ülgücünə istinadən bu yaradıcının əvvəlki arqumentlərdə tapdığımız yaradıcı olduğunu söyləyə bilərik. Son və beşinci dəlilimizdə obyektiv əxlaqı təməlləndirmək üçün, fəza-zaman xaricində olan, mərhəmət və yaxşılıq kimi əxlaqi xüsusiyyətlər daşıyan, insanlarla əlaqədar planları olan bir zehin olması lazım olduğu nəticəsinə vardıq. Yenə bunun əvvəlki arqumentlərdə keçən varlıq olduğunu iddia etmək məqbuldur. Çünki, o arqumentlərdə tapdığımız varlıq da fəza-zaman xaricində olan, dünyada ağıllı həyat formalaşdırmağı planlayan elm sahibi bir varlıqdır. Nəticə olaraq, yuxarıdakı beş arqument müvəffəqiyyətlidirsə, fəza-zaman xaricində olan, maddi olmayan, mərhəmət və yaxşılıq kimi əxlaqi xüsusiyyətlər daşıyan, insanlarla əlaqədar planları olan, kainatı yaradan və onu ağıllı həyat ortaya çıxaracaq şəkildə meydana gətirən, bu ağıllı varlıqlar üçün kainatı kəşf edilə bilinən edib, texnologiya yaradılmasına imkan verəcək şəkildə hazırlayan sonsuz bir elm sahibi bir varlıq vardır. Bütün bu sifətlər Allaha aid olduğu üçün bu varlığın Allah olduğunu söyləyə bilərik. Bu səbəbdən Teizm şüurlu bir mövqedir və Allaha inanc, səbəbləndirilmiş bir inancdır.


[1] Hipotezlər arasında seçimə əsaslanan metodoloji prinsip. Termin öz adını XIV əsr fransiskan monaxı, filosof Uilyam Okkamın (t. 1287 — 1347) adından almışdır.