Aprel 13, 2019

Ayətullah Məkarim Şirazi – Qəmə vurmaq haqqında

Bismilləhir rahmənir rahim. Muhəmməd (s) və Onun pak Əhli-beytinə salam olsun. Bir çoxları məktub və digər vasitələrlə qəmə vurmaq (baş yarmaq) barədə bizdən sual soruşurlar. Mən istəyirəm şəffaf və möhkəm dəlillərlə bu məsələni sizin üçün açıqlayım. İlk olaraq şübhə etməyin ki, qəmə vuranlar imam Hüseynə (ə) olan məhəbbətləri üzündən qəmə vururlar. Bizim onların pak niyyətlərinə sözümüz yoxdur. Yalnız yolu səhv gedirlər. Əzadarlıq məsələsi ya nəql olunmuş, ya da ümumi dəlillərlə sübuta yetməlidir. Daha aydın şəkildə desək, ya baxmalıyıq ki, imamlar necə matəm saxlayıblar, ya da əzadarlıq haqqında ümumi dəlillər olmalıdır ki, biz də ictimai rəyə müraciət edib deyək ki, bu əzadarlığın nümunəsidir.

İmamlar məclislər təşkil edirdilər, məddahlar gəlir, əzadarlıq barədə şeirlər oxuyurdular,(imamlar) ailələrini, dostlarını məclisə çağırırdılar, oturub ağlayırdılar. Məddahlar da imam Hüseynin (ə) dahi şəxsiyyətini şeirlərlə çatdırırdılar. Bu, imamların matəm və əzadarlıq üslubu idi. Daha sonra matəm mərasimləri barədə mütləq şəkildə  söhbət açan rəvayətlərə baxmalıyıq. Sonra ürfə (ümumi rəyə) müraciət edirik ki, ürf nələri əzadarlıq  sayır və nələri əzadarlıq saymır. Ağlamağı əzadarlıq bilir, sinə vurmağı və bunun kimi əməlləri əzadarlıq bilir, amma görəsən, ”qəmə vurmaq” da əzadarlıq nümunəsi sayılır ya yox? Məsum imamların zamanında olub, ya yox? Xeyr. Xalqın gözündə əzadarlıq nümunəsi sayılırmı? Xeyr. Bundan əlavə qəmə vurmaq  səbəb olmuşdur ki, düşmənlərimiz onun vasitəsilə dünyanı bizim əleyhimizə qaldırsınlar və nifrət hissi yaratsınlar.

Maraqlıdır, dostlardan  biri deyirdi ki, bu il müxalif kanalların hansı birini açırdımsa, görürdüm Aşura mərasimlərində qəmə vurmaqdan başqa bir şey göstərmirlər. O möhtəşəm məclislər, o izdihamlı dəstələr, o gözəl proqramlar, o gözəl çıxışlar və məddahlıqların heç birinə yer verilmir. Onların heç birindən xəbər yoxdur. Yalnız və yalnız qəmə vurmağı göstərirdilər. Bununla dünyada bizə qarşı nifrət hissi yaradırlar.

Mən əgər qəmə vurmaq məclisində olsam, istəyərdim əvvəlcə o qəmə vuran əlləri öpüb qəmələri əllərindən alaraq deyim ki,”Əziz qardaşım, bir zamanlar vəziyyət başqa cür idi və bəzi alimlər də onun barəsində bir şeylər dedilər. Amma günümüzdə bu iş İslam və şiənin zərərinədir. Mən sənin əlini öpürəm”– və bir qanvermə məntəqəsi də deyərdim təşkil etsinlər.- “Get orada qan ver qanınla bir müsəlmanın canını qurtararsan, nəinki bu qanınla müsəlmanları təhlükəyə salasan. Bilirəm imam Hüseyn (ə) eşqinə bu işi görürsən, amma düzgün  yol deyil. Bundan əlavə İslamda özünə zərər vurmaq düzgün deyil.” Diqqət edin! Qəmə vurma video lentlərində balaca uşağı  gətirib,- uşaq da ağlayır,-  uşağın başına qəmə vurur. Bunları da bütün dünyaya göstərirlər və onlarda bizə qarşı nifrət yaranır. Möhtəşəm matəm mərasimləri qurun, ona layiq işlər görün. İmam Hüseyn (ə) adı dünyada sevilsin. Nə üçün belə olmalıdır?

Bəziləri  deyirlər ki, hz.Zeynəb alnını kəcavənin dirəyinə vurdu. Qeyd etməliyəm ki, Əhli-beyti kəcavələrə mindirmədilər. Dəvələrin kəcavələrini götürdülər. Kəcavə hörmət əlamətidir. Əhli-beyt əsirlərinə ehtiram göstərmək istəmirdilər. Çılpaq dəvələrə mindirdilər. Bəzən uşaqlar dəvələrdən  yerə  düşürdülər.

Bir neçə  mötəbər  məşhur  kitaba müraciət  etdim. Biri Müfidin “İrşad”, biri Əbu  Müxnəfin kitabı, digəri isə başqa bir kitabdır. İmam Hüseyn (ə) Aşura  gecəsi bacısına dedi: ”Bacı cırmaq atma, zədələmə, yaxanı cırma”…. Neçə neçə rəvayət. Görəsən, bacısı qardaşının göstərişinin əksinə əməl etdi? Hər halda yenə də, şübhə etmirəm, təkrar edirəm,  şübhə etmirəm ki, qəmə vuranlar imam Hüseyn (ə) eşqinə qəmə vururlar. Hətta, deyilənlərə görə, bəziləri başlarını divara vururlar, şüşə qırıqlarından istifadə edirlər. Bunlar imama olan eşqə görədir. Amma  yol düzgün deyil. Əzizlərim, elə iş görməliyik ki, imamın dünyada  gün bə gün hörmət və əzəməti  çoxalsın, dünya xalqları onu sevsin, hədəf və əməllərini tanısınlar. Problem yaradan işlər  görməyək. Mən sizin hamınız, hətta  qəmə vuranlar üçün dua edirəm ki, imamın şəriəti onlara  şamil olsun. Amma tutduqları yolu dəyişsinlər, əməlləri imamın istəyinə uyğun olsun. Vəssəlamu ələykum və rahmatullahi və bərakətuh.   

İstinad: VM Production