Aprel 27, 2020

BİR VİRUS, ÜÇ MƏSƏLƏ

Müəllif: Alper Bilgili
Tərcümə: Qadir Vahabzadə

                                  

 1960-cı  illərin əvvəlində, dünya böyük bir nüvə böhranına şahidlik edirdi. Amerika Birləşmiş Ştatlarının  Türkiyəyə yerləşdirdiyi nüvə başlıqlı roketləri təhdid olaraq  görən  Sovetlər Birliyi (SSRİ) qarşılıq olaraq  Kubaya bənzər şəkildə roketlər  yerləşdirməyə başlamışdı.  Beləliklə Amerika ilə SSRİ arasında gərginlik artmış, bir nüvə savaşının başlamasına, bəlkə də yüz milyonlarla insanın ölümünə çox az qalmışdı. Böhran  bir çox intellektuala dərindən təsir etmiş, hətta ingilis fəlsəfəçi Bertran Rasselə  İnsanlığın  Sabahı”  adlı kitabı yazdırmışdı. Rassel bu kitabında mövcud  böhrandan çıxmağın  yollarını axtararkən, bəzən problemi mədəniyyət müstəvisində də müzakirə etmişdir. Rassel, oxuyucularına insanların güc sərxoşu olub, təbiət üzərində hakimiyyət qurma  sevgisinin bu nəticəyə yol açdığını xatırlatmışdır. Şübhəsiz bu, o zaman dünyanı əhatəsinə alan qorxu iqlimi göz önünə alındığında son dərəcə  müdrik və fərasətli bir analizdir. Bu mənada bu kitab, insanın ölüm-qalım mübarizəsi verdiyi anlarda həyata dair daha böyük problemlər ilə qarşı-qarşıya qala bildiyinin gözəl bir sübutudur. İnancım  və ümidim, bu gün Korona (COVİD –19) epidemiyasının, bənzəri bir sorğuya və  maariflənməyə qapı aralamağıdır. Bu yazıda müsəlmanların mövcud böhrandan çıxara biləcəklərini düşündüyüm bəzi dərslərə toxunmaq istədim. Əlbəttə bu dərslərin bəziləri sadəcə müsəlmanları maraqlandırmır. Yenə burada vurğuladığım dərsləri dinləməyə/xatırlamağa hər müsəlmanın və ya müsəlman toplumun eyni dərəcədə ehtiyacının olmadığı aydındır.

1. Təvazökar olmaq.

Məşhur ədəbiyyatçı Əli Nəsin “Orijinal Mikrop” adlı hekayəsində hipotezinin doğruluğunu sübut etmək üçün  insanların  canını təhlükəyə atan bir elm adamından danışır. Nəsinin hekayəsində, professor üzündən gözlərini itirən bir xəstə üzərindən verdiyi mesaj, elmin əxlaqi mövzularda kor olduğudur. Ancaq bu gün dünyada elm deyildiyi zaman ağıla nə bu cür uydurma professorlar, nə də “ölüm mələyi” adı ilə tanınan Doktor Josef Mengele kimi gerçək xarakterlər gəlmir. Elm, xüsusilə texnologiya vasitəsilə nail olduqları hesabına, ən mühafizəkar toplumlarda belə hörmət oyandıran, potensial dağıdıcı təsirlərindən daha çox inşa edən və sağaldan yönləri ilə yad edilən, tilsimi qırılmış dünyanı yenidən “tilsimləyən” bir  məşğuliyyətdir. Bu gün həyatlarımız bir əsr əvvəlki ilə müqayisə edilə bilməyəcək qədər  komfort və firavandırsa, burada baş rol elmindir. Son dönəmdə həyata keçirilən Cern, Earthscope və İnsan Genomu Layihəsi kimi yüksək büdcəli elmi araştırmalar isə,  elmin sadəcə insanın  həyatını asanlaşdırmadığını, kainatın sirlərini açma funksiyasını yerinə yetirə biləcəyini də xatırladır.

Şübhəsiz ki, modern həyatın, xüsusilə elmin verdiyi imkanlar ilə, Sənayə İnqilabı öncəsi ilə müqayisədə çox daha insansevər, firavan, etibarlı, dinc ve uzun olmağı zehin dünyamıza da təsir etdi. İnsanlığın uğurları və nail olmağa ümid etdikləri, onların Allah ilə olan əlaqələrinə də yansıdı. Artıq özünü dindar hesab edən, günlük ibadətlərini axsatmayan insanlar da daxil, Allaha az ehtiyac içində olduqlarını düşünür, həyatlarında Ona daha az yer verirlər. Bəlkə də zehin quruluşumuzdakı bu köklü dəyişikliyi anlamağın ən yaxşı yolu, 16-cı əsrdə Osmanlını ziyarət edən alman tacir H.U. Krafftın tutduğu qeydləri oxumaqdır. Görüləcəkdir ki, Allah, Krafftın həyatının mərkəzində, hər anının içindədir. Bu, mərkəzində Yaradıcının olduğu, qulun Ona yaxınlığı ölçüsündə dəyər qazandığı bir paradiqmadır. Bu gün, ibadətlərini yerinə yetirən dindar bir xtistianın və ya müsəlmanın  Krafftı qəribsəməsi, dindarların həyatlarında Allaha nə qədər az yer verdiklərinin, əslində fərqində olmadan nə qədər sekulyarlaşdığımızın bir göstəricisidir.

Halbuki artan rifah da, nisbi etibarlı, sağlam və uzun həyatlar da inanan üçün düsturu dəyişdirməməlidir. Müsəlmanın Allaha qarşı mövqeyi, Allah ilə olan əlaqəsi təməl olaraq dəyişməzdir. İnsan, Nazim Hikmətin “Ən Mühüm Məsələ” adlı şerində bəhs etdiyi kimi hələ də qısa bir ömür sürür və yenə Nazimin eyni şerində bəhs etdiyi kimi bu qısa həyat ağrılarla doludur.

Halbuki biz,

nə qədər qısa həyat yaşayırıq, qardaşlarım,

nə qədər az yaşayırıq,

nə qədər az.

At ilə bir vəziyyətdəyik hələ

bu ən mühüm məsələdə

hətta onun qədər belə doya bilmir dünyasına

atdan çox yük daşıyan çoxumuz.

Hələ eyni yerdəyik. Bəli, nisbi daha uzun, daha firavan bir həyat sürürük. Ancaq həyat  hələ də qısa və az hesab edilə bilməyəcək qismi xəstəlik ilə, yaxınlarımızı itirməklə, yorğunluq, stress  və  narahatlıqlar  ilə keçir. Bu gün yaşanan  epidemiya və qlobal böhran, başımızı bir an üçün  belə olsa qaldırmağımızı təmin etdi və bizə  həyatın  bu  naxoş, amma hər zaman  diqqətə  alınmayan  yönlərini xatırlatmağa nail oldu. Başqa bir deyişlə, Corona virusu, insanlara çarəsizliklərini, hətta şüuraltında  böyük  etimad bəslədikləri insanlığın/sivilizasiyanın çarəsizliyini göstərərək öz toxunulmazlıqlarına dair illuziyaları bir müddətliyinə də olsa,  özünə sorğulatdı. Beləcə Allah ilə qulu arasındakı əlaqənin bərpa edilməsi üçün, uyğun bir zəmin hazırladı. Əlbəttə Allah ilə qul arasındakı əlaqə sadəcə qulun acizliyi ilə Allahın bütün nöqsanlardan  münəzzəh olmağına gətirilə biməz. Bu  əlaqədə  sevgi, şükr, etibar kimi ünsürlərdə vardır. Burada bu ünsürlər yerinə acizliyə edilən vurğunun ardında Koronanın insana nöqsanlarını xatırladan təbiəti dayanır. İndi bu xatırlatmaya qulaq asıb, “ibadət edən sekulyarlar” olmaqdan qurtulmaq, Allaha həyatlarında daha mərkəzi bir yer vermək müsəlmanların əlindədir. Məsələnin həqiqəti 2019-cu ildə The Economic Journal`da dərc olunan bir məqalə bu yöndə bir gözləntidə olmağın yersiz olmadığını göstərir. Fərqli ölkələrdə on illərlə davam edən çalışmalar nəticəsində toplanan məlumatlara görə hansı sosial sinifdən və ya təhsil səviyyəsindən olarlarsa olsunlar inanclı insanların dindarlıq səviyyələri təbii fəlakətlərdən sonra artmaqdadır. Corona, sekulyarları dindarlaşdırmayacaqsa da, dindarları dəyişdirmə potensiyalına sahibdir.

2. İstehlak etdiyimiz şey deyilik.

Əgər biri məndən post-apokaliptik bir ssenari yazmağımı istəsə idi, tualet kazığı üçün dava edən insanları təsvir etmək ağlıma belə gəlməzdi. Amma insan davranışı biraz da təkamül səbəbləri ilə hər an sürprizlərə hazırdır. Pandemiyadan qaynaqlanan bir küçəyə çıxma qadağası narahatlığı ortaya çıxan anda, insanlar təkcə maska, kolonya və dezinfeksiyaedici deyil, tualet kağızı, makaron hətta şokolad kimi bir çox məhsulu da depolamağa başladı. Xüsusilə ilk günlərdə evlər, nəyin istifadə edilib-edilməyəcəyinə və hansı məhsulların tədarükündə bir problem yaşandığına baxılmadan, istehlak məhsulları ilə dolub daşdı. Elə ki, çoxumuz Tolstoyun “İnsana Çoxmu Yer Lazımdır” hekayəsindəki ac gözlü Pahoma bənzədik. Daha artığını, sadəcə daha artığına sahib olmaq üçün istəyirik. Ehtimal ki, bunun arxasında pandemiya səbəbi ilə idarəetməni itirdiyimiz dünyada bir şeylərə sahib olaraq idarəetməni qismən də olsa ələ keçirdiyimiz hissinin yaratdığı rahatlama ve sürüyə uyğunlaşmağın komfortu var. Nə olursa olsun, bu münasibətin rasional bir gerçəyə sahib olmaqdan uzaq olduğu açıqdır.

Digər yöndən, Korona sonrası yaşananların bizə normal dönəmlərdəki istehlak alışqanlıqlarımız haqqında mühüm bir mühasibat imkanı verdiyinə də şahid oluruq. Elə ki, bu gün qıtlıqla bağlı  narahatlıqlar səbəbi ilə daha az istehlak edərək yaşaya biləcəyimizi, onsuz edə bilmərəm dediyimiz bir çox şeyin əslində tərk edilə bilər və ya ən azından təxirə salına bilər lükslər olduğunu, sözgəlişi  uşağımıza bir ay ərzində yeni bir oyuncaq almamağın bizi pis valideynlər etmədiyini anlayırıq. Əsasən bu cür sorğulamalar dünyanın gələcəyi üçün həyati önəm daşıyır. Çünki çox istehlak, qlobal istiləşmənin səbəblərindən biridir. Elə ki, istehsalın və çatdırılmanın azaldığı bu bir neçə həftədə havada mövcud olan PM10 kimi zərrəcik, NO2 və CO2 kimi qaz çirkləndiricilərin nisbətinin ciddi bir şəkildə aşağı düşdüyünü, sesymik gurultunun azaldığını gördük. (Təəssüf ki, son məlumatlar, zehni bir dəyişikliyin gerçəkləşməyəcəyi halda bu təsirin qalıcı olmayacağını göstərir. Epidemiyanın zəifləməsini fürsət olaraq görən Çin, bu ay etibarilə kömür istehlakında keçən illərdəki səviyyəyə çatdı, hətta aradakı fərqi qapatmaq üçün təkcə martın ilk üç həftəsində ötən ildən daha çox kömür  stansiyasına icazə verdi.)

Bütün bunlar hər şey yolunda  gedərkən, dünyanı nə qədər yorduğumuza işarə edir. Əlbəttə bu sadəcə qərbin problemi və ya qüsuru deyil. Hər nə qədər bir çox müsəlman intellektual qərb ölkələrini mənfəətcil şəkildə və məsuliyyətsizcə təbiəti istismar etməklə günahlandırsalar da,  müsəlman ölkələrdəki modernizasiya həmlələri –sözgəlişi sənayeləşmədə- qərbi örnək almaqda bir əngəl görməmişdir. Xalq səviyyəsində də istehlak vərdişlərinin – əksi yöndə ayələr olmağına baxmayaraq- mahiyyətləri etibarilə qərbdəkindən fərqli olduğunu demək, həqiqət deyildir. Bu mənada yaşadığımız zaman, həm təbiətə verdiyimiz zərəri – ki bu zərərin dünyadakı hər qrupa bərabər nisbətdə paylanmadığını da unutmamaq lazımdır- həmdə istehlak vərdişlərimizi gözdən keçirməyimiz üçün yaxşı bir fürsət ola bilər.

3. Elmə investisiya

Belarusiyanın ateist dövlət başçısı Aleksandr Lukaşenko, iki həftə əvvəl bir açıqlama verərək, Koronavirus ilə bağlı narahatlıqları istehza etdi və virusdan qorunmaq istəyən xalqına araq içməyi və saunaya getməyi məsləhət gördü. Həmin günlərdə Pakistanda şiə və sünni din adamları camaatla qılınan namazların yasaqlanmasına qarşı çıxırdılar. Digər tərəfdən inanclı-inancsız bütün məqbul insanlar bu virusu ciddiyə alıb, lazımi tədbirləri tətbiqə tökdülər və gözlərini virusa peyvənd və ya dərman tapmasını umduqları elm adamlarına çevirdilər. Yaxşı, bu peyvəndin müsəlmanların çoxluq təşkil etdiyi bir toplumda hazırlanma ehtimalı nədir? Ehtimal ki, zəif bir ehtimaldan söz edirik. Təəssüf ki, bu gün müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə yetişən dühaların, hazırladıqları peyvəndlər ilə minlərlə şəxsi ölümdən qurtara bilmələri üçün kariyeralarına misirli Adel Mahmud  kimi qərbdə davam etməlidirlər.

Yaxşı, amma niyə? Müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə  əksik olan nədir? Bu sualın asan bir cavabı tapılamamaqdadır. Bununla bərabər, burası aydındır ki, müsəlman toplumlarda elmi çalışmaları aparacaq yetərli sayda və şəraitdə qurumun olmamağı bu problem ilə yaxından əlaqəlidir. Modern elm, yaxşı  təşkil edilmiş meritokrasiyanın işlədiyi, güclü maliyyəyə sahib qurumlarda layiqi ilə icra edilə bilər. Əfsuslar olsun ki “müsəlman dünya mənşəli belə elmi qurumlar varmı?” sualı soruşulduqda, adi müsəlmanın ağlına ilk gələn Beytül-Hikmət olur. 9-cu əsrdə Abbasilərin qurduğu, zamanla tərcümə yolu ilə bilgi əldə etməyin ötəsinə keçib, bir elm mərkəzinə çevrilən bu qurumun hekayəsi əlbəttə ovsunlayıcıdır. Ancaq həm Beytül Hikmətin zaman içində tarixə qarışması, həm də İslam dünyasında bu qurumun vəziyyətində başqa qurumların qurulmamış olması üzücüdür. Zaman zaman Teymur və ya Fateh kimi dövlət adamlarının təsis etdikləri qurumlar isə, davamlılıq göstərə bilməmişdir. (Osmanlının son dönəmində başlayan və Cumhuriyyət ilə bərabər sürətlənən ciddi qurumsallaşma cəhdləri çox vaxt müharibələrin, siyasi davaların və/və ya iqtisadi sıxıntıların nəticəsində kəsintiyə düçar olmuş; Mustafa Adil, Esad Fevzi, Hulusi Behçet, Refik Saydam kimi neçə dahi, dünya səviyyəsində isimlər halına gəlmişdir.) Bu səbəblə bu gün müsəlmanlar, mövzu elmə qatqı olduğunda, əslində haqqında çox da artıq bir şey bilmədikləri bir keçmiş ilə öyünməklə qane olmağa məcburdurlar. Korona böhranı müddətində şahid olduğum bir hadisə bu mənada anlamlıdır. Tarixə maraqlı kinosevər dostlarım keçdiyimiz günlərdə sosial media üzərindən The Physician (Həkim) adlı film haqqındakı fikrimi soruşdular. 11-ci əsrdə keçən filmdə bir ingilis gənc, İbn Sinanın mədhini eşidər və İsfahana gedib ondan dərs alar. Bir çox dostumuza görə bu film, müsəlmanların qərb elmi qarşısındakı tarixi üstünlüyünü vurğuladığı üçün- və birazda İbn Sina xarakteri Ben Kinqsli tərəfindən canlandırıldığı üçün- Korona karantinalarında izlənməsi lazım olanların başında yer almalı idi. Elə ki, filmdə işlənən din-elm qarşıdurması motivi dindar dostlarımı çox da narahat etmədi. Təəssüf ki, çağdaş müsəlman liderlərin hardasa hamısı bu mənada bəhs etdiyim kinosevər dostlarımdan çox fərqli deyillər. Onlar da keçmiş ilə öyünməklə qane olurlar. Çoxu, müsəlman dünyasının möhtac olduğu elmi qurumların yaradılması üçün lazım olan enerji, zaman, maliyyə və insan qaynağını bir-birləri ilə savaşmaq və xalqlarını qorxutmaq üçün istifadə edir; bir tərəfdən imperialist ölkələrə qarşı şüarlar səsləndirib, bir yandan da bu ölkələrin silah sənayelərinə yüz milyardlarla dollar axıdırlar. Məsələn təkcə  Səudiyyə Ərəbistan 2017-ci ildə bağladığı saziş ilə sonrakı 10 il içərisində Amerika Birləşmiş Ştatlarından 350 milyard dollarlıq silah satın almağı qəbul etdi. Bu ilin məlumatlarına görə mühəndislik və texnologiya sahəsində dünyanın ən uğurlu 15-ci üniversiteti olan Delft Texnologiya Universitetinə 2018-ci ildə Hollandiya dövləti tərəfindən 403 milyon Avro dəstək verildiyi düşünüldüyü zaman, silaha qoyulan investisiyanın böyüklüyü daha yaxşı anlaşılacaqdır.

Şübhəsiz elmdə qərbin gerisində qalınmasınında bütün fakturasını özümüzə kəsmək, xüsusilə qərb-şərq əlaqələrindəki istismar və asılılıq əlaqələrini göz ardı etmək ədalətli bir münasibət deyildir. Yenə də özümüzə haqsızlıq etmə bahasına da olsa, xətalarımızı düzəltmək üzərində köklənməyin, istismarçı qüvvələri lənətləmək yolu ilə dəyişdirməyə çalışmaqdan daha məhsuldar bir strategiya olduğu aşkardır.

İslamın Bir Şərti Olaraq Təfəkkür.

Müsəlmanlar, Quran boyunca, həyatın mənası, özlərinin və ətraflarındakıların varlıq məqsədləri, yer  və göyün yaradılışı, canlı həyatın necə başladığı, özlərindən əvvəlki toplumların yaşam tərzləri üzərində təfəkkür etməyə sövq edilirlər. Əsasən il dəfə Quran tərcüməsi oxuyan bir müsəlmanı heyrətləndirəcək şeylərin başında mətn boyunca  düşünməyin bəzi “fiziki” ibadətlərdən çox daha artıq vuğulanması gələcəkdir. (“Fiziki” ibadətlərin sadəcə fiziki olmadığı, zehni bir köklənməni gərəkdirdikləri, elə ki nəticə olaraq davranışlarımızı dəyişdirmələrinin gözləntisi də unudulmamalıdır.) Bununla bərabər hələ də çoxumuzun oxuyub keçdiyi, üstünə götürmədiyi bu ayələri olması gərəkdiyi kimi ciddiyə alıb, həyatlarına tətbiq edənlər olmuşdur. Məsələn 1979-cu ildə fizika sahəsində Nobel mükafatı alan Məhəmməd Əbdus Salam elm vasitəsilə Allahı daha yaxşı tanıdığımızı xatırlatmış, hətta Nobel mükafatı çıxışında Quranın insanı təbiət üzərində düşünməyə sövq edən ayələrinə diqqət çəkmişdir. Problem budur ki, İslamda həyat, kainat və varlıq üzərində təfəkkür etmək təkcə alimlərə yüklənən bir vəzifə deyildir. Əksi bildirilmədiyinə görə hər müsəlman Əbdus Salam kimi və onun qədər bu ayələrin həmsöhbətidir. Ümid edirəm ki, bu pandemiyanı, bu üç xüsusdan başlayaraq, təfəkkürə həyatlarımızda daha artıq yer vermək üçün bir vasitə edək.

                                                                                                          

Bu yazının ilk versiyası 4 aprel 2020-ci ildə “3 Coronavirus Lessons for Muslims”  başlığı ilə patheosda yayınlanmışdır.

Yazının fransızca və almanca versiyalarına aşağıdakı keçidlər vasitəsi ilə  çata bilərsiniz.

“3 Leçons du Virus Corona pour les Musulmans”

“Drei Lektionen für Muslime im angesicht der Coronaviruskrise