Sentyabr 3, 2018

Caner Taslaman – Cahiliyyət şeiri və Quran  

Quranın cahiliyyət dövründəki şeirlərdən (Quran nazil olmadan öncə Ərəblərin şeirlərindən) təsir aldığına dair iddialara bu yazıda cavab veriləcəkdir. 

                                                                                                                              

Bunun cavabı əvvəlcə budur: Quranın nazil olduğu dönəmdə, Quranı müzakirə edənlərin böyük əksəriyyəti cahiliyyət dövründəki şeirləri çox yaxşı bilən şəxslər idi. Bunlardan bir çoxu Peyğəmbərimizin Allahın elçisi olduğu iddiasına etirazlar etməyə çalışdı. Peyğəmbərimizə ‘Dəli’ və ya ‘Sehirbaz’ deyə irəli sürülən ittihamları və bunların cavablarını Quranda görürük. Əgər Quranla cahiliyyət dövründəki şeirlər arasında bir oxşarlıq olsaydı, o dönəmin bütpərəstləri buna bənzər iddialar etməli idilər: “Bu Şəxs, cahiliyyət dövrünün şeirlərini kopyalayaraq bizi aldatmaqa çalışır”. Halbuki, cahiliyyət dövrünün şeirlərini çox yaxşı bilən o dövrün bütpərəstlərində buna bənzər iddialara rast gəlmirik. Qısa zamanda Ərəb yarmadasında İslamın hakim olması da, belə bir bənzərliyin olmadığının sübutudur. Ən kiçik vərdişi insanın tərk etməsi çətin olduğu halda, atalarından gələn dinlərini və bir çox vərdişlərini İslamdan sonra dəyişdirən, İslam üçün canlarını fəda edən Ərəb yarmadasının xalqı, cahiliyyət dövünün şeirləri ilə böyümüşdülər. Quranın Allahın vəhyi olmadığı, başqa yerlərdən (məsələn cahiliyyət dövründəki şeirlərdən) təsirləndiyi qənaətində olsaydılar, bu qədər böyük dəyişikliyi yaşamaları və Quran-İslam yolunda canlarını fəda etmiş olmaları heç bir sığmazdı.

Tarixi bir gedişat olaraq, cahiliyyət dönəmi şeirlərinin ən önəmli nümayəndələrindən biri, bütpərəst idarəçiliyindəki Kəbəyə asılan müəlləqlərin (o dönəmdə kəbə divarına asılmaq üçün seçilən və müqəddəs hesab edilən yeddi şeir) müəlliflərindən olan Ləbidin, Quranın ədəbi üslubunun təsiri ilə müsəlman olduğu, “Quranı eşitdikdən sonra, bir daha şeir yazmaq mənə yaraşmaz” deyərək şeir yazmağı tərk etdiyi bilinməkdədir. Cahiliyyət dövrünün şeirlərini çox yaxşı bilən bucür mütəxəssis şəxslər, əgər Quranla cahiliyyət dövrünün şeirləri arasında bir bənzərlik olsaydı, bunu rahatca sübut edib gündəmə gətirərdilər, halbuki tərsinə, onlar, Quranın bambaşqa olduğunu və cahiliyyət dövrünün şeirləri kimi insan fərziyəsinin Quran ilə müqayisə edilə bilməyəcəyini bəyan etmişdilər.

Burda müəyyən olunması lazım olan önəmli bir məsələ, günümüzdə “cahiliyyət dövrünün şeirləri” dediyimiz şeyin mahiyyətinin nə olduğudur. “Cahiliyyət dövrünün şeirləri” olaraq günümüzdə bilinən şeirlər, ilk olaraq Quranın nazil olmasından sonrakı 2-ci 3-cü yuzillikdə qarşımıza çıxmaqdadır. Bəzilərinin zənn etdiyi kimi, Quran nazil olmadan öncəki dönəmdən  gələn bir qaynaqdan söhbət getmir (Mövzunu bilən heç kimin belə bir iddiası yoxdur). Bir çox şərqşünas “cahiliyyət dövrünün şeirləri” olaraq bilinən şeirlərin, Quranın nazil olmasından sonra uydurulduğunu ifadə etmişdir. 20-ci əsrin ilk yarısında yaşayan məşhur ərəb dili və şeir ustadı Taha Hüseyn də “cahiliyyət dövrünün şeirləri” olaraq kitablarda yazılanların, İslam sivilizasiyası dönəmində yazılmış şeirlər olduğunu təsbit etmişdir. Na görə, “Bir şeir nə qədər köhnədirsə, o qədər məqbuldur” anlayışı və “öz tarixini şanlı göstərmə” səyi ilə, “cahiliyyət dövrünün şeirləri” başlığı altında şeir nəql edən şəxslər, öz şeirlərini və yaşadıqları dönəmin şeirlərini, Quran nazil olmadan öncəki dönəmlərə aid göstərmişdirlər.

Burada bunu da qeyd etməliyik ki, Taha Hüseynin bəhs etdiyi formada şeir uydurulduğu dönəmdə, müsəlman cəmiyyətində yaşayanların həyatlarını, zehinlərini formalaşdıran önəmli mətn Qurandır. Yəni, bu dönəmdə “cahiliyyət dövrünün şeirləri” ni uyduranların zehinlərinə də, incəsənətlərinə də Quran hakim idi. Bu isə, mövcud şeirlərin bir qisim misraları ilə Quran arasında nə üçün bənzərlik olduğunun açıqlamasıdır. “Cahiliyyət dövrünün şeirləri” bütpərəst dönəmdə yazılsaydı, bu şeirlər bütlərə təriflərlə dolu olmalı idi, lakin, bu şeirlərdə belə bir xüsusiyyətin olmaması və İslami elementlərə rastlanması, məşhur ərəb dili və şeir ustadı Taha Hüseynin təsbit etdiyi kimi, bu şeirlərin Quran nazil olduqdan sonrakı dönəmlərdə uydurulduğunun dəlillərindəndir.

Önəmli bir məsələni bir daha təkrar etmək istəyirəm; bəzilərinin fikirləşdiyi kimi cahiliyyət dönəmindən gələn və bu dönəmin şeirlərini ehtiva edən yazılı bir mənbə mövcud deyil. İlk olaraq “cahiliyyət dövrünün şeirləri” olaraq yazılan şeirlər, yazılı bir şəkildə, Quran nazil olduqdan sonrakı (hicri) ikinci əsrdə qarşımıza çaxmaqdadır. Bu əsrdə qarşımıza çıxan mənbələrdən şeirlər çox azdır, əksəriyyəti bu əsrdən sonra nəql edilməkdədir. İkinci əsrdə “cahiliyyət dövrünün şeirləri” olaraq bilinən şeirləri ilk yazan Həmmad ər-Raviyədir (şeirləri öz fərziyyəsindən yazan şairlərə “raviyə” deyilir). O da bütpərəst hakimiyyətindəki kəbəyə asılan yeddi simvol kimi çox az şeir yazmışdır. Bu arada, Həmmad ər-Raviyənin tələbəsi Xələf ər-Əhmərin cahiliyyət dönəminin şairləri adına şeir uydurduqlarını etiraf etdiyi bir çox kitab da vardır. Ər-Raviyəyə  yaxın dönəmdə yaşamış olan Müfəddəl əd-Dəbbi də kitabı Müfəddəliyyəti,  “cahiliyyət dövrünün şeirləri”-dən tərtib etmişdir. Bunlardan sonra üçüncü əsrin əvvəllərində vəfat edən Əsmayinin kitabı Əsmaiyyət də “cahiliyyət dövrünün şeirləri”-dən yığılmışdır. İkinci əsrdəki bu kitablarda deyilənlər və “cahiliyyət dövrünün şeirləri” olduğu iddia edilən şeirlərin sayı olduqca azdır. Ancaq hicri 231-ci ildə vəfat edən, həm İslam dönəmi həm də “cahiliyyət dönəminin şeirlərini” nəql edən Cümaninin kitabından sonra “cahiliyyət dövrünün şeirləri”-i olduğu iri həcmli kitablar görülməkdədir. Bu dönəmə qədər şeirlərin qulaqdan-qulağa öturüldüyü və şeirini məqbul göstərmək üçün bir çox adamların keçmiş dönəmlərə aid etməsi bu şeirlərin cahiliyyət dönəmində deyildiyi iddiasınının güvənilməz olduğunu göstərir.

Sonda, “cahiliyyət dövrünün şeirləri” olduğu iddia edilən şeirlərin, həm mətnlərini təhlil etdikdə bütlərə tərif yerinə islami motivlərin olmağı kimi xüsusiyyətlərdən, həm bir neçə əsr əzbərdən qorunub saxlanılması kimi zəif iddialardan, həm şeirlərini daha dəyərli göstərmək istəyənlərin uzaq keçmişə nisbət verməsindən, həm də bu şeirləri nəql etmək məqsədi ilə fəaliyyət göstərənlərin etiraflarından güvənilməz olduqları anlaşılır (bu dediklərimiz, əlbətdə hamısının uydurma olduğunu ehtiva etməməkdədir). Bu şeirlərin uydurulduğu dönəm və yerdə, insanların zehinlərinin Quran ilə formalaşdığı, Quranın təsirinin olduğu bilinməkdədir. Nəticədə “cahiliyyət dövrünün şeirləri” deyə nəql edilən şeirlərin bəzi misraları ilə Quran arasında bir bənzərlik görüldüyündə, bu bənzərliyin Qurandan təsirlənən şairlərin bu şeirləri uydurmasından qaynaqlandığı anlaşılır. Necə ki, müəyyən janrda bir musiqi dinləyən və ya muəyyən bir şairin yazdığını oxuyanların, sonradan yazdığı söz və şeirlərdə bu təsir görünürsə, Quranın zehinləri formalaşdırdığı bir əsrdə uydurulan bu şeirlərin misralarıyla Quran arasında bir bənzərliyin olmasında da şübhə doğuran heç bir şey yoxdur.

Qeyd: Bu yazını yazarkən, dərin təcrübəsindən faydalandığım İslam-ərəb dili ədəbiyyatı elm heyəti rəhbəri Prof.Dr.İsmail Durmuş-a təşəkkür edirəm

 

Tərcümə: Anar Həşimov