Aprel 26, 2020

DİN FƏLSƏFƏSİ PRİZMASINDAN NİSBİLİK NƏZƏRİYYƏSİ

Müəllif: Caner Taslaman
Tərcümə: Fuad Muradov
Redaktə: Elvin Ayətoğlu

GİRİŞ

Müasir fizikanın makroaləmdə (atom xarici səviyyədə) ən əhəmiyyətli nəzəriyyəsi nisbilik nəzəriyyəsidir. Fizika baxımından bu qədər əhəmiyyətli olan bu nəzəriyyənin fəlsəfi baxımdan da bir çox diqqətə layiq nəticəsi olmuşdur. Bu məqalədə əvvəl nisbilik nəzəriyyəsi qısaca tanıdılacaq, sonra bu nəzəriyyənin fəlsəfi nəticələrindən yalnız din fəlsəfəsi baxımından əhəmiyyətli gördüyümüz bir neçəsinə toxunulacaqdır. İlk olaraq nisbilik nəzəriyyəsinin, postmodernizmin ən mərkəzi fikirlərindən olan “dəyərlərin nisbiliyi” ilə bir əlaqəsi olub olmadığı dəyərləndiriləcək, “dəyərlərin nisbiliyi” ilə bir əlaqəsi olmadığı göstərilməyə çalışılacaqdır. Ardınca, bu nəzəriyyənin milyardlarla illik zaman müddətlərini əhəmiyyətsizləşdirməsinin, Tanrı-kainat əlaqəsi haqqında anlayış tərzimizə hansı formada izahlar gətirə biləcəyi ələ alınacaq. Sonda isə bu nəzəriyyənin təktanrılı dinlərin bəzi inanclarının başa düşülmə tərzinə nə kimi töhfələr verdiyi araşdırılacaq.

NİSBİLİK NƏZƏRİYYƏSİNİN ORTAYA QOYULMASI

20-ci əsrə Nyuton fizikasının hakimiyyəti altında girildi. Bu fizika anlayışına görə kosmos və zaman, bir-birlərindən ayrı və mütləq idilər. Zaman kosmosun hər yerində və tarixin hər dövründə, cazibə qüvvəsi, sürət və öz içində reallaşan faktlardan tamamilə müstəqil olaraq axan, hər müşahidəçi və kosmosun hər nöqtəsi üçün eyni şəkildə etibarlı, ontoloji quruluşu mütləq və universal olan bir varlıq olaraq qəbul edilirdi. Nyutonun çəkdiyi kainat cədvəli təcrübələrlə və müşahidələrlə müvəffəqiyyətli şəkildə uyğunlaşma göstərdiyi və sağlam fikirlə də uyğun olduğu üçün ciddi heç bir müxalifətlə qarşılaşmadan təbiət elmlərindən ictimai elmlərə, fəlsəfədən teologiyaya qədər az qala bütün iş sahələrinə diqqətəlayiq təsirlər göstərdi. 19-cu əsrin sonunda bir çox alim kosmologiyadakı təməl anlayışın artıq heç dəyişməyəcəyini, yalnız detallarda yeni məlumatların əldə edilə biləcəyini düşünürdülər.

20-ci əsrin demək olar ki, başlarında bu anlayış sarsıldı və fizika sahəsində çox əhəmiyyətli inkişaflar yaşandı. Albert Eynşteyn 1905-ci ildə iyirmi altı yaşındaykən, xüsusi nisbilik nəzəriyyəsini (special theory of relativity) ortaya qoydu. Əslində, Nyutonun yanaşması müşahidə edilən bir çox hərəkəti rahatca açıqlayırdı, ancaq çox sürətli hərəkət edən cisimlərin hərəkətini açıqlaya bilmirdi. Xüsusi nisbilik nəzəriyyəsi ilə çox sürətli hərəkət edən cisimlərin hərəkətinin riyazi şərhinin yanında, kütlənin sürətlə birlikdə artdığı və maddə ilə enerjinin qarşılıqlı olaraq çevrilməsi də göstərildi.[1]

Daha əvvəl termodinamikanın birinci qanunu enerjinin saxlanma qanunumaddənin saxlanma qanunu olaraq enerjinin və maddənin ayrı-ayrı ələ alınmasıyla ifadə edilirdi. Lakin Eynşteyn məşhur E=mc2 (Enerji = Kütlə + İşıq sürətinin kvadratı) düsturuyla, bir-birindən müstəqil görünən bu qanunlar birləşdirildi.[2] Bu yanaşmayla enerji və kütlə, fərqli ölkələrin pul vahidləri kimi ələ alınmağa başlandı. Dəyərləri bir-birlərindən fərqli olsa da, bir-birləriylə əlaqələrini göstərən bir düstur, yəni dəyər nisbəti vardı.[3]

Eynşteyn 1915-ci ildə isə ümumi nisbilik nəzəriyyəsini (general theory of relativity) ortaya qoydu. Eynşteyn bu dəfə qravitasiya qüvvəsini də işin içinə qatdı və bu qüvvəni o günə qədər sanıldığı kimi kosmos-zamanın düz olmayıb, kütlə və enerjinin dağıdılmasından ötəri əyri olmasıyla açıqladı. Ümumi nisbilik nəzəriyyəsinə görə cisimlər dörd ölçülü kosmos-zamanda hər vaxt doğru xəttlər üzərində getmələrinə baxmayaraq, üç ölçülü kosmosda bizə əyrilər çəkirlərmiş kimi görünürlər.[4] Bu yanaşmaya görə dünyamıza yaxın yerdə kosmosu ən çox Günəş çökdürdüyü üçün, Günəşin meydana gətirdiyi kosmos-zaman çuxurunun ətrafındakı əyrilikdə dönməkdəyik.

Nisbilik nəzəriyyəsiylə maddə və enerji birləşdirildiyi kimi kosmos və zaman da birləşdirildi. Beləcə, kainatın heç olmadığı qədər inteqrasiya olunmuş, dinamik və hər şeyin əlaqəli olduğu bir cədvəli ortaya çıxdı. Bu nəzəriyyənin ən əhəmiyyətli fəlsəfi və teoloji nəticələri isə zamanın (elmi olaraq) nisbi olduğunun göstərilməsiylə əlaqədardır. Bu nəzəriyyəylə Aristotel və Nyutonun fizikalarındakı mütləq və öz içində yaranan hadisələrdən təsirlənməyən “müstəqil zaman” anlayışı, sürət və qravitasiyadan təsirlənən “elastik zaman” anlayışıyla əvəzləndi. Bu nəzəriyyənin nəticələrini göstərmək üçün ən sıx istifadə olunan nümunəyə görə əgər əkiz qardaşlardan biri işıq sürətinə yaxın bir sürətlə kosmosa səfərə çıxsa və qardaşı dünyada qalsa, geri döndüyü zaman əkizinin özündən daha çox yaşlanmış olduğunu görər.[5] Bu, hər insanın özünə məxsus zamanı olduğu, əvvəldən zənn edildiyi kimi kainatdakı zamanı göstərə biləcək universal bir saatın ola bilməyəcəyi mənasını daşıyır. Bu nəzəriyyəyə görə əgər işıq sürətinə yaxın sürətlə səyahət etməyi bacara bilsəydik, bizim keçirə biləcəyimiz bir neçə illik səyahətin sonunda dünyaya dönüşümüz zamanı, dünyamızın bir neçə əsr sonrasına şahidlik edə bilərdik. [6]

İlk dəfə eşidildiyində bir çox adama inanılmaz gələn bu nəzəriyyənin mülahizələri, paradoksları həll edən riyazi quruluşunun yanında, təcrübələrlə və müşahidələrlə də dəstəklənmişdir. Bükülmüş kosmos-zamanla əlaqədar nəzəriyyə ilk olaraq 1919-cu ildə bir Günəş tutulması əsnasında, Eynşteynin uzaqgörənliyinə uyğun şəkildə Günəşin yaxınından keçən bir ulduzdan gələn işığın büküldüyünün təyin olunmasıyla müşahidəli dəstək qazanmışdır.[7] Zamanın nisbiliyinə dair uzaqgörənlik isə bir-birinə sinxronizə edilən saatların, təyyarələrdə uzun səfərlərə çıxarılması və dönüşdə saatların müqayisə edilməsi kimi üsullarla test edilmiş və təsdiqlənmişdir.[8] İşıq sürətinə yaxın bir sürətdə  səfər edilməsi və ya Günəşin səthinə insan göndərilməsi mümkün olmadığından, zamanın nisbiliyilə əlaqədar təcrübələrdə ancaq saniyənin milyonlarda birlik dilimlərində nisbilik müşahidə edilə bilməkdədir, amma bu belə zamanın mütləqliyinə dair anlayışın düzəldilməli olduğunu göstərməkdədir. Daha bir çox təcrübə və müşahidələrlə bu nəzəriyyə təsdiqlənmiş, dünyanın demək olar ki, bütün məşhur fizikləri bu nəzəriyyənin makroaləmdəki nüfuzunu qəbul etmişdir. [9]

NİSBİLİK NƏZƏRİYYƏSİ VƏ DƏYƏRLƏRİN NİSBİLİYİ

20-ci əsrə damğasını vuran ən məşhur düşüncə axınlarından biri postmodernizmdir. Dinlərin “Tanrı dinlər vasitəsilə həqiqəti göstərər” iddiasına qarşı, aydınlanma dövründəki inkişaflarla “yalnız elm həqiqəti göstərər” iddiasını ortaya atdılar. Postmodernist yanaşmanı isə ümumbəşəri həqiqət yoxdur, ancaq hər kəsin öz doğruları vardır” ifadəsinin açıqladığını söyləyə bilərik. Postmodernizm 20-ci əsrə damğasını vursa da, bu görüşün Protaqor, Qorgias kimi Qədim Yunanıstanda, Yum və Kant kimi aydınlanma çağında qabaqcılları olmuşdur.  Ümumi postmodernist meyl həqiqətin sosial bir quruluş olduğunu və obyektiv reallığı nümayiş etdirməyin mümkün olmadığını iddia etməkdir.

Postmodernist yanaşmanı müdafiə edənlər fizikanı ictimai elmlər üçün model olaraq qəbul edənlərə qarşı, ictimai elmləri fizika üçün model olaraq təklif etmişlər.[10] Tomas Kun fizikanın və digər təbiət elmlərinin müəyyən bir paradiqma içində çıxarıldığını və müəyyən bir paradiqma içində çıxarılan məlumatların ancaq o paradiqma içində qiymətləndirilə biləcəyini, bu səbəbdən elmi bir məlumatın universal bir həqiqəti olduğunun iddia edilə bilməyəcəyini ifadə etmişdir.[11] Elmi məlumatların universallığını rədd edən bu görüş, postmodernist yanaşmanı müdafiə edən bir çox insan tərəfindən mənimsənmişdir. Kun məlumat anlayışında realizmin yerinə nisbiliyi və şüurluluğun yerinə sosiologiyanı keçirmişdir. Modernizmin elmin xüsusi bir yöntəmi olan rasionallıqla məşğul olduğunu müdafiə edən yanaşmasına qarşı, Kun alimləri təsirləndirən sosioloji faktorlarla elmi fəaliyyəti açıqlamışdır.[12]

Həqiqətin fərdə, mədəniyyətə və ya paradiqmaya görə nisbi olduğunu söyləyən fikirlərlə nisbilik nəzəriyyəsi arasında əlaqə yaradanlar olmuşdur. Bu əlaqəni quranların bir qismi nisbilik nəzəriyyəsinin dəyərlərin nisbi olduğu fikirini, zaman və kütlə kimi ünsürlərin nisbiliyini göstərərək dəstəklədiyini söyləməkdədirlər. Halbuki, başa düşülməsi əhəmiyyətli olan məsələ bu nəzəriyyənin zaman, kosmos, kütlə kimi “mütləq” zənn edilənlərin nisbiliyini göstərməsinə qarşı, işığın sürəti və daha da əhəmiyyətlisi təbiət qanunlarının universal olduğunu ifadə etməsidir.[13] Bu nəzəriyyəyə görə işığın sürəti və təbiət qanunları qara dəriliyə və ya ağ dəriliyə, kişiyə və ya qadına, avropalıya və ya orta şərqliyə, eramızdan əvvəl yaşayanlara və ya indiki vaxtda yaşayanlara görə dəyişməz – hər kəs, hər yer və hər dövr üçün eynidir.[14] Halbuki, postmodernist yanaşmaya görə təbiət qanunlarının hər kəs və hər yer üçün etibarlı obyektiv həqiqəti olduğuna inanmaq mümkün deyil. Buna görə də nisbilik nəzəriyyəsi ilə postmodernizmi yan-yana qoymaq yerinə qarşı-qarşıya qoymaq daha doğru olacaq. Çünki, nisbilik nəzəriyyəsi kainatın başa düşülməsini, riyazi qanunlarla kainatın tərif edilə biləcəyini və kainat haqqında universal (nisbi olmayan) şərhlərin təbiət qanunlarıyla edilə biləcəyini ən müvəffəqiyyətli şəkildə ortaya qoyan nəzəriyyələrdən biri olmuşdur.

Nisbilik nəzəriyyəsinin səbəbiyyət və determinizm ilə əlaqədar anlayışları kökdən dəyişdirdiyinə və kainatın başa düşülənliyini təmin edən bu qanunların bu nəzəriyyəylə etibarsız olduğuna dair görüşlərdə də səhvlər var. Determinizm və səbəbiyyət üçün əhəmiyyətli olan, hər faktın özündən əvvəlki bir səbəblə təyin olunmasıdır. Nisbilik nəzəriyyəsi zamanın nisbiliyini göstərərək, əvvəl və sonra anlayışlarında köklü dəyişikliklər etmiş olsa da, bu nəzəriyyəyə görə səbəbiyyətlə bir-birinə bağlı hadisələrin meydana gəlmə sırası kainatdakı hər müşahidəçiyə görə eynidir: heç bir müşahidəçi kainatdakı bir nəticənin səbəbdən əvvəl reallaşdığını irəli sürə bilməz.[15] Zamanın nisbiliyi səbəbilə əvvəlki və sonrakı dövrü məsafələrin nisbi olduğu aydın olsa da, nisbilik nəzəriyyəsinə görə əvvəlki hadisələr sonrakıları təyin edər və gələcək haqqında buna əsasən uzaqgörən olmaq mümkündür.[16] Kainat qavrayışımız, kainatın qanunlardan asılı olmasının səbəb olduğu nizamlılıqdan və determinizmdən asılıdır. Nisbilik nəzəriyyəsi bu qavrayışa xidmət edən, kainatın qanunlardan asılılığını və determinizmin bu qanunlar çərçivəsində işlədiyini göstərən elmi bir nəzəriyyədir.

Ayrıca nisbilik nəzəriyyəsinin həqiqətin zehinlə əlaqəli olduğunu göstərdiyini, bunun isə postmodernist təməl yanaşmasını dəstəklədiyini söyləyənlər olmuşdur. Bu səhv anlayışa gətirib çıxaran səbəb nisbilik nəzəriyyəsində “hər müşahidəçinin dəyişik saatı” olduğu şəklindəki və bənzəri ifadələrdir. Halbuki, bu nəzəriyyədə işığa yaxın sürətdə səyahət etdiriləcək insanlardan istisna, saatlar və ya metrlər və ya kameralarla da ölçümlər edildiyi təqdirdə nisbi nəticələrin əldə ediləcəyi deyilir. Nəticədə, bu nəzəriyyənin həqiqətin və ya nisbiliyin zehinlə əlaqəli olduğu şəklindəki iddialarla heç bir əlaqəsi yoxdur.[17] Kantın iddia etdiyi kimi, zehnin kainata nizamı və riyazi quruluşu yüklədiyi, lakin nizamı və riyazi düsturları kainatdan oxumadığı fikirini də nisbilik nəzəriyyəsi dəstəkləməz.[18] Əksinə, nisbilik nəzəriyyəsi ilə insan zehnindən müstəqil olaraq kainatda nizam olduğu və riyazi düsturlarla bunun açıqlana biləcəyi ortaya qoyulur.

Barbur, Nyuton ilə birgə Eynşteyni də klassik realizm (classical realism) anlayışına sahib olan kəslərdən biri olaraq təsnif edir. [19] Klassik realistlər riyazi modellərin öz içində kainatı həqiqətilə anlamamıza imkan tanıdığını müdafiə edirlər. Yəni, zehindən müstəqil olan və zehnin anlaya bildiyi bir həqiqətin varlığını müdafiə edirlər. Bu nəzəriyyəni ortaya atan Eynşteyn həqiqətin zehin xaricində varlığını və bu həqiqətin əl çatan olmasını müdafiə etmişdir. Bu da bu nəzəriyyədən həqiqətin tam zehni olduğu nəticəsinin çıxardılması lazım olduğuna dair iddianın səhv olduğunu göstərən nümunələrdən biridir.

Postmodernist yanaşmanı mənimsəyənlər həqiqətin nisbiliyini müdafiə etdikləri və elmin obyektiv həqiqətə çatma imkanını rədd etdikləri üçün elmi bir nəzəriyyənin öz fikirlərini dəstəklədiyini söyləyərlərsə, ziddiyyətə düşərlər. Çünki, bunu etsələr, həqiqətə çatmaqda nüfuzunu rədd etdikləri elmin, öz fikirlərini təsdiqləməkdə nüfuzunu qəbul etmiş olarlar. Nisbilik nəzəriyyəsinin çox güvənilən Nyutonçu yanaşmada əhəmiyyətli düzəltmələr etməklə kosmologiyanın aşağı yuxarı bitmiş bir proyekt olduğu fikirini sarsıtdığı və beləliklə, alimlərin özlərinə və dövrlərinin elm anlayışına həddindən artıq güvənlərinin xətalı ola bildiyini göstərdiyi doğrudur. Bu baxımdan hadisəyə baxılsa, nisbilik nəzəriyyəsinin bilavasitə olaraq postmodernizmə xidmət etdiyini söyləmək mümkündür. Lakin, yenə də bu nəzəriyyənin postmodernizmi dəstəklədiyinə dair elmi və fəlsəfi çıxarımlar yanlışdır. Demokratik anlayışın faşizmə nasizm nümunəsində xidmət etdiyi doğrudur, lakin demokratik anlayışın faşizmlə uzlaşmaz olduğu da doğrudur. Eyni formada, nisbilik nəzəriyyəsi postmodernizmə xidmət etmiş olsa belə, nisbilik nəzəriyyəsi ilə postmodernizm demokratiya ilə faşizm qədər uzlaşmazdır.

Ayrıca nisbilik nəzəriyyəsindən dəyərlərin nisbi olduğu fikrinə keçid edənlərin etdiyi əhəmiyyətli bir səhvi də diqqətə almaq lazımdır. Təbiət elmləri faktlarla əlaqədardır, etika isə normativdir. Nisbilik nəzəriyyəsi təbiət haqqında bir nəzəriyyə olduğuna görə olan bir şey haqqında məlumat verər. Digər tərəfdən dəyərlər, etik sahə, yəni olmalı olan (ought) haqqındadır. Devid Yumun da dediyi kimi: “Olandan olmalı olana keçid etmək”. Təbiətdəki müşahidələrimizi, təbiət haqqındakı mühakimələrimizi bunlarla bir əlaqəsi olmayan etikaya uyğunlaşdırmaq xətalıdır.[20] Olandan olmalı olanın çıxarılmasına fəlsəfədə naturalist xəta (naturalistic fallacy) deyilir və elmi bir nəzəriyyədən etikaya aid nəticələr çıxarmağa çalışan hər kəs bu tənqidlə qarşılaşır.[21]

NİSBİLİK NƏZƏRİYYƏSİ VƏ TANRI-KAİNAT ƏLAQƏSİ

Nisbilik nəzəriyyəsi ortaya qoyulmadan əvvəlki uzun dövrdə öncə Aristotel, sonra isə Nyuton fizikasında sabit bir kainat modeli fizikaya hakim idi. Ateistlərin demək olar ki, hamısı əzəldən bəri bugünkü kimi var olan bir kainatı nəzərdə tuturdular. Təktanrılı dinlərə inananlar isə Tanrının kainatı bugünkünə bənzər bir formada yaratdığını düşünürdülər.[22] Kainatın başlanğıcı olub-olmadığı məsələsi haqqındakı fikirlər isə daha çox fəlsəfi-məntiqi idi. [23] Heç kim bu mövzuda elmi bir görüşün ortaya qoyula biləcəyinə ümid etmirdi.

1920-ci illərdə bir-birlərindən müstəqil olaraq Aleksandr Fridman və Corc Lemetre nisbilik nəzəriyyəsinin düsturlarından yola çıxaraq kainatın genişlənməli olduğunu göstərdilər.[24] Bu, Böyük partlayış (Big Bang) nəzəriyyəsinin ortaya qoyulmasının ilk addımı oldu. Daha sonra aparılan bir çox təcrübə və müşahidə bu nəzəriyyəni dəstəklədi[25], beləcə heç ümid edilmədiyi halda kosmoqoniya (kainatın mənşəyi) sahəsində elmi bir nəzəriyyə ortaya çıxdı. Tanrı-kainat əlaqəsində kainatın yaradılmış olub-olmadığı ən fundamental məsələlərdən biridir. Yaradılmış kainat fikri, kainatın ilahi şüur və qüdrətlə meydana gəldiyini, naturalizmin ən təməldən səhv bir fəlsəfi görüş olduğunu göstərir. İndiki vaxtda bu mövzuyla əlaqədar müzakirələr daha çox Böyük partlayış nəzəriyyəsi ilə əlaqəli başlıqlarla aparılır. Bu nəzəriyyənin üzərinə inşa edildiyi təməl isə nisbilik nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyələr yoxluqdan varlığa keçidin necə olduğunu göstərməz, lakin kainatın başlanğıc anını göstərərək təktanrılı dinlərin əzəli kainat fikrini müdafiə edən materialist-ateistlərə qarşı, müdafiə etdikləri başlanğıclı kainat fikrində irəli sürülən başlanğıc anını[26] göstərmələrinə imkan verər.

Nisbilik nəzəriyyəsinə əsaslanaraq kainatın başlanğıc anının yalnız maddi kainatın deyil, həmçinin zamanın da başlanğıcı olduğu deyilə bilər. Çünki, daha əvvəl qısaca izah edildiyi kimi kosmos və zaman ayrılmaz bir bütündür. Genişləməkdə olan kosmosu başlanğıcına doğru geri aparsaq, bütün kainatın tək bir nöqtədə çöküşüylə qarşılaşarıq. Bu nöqtədə kosmos yox olduğundan, artıq zamandan bəhs etməyin də bir mənası qalmaz. Buna görə kainatın başlanğıcını kainatın yaradılış anı olaraq görən deistlərin bir çoxu bu anın zamanın da başlanğıcı olduğunu söyləmişlər. Daha əvvəldən kosmosla zaman bir-birlərindən müstəqil varlıqlar olaraq qəbul edildiklərindən Nyuton fizikasının bir tərəfdarı bu sualı soruşa bilərdi: “Tanrı kainatı yaratmadan əvvəl nə edirdi?”. Nisbilik nəzəriyyəsinə görə isə kainatın başlanğıcından əvvəlin tərifi olmadığı üçün burada nəyin reallaşdığını soruşmaq mənasızdır.[27] Buna görə Tanrı ilə əlaqədar bəhs edilən sual da mənasızdır.

Nisbilik nəzəriyyəsi Tanrını sonsuz zamandan bəri var olan bir varlıq olaraq təsvir edən yanaşmaların yerinə, Tanrını fövqəlzaman və zamansız olaraq təsvir edən yanaşmaların güclənməsinə yol açmışdır. Tanrının zamansızlığı ilə əlaqədar fikirlər din fəlsəfəçiləri arasında sıx bir müzakirə mövzusu olmağa hələ də davam etməkdədir.[28] Bu mövzuyla əlaqədar müzakirələrdə, fərqli fikirlərə sahib fəlsəfəçilərin hamısı yanaşmalarında nisbilik nəzəriyyəsinin məlumatlarını göz önündə tutmaq məcburiyyətində olduqlarının fərqindədirlər. Artıq Tanrının zamansızlığı fikrinə qarşı irəli sürülən görüşlər belə, Tanrının bu kainatın zamanı ilə eyni şəkildə axan bir zamana tabe olmadığı mövzusunda həmfikirdir.

Tanrının zaman ilə əlaqəsinin, Tanrının kainata müdaxiləsi ilə əlaqədar fəlsəfi problemlərdə nəzərə alınması əhəmiyyətlidir. Əslində, zamanın nisbi olduğunun başa düşülməsi bu mövzuyla əlaqədar bir çox fəlsəfi problemin həllinə əhəmiyyətli töhfə verə bilər. Məsələn, Leybnitsin Tanrının əvvəldən müdaxilə ilə kainatdakı hər şeyə müdaxiləsini reallaşdırdığına dair yanaşmasını[29] və Malbranşın Tanrının hər an hər şeyə müdaxilə etdiyinə dair yanaşmasını (vəsiləçilik) ələ alaq.[30] Bu iki yanaşmanı bir-birinə əleyhdar yanaşmalar olaraq qiymətləndirənlər olmuşdur, hətta Leybnitsçi yanaşmanı deizm olaraq xarakterizə edənlər də vardır. Müasir kosmologiya ilə Leybnitsçi yanaşmanı bir yerdə ələ alsaq, Tanrının 15 milyard il əvvəl etdiyi bir müdaxilə ilə kainatın hər anına və hər yerinə müdaxilələri olduğunu söyləmiş olarıq. Nəticədə, bu yanaşma ilə Malbranşçı yanaşma arasındakı təməl fərq 15 milyard illik zaman məsafəsindədir. Lakin, nisbilik nəzəriyyəsiylə zamanın nisbi olduğu və Tanrının bu kainatın zamanından asılı ola bilməyəcəyi aydın olduqdan sonra, müzakirə mövzusu 15 milyard ilin ciddi bir əhəmiyyəti qalmır. Bizim üçün 15 milyard il davam edən zaman müddətinin Tanrı üçün bir an kimi olduğunu düşünə bilərik. Necə ki, Yerdən işıq sürətinə yaxın sürətlə hərəkət edən kosmik bir gəmiyə minən hər hansı bir adamın Yer təqviminə görə bir neçə əsr sonra geri döndüyündə yalnız bir neçə il yaşlanmış olmasının nisbilik nəzəriyyəsinə görə çox normal bir fiziki fakt olduğunu xatırlayaq. İnsanlar üçün belə nisbi zamanlı kainatda bu cür faktlar fizika qanunlarına görə mümkün olduğu halda, zamanın və fizika qanunlarının yaradıcısı olan bir Tanrı anlayışına sahib olan kəslər milyardlarla illik zaman müddətlərini rahatlıqla Tanrı üçün bir an hökmündə qəbul edə bilərlər. Bu cür bir anlayışın nəticəsində Leybnitsçi yanaşma ilə Malbranşçı yanaşma arasında əhəmiyyətli bir fərq qalmaz. Deizm üçün əsas olan müdaxilə edən bir Tanrı anlayışının müdafiə olunmasıdır. Nisbilik nəzəriyyəsi “əvvəldən” və “hər an” arasındakı zaman fərqini əhəmiyyətsizləşdirmişdir. Buna görə də Leybnitsçi yanaşmanı kainatdakı hadisələrdən xəbərsiz, kainatla əlaqəsi zəif və ya əlaqəsi heç olmayan bir tanrı anlayışı (deizm) ilə qarışdırmanın yanlış olduğu yaxşıca aydın olmuşdur. Deizm kainatın fövqündə olmasına rəğmən, hər yerinə müdaxilələrdə olan bir Tanrı anlayışını qəbul etdiyi kimi, zamanın fövqündə olmasına baxmayaraq, zamanın hər anına müdaxilələrdə olan bir Tanrı anlayışını da qəbul edə bilər.[31] Təktanrılı dinlər üçün əhəmiyyətli olan Tanrının bütün istəklərdən və hadisələrdən xəbərdar olması və bunlara dilədiyi kimi cavablar verib, müdaxilə edə bilməsidir.

Tanrının kainata müdaxilələrində zamanın nisbiliyi göz önünə alınsa, möcüzə və tale mövzuları üçün də yeni izahlar təmin edilə bilər. Tanrının kainata müdaxilələrində (xüsusilə, möcüzə olaraq xarakterizə edilənlərdə) təbiət qanunlarını pozub-pozmadığı filosoflar arasında müzakirə mövzusu olmuşdur. Təbiət qanunlarının pozulmasına sırf naturalizm adına deyil, Spinoza və Şlayermaxer kimi teoloji yanaşmaları adına qarşı çıxanlar da olmuşdur.[32] Teoloji səbəblərlə qarşı çıxanlar, ümumiyyətlə, təbiət qanunlarının Tanrının təbiətinin bir nəticəsi olduğunu və Tanrının öz təbiətinə zidd bir hərəkət etməyəcəyi üçün, təbiət qanunlarını pozmayacağını və möcüzələrin ola bilməyəcəyini müdafiə etmişdirlər. Biz bu anlayışın tutarlı olmadığını, çünki həm tam mənasıyla təbiət qanunlarının nə olduğunu bilmədiyimizi, həm də ilahi qanunların (İslami anlayış baxımından Sünnətullah da deyilə bilər) bilinən təbiət qanunlarını əhatə edən daha geniş qanunlar ola biləcəyini düşünürük.[33] Lakin, əgər müqəddəs mətnlərdə bəhs edilən və möcüzə olaraq xarakterizə edilən hadisələrin təbiət qanunları pozulmadan necə reallaşmış ola biləcəyi mövzusunu araşdırsaq, qarşımıza çıxan alternativlərdən biri də Tanrının əvvəldən lazımlı müdaxilələri etdiyini (Leybnitsçi yanaşmaya bənzər formada) və zamanı gəldikdə möcüzə olaraq xarakterizə edilən hadisələrin heç bir təbiət qanununu pozmadan reallaşdığıdır. Məsələn, buna görə Tanrı əvvəldən Lut qövmünün Hz. Lutun gətirəcəyi mesajı inkar edəcəyini bildiyindən, müdaxilələri elə bir formada etmişdir ki, dünyada Hz. Lutun yaşadığı yerdə və lazımlı tarixdə Lut qövmünü yox edəcək təbii fəlakəti heç bir təbiət qanununu pozmadan (təbiət qanunlarına əvvəldən müdaxilə ilə vasitəçi səbəb olaraq istifadə edərək) meydana gətirmişdir. Bu yanaşmada, necə usta bir bilyardçı bir çox hücum sonrasını ilk zərbəsində hesablayıb zərbə endirirsə, Tanrının əvvəldən bütün hadisələri və ehtiyacları hesablayıb bir səfərdə lazımlı hər şeyə müdaxilələrini reallaşdırdığı deyilə bilər. Nisbilik nəzəriyyəsi Tanrının əvvəldən hər şeyi nizamladığını söyləyən bu yanaşmayla möcüzələrin reallaşdığı dövr arasındakı zaman fərqini əhəmiyyətsizləşdirdiyi üçün artıq bu cür bir anlayışı müdafiə etməyin daha asan olduğu deyilə bilər.

Nisbilik nəzəriyyəsinin zaman anlayışında etdiyi zehni inqilabı, tale mövzusu üçün də yeni izahlara səbəb ola bilər. Tale mövzusunu  sonsuza qədər geriyə gedən bir çay kimi düşündüyümüz zaman, ən əvvəlinə Tanrı qoyular və sonra Tanrının hər şeyi bu başlanğıcda bildiyi təqdirdə insanların etdikləri hərəkətlərdən məsul olduğu kimi suallar soruşula bilər. Nisbilik nəzəriyyəsi ilə zamanın nisbiliyi göstərildiyi üçün Tanrını zamanın başlanğıcına qoyan anlayışın yerinə, zamanın fövqündə bir mövqedə düşünmənin daha doğru olacağı deyilə bilər. Tale mövzusunun başa düşülməsi üçün irəli sürülən həll təkliflərində Tanrının gələcəyi bilməsi ilə Tanrının gələcəyi təyin etməsinin ayrı tutulması və Tanrının gələcəyi bilməsinin insanların hərəkətlərini məcburi olaraq meydana gətirməsindən qaynaqlanmadığı deyilə bilər. Bu yanaşma İslam düşüncəsində “elm məluma tabedir” şəklində ifadə edilmişdir.[34] Əgər “Tanrı zamannın fövqündədir” deyə düşünülsə, Tanrının gələcəyi bilməsi ilə təyin etməsi arasında olduğu düşünülən paradoksa yeni izahlar gələ biləcəyini düşünürük. Çünki, artıq “bilmək” hadisəsi milyardlarla il geridə olan bir hadisədən çox, zamanın fövqündə olan ölçüdə reallaşan bir hadisə olaraq təsəvvür ediləcək.

NİSBİLİK NƏZƏRİYYƏSİ VƏ TƏKTANRILI DİNLƏRDƏKİ İNANCLAR

Nisbilik nəzəriyyəsinin xüsusilə zamanın və kosmosun nisbiliyini göstərməsinin təktanrılı dinlərin digər bəzi inanclarının başa düşülmə tərzinə də əhəmiyyətli töhfələr verə biləcəyi qənaətindəyik. Bunlardan biri dünyanın və insanların kainatdakı və zaman dilimindəki yeri ilə əlaqədardır. Əvvəl Kopernik ilə dünyanın kainatda mərkəzi bir mövqedə olmadığı aydın olmuş, sonra kainatda yüz milyardlarla ulduzun var olduğu öyrənilmiş və bu inkişaflar bir çox insanda dünyanın və içində yaşayan insanların xüsusi bir mövqedə olmadıqlarına dair bir təəssüratın meydana gəlməsinə səbəb olmuşdur. Ayrıca, kainatın başlanğıc zamanı olaraq müəyyən edilən 15 milyard il əvvələ nəzərən insanların Yerdə görünmə müddəti çox qısadır. Bu fakt da bəziləri tərəfindən insanların Tanrının qatında xüsusi bir yeri olduğuna dair təktanrılı dinlərin düşüncələrinə zidd hesab edilmişdir. “Tanrı insanları yaratmaq üçün niyə 15 milyard il gözlədi?” və ya “bu qədər böyük kosmosda dünyanın əhəmiyyəti nə ola bilər?” suallarına bənzər sualları bir çoxumuz eşitmişik. Nisbilik nəzəriyyəsi bu suallara cavab verilməsi üçün imkanlar təqdim edir. Əgər zaman nisbi olmasaydı və bu kainatın zamanı Tanrı üçün də etibarlı olsaydı, Tanrının 15 milyard il gözləməsi müzakirə mövzusu ola bilərdi. Lakin, zamanın nisbiliyi göstərildikdən və bu kainatın fövqündə bir varlıqdan bu kainatın zamanından asılıymış kimi danışmağın yanlış olduğu aydın olduqdan sonra, bu tərz suallar mənasızlaşıb.

Ayrıca, nisbilik nəzəriyyəsi kütlə və kosmosun nisbiliyini də göstərdi. Buna görə kosmosun böyüklüyünə əsaslanaraq insan varlığını əhəmiyyətsizləşdirməyə yönəlmiş arqumentlər zamanın uzunluğu üzərində inşa edilməyə çalışılan arqumentlərlə eyni kateqoriyadadır. Nisbilik nəzəriyyəsi dünyanın və insanların kainatda xüsusi bir yeri olduğunu göstərməz, lakin insanların və dünyanın yerinin xüsusiyyətinə qarşı zamanın uzunluğuna və ya kosmosun böyüklüyünə istinad edilərək gətirilən arqumentləri etibarsız edər.[36]

Ayrıca ölən insanların təktanrılı dinlərin eskatologiyalarında əhəmiyyətli bir yer tutan hesab gününə qədər nə edəcəkləri də bir çox adamın maraq mövzusu olmuşdur. Minlərlə il əvvəl ölən insanların niyə qəbirlərində digər insanlardan min illərlə çox qalması da soruşula biləcək bir sualdır. Zamanın nisbiliyinin başa düşülməsi bu tərzdə soruşula biləcək suallara cavablar verilməsi üçün yeni imkanlar təqdim edir. Nəticədə, bu formada sualların hamısı zehinlərdə mütləq zaman dizaynının var olmasının nəticəsidir. Əgər zehinlərdəki bu səhv anlayışlar düzəldilsə, köhnə suallara yeni yanaşmalarla cavab verilməsi mümkün ola bilər. Nisbilik nəzəriyyəsi dünyanın və insanların xüsusi bir yerə sahib olduqlarını göstərmədiyi kimi, bəzi insanların qəbirlərində qalma müddətinin də ilahi hikmətini göstərməz. Lakin, bu nəzəriyyəylə dünyanın və insanların yerinin xüsusiyyətinə qarşı gətirilən arqumentlərin xətası və min illərlə qəbirlərdə gözləyən insanlarla əlaqədar soruşulan sualların zaman haqqındakı səhv anlayışlardan qaynaqlandığı göstərilə bilər.

NƏTİCƏ

Nyuton fizikasının hakimiyyəti altında kosmologiyanın aşağı yuxarı bitmiş bir proyekt olaraq görüldüyü 20-ci əsrin əvvəllərində Eynşteynin ortaya atdığı nisbilik nəzəriyyəsi zaman, kosmos və kütlə kimi anlayışlarda köklü dəyişikliklər etdi. Bu dəyişikliklərin təbiət elmlərinin yanında fəlsəfə və teologiya sahələrində də əhəmiyyətli əks-sədaları oldu.  Lakin, bu nəzəriyyəyə söykənərək edilən bəzi fəlsəfi çıxarışlar sağlam olmamışdır və bunların düzəldilməsi lazımdır. Bunlardan biri bu nəzəriyyənin məlumatlarının dəyərlərin nisbiliyinə dair postmodernist dünyagörüşünü dəstəklədiyinə dair bir iddiadır. Halbuki, bu nəzəriyyə işığın sürəti kimi bəzi sabitlərin və daha da əhəmiyyətlisi təbiət qanunlarının universallığını göstərməkdə və elmin obyektiv həqiqətə çatmaqda bir vasitəçi ola bilməyəcəyini iddia edən postmodernist yanaşmalarla tamamilə ziddiyyət təşkil etməkdədir. Ayrıca, bu nəzəriyyədən etika sahəsiylə əlaqədar bəzi mühakimələr çıxarılmağa cəhd edilsə, “olan”dan “olmalı olan”ın çıxarılmağa cəhd edilməsini ifadə edən, fəlsəfədə “naturalist xəta” olaraq bilinən səhvə yol verilər.

Nisbilik nəzəriyyəsi kainat və zaman anlayışında etdiyi əhəmiyyətli dəyişikliklərlə Tanrı-kainat əlaqəsi haqqında anlayış tərzimizə yeni baxışlar gətirməmiz üçün imkanlar təqdim edir. Bu nəzəriyyənin düsturları sayəsində Böyük partlayış nəzəriyyəsi ortaya qoyulmuş və təktanrılı dinlərin olduğunu müdafiə etdikləri “başlanğıc”ın göstərilməsi bu nəzəriyyəylə mümkün olmuşdur. Ayrıca, bu başlanğıcın yalnız kainatın deyil, zamanın da başlanğıcı olduğu fikri bu nəzəriyyənin zaman anlayışı sayəsində müdafiə olunmağa başlanmışdır. Beləliklə, Tanrının daha əvvəl bir çox adamın zənn etdiyi kimi – bizim qəbul etdiyimiz şəkildə bir zaman anlayışına tabe olmaması lazım olduğu yaxşıca aydın olmuş və bu, Tanrı-kainat əlaqəsinin qurulmasında da yeni baxış bucaqlarını mümkün etmişdir. Məsələn, Leybnitsçi bir anlayışla Tanrının bütün müdaxilələri əvvəldən etdiyini müdafiə edənlərlə, Malbranşçı bir anlayışla Tanrının hər an müdaxilə etdiyini müdafiə edənlər arasında nisbilik nəzəriyyəsi sayəsində ciddi bir fərq qalmamışdır. Bu isə Tanrının təbiət qanunlarını pozmadan necə “möcüzələr” yaratmış ola biləcəyi (yaratdığı deyil) mövzusunda Leybnitsçi yanaşmaya bənzər görüşlərin daha çox diqqətə alınması lazımlı alternativlər olması deməkdir. Həmçinin, nisbilik nəzəriyyəsinin göstərdiyi “mütləq olmayan zaman”ın dizaynı Tanrının “zaman xarici” olaraq təsəvvür edilməsini asanlaşdırar. Bu isə Tanrının gələcəyi “bilməsi” ilə “təyin etməsi” arasında olduğu düşünülən paradoksun təhlil edilməsi üçün yeni açıqlamlar gətirə bilər.

Bu nəzəriyyə, həmçinin, kainatın başlanğıcından günümüzə qədər keçən 15 milyardlıq müddətə qarşı insanların yer üzündə varlıq meydanına çıxdığı (var olduğu) müddətin qısalığına və kosmosun böyüklüyünə qarşı dünyanın kiçikliyinə vurğu edərək, dünyanın və insanların xüsusi olmadıqlarını irəli sürən və təktanrılı dinlərin bu mövzudakı inanclarına etiraz edənlərə cavab verilməsini mümkün edir. Çünki, 15 milyard illik müddətin uzunluğu və kosmosun mövcud böyüklüyü, əgər kosmos və zaman anlayışları mütləq olsaydı və Tanrı da bizim kainatımızın zamanına tabe olsaydı, bənzər bir çıxarışın mövzusu ola bilərdi. Halbuki,  nisbilik nəzəriyyəsinin göstərdiyi kimi kosmos və zaman nisbidir, bəhs edilən müddətin və böyüklüyün başqa bir ölçüdə çox əhəmiyyətsiz olduğunu və dolayısı ilə müddət uzunluğu və böyüklüklərdən bir şeyin əhəmiyyətinə dair çıxarış edə bilməyəcəyimizi söyləyə bilərik. Zamanın nisbiliyinin başa düşülməsi minlərlə il əvvəl ölənlərin axirət həyatına qədər nə edəcəkləri kimi “mütləq zaman” anlayışından qaynaqlanan teologiyayla əlaqədar suallara yeni dünyagörüşlərilə cavab verilməsini də mümkün edir. Fizika elmi baxımından, çox əhəmiyyətli bir yerə sahib olan bu nəzəriyyə fəlsəfədəki və teologiyadakı köhnə suallara yeni baxış prizmasından yaxınlaşılmasına imkan tanıyır.

[1] Albert Einstein, İzafiyet Teorisi, (çev: Gülen Aktaş), Say Yayınları, İstanbul (2001), s. 13-53.

[2] Albert Einstein, İzafiyet Teorisi, s. 44.

[3] Michael Guillen, Dünyayı Değiştiren Beş Denklem, (çev: G. Tanrıöver), TÜBİTAK, Ankara (2001), s. 201.

[4] Stephen Hawking, Zamanın Kısa Tarihi, (çev: Sabit Say, Murat Uraz), Doğan Kitapçılık, İstanbul (1988), s. 41-42.

[5] Stephen Hawking, Ceviz Kabuğundaki Evren, (çev: Kemal Çömlekçi), Alfa Yayınları, İstanbul (2002), s. 10-11.

[6] Paul Davies, God and The New Physics, Simon and Schuster, New York (1983), s. 120-121.

[7] Stephen Hawking, Ceviz Kabuğundaki Evren, s. 19-21.

[8] Stephen Hawking, Ceviz Kabuğundaki Evren, s. 9.

[9] Bu nəzəriyyə makroaləmin ən əhəmiyyətli nəzəriyyəsi ikən, mikroaləmin (atom daxili səviyyə) ən əhəmiyyətli nəzəriyyəsi kvant nəzəriyyəsidir. Bu iki nəzəriyyənin bir-birləriylə ziddiyyətli istiqamətləri olması (tapılması) alimləri və fəlsəfəçiləri sıx şəkildə məşğul etməkdədir.

[10] Irwin M. Klotz, Postmodernist Rhetoric Does Not Change Fundamental Scientific Facts, The Scientist, 10/15, 22 Temmuz 1996, s. 9.

[11] Thomas  Kuhn, The Structure of Scientific Revolutions, 2. Nəşr/təzyiq, The University of Chicago Press, Chicago (1970).

Kunun kitabında “paradiqma dəyişiklikləri” üçün verilən ən əhəmiyyətli nümunələrdən biri Nyuton fizikasından Eynşteyn fizikasına keçiddir. Əgər Kunu doğru qəbul etsək, Eynşteyn fizikasının ayrı bir paradiqma, Nyuton fizikasının da ayrı bir paradiqma olduğunu və bunları bir-birilərilə müqayisə edə bilməyəcəyimizi (Kuna görə paradiqmaları müqayisə etməyi təmin edəcək bir ölçü yoxdur) qəbul edərək, bu paradiqma dəyişikliklərini “din” dəyişikliyi kimi qiymətləndirərik. Halbuki, bizcə, Eynşteyn fizikasını Nyuton fizikasının inkişaf etdirilmiş və qismən düzəldilmiş forması olaraq qəbul etmək daha doğrudur. Lakin, Kunun elmi işlərinin ictimai bir ölçüsü olduğunu və bunun göz ardı edilə bilməyəcəyini söyləyən epistemolojik yanaşmasını çox qiymətli tapdığımızı  və bu yanaşmanın göz önündə saxlanılması lazım olduğunu düşündüyümüzü də ifadə etmək istəyirik.

[12] John L. Taylor, “Christianity, Science and The Postmodern Agenda”, (ed: Denis Alexander, Can We Be Sure About Anything içinde), Apollos, Leicester (2005), s. 79.

[13] Ian Barbour, Religion in an Age of Science, Harper and Row Publishers, San Francisco (1990), s. 110-112.

[14] Irving M. Klotz, Postmodernist Rhetoric Does Not Change Fundamental Scientific Facts, s. 9.

[15] Ian Barbour, Religion in an Age of Science, s. 109.

[16] Paul Davies, God and The New Physics, s. 137.

[17] Ian Barbour, Religion in an Age of Science, s. 111.

[18] Kant, The Critique of Pure Reason, (çev: J.M.D. Meiklejohn), William Benton, Chicago (1971)  ; Bertrand Russell, Rölativitenin Abc’si, (çev: Vahap Erdoğdu), Sarmal, İstanbul (1995), s. 169.

[19] Ian Barbour, When Science Meets Religion, Harper Collins Publishers, San Francisco (2000), s. 74.

[20] David Hume, A Treatise of Human Nature, Oxford University Press, Oxford, s. 87.

[21] Antony Flew, Darwinian Evolution, Transaction Publishers, New Brunswick (1996), s. 124-125.

[22] Aristotel kimi həm Tanrını, həm də kainatı əzəli görən filosofların yanında İslam aləmində Fərabi, İbn Sina kimi “əzəldən yaratma” fikirini müdafiə edən filosoflar olmuşdur. Bunlar ayrı siniflər (təsnifat) olaraq ələ alına bilər. Lakin, əsas iki sinif “Tanrının yoxdan yaratdığı, başlanğıclı kainat” və “Tanrının olmadığı, əzəldən bəri var olan kainat” düşüncələrinə sahib olmuş və bu görüşlər bir-birlərinə qarşı mövqeləndirilmişdir.

[23] Bu tipdəki arqumentlər üçün nümunə olaraq baxa bilərsiniz: İbn Sina, Kitabu’ş Şəfa: Metafizik, (çev: Əkrəm Dəmirli, Ömər Türker), Litera Nəşriyyat, İstanbul (2004), s. 35-45; William Lane Craig, The Kalam Cosmological Argument, Wigf and Stock Publishers, Eugene (2000).

[24] Joseph Silk, Evrenin Kısa Tarihi, (çev: Murat Alev), TÜBİTAK Popüler Bilim Kitapları, Ankara (2000), s. 235; David Filkin, Stephen Hawking’in Evreni, (çev: Mehmet Harmancı), Aksoy Yayıncılık, İstanbul (1998), s. 90.

[25] Bu deliller için bakınız: Ralph A. Alpher, Robert Herman, Genesis of The Big Bang, Oxford University Press, New York (2000).

[26] Değişik hesaplama tekniklerine göre hesaplanan bu başlangıcın aşağı yukarı 15 milyar yıl önce olduğu tahmin edilmektedir.

[27] Stephen Hawking, Ceviz Kabuğundaki Evren, s. 35.

[28] Michael Peterson ve diğerleri, Akıl ve İnanç, (çev: Rahim Acar), Küre Yayınları, İstanbul (2006), s. 92-95.

[29] Leibniz, Monadoloji, (çev: Suut Kemal Yetkin), Milli Eğitim Bakanlığı Yayınları, İstanbul (1997), s. 9-11.

[30] Malebranche, Hakikatin Araştırılması, (çev: Sevim Belli), Sol Yayınları, İstanbul (1997).

[31] Phil Dowe, Chance and Providence, Science and Christian Belief 9, Nisan, 1997, s. 9.

[32] Spinoza, Tractacus Theologico-Politicus, (çev: Samuel Shirley), Brill Academic Publishers, Leiden (1997); Friedrich Schleiermacher, The Christian Faith, T. and T. Clark Publishers, Edinburgh (1999).

[33] Bu mövzudakı nəzərlərimiz üçün baxın:  Caner Taslaman, Din Felsefesi Açısından Entropi Yasası, Marmara Üniversitesi İlahiyat Fakültesi Dergisi, Sayı 30, 2006/1, s. 108-111.

[34] Bu mövzuyla əlaqədar olaraq baxın: Hanefi Özcan, “Bilgi-Obje İlişkisi Açısından İnsan Hürriyeti”, Dokuz Eylül Üniversitesi İlahiyat Fakültesi Dergisi 5, 1989; Kasım Turhan, Kelam ve Felsefe Açısından İnsan Fiilleri, Marmara Üniversitesi İlahiyat Fakültesi Vakfı Yayınları, İstanbul (2003).

[35] İlk olaraq 1974-cü ildə ortaya çıxan və İnsani Qanun (Anthropic Principle) olaraq adlandırılan yanaşmanın məlumatlarının da dünyanın və insanların xüsusi mövqeyinə qarşı gətirilən etirazlara qarşı göz önündə saxlanılması lazımdır. Buna görə kainatdakı meydana gəlmələr, insanların varlığını mümkün edəcək kritik aralıqlarda reallaşmışdır. Əgər dünyamız daha əvvəl meydana gəlsəydi, insanların varlığını mümkün edəcək karbon və oksigen kimi atomlar kafi nisbətdə olmayacaqdı; daha sonra meydana gələcək bir dünya üçün isə (kosmosda getdikcə yeni ulduzların və planetlərin meydana gəlməsini təmin edəcək xammal azaldığından) var olmaq imkanı qalmaya bilərdi. Eyni şəkildə, əgər kainatımız daha kiçik olsaydı, istilik dünyamızdakı həyata və planetlərin yaxınlığı orbitimizə mənfi təsir edərdi. Kainatımız daha böyük olsaydı, Günəş sistemimizi meydana gətirəcək xammallar bir araya gəlməyə bilərdi. Nəticədə, bu məlumatlar kainatımızın və dünyamızın yaşı ilə kosmosun böyüklüyünün insanların meydana gəlməsinə və yaşaya bilməsinə tam uyğun şəkildə olduğunu göstərir. Bu məlumatlar nisbilik nəzəriyyəsi ilə birləşdirilsə, insanların və dünyanın yerinin xüsusiyyətinə qarşı gətirilən arqumentlərə cavab vermək (bəhs edilən “xüsusi olmaq” vəziyyəti isbat edilə bilməsə də) mümkün ola bilər. (İnsani Qanun üzərinə fəlsəfi və teolojik müzakirələr hələ sıx bir şəkildə davam etməkdədir.)