Sentyabr 20, 2020

Müəllif: Ziya Balıyev

Məşhur həkim Vasif İsmayıl bu günlərdə bir statusun rəy bölməsinə qeyd edib ki, şiələr dünyanın balığın üstündə olduğuna inanırlar və bunu qəbul etməyən də onlara görə zındıqdır. Bunu da əsaslandırmaq üçün əl-Kafi hədis kitabından bir hədisi əsas gətirir. Vasif bəyə cavab yazdıqdan sonra iddiasını əsaslandıra bilmədi və bizi blok etdi. Balıq məsələsinə gəlməzdən öncə bir neçə məsələyə aydınlıq gətirək.

Əvvəla Vasif həkim yazdığı rəylərlə İslamdan nə qədər xəbərsiz olduğunu açıq formada ortaya qoyur. Rəylərdə bir neçə nüansa toxunub ki, İslam haqqında ən cüzi biliyə sahib insan belə onların elə olmadığını bilir. Gətirdiyi hədisi bir nəfər kitabdan çəkib atmasını xahiş edib. O isə cavab verib ki, “Mən çox ciddi insanam. Məndə Biharül Ənvar kitabının 13 cildi də var. Heç olmasa get Sistaninin, Xomeyninin izahlı şəriət məsələlərini oxu.” İndi diqqət edin. Birincisi, Biharül Ənvar əsəri 13 cild yox, 110 cilddir. Bu rəqəm xətası heç də balaca deyil. 110-la 13 arasında hardasa 8 dəfəyə qədər fərq var. İkincisi, hədis məsələsi izahlı şəriət məsələsi kitablarında olmur. Hədis haqqında verilən suala “get şəriət kitabı oxu” cavabını vermək sadəcə rəzillikdir. Şəriət məsələsində ancaq fiqhi nüanslara toxunulur (halal, haram, məkruh və.s.). Daha dünyanın balıq üstündə olmasının o kitablarla yaxından uzaqdan əlaqəsi yoxdur. Əl-Mizan təfsirini oxuması isə sadəcə komediyadır. Təsəvvür edin əl-Mizan təfsirini oxuyan bir adam Əllamə Təbatəbaiyə “İmam Təbatai” deyir. Bir adı yanlış demək normal haldır, amma sən o müəllifin 20 cildlik əsərini oxumusansa, adını bu qədər xətalı demən mümkün deyil. Yəni, əl-Mizanı oxuması da sadəcə öz uydurduğu yalandır.

Ardınca balıq məsələsinə keçib ki, bunu bütün şiələr qəbul edir, etməyən də onlara görə zındıqdır. Bu da tamamilə yalan məlumatdır. Heç qədim alimlər belə bir şeyi qəbul etməyiblər, qaldı yeni alimlər. Vasif İsmayılın bu dedikləri sadəcə öz uydurduğu və inanmaq istədiyi yalanlardır ki, bu cür şeylərlə ancaq öz səviyyəsində bilgisi olan fərdləri aldada bilər, onlardan alqış ala bilər.

Daha sonra qeyd edir: “Bu hədis səhihdir.” Bu da tamamilə yalan iddiadır. Biz rəydə dəfələrlə qeyd etdik ki, “Vasif bəy, zəhmət olmasa bizə şiə rical və hədis elminə görə səhihlik kriteriyalarını deyin və daha sonra bu kriteriyalara görə hədisin səhihliyini isbat edin.” Halbuki, Vasif bəydən heç bir cavab gəlmədi. Çünki bilmir. Bir yalan idi, ortaya atdı və düşündü ki, bilməyənlər inanarlar, bu da tutmadı. Cavab verə bilmədikdən sonra bizə dedi ki, şiə alimlər səhih deyir. Biz təkrar hansı şiə aliminin səhih dediyini sual etdik. Buna da cavab vermədi. Ən sonda buna əl atdı ki, “Əllamə Məclisi yazıb kitabı, gedin onu araşdırın.” Biz də qeyd etdik ki, Əllamə Məclisi sadəcə hədisləri toplayıb, səhihlik məsələsi isə rical və hədis elmi əsasında müəyyənləşir. Ardından yenə boş-boş sözlər yazdı və bizi blok etdi. Ateistlərin təməl xarakteri belədir. Mövzunu bilmirlər, bilmədikləri şey haqqında fikir bildirirlər, daha sonra sadəcə bir sualla yox olurlar. Necə deyərlər “Bir şey bilmədikləri pisdir. Daha pis olan isə budur ki, bir şey bilmədiklərini də bilmirlər.”

İndi keçək balıq üstündəki dünya məsələsinə. Vasif bəyin gətirdiyi hədislər səhih deyillər. Çünki, ən azından Quran və əqli prizmayla bir başa ziddiyət təşkil edirlər. Mütəvatirliyi və rical məsələsi hələ tam başqa mövzudur. Bu mövzuda şiələrin və sünnilərin səhih saydığı sadəcə bir hədis var, o da ibn Abbasdan nəql olunan məşhur hədisdir. Bu hədisin də izahı var və fiziki balıqdan söhbət getmir hədisdə. Hədis belədir:

“Bir nəfər peyğəmbərdən soruşdu ki, dünya nəyin üstündədir? Peyğəmbər ona cavabında dedi ki, balığın. Bir müddətdən sonra eyni sualı soruşan şəxsə dedi ki, buğanın.”

Hədisdən açıq aşkar başa düşülən budur ki, bu suallar iki ayrı zamanda soruşulub və iki ayrı cavab verilib. Burada peyğəmbərin balıq və buğa deyərkən qəsd etdiyi bürclərdir. Bürclər bizim müxtəlif ulduzlara verdiyimiz adlardır. Dünyamız bu ulduzların üzərindən keçərkən, həmin 30 (31) günlük perioda bürclərin adı verilir. 12 ədəd belə bürc vardır ki, dünyamız hər il onların üzərindən keçir. Peyğəmbər də ayrı-ayrı vaxtlarda gələn insanlara bürclərin adını söyləyib.

İRAD 1: Bu yalandır. Bunu siz sonradan uydurmusunuz.

CAVAB: Burada əsas nüans budur ki, peyğəmbər iki ayrı zamanda iki ayrı şeyi niyə vurğulayıb. Dünyanın nəyin üstündə durması dəqiq bilgidir. Bu ötəri bilgi deyil ki, bir aydan sonra yadından çıxsın. Əgər sənin coğrafiyanda hamı dünyanın balıq üstündə olduğunu bilirsə, sən uşaqlıqdan bunu dəqiq bilgi kimi qavramısan. Bu zaman sual sənə ünvanlananda “görəsən nəyin üstündə idi?” tərəddüdünə qapılman mümkün deyil. Məsələn, bu gün hamımız dünyanın boşluqda olduğunu bilirik. Bu dəqiq bilgidir. Sabah kimsə bizdə soruşsa, heç bir tərəddüd olmadan dəqiq cavab verəcəyik. Peyğəmbərin iki ayrı zamanda, iki fərqli şeyi deməsi bir başa isbat edir ki, qəsd olunan fiziki balıq və ya buğa yox, bürclərdir.

İRAD 2: Peyğəmbər nə üçün onlara bir başa demədi ki, dünya boşluqda dayanıb.

CAVAB: Biz peyğəmbərin və imamlarına cavablarına baxarkən görürük ki, onlar hər fərdin öz tutumuna görə cavab veriblər. Peyğəmbər o dövrün ərəbinə desəydi ki, dünya boşluqda dayanıb, ərəb bunu başa düşə bilməyəcəkdi və ağlında dəhşətli suallar yaranacaqdı. Buna görə də peyğəmbər bunu demir, əvəzində yalan da danışmır. Həm doğru olanı, yəni bürcü, həm də ərəbin qavraya biləcəyini deyir. Bu da ən ideal addım idi.