Aprel 15, 2019

Hacı Şahin Həsənli – Dinsizliyin əsas səbəbi: mənfəətpərəstlik

Ümiyyətlə, bu gün dini gözəl təqdim etməyə ehtiyac var. Din gözəldir, gözəl təqdim olunmur. Başqaları çirkin şeyi  gözəl təqdim edir, bizim isə əlimizdə gözəllik  var, biz onu çirkinləşdirib camaata çadırırıq. Biri yəqinlə iddia edir ki, “Allah, din boş şeylərdir”. Niyə yəqin bilirsən? Ehtimalı niyə yəqin etmisən? Ehtimalən bəlkə düz şeydir? Allah deyir: “Sən ehtimalnan da olsa, de ehtimalən  Allah var,  dinə gəl, mən əlindən tutum sənin, o ehtimalını yəqinə çatdrım.”  

Bilirsiniz dərdimiz nədir? Quran hansı şeydən gileylənir? Quran deyir ki, “Siz insanlar ehtimallarla əhatə olunmusunuz, meylinizə uyğun olan ehtimalları yəqin kimi qəbul edirsiniz, kefinizə belə düşür, xoşunuza gəlir ki, belə olsun. Ehtimalı yəqin kimi qəbul edirsiniz. Xoşunuza gəlməyəndə inkarı yəqin edirsiniz.” İki ehtimal arasında qalanda, insafın olsun, meylinin diktəsiylə ehtimalları yəqinə çevirmə. Dünyada bir dənə ateist tapılmaz ki, yəqinlə desin  “Allah yoxdur”, amma  yəqinlə danışır. Heç olmasa de “ehtimalən”. Allahın sözünə çatanda ehtimal da vermirsən ki, düz söz deyir. Buna baxmayaraq, Allah yüz dənə dəlil gətirir. Allahı  inkar edənin sözünü  yəqinlə qəbul edir, Allahı təsdiq edənin sözünü yəqinlə rədd edir. Hər ikisi də ehtimal olaraq qəbul olunsun. Dinin sözü budur. Sözüm budur ki, bir insan ehtimalı yəqin kimi qəbul edirsə, o insanın şəxsiyyətində problem var, yüz faiz problem var. Ehtimal var Allah var, ehtimalən yoxdur. Belə danışaq hələ. Ehtimalən Allah var. Məndən başqa bəlkə heç kəs minbərdən bu sözü deməyib. Allahın məntiqidir. Ən ibtidai məntiq. Ehtimalən Allah var, ehtimalən Allah yoxdur. Sən burada qəti, dəlilsiz, sübutsuz,  o ehtimalı yəqinə çatdırsan ki, Allah yoxdur, sənin şəxsiyyətində problem var və dəlilsiz, sübutsuz da ehtimalda qalsan ki, Allah var, o zaman da şəxsiyyətində problem var.

Allah Quranda bizə belə deyir ki, “Ehtimalları kefin istədiyi şeylərdə, özünə sərf edən işlərdə tez yəqinə çevirmə.” Diqqət etsəniz, and olsun Allaha camaatın çoxunun problemi budur. Ehtimaldır, amma sərf edən kimi tez deyir “Belədir də, belədir, belədir.” Tez o nəticəni əldə etsin. Allah deyir namərdlik etmə. Bu bir növ şəxsiyyət nöqsanıdır insan üçün. Dayan orada, özünə de ki, “İnsafla danış. Axı bu  ehtimalı sərf etdiyinə görə nə tez yəqinə çevirdin. Sən onu yəqinə çevirəndən sonra tənqid etmək gücü qalmayacaq, obyektivliyi itirəcəksən.” Özünə fürsət ver  düşüncəni tənqid etməyə. Bəziləri belə deyir. Eşitmisiniz bu sözləri. Deyir: “Dindarlarla danışmaq olmur, çünki öz qəbul etdiyini doqma hesab edir və düşünmək  imkanı vermirlər adama.” Qətiyyən elə deyil, qətiyyən. Allah harda deyib bu sözü? Bəzi  insanlar Cəhənnəmə gedəcəklər Qiyamətdə. Quran buyurur onlar deyəcəklər ki, “İlahi, bizi bağışla, dünyaya qaytar. Bizim yəqinimiz yox idi,  Cəhənnəmə, ona görə gəldik Cəhənnəmə düşdük.” Allah cavab verəcək. Bilirsiz nə cavab verəcək? Öz dilimizdə desək, Allah deyəcək ki, “Sizin probleminiz bunda deyildi ki, sizin yəqininiz yox idi Allaha, siz qafil idiniz. Mən sizdən yəqin tələb etmirdim ki, ilk gündən mənə yəqininiz olsun. Heç olmasa, ehtimal vermirdiniz ki, bəlkə Allah var. Ehtimal əsasında heç olmasa Allahı qəbul etsəydiniz, qalanını mən düzəldərdim. Siz o qədər şəxsiyyətsiz adam idiniz ki, o ehtimal sizə sərf etmirdi deyə tez onu yəqinə çeviridiniz  və qətiyyətlə məni inkar etdiniz.” Kim sizdən yəqin tələb edirdi ki, siz deyirsiniz mənim yəqinim yoxdur. Dindar dinsizə demir ki, mənim dediyimi yəqinlə qəbul et. Dindar dinsizə deyir ki, “Heç olmasa ehtimal ver və ehtimala əsas ver.” Allah Qiyamətdə nəyə əsasən  insanların dini inkar etməsini üzə çıxaracaq? Çəkəcək bəndəsini, bəndə özü deyəcək ki, “Bu, bu, bu  ehtimallara görə  mən deyirdim ki, Allah yoxdur.” Allah da deyəcək ki, “Bu, bu, bu ehtimallara görə də Allah var idi, din haqq idi.” Bəs niyə qətiyyətlə dedin yox idi? Onda  o xislət var idi ki, tez o ehtimala yəqin libası geyindirirdi , o xislət üzə çıxacaq,  zühur edəcək. Allah deyəcək: “Bax, sənin  xasiyyətində bu namərdlik var idi, bu şəxsiyyətsizlik var idi ki, sən tələsik ehtimalı yəqinə çevirdin. Bu xislət səbəb oldu.” Allahın hesab-kitabı Qiyamətdə belədir.

Sizdən soruşuram, Allah Quranın harasında bizi danlayır ki, yəqininiz yoxdur, niyə yoxdur? “وَاعْبُدْ رَبَّكَ حَتّٰى يَأْتِيَكَ الْيَق۪ينُ”“Allaha  ibadət et, ta ki, yəqinə çatana qədər.”[1] Gələn kimi demir sən yəqinə çatasan. İbadət et, ta ki, yəqinə çatasan. Din bir şey istəyir ki, heç olmasa haqlılılğa olan ehtimallar əsasında  Allaha tərəf üz tut. Sənə sərf edən ehtimalı seçmə. Niyə ayrı-seçkilik salırsan ehtimallar arasında? İki ehtimaldan birini yəqin kimi qəbul edirsən. Hansı əsasla? Niyə? Daxilinə müraciət et. Sənə sərf edəndirsə, şəxsiyyətsiz adamsan, şəxsiyyətində nöqsan var. Sən niyə ümumiyyətlə  xoşun gəldiyi yerə yüyürüb qaçırsan? Bir nəfər var idi, deyirdilər ki, əzadarlıqda guya bunun ürəyi gedirdi. Həmişə qadınlar tərəfə yıxılırdı. Dedilər: “Yaxşı, ürəyin gedir, başa düşdük. Bir dəfə də kişilər tərəfə yıxıl. Niyə sən ancaq o tərəfə yıxılırsan?” Axı sən niyə tez  qaça-qaça o ehtimallara tərəf yüyürürsən? O ehtimallar sənə sərf edir? Bax problemin kökü bundadır. Quran görün  necə incə şəkildə buna işarə edir. Ehtimallarında qal, obyektivi seç.

Diqqətli olun! Mən demirəm, Allah deyir axıracan ehtimal əsasında dindarlıq edin.  Ehtimalnan gəlin heç olmasa, Allah bu ehtimallarınızı yəqinə çatdırar. Məsələn, hansısa xarici xəbər agentliyi nəsə xəbər verir,  gözüyumulu deyirlər, “Belədir də, belədir”. Mənim kimi yüz dənə yazıq  deyir, deyirlər: “Əşi, nə danşır bu?” Mərd ol,  denən o da bilinmir nə üçün danışır, ehtimaldır. Hər ikisinə ehtimal ver. Əbu Cəhl deyirdi ki, “Abdullahın yetimi (peyğəmbərçün deyir) peyğəmbərlik iddiası edir.” Deyirdilər ki, “O düz adamdır?” Deyirdi, “Hə, düz adamdır.”  Deyirdilər “Səncə yalan danışar?” Deyirdi “Yox  danışmaz.” Soruşurdular “Bəs niyə qəbul etmirsən?” Deyirdi, Çox çətindir mənə, qəbul edə bilmirəm.” Bir neçə dəfə peyğəmbəri  qucaqlayıb bağrına basıb öpmüşdü. Hissini gizlədə bilməmişdi. Demişdilər ki, “Sən niyə onu öpürsən?” Deyirdi “Neynim, onu çox istəyirəm.” Düşmən idi onunla. Deyirdilər, “Bəs niyə qəbul etmirsən?” Deyirdi “Mənimçün ağırdır.” Çox ehtimal verirdi ki, o peyğəmbərdir. İçində nəsə mane olurdu ki, o ehtimala əsasən davransın, addım atsın. Bəziləri özünə mütəfəkkir deyir, amma yoxlasan ancaq  güman və zənləri yəqin kimi qəbul edib.

Şimr gəldi İmam Hüseynin (ə) başını kəsəndə Hüseyn (ə) ona baxdı dedi ki, “Sən bilirsən mən peyğəmbər oğluyam?” Dedi “Bəli.” Soruşdu “Bilirsən  mən Zəhranın (ə) oğluyam? Sözünü kəsdi dedi: “Ağa dayan. Bilirəm sən kimsən, filankəssən. Qiyamətdə də mənə cəza verəcəklər səni öldürdüyümə görə.Amma bəsdir, qurtar söhbəti”. İmam Hüseyn (ə) təbəssüm etdi o yerdə. Daxil belə bir şeydir ki, düçüncə onu sərf edən istiqamətə yönəldir. Allah bu incə və psixoloji məqama Quranda işarə edir. Həyatımızda çox şeyi  güman və zənn əsasında edirik. Diqqətli olaq ki, istəklərimiz güman və zənlərimizi  idarə etməsin. Öz istəyinə uyğun ehtimalları qəbul et, öz istəyinə zidd ehtimalları rədd et, bu namərdlikdir. Yoxsa deyir ki, bu dindarlarla  danışmaq olmur. Gələn kimi öz dediklərini haqq, həqiqət kimi yeridirlər. Düşünmək imkanı vermirlər. Mən deyərdim əksinədir. Sənsən ki, gümanını yəqinə çevirmisən. Belə bir söz deyim, ehtimal əsasında  dinsiz olmaqdansa, gəl, ehtimal əsasında dindar ol. Onda deyə bilərsən ki, elə mən dinsiz oluram. Ehtimal deyil, sən öz ehtimalında dindarlıq et, mən ehtimalımla dinsizlik edim. Məsələ bundadır ki, diqqətlə baxsan, o ehtimallar əsasında ki, sən dinsizlik etmisən, dinsizliyə yönəldən ehtimalların içində mütləq onu yəqinə çevirən amil mənfəətpərəstlikdir, mütləq. Amma səni dinə  mənfəətpərəstlik yönəltmir. Niyə? Sən dinə gəldin daxilindəki heç bir hiss səni mənfəət əsasında dindarlığa vadar etmir. Dinə gəldin, dinin birinci davası mənlədir[2] axı. Mənə qarşıdır. Başqalarını düşün, başqaları üçün yaşa, başqalarına xidmət et, səhər namaz qıl, günorta işini saxla, namaz qıl, bir ay oruc tut və.s. Bütün bu şeylər mənim  əleyhimədir. Burda ehtimalı yəqinə çatdırmaq bəhanəsi yoxdur. Nəfs insanı  yönəltsin ki,  get dindar ol. Amma  orada var. Ona görə diqqətli ol!

Mən adamlar görmüşəm mənfəəti üçün dinə  gəlib, o  heç. O dinə gəlməyib, bazara gəlib. Bazar açıb din adına. Mən dindən danışıram. Ehtimallar küfrün lehinə olanda, daxildə mənfi amil var, onu axtarıb tutmaq lazımdır. Tut gör ki, sən niyə bu ehtimalları yəqinə çevirdin. Bir dənə də ayə deyim, kafirlər haqdadır. Buyurur: يَعْلَمُونَ ظَاهِرًا مِنَ الْحَيٰوةِ الدُّنْيَاۚ وَهُمْ عَنِ الْاٰخِرَةِ هُمْ غَافِلُونَ“Onlar dünya həyatının zahirini bilirlər, Axirətdən qafildirlər.”[3] Yəni, cahilpərəstdirlər.  Materalizmi Quran dilində açıqlayır, yəni gördüyünə inanır. Maddəçidirlər, qafildirlər. Ayədə qafil sözünü işlədir Allah. Görməməzliyə vururlar. Ehtimal verirlər var, amma tez dönürlər o ehtimaldan, çünki sərf etmir. Bax bu şəxsiyyətin qüsurudur, nöqsanıdır. Sonra deyir niyə kafirdirlər bunlar? Fikri baxımdan bunların şəxsiyyətində problem var. “اَوَلَمْ يَتَفَكَّرُوا ف۪ٓي اَنْفُسِهِمْ۠ مَا خَلَقَ اللّٰهُ السَّمٰوَاتِ وَالْاَرْضَ وَمَا بَيْنَهُمَٓا اِلَّا بِالْحَقِّ وَاَجَلٍ مُسَمًّىۜ وَاِنَّ كَث۪يراً مِنَ النَّاسِ بِلِقَٓائِ۬ رَبِّهِمْ لَكَافِرُونَ”. Bu ayələri oxuduqca adam zövq alır ecazından. Deyir: “Onlar özləri özləri haqqında düşünmürlər? Allah yerləri və göyü və  arasında olanları haqq olaraq yaratmayıb?”[4] Kafirlərin xüsusiyyəti nədir? Deyir onlar düşünmürlər.Düşünmürlər gedib küfrə  çıxırlar. Küfrün  səbəbini açıqlayır.

Mən deyirəm İbrahim (ə) peyğəmbər kimi təhsil verək uşaqlarımıza. İbrahimin (ə) uslubuyla gedək, tərbiyəni belə. Demirdi  mən deyəni qəbul edin. Baxırdı günəşə deyirdi: “Bu mənim  Rabbimdir. Gör nə böyükdür, işıq saçır” Axşam deyirdi ki, ”Bu qürub etdi, mən qürub edənləri sevmirəm”. Nə etmək istəyirdi? Düşüncəyə vadar edirdi  xalqı. Tövhidi düşüncələr əsasında çatdırırdı. Yəni, düşüncəni  oyadır ki, oyansın, mən dayanım kənarda gedin tövhidə. Sadəcə düçüncəni oyatmaq üçün edirdi. Hətta bütləri sındırmağına baxın. Biz büt sındıran tərəfini çox qabardırıq. Müasir dillə desək insanların dini etiqad və vicdan azadlığının qarşısını alırdı İbrahim (ə) peyğəmbər. Bütləri sındırdı. Büt sındırmaq əməliyyatından daha mühim olan nöqtəni biz qeyd etmirik. Axırda neyləyir? Baltanı verir böyük bütün əlinə. Deyirlər ki, “Kim sındırıb bütləri?” İbrahim (ə) deyir ki, “Böyük bütün əlindədir. Soruşun görün bəlkə o sındırıb? Deyirlər “O baltayla nəyisə qıra bilər?” Deyir “Deməli, əlindən heç nə gəlmirmiş. Bu sındıra bilmir, heç nə edə bilmir. Danışa da bilmir ki, mən etmişəm ya yox.” Vəssəlam, dayanır qıraqda. Quran  buyurur: “Özlərinə qayıtdılar.” Sağlam təfəkkürə qayıtdılar ki, biz nəyə ibadət edirik? İndi hansına sərf etmədi, ayılmaq istəmədi, dedilər od qalayın İbrahimi ataq oda. İbrahimin işi bu idi ki, düşüncə nurunu alovlandırsın.

İslam peyğəmbəri hz. Əlini (ə) gecə göndərərdi ki, get bütləri sındır onlar yatanda. Büt içində ola-ola  təvaf edirdi Kəbəni. Deyirdi bunlar hələ başa düşmürlər. Nəvaxt bütləri sındırdı? Nəvaxt ki, bütpərst qalmamışdı, o zaman etdi. Quran bunlardan danışır. Buyurur ki, bunların şəxsiyyətləri zəifdir, çünki düşünmürlər. Düşünməməkləri səbəb olur ki, kafir oldular. Kafir sözü bilirsiz nədir? Kafir- inkar edən deyil. Əslində “üstünü örtən”dir. Məsələn, götürüb bir şeyin üstünü örtsəm, bu əməl küfr adlanır. Nəyinsə üstünü örtmək, görüb görməməzliyə vurmaq deməkdir lüğətdə. Bir adam kafirdirsə, problem onun təfəkküründədir. Bir insan ki, gümanı, zənni özünə xoş gələndə yəqin kimi qəbul edir, xoş gəlməyəndə elə şəkk kimi baxır, onu inkar edir,  bu adam zəif şəxsiyyətli adamdır. Din istəyir ki, biz düşüncəli və şəxsiyyətli insan olaq. Öz ardıcıllarını belə görmək istəyir.


[1] Hicr: 99

[2] Eqo

[3] Rum: 7

[4] Rum: 8