Aprel 10, 2019

Hacı Şahin Həsənli – Həqiqi sevgi və keçici hiss

Bu aləmdə məhəbbət və eqoizm anlayışları var. Bu gün iş o həddə çatıb ki, məhəbbətin ziddinin adı məhəbbət qoyulub. Yusif dastanı bizə elə bunu çatdırmaq istəyir. Məhəbbətə qarşı o qədər cinayət, xəyanət olunub ki, ziddi ilə təfsir olunur bugün. Məhəbbətin ziddi keçici həvəsdir. Niyə? Çünki məhəbbət fədakarlıqdırsa, keçici həvəs eqoizmdir. Bəşər gəlib nə etdi? Məhəbbətin adını gətirib eqoizmin, şəhvətin üstünə qoydu. Eşq belə tanınır deyə qərib qalıb. Ona görə də məhəbbətdən danışanda hər kəsə aydın olmur.

Məhəbbət özündən çıxmaq, özünü unutmaq, başqası üçün fəda ola bilməkdir. Dünyanın gününə baxın, eqoizmin adı məhəbbət qoyulub və vəsf edilib. Bir nəfər özünü sevirsə, eyni zamanda hər şeyi özünə görə sevirsə, bunun adını məhəbbət qoymaq olmaz. Bu, məhəbbətə xəyanətdir. Hələ məhəbbətin ən ibtidai mərhələsi özündən keçə bilmək, ən uca dərəcəsi isə varlığın hər bir zərrəsini sevə bilməkdir. Ağacları, otları, heyvanları, insanları – bir sözlə, bütün varlığı sevəsən, çünki varlığın mənbəsini sevirsən. Biz bu məhəbbəti belə başa düşə bilmirik deyə inana bilmirik ki, İmam Zaman bizi sevir. Deyirsən ki, “İmam Zaman səni sevir”, deyir “Məni? Nəyimi? Nə etmişəm ki?” O qədər məhəbbətdə mənfəət görmüşük ki, təmənnasız sevginin nə olduğunu başa düşə bilmirik. O, səni sənin özünə görə sevir, nə etməyin önəmli deyil, qarşılıq istəmədən sevir. Bilirsiniz bəzi insanlar nə üçün cəhənnəmə gedəcək? İnsan ona görə cəhənnəmə gedəcək ki, Allahın və övliyaların onu sevdiyinə inanmayıb. Buna inansa, işi düzələrdi. Buna inanmadığı üçün sevgini başqa yerlərdə axtarır və nəticədə insan cəhənnəmə gedir.  Allah kitablari və peyğəmbərləri vasitəsilə fəryad edir: “Mən səni sevirəm, ay insan”,- deyir. İnsan isə məhəbbətin gücünə inanmır və cəhənnəmə doğru sürüklənir. Məhəbbət şəhvətin ətəyində böyüyəndə , şəhvətlə qarışanda həvəsə çevrilir və hamını özü üçün sevməyə başlayır. Bu, məhəbbət deyil, məhəbbət elə bununla düşməndir. Şeytanın toruna baxın, məhəbbətin adına düşmənin adını qoyub ki, məhəbbət unudulsun. Züleyxa bu məhəbbətin nümunəsidir. Bunları deməkdə məqsədim var. Züleyxa sevir, amma sevdiyini zindana atır. Adam sevdiyini zindana atar? Sevgi elə bir şeydi ki, sevəndə deyirsən ki, razı deyiləm ayağına tikan batsın. Bu necə sevgidir ki? Çünki o özü üçün sevir onu, həvəsdir, eqoizimdir, məhəbbət deyil.

Sevgi budur ki, peyğəmbərin səhabəsini dar ağacından asdıqları zaman Əbu Sufyan ondan bu məqamda peyğəmbərin əleyhinə söz almaq istəyir. Əbu Sufyan ona deyir: “Səni and verirəm inandığın Allaha, razısanmı ki, indi evində rahat yatasan, peyğəmbərin də sənin yerinə dar ağacından asılsın?” Deyir: “And olsun inandığım Allaha ki, razı deyiləm peyğəmbərimin ayağına tikan batsın, amma mən evimdə rahat yatım.” Bax eşq budur, məhəbbət budur. Allah iki eşqi göstərir və bu, bəşəriyyətin həll edici mövzusudur, açar mövzudur.

Züleyxa ilə Yusifin dastanı İki nəfərin dastanı deyil. İndi mən sizə sual verirəm, Yusif niyə sərt reaksiya göstərir Züleyxaya? Başa düşdük, sən peyğəmbərsən, sən günah eləmirsən. Yaxşı etdin günah etmədin, günaha razı olmadın. Züleyxa da günah edir. Etməməli idi. Amma olmazdımı bir az yumşaq davranasan? Axı siz peyğəmbərlər hər günaha belə sərt reaksiya vermirsiniz. Siz peyğəmbərlər bəzən günahkara nəsihət edirsiniz, burada da Züleyxanı nəsihət edərdin ki, məsələn, belə olmaz. Niyə mehriban davranmırsan, qaçırsan, sərt reaksiya göstərirsən? Çünki burada incə məsələ budur ki, Züleyxa məhəbbət məfhumuna xəyanət edir, dəyəri istismar edir. Züleyxanın cinayəti ondadır ki, öz eqoizminin adını məhəbbət qoyub. Yusif Züleyxadan qaçmalıdır, necə ki, müasir dövrdə yaşayan müsəlman dünyaya hakim olan bu düzəndən qaçmalıdır. Gördün, Yusif Züleyxa dastanı oldu ictimai dastan.

Qərbdə nə deyirlər? Deyirlər ki, özün üçün yaşa, sevgin də özün üçün olsun, hər şeyin də. İlahi dəyərlər isə əksini deyir. Yusif bu ilahi dəyərlərin, Züleyxa isə həmin bu dünyaya hakim olan, həmişə ilahi dəyərlərin qarşısında dayanan dəyərlərin təcəssümüdür ki, ona görə sərt təpki göstərir. Burada bir adamın sıradan bir günah etməsindən söhbət getmir ki, peyğəmbər onu mehribancasına başa salardı. Burada eşqin qənimi özünə aşiq adı qoyanda, buna dözmür peyğəmbər. Eşqin düşməni eqoizmdir. Eşq kimi müqəddəs bir dəyərin adını öz üzərinə götürəndə, peyğəmbər deyir: “Yox, bu artıq dəyər davasıdır. Burada gərək mövqelər açıq-aşkar bəlli olsun.”  

Keçən dəfə Firdovsinin “Şahnamə”sindən danışdım, yəqin oxumamısınız. Firdovsinin “Şahnamə”sinin dastanlarından birinin qəhrəmanı Siyavuş adında bir adamdır. Şahın xanımı ona günah istəyi ilə yaxınlaşır. O deyir: “Mən ağama, böyüyümə xəyanət etmərəm.” Yəni, bir zərrə eqoizm yoxdur bu insanda. Deyir ki, “Mən böyüyümə başqasına görə xəyanət etmərəm.” Vəfa göstərir. Firdovsi halal haram söhbəti etmir, çünki şeirdə halal haram söhbəti etmirlər. Bir az fəlsəfi dildə danışır. Firdovsi belə bəyan edir ki, mən şaha xəyanət etmərəm. O, dastanı elə təqdim edir ki, hamımızın xanımdan acığımız gəlir.  Müasir dövrdə isə yaxşı təqdim edirlər elə adamları. Firdovsinin məqsədi başqadır. Dastanın axırına çatanda adamın acığı gəlir o xanımdan. O xanım axırda həlak olur, heç kimin də ürəyi yanmır ona. Firdovsi istəyir ki, dastan əbədi qalsın, bir dənə də qəhrəmanlıq gətirir qatır ona. Siyavuş şaha deyir ki, “Məni oda at. Od qalayın oda düşüm, od məni yandırsa xəyanət etmişəm, yandırmasa yox.” Oda daxil olur, od onu yandırmır, bəraət alır. Bu bir eşq dastanıdır, fədakarlıq dastanıdır, vəfa dastanıdır. Dedik axı, qəhrəmanlıq olmasa bir şey qalmayacaq, keçib gedəcək. Siyavuş deyir ki, “İstəyirəm sənin qəlbin aram olsun.” Demir ki, “Öz haqlığımı sübut edim.” Nigarandır ki, şahın qəlbinə şübhə düşüb, mən oda girim, təki sən aram olasan, sən rahat olasan. Bir əfsanəyə qəhrəmanlıq qatır ki, dastan yaşasın. Bizim əfsanəyə ehtiyacımız yoxdur, bizim Kərbəlamız var. Eqoizmlə eşqin toqquşması Kərbəladır ki, Yusiflə Züleyxa onun kiçik bir görüntüsüdür. Yusif xisləti ilə Züleyxa xisləti Kərbəlada toqquşur. Hər şeyi özün üçün istəməklə, başqalarını sevmək, başqaları uğrunda öz yaşam haqqından keçmək arasındakı fərqi göstərir. Əsl eşqlə yalançı həvəs üz-üzə gəlir Kərbəlada və İmam Hüseyn misilsiz qəhrəmanlıqla qəlibindəki bu eşqi dünyaya təqdim edir. Ona görə bu eşq bizi cəzb edib, əl çəkə bilmirik, yorula bilmirik. Məhəbbət gərək qəhrəmanlıqla tanıtdırılsın ki, İmam Hüseyn bu işi gördü