Aprel 27, 2020

İMAM XOMEYNİYƏ ATILAN İFTİRAYA CAVAB

Müəllif: Ziya Balıyev

Giriş

Bildiyiniz kimi ateistlər bəzi məsələləri bilərəkdən, bəzi məsələləri isə bilmədən, elmi və əqli boşluqlarından yaranan problemlərdən dolayı təhrif etməklə məşğuldurlar. Məsələn, Quran “sizinlə döyüşənlərlə siz də döyüşün” dediyi halda, onlar bu cümləni “qeyri müsəlman hamını öldürün” tərzində başa düşürlər. Yaxud, bir müsəlman “qoyunun ifrazatı nəcasət sayılmır və paltara dəydikdə namaza maneə deyil” dediyi halda, bu cümləni “müsəlmanlar gedin qoyun sidiyi için deyirlər” tərzində başa düşürlər. Bu kimi yüzlərlə məsələni “qazança-tapanca” tərzində başa düşən bu adamlar İmam Xomeynin bir kitabında olan məsələyə də belə bir reaksiya göstəriblər. Məsələ çoxunuza məlumdur: Südəmər uşaqla cinsi əlaqə.

İmam Xomeyninin “Təhrir əl-Vəsilə” kitabında keçən bir məsələni yanlış bir formada tirajlayan ateistlər iddia edirlər ki, İslam pedofiliyanı dəstəkləyir və insanları buna sövq edir. Fəlsəfi və dini savadı olmayan, analiz qabiliyyətindən məhrum şəxslər də bu yanlış tirajlamaya baxaraq öz səthi ağıllarında müxtəlif fikirlər formalaşdırırlar. Bu yazıda İmam Xomeyninin bu kitabda nəyi qəsd etdiyinə baxacaq və həqiqətdə pedoliyaya qapıları açan İslamdır yoxsa Ateizm məsələsinə aydınlıq gətirəcəyik.

Risalə və İstiftaat

Sözü gedən məsələ İmam Xomeyninin məşhur “Təhrir əl-Vəsilə” kitabında keçir. Əvvəla bu kitabın nə olduğuna baxaq. Şiə dünyasında fiqh alimlərinin əsas iki kitabları vardır: Risalə (izahlı şəriət məsələləri) və İstiftaat (şəri suallara cavablar). Risalə şəri hökmlərin necə olması və onların izahından ibarətdir. Məsələn, namaz necə qılınmalı, orucu pozan şeylər nələrdir, hansı qidalar haramdır və.s. Qısacası, risalə bir müsəlmanın həyatındakı yol rəhbəridir və nələri etməli, nələri etməməli olduğunu izah edir. İstiftaat isə risalədə yer alan və ya yer almayan məsələlərə dair verilən şərhlərdir. Məsələn, Bir insan risalədə hansısa məsələni tapmır, yaxud daha böyük izaha ehtiyac duyursa, alimə sual ünvanlayır, alim də Quran və hədis prizmasından bu suala cavab verir. Bütün bu sual-cavablar kitab halına salınır ki, buna da istiftaat deyirlər. İmam Xomeyninin adı keçən kitabı da risalə yox, istiftaatdır. Yəni, ona ünvanlanan suala şəri prizmadan cavab verir.

Alimin şəri cavablarında əsas prinsiplər

Şəri məsələlərdə alim olan bir şəxs ona ünvanlanan suallara xüsusi prinsiplər əsasında cavab verməlidir. Bunlardan birincisi Qurandır. Alim bir məsələnin Qurandakı hökmünə baxaraq cavab verir. Məsələn, donuz ətinin Quranda konkret hökmü varsa, alim buna haram deyir. Bir məsələnin Quranda konkret hökmü yoxdursa, ikinci baxılan şey səhih hədislərdir. Quranda olmayan məsələyə alim səhih hədis əsasında cavab verir. Məsələn, pulcuqsuz balıq səhih hədisdə haram gəlibsə, alim də haram deyir (şiə fiqhinə əsasən). Üçüncü məsələ isə icmadır. Məsumların zamanına ən yaxın dönəmdə yaşamış alimlərin rəyinə baxılır və buna əsasən hökm çıxarılır. Əgər bir məsələ nə Quranda, nə hədisdə, nə də icmada haram gəlməyibsə, alim heç bir vəchlə o məsələyə nəzəri olaraq haram deyə bilməz.

Şəri hökmlərdə əqlin rolu: nəzəri və praktiki hökmlər.

Quran, hədis və icmada haram gəlməyən məsələlərdə bəzən əqlin də rolu olur. Alim əqli dəlillərə əsasən bir məsələyə haram deyə bilər, amma praktiki olaraq haram. Buna dair bir neçə missal verək. Məsələn, siz bir alimdən soruşa bilərsiniz ki, “küçəyə zibil atmaq halaldır, yoxsa haram?”. Alimin sizə cavabı bu olacaq ki, “Bu şey özü özlüyündə halaldır, yəni haram deyil. Buna nə Quranda, nə də hədisdə dəlil yoxdur. Amma bu əməlin ətrafın çirklənməsinə səbəb olacaqsa, müsəlmanları gözdən salacaqsa, bu şeyi etmək icazəli deyil, yəni praktiki olaraq haramdır.” Yaxud, siz alimdən soruşa bilərsiniz ki, “Mən köynəksiz ictimai yerlərdə gəzə bilərəmmi?”. Alim sizə cavab verəcək: “Bu şey özü özlüyündə (nəzəri) halaldır, çünki dəlillərə əsasən kişinin övrət yeri göbəkdən dizə qədərdir. Amma bu əməlin fəsad yaradacaqsa, ürfdə pis qarşılanacaqsa, icazəli deyil, haramdır.” Xülasə, Quran və hədisdə haramlığına dəlili olmayan hər şey nəzəri olaraq halaldır, amma məsələ praktikaya gələndə, bir çox şey nəzərə alınmalıdır. İstiftaatda da çox zaman məsələlərin hökmləri nəzəri olaraq deyilir, əgər praktiki dəlil də istənilərsə, bu zaman davam edilir.

Məsələnin məğzi

İndi gələk əsas məsələyə. Ən başda sözü gedən İmam Xomeyninin məşhur məsələsinə. İmam Xomeyninin Təhrir əl-Vəsilə əsərində ona ünvanlanan və çox böyük problemlərə, yanlış anlaşılmalara yol açan sual vardır. Bir nəfər bizə məlum olmayan bir şəxs İmama sual ünvanlayır: “Südəmər bir uşaqla nigah bağlasam, ona şəhvətlə toxunmaq halaldır ya haram?” Əlbəttə, bu sualı verən bir insanın yəqin ki, çox ciddi problemləri olub, ya da sadəcə maraqdan belə bir sual ünvanlayıb. İmam Xomeyni də bu adama cavab verir: “Bu məsələ özü-özlüyündə haram deyil.” Burada İmam Xomeyni sadəcə üstünə düşən vəzifəni yerinə yetirir və suala şəri cavab verir. Belə məsələnin nə halallığı, nə də haramlığı heç bir mənbədə yoxdur. Quran, hədis və icma heç bir zaman belə bir məsələyə toxunmayıb ki, bu şey olar, yoxsa yox. Fiqhi qaydalara əsasən də, bir şeyin konkret haramlığı yoxdursa, o şey özü özlüyündə halaldır. Bu məqamda İmam Xomeyni heç bir vəchlə məsələyə nəzəri haram deyə bilməzdi. Əgər belə bir addım atsaydı, özü haram etmiş olardı. “Bunu edək, yoxsa yox?” sualı verilsəydi, İmam məsələyə aydınlıq gətirəcək, bunun problemləri olduğunu və etməyin doğru olmadığını deyəcəkdi. Lakin nəzəri olaraq haram deməsi mümkünsüz idi.

İndi bu məsələni tirajlayaraq deyirlər ki, “İmam Xomeyni deyib ki, ged südəmər uşaqla seviş.” Əlbəttə hər şeyi tərs anlayan, ciddi fəlsəfi və dini savadı olmayan şəxslərin bu məsələyə belə don geyindirməsi təəccüblü gəlməməlidir. Əslində, sadəcə bir saatlarını ayırıb istiftaat və risaləni ayırmağı bacarsaydılar, şəri hökmlərin necə çıxarıldığına baxsaydılar, belə bir iddianı da ortaya atmazdılar.

Yekun: Burada İmam qətiyyən “gedin bunu edin” demir, sadəcə ondan məsələnin halallığı, haramlığı soruşulur, o da fiqhi qayda da nəzəri olaraq halal deyir. Məsələnin praktikasına gəldikdə isə, istər ürfi, istər dövrü, istər tibbi prizmadan heç bir alım bunun praktikaya çevrilməsinə icazə vermir.

Məsələnin şəri tərəflərini Seyyid Ağarəşid müəllimin izahları əsasında hazırladıq və bir dəyərli ilahiyyatçıdan bəzi məsələlərə dair cavablar aldıq ki, hər ikisinə təşəkkür edirik.

Əlavə: Pedofiliyaya qapıları din açır, yoxsa Ateizm?

Bu məsələyə toxunmağa çalışan ateistlər əslində Ateizmin özündən xəbərsiz olan fərdlərdir ki, sadəcə emosional çıxışlarla insanlara təsir etməyə çalışırlar, heç bir rasional dəlil ortaya qoymurlar. Gəlin bu məsələyə atesit dünyagörüşünə əsasən cavab axtaraq. Ateist dünyagörüşündə olan bir fərd üçün uşaqla cinsi əlaqədə olmağın qadağası nədir? Cavab: Heç nə! Bir ateist heç bir şeyə əsaslanaraq pedofilliyin pis olduğunu iddia edə bilməz. Bunun üçün ateistin əlində dəlili yoxdur. Allaha inanan bir fərd üçün obyektiv əxlaq qaydaları mövcuddur. Allahsız bir fərdin isə heç bir əxlaq norması yoxdur və hər ateistin özünə xas əxlaq prinsipləri vardır. Belə olduğu halda Ateizm üçün əxlaq mütləq yox, nisbi olur və heç bir şeyə əxlaqsızlıq demək mümkün deyil. Yəni, bir ateist heç bir halda pedofilliyə əxlaqsızlıq deyə bilməz. Onun maksimum deyə biləcəyi şey budur: “Pedofilliyi mən bəyənmirəm və etmirəm.” Bu iddianı məşhur ateist filosofların öz dilindən də isbat edək. Məşhur ateist filosof Peter Sinqer verdiyi bir müsahibədə pedofiliya haqqında deyir: “Mənim heç bir əxlaqi tabum yoxdur. Mənə görə heç bir şey yanlış deyil. Qısaca “nəticəçiliyi” açıqlamağıma icazə verin. Önəmli olan nəticədir. Əgər bir şeyin nəticəsi sizi məmnun edirsə, o etikdir. Bu baxımdan uşaq pornoqrafiyası sizin xoşunuza gəlirsə, uşaqlarla cinsi əlaqədə olmaq sizin üçün etikdir.”[1] Başqa bir ateist filosof Coel Marks deyir: “Əgər Tanrı yoxdursa, heç bir əxlaq norması yoxdur. Ona görə də mən heç bir etik normaya inanmıram. Günah və pislik sözləri pedofiliya mövzusunda qulağa təbii gəlsələr də, heç bir təməlləri yoxdur. Dünyada günah yoxdur, çünki Allah yoxdur. Dünyada heç nə tam doğru və yanlış deyil, çünki əxlaq yoxdur.”[2]

Bu zaman ateistlər bizə tibbi iradı əsas gətirə bilərlər. Yəni, deyə bilərlər ki, “bir şey ona görə əxlaqsızdır ki, bunu tibbi zərəri vardır.” Bu da məsələyə qətiyyən cavab deyildir. Zərər və fayda məsələləri əxlaq və əxlaqsızlıq məsələsindən tamamilə ayrıdırlar. Əgər biz zərəri əldə əsas tutsaq, o halda bizim üçün siqaret, içki, paket məhsullar və.s. hamısı əxlaqsızlıq göstəricisi olmalıdır. Hətta hamımızın evində olan internet ötürücüləri belə zərər prizmasından tamamilə əxlaqsızlıq olar. Buna görə də, tibbi zərər heç bir zaman əxlaq üçün etalon funksiyası daşıya bilməz. Əlavə olaraq, lap bu iradı qəbul etsək də, bu zaman uşaqla cinsi əlaqədə olmaq əxlaqsızlıq olar, şəhvətlə toxunmaq əsla. Çünki, uşağa şəhvətlə toxunmaq onda fiziki zərər yaratmır. Bu iddianı dünyanın ən məşhur ateisti Riçard Dokinz də dəstəkləyir. Ona görə bəzi pedofiliya məsələləri çox şişirdilir. Dokinz düşünür ki, yumşaq pedofiliyanın (mild pedophilia) insana heç bir ziyanı yoxdur. Bunu deyərkən məktəb vaxtını xatırlayan Dokinz qeyd edir ki, “məktəbdə müəllimi də ona və sinif yoldaşlarına qarşı belə hərəkətlər edib, lakin bu şey onların heç birində travmaya səbəb olmayıb.”[3]

Nəticə: Əslində pedofiliyaya ən böyük qapı açan düşüncə tərzi Ateizmdir. Din istənilən məsələdə ürfü, dövrü, elmi nəzərə alsa da, Ateizm üçün bunları nəzərə alacaq heç bir qayda yoxdur.


[1] http://www.youtube.com/watchv=gAhAlbsAbLM&feature=related

[2] Joel Marks – An Amoral Manifesto

[3] https://www.theatlantic.com/international/archive/2013/09/richard-dawkins-defends-mild-pedophilia-again-and-again/311230/