May 2, 2020

İNSEST NİYƏ PİSDİR?

Müəllif: Ziya Balıyev

Giriş

Ateizmin ən çox çıxılmazda qaldığı mövzu əxlaq mövzusudur. Əxlaq mövzusunda da, xüsusən insest münasibətin pis olması məsələsi. Ateizm bu suala heç bir zaman cavab verə bilməz: İnsest niyə pisdir?

Bu o demək deyil ki, ateistlər insest edirlər, əsla! Onlar da eynən bizim kimi insestdən uzaq qaçırlar. Amma məsələnin mahiyyəti tamamilə ayrıdır. Məsələnin mahiyyəti onlar insesit edirlər yoxsa yox deyil, onlar insestə niyə pis deyirlərdir. Bu yazıda məsələylə bağlı bir neçə nüansa toxunulacaq.

Çox qısaca insest nədir sualına cavab verək və mövzuya başlayaq. İnsest sadəcə və sadəcə çox yaxın qan qohumluğu olan insanlar arasındakı cinsi münasibətə deylir. Buna aiddir; valideyn və övlad, bacı və qardaş, nənə, baba və nəvə.[1]

Teizm və insest

Əvvəla bir tesit şəxs üçün “insest niyə pisdir?” sualına aydınlıq gətirək. Siz bir yəhudidən, xristiandan və ya müsəlmandan insestin pis olub olmadığını və ya niyə pis olduğunu soruşsanız, onların üçü də sizə eyni cavabı verəcək: “İnsest pis bir əməldir, çünki bizi yaradan uca varlıq bunu qadağa edib.” Yəni, teist bir şəxsin bunu etməməsi və etməməsinə dair göstərdiyi səbəb öz prizmasından yetəri qədər rasionaldır. Bu adamlar üçün bunu qadağa edən faktor mövcuddur. Məsələn, Nisa surəsi 23-cü ayədə deyilir: “Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, öz belinizdən gələn oğullarınızın arvadları (ilə evlənmək) və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. Bu ayə açıq aşkar insest münasibəti qadağa edir. Bu ayədən sonra belə ateistlər İslami bilgisizliklərindən dolayı çox mənasız bir sual atırlar ortaya. Sual bundan ibarətdir ki, Quranda nənə və babayla evlilik qadağa deyil, o halda müsəlman bunu edə bilərmi? Bunun cavabı elə Nisa surəsi 23-cü ayədədir ki, bütün alimlər bu məsələdə icma ediblər. Ayədə keçən “analarınız” sözü təkcə öz ananız yox, həm də atanızın və ananızın analarıdır və silsilə davam edir. Eləcə də, ayədə keçən “qızlarınız” sözü təckə öz qızınızı yox, həm də övladlarınızın qızlarını, yəni qız nəvələrini ifadə edir. Məsələnin şəri və qrammatik tərəfini Fəxrəddin Razinin “Təfsiri Kəbir” kitabından oxuya bilərsiniz.[2] Biz İslam prizmasından insestin haramlığlına və tutulan iradlara qısaca baxdıq (Xatırladaq ki, Tövratdakı qadağanı aşağıda qeyd edəcəyik). İndi ateistlərin dinə qarşı yönəltdiyi daha iki iddiaya da nəzər salaq.

Ateistlər üç səmavi dinin müqəddəs kitablarından iki məsələni qabardaraq iddia edirlər ki, əslində dinlərdə də insest münasibət var. Qeyd etdiyimiz iki məsələ hz. Adəm və hz. Lutla bağlıdır. İki arqumenti bir-bir ələ alaq.

Hz. Adəm

Məsələnin hz. Adəmlə bağlı olan hissəsi təkcə müsəlmanları yox, eyni zamanda yəhudi və xristianları da maraqlandırır. Amma biz burada İslam prizmasından cavab veririk, yəhudi və xristian dostlarımızın da bu məsələyə öz dinlərinə uyğun cavab hazırlayacağına inanırıq. İrad bundan ibarətdir ki, “əgər Adəm ilk insan idisə, onun övladları da insest münasibətlə çoxaldılar ki, bu da dində insestin olduğunu göstərir.” Bu iddia əslində həqiqətlə uzlaşmır. Əvvəla, heç bir Quran ayəsindən Adəmin ilk insan olduğu ortaya çıxmır. Əksinə, Adəmə “xəlifə” yəni, davamçı deyilməsi[3], onun ilk insan olmadığını ortaya sərən daha ciddi məsələdir. Bu iddiayla bağlı sadəcə hədislər vardır ki, o hədislər də müzakirəyə açıqdır və onlara zidd başqa hədislər də mövcuddur. Adəmin övladlarının çoxalması haqqında İslamda təməl 3 nəzəriyyə mövcuddur.

1. Bacı-qardaş nikahı ilə

2. Hürilər yoluyla

3. Öncəki insanlarla

Birinci iddianı dəstəkləyən bir neçə hədis mövcuddur.[4] İkinci iddianı dəstəkləyən hədislər də, mövcuddur.[5] Üçüncü iddiaya aid də hədislər vardır əlimizdə.[6] İkinci məsələ mövzumuza çox yaxın olmadığı üçün, biz birinci və üçüncü məsələni ələ alacağıq. Birinci iddianı qəbul edən alimlərə sərt tənqidlər gəlmişdir. Tənqidləri edən şəxslər demişdirlər ki, Allah bu əməli qadağa edibsə, mümkün deyil ki, o zaman buna icazə versin.[7] Bizim də şəxsi fikrimiz bu iddiadan yanadır və buna görə üçüncü nəzəri daha məqbul sayırıq. Üçüncü nəzər həm ağılla, həm məntiqlə, həm də elmlə birə-bir uyğunluq daşıyır. Yəni, hz. Adəm ilk insan deyildi, övladları da daha əvvəldən var olan insanlarla evləndilər. Bu iddiamıza əsasən hansısa ateist iddia etsə ki, “Təkamül nəzəriyyəsi ortaya çıxandan sonra belə düşünürsünüz”. onlara belə cavab verərik: “Bu hədislər Darvindən min il öncə yazılmış hədislərdir. Darvinin və müasir bioloqların nəsə deməsi, elə bu hədisləri dəstəkləyən faktlardır. Əlavə olaraq, Təkamül nəzəriyyəsi Darvindən çox-çox öncə İslam alimləri tərəfindən işlənilmişdi.[8] Yəni, bu nəzəriyyə üçün Darvinə baxmaq çox da lazım deyil bizim üçün” Əlavə olaraq, ilk iddianı doğru saysaq belə, ortaya “Dində insest var” arqumenti çıxmır. Çünki, bu nə zamansa olmuş olsaydı belə, Allah sonradan qadağa edib. Biz də Allahın dediyi hər sözə əməl etdiyimiz üçün, bunu qadağa bilirik.

Hz. Lut

Lutla bağlı olan arqument qətiyyən İslamla əlaqəli deyil, öz kökünü Tövratdan götürür. Bunu qətiyyətlə xatırladırıq ki, bu məsələ nə hədisdə, nə də Quranda yoxdur. Tövratda keçən bir ayəni əsas tutan ateistlər deyirlər ki, İudaizm və Xristianlıq insesti qəbul edir. Bu da tamamilə absurd bir iddiadır. Əvvəlcə Tövratda keçən qissəyə baxaq:

“Lut iki qızı ilə birgə Soardan çıxıb dağda yaşadı, çünki Soarda yaşamaqdan qorxurdu. O, iki qızı ilə bir mağarada qaldı.  Onun böyük qızı kiçiyinə dedi: «Atamız qocalıb və bu dünyada insan adətinə görə yanımıza girməyə bir kişi yoxdur.  Gəl atamıza şərab içirək və onunla yataq ki, öz atamızdan nəslimiz olsun».  Onlar o gecə atalarına şərab içirdilər. Böyük qız içəri girib atası ilə yatdı, atası isə onun nə vaxt yatıb-durduğunu bilmədi.  O biri gün böyük qız kiçiyinə dedi: «Mən dünən gecə atamla yatdım. Gəl bu gecə də ona şərab içirək və sən də onunla yat ki, öz atamızdan nəslimiz olsun».  O gecə yenə atalarına şərab içirdilər. Kiçik qız qalxıb onunla yatdı, atası isə onun nə vaxt yatıb-durduğunu bilmədi.

 Lutun iki qızı beləcə atalarından hamilə oldu.  Böyük qız bir oğul doğdu və onun adını Moav qoydu. O, indiki Moavlıların əcdadıdır.  Kiçik qız da bir oğul doğdu və onun adını Ben-Ammi qoydu. O, indiki Ammonluların əcdadıdır.”[9]

Bu qissəyədən qətiyyən Tövratın insestə icazə verdiyi nəticəsi çıxmaz. Çünki, burada Lut özü etmir bunu, qızları gizlincə edirlər. Əlavə olaraq, bu münasibətdən doğulan Moavlılar və Ammonlular heç də Allahın sevdiyi toplum deyildi, azğın bir qövm idi. Bu da bizə bunu göstərir ki, bu qissə Tövratda insestin icazəsinə yox, qadağasına dəlildir.

Biz ilk hissədə Teizmə görə insestin pis olmasını, pis olma səbəbini açıqladıq və ateistlərin tutduğu iradlara dəlillərlə cavab yazdıq. İndi məsələnin ikinci hissəsinə keçirik: Ateizmə görə insest niyə pisdir?

Ateizm və insest

Əvvəldə də qeyd etdiyimiz kimi, Ateizmin insestə pis deməsi üçün heç bir əsası yoxdur. Bizim nəzərimiz bu yöndədir ki, insesti qadağa edən yeganə faktor dindir. Bizə “Əxlaqınız kitabla əhatəlidir, orada insestə icazə verilsəydi, siz də insest edərdiniz” deyə irad tutan ateistlərə demək istərik ki, “Bəli, Allaha həmd olsun ki, bunu bizə qadağa edib. Əgər bunu etməsəydi, bu gün nəinki biz, hətta siz özünüz də insest edəcəkdiniz. Ateist olsanız belə, insestdən qaçma səbəbiniz elə dini qadağadır.” Bunun dəlilini göstərmək yetəri qədər asandır. Tarix boyu dini inanclardan başqa heç bir qadağa edici faktor insestin qarşısını kəsməyib. Bu düşüncə də zamanla bütün dünyaya hakim olub və dindən çıxanlar belə dinin bu qadağasına əməl etməyə məhkum qalıblar. Bu zaman ateistlər bizə əsas bir iddianı təqdim edirlər. Bu iddiada ələ alınan əsas nüans bundan ibarətdir ki, insestdən doğulan uşaq xəstə doğulur və ilk insanlar bunu gördükcə onlarda buna qarşı qorxu yaranıb, bu da tabu halını alıb. Bu iddiaya bir neçə prizmadan yanaşaq və boşluqlarını ələ alaq.

1. Bu iddiada ortaya sərilən əsas məsələ xəstə uşağın dünyaya gəlmə təhlükəsidir. Burada biz əxlaqi pis və yaxşıdan yox, tibbi zərər və faydadan danışırıq. Bu şeyin zərərli olması, heç də pis olmasına dəlil sayıla bilməz. Zərər və pis anlayışları tamamilə fərqli şeylərdir. Məsələn, sən öz böyrəyini böyrək çatışmamazlığı olan şəxsə versən, bu sənin üçün zərərlidir, amma heç də əxlaqi cəhətdən pis deyil.

2. Qohum evlilikdən mütləq formada xəstə uşaq doğulacağı nəticəsi də çıxarıla bilinməz. Bu ancaq o halda olur ki, bu ailənin genində bir genetik xəstəlik var. Bu zaman bu genetik xəstəliyin ortaya çıxması ehtimalı, qohum olmayan fərdlərə nisbətdə daha çoxdur.[10] Bu zaman əgər bir insan doğumdan öncə analiz versə və əmin olsa ki, uşaqlar xəstə doğulmayacaq, bu halda onların insestinin qarşısını nə alır?

3. İnsest edən fərdlər cinsi münasibətdən öncə qoruyucu vasitələrdən istifadə etsələr və əmin olsalar ki, uşaq olmayacaq, bu zaman onların münasibətini pis edən faktor nədir?

4. Dünyada minlərlə ailə var ki, qohum olmadıqları halda övladları xəstə doğulub. Əgər məsələyə zərər prizmasından baxsaq, o insanların hamısı əxlaqsız sayıla bilərmi?

5. Əgər bu bizdə tabudursa və səbəbi xəstə uşağın doğulmasıdırsa, o halda nə üçün insest ancaq nənə, baba, ana, ata, bacı və qardaşla sərhədlidir? Halbuki, əmiqızı və əmioğlunun da evliliyindən doğulan uşağın xəstə olma ehtimalı eynilə bacı və qardaş qədərdir. Lakin, niyəsə əmiqızı və əmioğlu münasibəti bizdə tabu deyil və insestə daxil edilmir. Xatırladaq ki, Çarlz Darvin özü belə doğma əmisiqızı ilə evlənmişdi.

6. Əgər biz təkamül prosesində bizdə yaranan məsələləri faydalı olduğu üçün etməyə məcburuqsa, o halda bir ateistin ateist olması da mənasızlaşır. Çünki, Ateizmə görə din təkamül prosesində faydalı olduğu üçün bizdə formalaşdı və günümüzə qədər gəldi. Buna rəğmən dindən rahatlıqla imtina edən ateist, insest tabusundan da imtina etməyə qadir olmalıdır.

Bütün bunlar onu göstərir ki, insestin pis olmasının səbəbi qətiyyən xəstə uşaq ehtimalı deyil. Əgər səbəb bu olardısa, yuxarıda göstərilən 6 bəndin hamısı rasional formada cavablandırıla bilərdi.

Bütün bunlar bizə bunu göstərir ki, insesti qadağa edən yeganə faktor dindir və Ateizmin əlində tutduğu arqument, məsələyə cavab verə bilmir. Məqaləni ateist astrofizik Laurens Krausla müsəlman teoloq Həmzənin insest haqqındakı dialoquyla yekunlaşdırırq.

Həmzə: İnsest niyə pisdir?

Kraus: Pis olub olmadığı müzakirə olunandır.

Zal: Yuuuuuu

Kraus: İcazə verin izah edim. Xəstə uşaq doğulduğuna görə insest münasibət pisdir. Amma bir insan öncədən doğum testi etsə və əmin olsa ki, uşaq sağlam olacaq, mənim buna pis deməyim üçün heç bir səbəb qalmır. Bir-birlərini sevirlərsə, başqa birinə zərər vermirlərsə, mən bunda problem görmürəm.[11]


[1] https://en.oxforddictionaries.com/definition/incest

[2] Fəxrəddin Razi – Təfsiri Kəbir, (Huzur yayınevi, Ankara-1990), cild 7, səh. 467-470.

[3] Bəqərə: 30

[4] Biharul-Ənvar, cild 11, səh. 225-226

[5] Həyatul-Qulub, cild 2, Bab 5, Fəsil: Hz. Adəmin övladlarının çoxalması haqqında.

[6] Biharul-Ənvar, cild 60, səh. 234, 273

[7] Müstədrəkül-vəsail, cild 14, səh. 261-262, Biharul-Ənvar, cild 11, səh. 220-236.

[8] Uilyam Dreper, Din və elm ziddiyətinin tarixi, (Nyu York: Appleton and company, 1875), s. 118

[9] Yardılış, 19: 30-38

[10] https://fenbilimi.net/uncategorized/kalitsal-hastaliklar-ve-akraba-evliligi.html

[11]https://www.youtube.com/watch?v=m_p5YXaxAJA&fbclid=IwAR2DoaOjH6AtiS6qzG_COMNyDZ9S1LogOMMVOFlLeF43vMKHam2vDg3x9kY&app=desktop