May 15, 2020

İSLAM VƏ TƏKAMÜL

Müəllif: Muhəmməd Hüseyn Behişti
Tərcümə: Ziya Balıyev

HƏYAT

Bildiyimiz təbii faktlar xaricində, yaşayan varlıqlar nisbi olaraq daha qarışıq və möhtəşəm mexanizmaya sahibdirlər. Deyilə bilər ki, həyat təbii hərəkət müstəvisində mükəmməlliyin zirvəsindədir.

Hansısa bir düşüncə məktəbinə aid mütəfəkkir canlı varlıqların cansızlarda olmayan xüsusiyyətlərə sahib olması haqqında zərrə qədər şübhə etməz. Canlı varlığın əsas xüsusiyyətləri özünü müdafiə, ətrafa adaptasiya, böyümə və nəsil artımıdır.

Müşahidələrin və elmi testlərin bizə göstərdiyi qədərilə, canlı varlıq başqa bir canlı varlıqdan yaranar, cansız maddədən deyil. Bənzər formada heç bir canlı varlıq qəfildən və özlüyündən yarana bilməz. Eyni zamanda, canlı bir varlıq ancaq təbii olaraq həyatın başlanğıcı olan təbiətin təkamülünün spesifik bir mərhələsində ortaya çıxdı. Bütün bunlardan həyatın mənşəyi nədir sualı ortaya çıxır.

Bu mövzuda müxtəlif nəzəriyyələr ortaya atıla bilər. Onlardan bəziləri bunlardır:

-Həyat yaşayan hüceyrələr formasında dünyaya başqa bir planetdən gəlmişdir. (Panpermiya)

-Müəyyən şərtlər daxilində lazımlı enerjini almağın bir nəticəsi olaraq, yaşayan hüceyrəni formalaşdırmaq üçün lazımlı olan maddi zərurət təsadüfi olaraq canlı bir varlığa çevrildi və bundan da bütün dünyaya həyat yayıldı. (Abiogenez)

 -İlk yaşayan canlı Allahın iradəsilə ortaya çıxdı. İndi yaşayan bütün canlı varlıqlar onun nəslindəndir. (Teistik təkamül)

-Canlı varlıqların hər növü dünyada müstəqil olaraq ortaya çıxdı. Onların hər birinin həyatı Allah tərəfindən qorunur. (Yaradılışçılıq)

Bundan başqa da nəzərlər mövcuddur.

Biz xeyli geniş bir elmi araşdırmanın bu mövzuda mütləq bir nəticə əldə etməsinin çətin olmağı səbəbilə, bu nəzərlərdən hansının doğru olması barədə müzakirə açmaq istəmirik. Bizim vurğulamaq istədiyimiz şey, hər bir canlı varlığın həyatının Allahın bir nişanəsi olmasıdır. Bu təkamül prosesinin nəticəsi olsun və ya olmasın, fərq etməz. Bu, Quranda bəhs edilən bir şeydir.

“Sizin özünüzdə də (dəlillər vardır.) Məgər görmürsünüz?” (Zəriyət: 21)

“Allah göydən yağmur yağdırıb onunla ölmüş yeri diriltdi. Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır.” (Nəhl: 65)

YAŞAYAN HÜCEYRƏNİN YARADILMASI

Əgər, bir gün elm adamları yaşayan bir hüseyrənin yaradılmasında uğur əldə etsələr, bu uğur Allaha inanan insanların nəzərlərinə təsir etməz (eynən başqa planetlərə uçmaq, süni yağış yağdırmaq, insanın damarına başqa insanın damarının nəqli, elektronik beynin formalaşdırılması və Allahla rəqabət etmək mənasına gəlməyən bir çox digər kiçik və böyük kəşflər kimi). Belə şeylər ancaq insanın yaradıcılıq gücünün təbii maddələrdən və gizli güclərdən yararlanmasının bəhrə verməsi deməkdir. Quran özü bizi düşüncələrin və bacarıqların istifadəsi, təbiətin hədiyyələrindən faydalanmaq mövzusunda təşviq edir.

Tez-tez dediyimiz kimi, elmi inkişaf ilahi rəhbərliyin istiqamətində hərəkətdir, onunla toqquşan bir şey deyil.

Nə olur olsun, unutmamalıyıq ki, insanın yaradıcılığı yeni bir faktın və ya formanın bütünlüyü ilə kəşf edilməsi deyil. Sadəcə təbiətdə olan maddə və enerjinin istifadəsi və onlarla əlaqəli qanun və normaların faydalı hala gətirilməsi üçün lazımlı şərtlərin ortaya çıxarılması deməkdir.

Əgər həqiqətən insanın hazırda bilmədiyi bir çox şərtlər altında təbii maddələri bir araya gətirərək hüceyrə (həyat) yaratması ehtimalı varsa, o zaman insan gələcəkdə həyatın mənşəyinin və şərtlərinin qanunlarını kəşf edə bilər və onlardan istifadə edə bilər. Əgər bu baş tutarsa, bu kəşf həyatın başqa sahələrində onsuzda kəşf edilən bir çox başqa qanunun kəşfindən və istifadəsindən fərqli olmayacaq.

Aşkar bir qanunun kəşf edilməsi və istifadəsi heç bir formada qanunları yaradanın mövqeyini zəyiflətməz.

Alt səviyyədə görə bilərik ki, bir erkək və bir dişi bir uşağın formalaşması üçün şərtlər hazırlayar. Lakin bu şey Allahın yaradıcı olmasına təsir edərmi? Bir cütçü torpağı əkər, lakin bu cütçü məhsulun həqiqi yaradıcısı olan Allah yerini ala bilərmi?

Quran insanın yaradılışından bəhs edərkən, xüsusiyyətlə belə deyir:

“(Allahın) sizi torpaqdan xəlq etməsi, Onun ayələrindəndir.” (Rum: 20)

Palçıq bir çox inkişafı izləyərək ən üstün canlı varlıq olan insan olur. Quran insanın yaradılışının “quru palçıq”“yapışqan palçıq”dan olduğunu da deməkdədir. (Hicr: 28, Səffat: 11). Əlavə olaraq belə deməkdədir:

“Hər canlını sudan yaratdıq” (Ənbiya: 30)

HƏYAT: İLAHİ FAKT

Qeyd etməliyik ki, Quran açıq bir formada həyatı Allaha aid etməkdədir.

“Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur.” (Mülk: 2)

“Sizə həyat verən, sonra öldürəcək, daha sonra dirildəcək məhz Odur.” (Həcc: 66)

Bu ayələr heç kimi canlı bir varlıq yaratmayacağı mənasına gəlirmi? Cavab olaraq deyə bilərik ki, əvvəla Quran yağışın yağmağını, çayların axmağını və dağlardan insanın yaradılışına qədər bütün təbii dəyişiklikləri Allaha aid etməkdədir. Bəzi hallarda bir çox dəyişiklik də təbii hadisələrə aid edilir. Bu iki qrup ayə təzad təşkil etməz, sadəcə bir-birini dəstəkləyər. Çünki təbii hadisələri idarə edən elmi qanunlar sadəcə Allah tərəfindən verilmiş normalardır. Onun iradəsi, bir başa bütün dəyişiklikləri və təbii hadisələri yaratdığı mənasına gəlmir. O, təbii dəyişikliklərin sistemini yaratmışdır. Bu onun iradəsidir.

İkincisi, həyat nümunəsində Quranın xüsusi bir diqqət göstərdiyini görürüksə, bu sadəcə onun əhəmiyyətinin bir göstəricisidir. Allah həyatı ilahi ruhun üfürülməsi olaraq təqdim etməkdədir. İnsanı müzakirə edərkən, bununla nə demək istədiyi izah ediləcək.

Üçüncüsü, təkamül prosesi Allahın iradəsinin və yaradıcı nizamının bir nümunəsidir. Xüsusilə, bu proses maddi bir orqanizmin həyat qazandığı bir mərhələyə çatmasından, canlı bir varlıq olub ən sonda insan həyatının formalaşmasına qədər uzanan biz zamandırsa.

İNSAN VƏ TƏKAMÜL

Təkamül nəzəriyyəsi bütünlüyü ilə uzun bir tarixə malikdir. Lamark bu mövzuda müəyyən prinsiplər elan etmişdi. Lakin canlı orqanizmlər və onların formalaşması üzərində geniş işlər görən və təkamülün həqiqətən olduğunu göstərən yetərli elmi sübutlar toplayan Çarlz Darvindir. Darvin müdafiə edirdi ki:

A) Hər canlı varlıq tədricən özünü ətrafa adaptasiya etmiş və qida toplamaq, ətrafda olan şərtlərə qarşı özünə qorumaq kimi təbii ehtiyaclarını qarşılamışdır. Bu səy bəzən bədənində, göllərdə qida axtarmaq məqsədilə üzmək üçün ətraf tərəfindən məcbur qaldığı zaman ördəyin ayaqlarının birləşməsində olduğu kimi, dəyişikliklərə səbəb olmuşdur.

B) Bu orqanik dəyişikliklər nəsillər boyu meydana gəlməsi səbəbindən, daha sonra gələn nəsillərə keçmişdir.

C) Canlı varlıqlar arasında həyatlarının davamlılığı, uyğun bir cüt seçimi və qida üçün şiddətli mübarizə vardır. Bu varolmaq mübarizəsi yeni mühitin təsirlərilə qarşılaşma və digər canlı varlıqlarla rəqabət, heyvanların və bitkilərin həyatında sabit olan prinsipdir və onların formalarında dəyişikliyə yol açır.

D) Bu mübarizə nəticəsində sadəcə özlərini ətraf mühitə ən yaxşı adaptasiya edənlər və təbii mühitlərində həyatları üçün lazımlı şərtləri təmin edənlər yaşayarlar. Zəyif və ətrafa daha az uyğunluq göstərən orqanizmlər məhv olur.

Bu formada müxtəlif növlərə çevrilmiş və sadəcə uyğunluq göstərə bilənlər yaşamışdır. Növlərin təkamülü belə olmuşdur.

İnsan da daxil olmaqla canlı orqanizmlərin inkişafı nəzəriyyəsinin bu formada təqdim olunması, -Darvinin bütün ömrü boyu və ondan sonra-, böyük müzakirələrə səbəb olmuşdur. Bu nəzəriyyəni dəstəkləyən və ona qarşı çıxan insanların nəzərləri açıq formada təqdim edilmişdir. Bəzən bu müzakirələr elmi sferada olmuş, bəzənsə Darvinin dediyi şeylərin dünyanın başlanğıcı və insan yaradılması ilə bağlı İncilin “Yaradılış” babına zidd olduğu iddiasıyla, dini müstəvidə davam etmişdir.   

Nə olursa olsun, arxeologiyadakı yeni tapıntılar və təcrübi araşdırmaların yayılmasıyla, Təkamül nəzəriyyəsi nəzərə çarpacaq formada, xüsusən antropologiyanı maraqlandıracaq qədər, Darvinin zamanından bəri dəyişmişdir.

Darvinin bəhs etdiyi hər prinsiplə əlaqəli olaraq bir çox yeni suallar ortaya çıxmışdır. Məsələn, yeni bir orqanın meydana gəlməsi və ya hər hansı bir dəyişiklik, hər zaman o orqanın istifadəsindən və onun ətrafa uyğunlaşmaq üçün səy göstərməsi səbəbindən formalaşdı, yoxsa mutasiya yaxud başqa səbələrdən baş verdi sualı verilmişdir.

Səbəbi nə olur olsun, orqanlardakı dəyişikliklər yaşamağı və təkamülü hədəfləyər. Bəzən isə ətrafın şərtlərinə zidd olmaları səbəbilə, ölüm və nəsil tükənməsilə nəticələnir.

Var olan nəslin təkamülünə səbəb olan təbii seleksiyadır yoxsa süni? Görürük ki, yabani heyvan və bitkilər bənzər bir formaya sahibdirlər. Halbuki, süni seleksiya heyvan və bitkilərin daha çox növləşməsinə səbəb olur, onları daha yaxşı formada təkamülləşdirir. Təakümllə bağlı bunun kimi daha çox suallar vardır.

Təkamül nəzəriyyəsini çürütmək məqsədilə ortaya atılan bütün etirazlara rəğmən, bu nəzəriyyə təbiət elmlərinin obyektiv prinsipi olaraq elm adamları tərəfindən qəbul edilmişdir. Eyni zamanda məşhur və bitərəf elm adamları bu nəzəriyyəni mütləq və alternativsiz olaraq görməzlər. Daha irəli elmi araşdırmaların yolu bağlanmamışdır. Dedikləri şey, elmi araşdırmaların indiyə qədər Təkamül nəzəriyyəsinin yerini ala biləcək hansısa bir prinsipin kəşf edilməmiş olmasıdır.

İndi deyilə bilər ki, əgər tərəfsiz araşdırmaçı diqqətli bir formada canlı orqanizmlərin yaradılışı ilə bağlı müşahidələrin nəticələri üzərində çalışsa, aşağıdakı nəticələrə çatacaqdır:

1) Təkamül dərəcələrinə görə canlı orqanizmlər tarixi bir ardıcıllığıa sahibdirlər. Fərqli deyişlə, tarixi olaraq daha inkişaf etmiş bir növ, daha az inkişaf etmiş növdən sonra gəlir.

2) Bu tarixi ardıcıllıq dünyanın bütün digər şeylərdə tapılanlarla uyğunluq təşkil edir. Bütün bir kosmos, sadə formada ortaya çıxmışdır və həyatın ortaya çıxmasını təmin edən şərtlər tədricən inkişaf etmişdir. Daha qarışıq orqanizmlər daha sadələri izləmişdir.

3) İlk canlı orqanizm ilə daha inkişaf etmiş orqanizm arasında bənzərlik vardır.

4) İnsan embriyomunun inkişaf mərhələləri canlı orqanizmlərin tarixdə keçdikləri aşamalarla tamamilə bənzərdir.

Bütün bu sübutları bir yerə yığdığımız zaman, elmi olaraq proqnozlaşdıra bilərik ki, canlı orqanizmlərin müxtəlif növləri bir əvvəlkinin nəslindəndir və müstəqil olaraq var olmamışdır.

NƏTİCƏ

İstər Təkamül nəzəriyyəsini dəstəklərin, istər ona qarşı çıxsın, tərəfsiz bir təhqiqatçı qəbul etmək məcburiyyətindədir ki:

1) Bildiyimiz qədərilə canlı orqanizmlər də daxil olmaqla dünyadakı bütün var olan şeylər təkamül dərəcələri prizmasından ardıcıllığa sahibdirlər.

2) Daha inkişaf etmiş orqanizmin daha az inkişaf etmiş bir orqanizmin nəslindən gəldiyinə dair bir çox örnək vardır.

3) Təkamülün bütün yaşayan canlılara tətbiq edilə bilinən obyektiv nəzəriyyə olduğuna dair işarələr vardır.

4) Lakin, hələ də bu elmi bir təxmindən başqa bir şey dyildir və əks dəlillər ortaya qoya biləcək araşdırmaların yolu açıqdır.

5) Kainatı yaradan və ona hökm edən uca bir yaradıcının olduğu əsasından yola çıxaraq, müəyyən inkişaf etmiş növlərin müstəqil olaraq mövcudluq qazana biləcəklərinə dair güclü bir ehtimal vardır. Əlbəttə, bu vəziyyətdə inkişaf etmiş növlərin yaradılışı, yaradıcının hər hansı bir zehni inkişafının ya da təcrübə qazanmasının nəticəsi deyildir. Bu vəziyyət sadəcə təkamül prosesinin dünyanın yaradıcısının müstəvisində var olmasının bir nəticəsidir. Başqa cür ifadə etsək, bir embriyomun inkişafında təkamül hərəkətinin var olması kimi, tədricən daha inkişaf etmiş növlərin mövcud olması Allahın iardəsinin nəticəsidir.

İNSANIN ORTAYA ÇIXMASI

Elm adamlarının ümumi baxış tərzinə görə insan özündən öncə var olan primatlardan təkamül etmişdir. Bu sübut və başqa işarələr üzərində çalışmanı və onları araşdırmağı antropoloqlara həvalə edir, özümüzü insanın mənşəyilə bağlı bir neçə ümümi mütaliyə ilə sərhədləndiririk.

1) Təkamül nəzəriyyəsilə bağlı dediyimiz şeylər, eyni zamanda insanın əcdadları haqqında bu nəzəriyyə daxilində deyilmiş şeylərə də tətbiq oluna bilər. Lakin daha əvvəl vurğuladığımız kimi, bu nəzəriyyə elmi təxmindən başqa bir şey deyildir. Daha çox araşdırmaya ehtiyac duyulmaqdadır və yüz faizlik bir dəqiqlikdə olduğu düşünülməməlidir.

2) Nə olur olsun, bunu qeyd etmək vacibdir ki, insanın primatlardan təkamülləşməsi ilahi dinlərin təlimləri ilə, xüsusilə uca bir yaradıcıya olan inancla ziddiyət təşkil etməz. “İslami təlimlər” adlı kitabımızda da tez-tez qeyd etdiyimiz kimi, Qurana görə Allah təbiətin yaradıcısıdır. Buna görə də təbiətin mükəmməl sistemi, onun işarələrindən biridir, ona əks olan şey deyil. Bütün elmi müzakirələr və səylər, sadəcə təbiətin sistemini tapmağa yönəlib.

3) Din ilə təkamülün ümumi prinsipləri arasında bir ziddiyət olduğuna dair tək işarə, yer üzündə yaşayan bütün insanları müstəqil formada yaradılan və öncədən var olan hansısa varlıqdan təkamülləşməyən Adəmin soyundan olduğunu aşkar formada ifadə edən Əhdi Ətiqin “Yaradılış” babı və mütləq Quran ayəsidir.

Burada aşağıdakı məsələləri diqqətə almaq lazımdır.

A) Bu mövzuda “Yaradılış” babında qeyd olunan şeylər dini baxış prizmasından ciddiyə alına bilməz. Çünki, Əhdi Ətiqin bir çox bölməsinin keçərliliyi tarixi baxımdan şübhəlidir.

B) Adəmin yaradılışı ilə bağlı olan Quran ayələri, ümumiyyətlə bunu vurğulamaqdadır ki, onun yaradılışı əhəmiyyətli bir hadisədir və palçıqdan yaradılan maddi bədəninə ilahi bir ruh üfürülmüşdür.

Beləcə dünyanın ağası olaraq bildirilən və heç bir görünən ya da görünməyən varlığın, onun Allaha və ya təməl arzularına yönəlməsində sərhədlər qoymadığı palçıqdan yaradılan varlıq mövcudiyyət qazanmışdır.

C) Quranda Adəmin yaradılışını möcüzəvi olaraq təqdim edən yalnız bir ayə vardır. Bu ayə buyurmaqdadır:

“Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir.( Allah) onu torpaqdan yaratdı, sonra isə ona “Ol!”– dedi, o da oldu.” (Ali-İmran: 59)

Bu ayə İsayla bağlı olan digər ayələrin ardınca gəlir. Quran fərqli yerlərdə vurğulayır ki, İsa Allah tərəfindən yaradılıb və Allahın oğlu deyil. Bakirə Məryəmdən atasız olaraq dünyaya gəlməsi onun Allahın oğlu olmağına dəlil sayıla bilməz. Onun dünyaya gəlməsi daha əvvəl yaradılan ilahi ruha sahib canlı bir varlıq olan Adəmin yaradılışı kimi, Allahın iradəsilə olan fövqəltəbii hadisədir.

Bu ayə göstərməkdədir ki, Adəmin yaradılışı və İsanın doğuluşu oxşar hadisələrdir.

Kimsə Quranın İsayla bağlı dediyi şeyin bütün tarix boyu insanın doğuluşunun ümumi prosedurunu inkar etdiyini deyə bilərmi? İsanın doğuluşu insanın normalda bir ana və atadan doğulmasını inkar etməkdədirmi? Heç bir zaman…

Bir çox ayədə Quran insanların çoxalma sistemlərini kainatın yaradıcısının gücünün və hikmətinin bir işarəsi olaraq yad etməkdədir.

Bu səbəblə, Quranın baxış prizmasına görə Adəmin, ilahi ruhdan üfürülmüş ilk canlı varlığın yaradılmasını Quranın təkamülə dayalı olaraq, dünyada var olan şeylərin ya da canlı orqanizmlərin ortaya çıxması nəzəriyyəsinə qarşı olması olaraq başa düşülməməlidir. Adəmin yaradılması insanın meydana gəlməsinin istisna bir yolla, Allahın xüsusi bir lütfüylə olduğu mənasına gəlir.

İSTİSNA ORQANİZMLƏR

Adəmin və İsanın doğuluşuyla bağlı olanlara baxmadan, təbiət elmlərilə məşğul olan bir elm adamına adi orqanizmlərin ortaya çıxmasıyla yanaşı, istisna olanların da meydana gəlməsinin mümkün olub olmadığını sual edilə bilər.

Bir qanun olaraq insanın ayaq və əllərində beş barmağın olduğunu bilirik. Lakin eyni zamanda bəzi uşaqlar altı barmaqla dünyaya gəlirlər.

Eyni formada bilirik ki, hər uşaq bir başa sahib olaraq doğular. Lakin qəzetlərdə istisna bir vəziyyət olaraq bəzi uşaqların iki başa sahib formada doğulduğunu oxuyuruq.

Bunun kimi istisna vəziyyətləri bir elm adamına təqdim etdiyiniz zaman, onların varlığını inkar edə bilməz, lakin onları bəsit bir formada qəribəlik olaraq açıqlayar.

Saf bir insan rahatlıqla bu izahı qəbul edər, lakin tənqidçi bir zehnə sahib şəxs bu sualları verər: Əgər dünyanın və insanın təkamüllü formada meydana gəlişinin, dünyadakı hər zərrəyə tətbiq olunan təbiət qanunlarının hegemonluğunun nəticəsi olduğu doğrudursa və bu qanunlar hər yerdə istisnasız işləyirsə, onların nizamını pozan faktor nədir? Xarici bir faktor pozar, yoxsa təbiət qanunların özləri özləri alt-üst edərlər. Birinci alternativdə bildirməliyik ki, təbiətin fövqündə bəzi super güclər vardır. İkinci alternativdə isə, bəzən möcüzə adı verilən istisna hadisələrin var olma ehtimalının şiddətli formada inkar edilməsi və təbiətin sisteminə zidd olaraq düşünülməsi kimi bir vəziyyət ortaya çıxar.

Yuxarıdakı müzakirələr göstərməkdədir ki, dünya və insan prizmasından ümumi təkamül prinsipi ilə vəhyi dinlərin təlimləri, Adəmin, yəni insanın yaradılması ilə əlaqəli olaraq Quranın dedikləri arasında heç bir ziddiyət yoxdur.

Təkamül nəzəriyyəsi hələ daha çox elmi araşdırmalara ehtiyaclıdır, çünki xüsusilə Darvinin açıqladığı formada çox tənqidə məruz qalmışdır.