May 8, 2020

İSLAMDA QIZ UŞAĞININ HƏDDİ-BÜLUĞ YAŞI

Müəllif: Elbrus Kərimov

İslam dinində çox yayılmış və münaqişəyə səbəb olan mövzulardan biri də, qız uşağının doqquz yaşından başlayaraq cinsi münasibətə icazə verilməsidir. Yəni doqquz yaşı tamam olan zaman, artıq qız ərə gedərək cinsi münasibət yaşaya bilər və doqquz yaş qız üçün həddi-büluğ yaşı hesab olunur. Bildiyiniz kimi dinimizin dörd əsas qaynağı var. Müqəddəs Quran, Peyğəmbərimizin sünnəsi (İmamlar daxil olmaqla), icma və ağıl. Bir şeyin haram və halal olmasını bilmək üçün ilk olaraq onu Quranla araşdırırıq. Çünki Quran “əvvəliyyətu əd-din”dir, yəni dinimizin ilkin qaynağı, mənbəyidir. Əgər Quranda açıq-aşkar bir şeyin haram və halal olmasına dair ayə varsa, digər mənbələrdən araşdırmağa ehtiyac yoxdur. Quranda haram və halallığına dair açıq-aşkar dəlil olmazsa, onda digər mənbələrə müraciət edəcəyik. Gəlin ilk olaraq əsas mənbə olan Quranda bu məsələni qısa olaraq araşdıraq.

Quranda qız uşağı üçün həddi-büluğ yaşı göstərilibmi?

Quranda üç cür həddi-büluğ göstərilir:

وَابْتَلُوا الْيَتَامَىٰ حَتَّىٰ إِذَا بَلَغُوا النِّكَاحَ فَإِنْ آنَسْتُم مِّنْهُمْ رُشْدًا فَادْفَعُوا إِلَيْهِمْ أَمْوَالَهُمْ
Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını (ruşd, həddi-buluğa çatdıqlarını) hiss etsəniz, mallarını özlərinə qaytarın… (Nisa: 6)

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لِيَسْتَأْذِنكُمُ الَّذِينَ مَلَكَتْ أَيْمَانُكُمْ وَالَّذِينَ لَمْ يَبْلُغُوا الْحُلُمَ مِنكُمْ ثَلَاثَ مَرَّاتٍ

Ey iman gətirənlər! Sahib olduqlarınız, həddi-büluğa çatmayanlar (yanınıza daxil olmaq istədikdə) bu üç vaxtda sizdən icazə alsınlar… (Nur 58)

وَلَا تَقْرَبُوا مَالَ الْيَتِيمِ إِلَّا بِالَّتِي
هِيَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُ

Yetimin malına, xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, həddi-büluğa (əşuddə) çatana qədər yaxın durmayın… (Ənam: 152)

Deməli, bu ayələrdə 3 növ həddi-büluğ göstərilir;

  1. “Ruşd”
  2. “Hulum”
  3. “Əşudd”

İzah: “Ruşd”– ağla dolmaq mənasındadır. Yəni doğrunu səhvdən və ya doğrunu azğınlıqdan ayırd etmək deməkdir. Necə ki, digər Quran ayəsi buna işarə edir:

لَا إِكْرَاهَ فِي الدِّينِ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ ۚ 
Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi… (Bəqərə: 256)

İzah: “Hulum”-yuxu görmək, yuxuda insandan spermanın xaric olması deməkdir. Bəzi müfəssirlər “hulum”un mənasını insandan spermanın xaric olması kimi tərif edirlər. İstər bu, yuxu halında olsun, istərsə də oyaq halda. Bəzi alimlər də deyirlər ki, “hulum”dan məqsəd cismin və ağılın inkişaf etməsdir.

İzah: “Əşudd”-güc-qüvvət, bacarıq, kamillik mənasındadır. Yəni bu işdə qız uşağının kamilləşməsi. Necə ki, digər Quran ayəsi buna işarə edir:

ثُمَّ نُخرِجُکُم طِفلاً ثُمَّ لِتَبلُغوا اَشُدَّکُم
…sonra (analarınızın bətnindən) uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız… (Həcc: 5)

Beləliklə aydın olur ki, Quranda həddi-büluğ üçün yaş həddi təyin olmayıb. Əsas ağılın inkişafı, cinsi münasibətə hazır olmaq və insanın güc-qüvvətinin olmasıdır. Bu isə konkret yaş həddi təyin etməklə mümkün deyil. Hər bir qız uşağında müxtəlif yaşda təzahür edir.

İndi isə gəlin bu məsələni hədislərlə araşdıraq. Bu haqda iki dəstə hədis var. Həmçinin hər iki dəstə hədis mötəbərdir. Qurandan fərqli olaraq burada yaş həddi göstərilir. Birinci dəstədə olan hədis doqquz, ikinci dəstədə isə on üç yaş həddi göstərilir.

Paradoksal vəziyyətin həlli…

Quranda qətiyyən yaş həddi yoxdur. Quranın qaydasına əsasən həddi-büluğ yaşının təzahürü müxtəlif ola bilər. Yəni “ruşd”, “hulum”“əşudd” qız uşağında müxtəlif yaşda gerçəkləşə bilər. Burada paradoksal vəziyyəti həll etmək üçün üç variant mövcuddur.

  1. Hədislərdə həddi-büluğ yaşı müxtəlif olduğundan, hədislər bir-birinə ziddir. Ən əsası isə Quranın məfhumuna ziddir. Üsul elmində “təaruz”(ziddiyyət) qaydasına əsasən bir neçə hədislər bir-birinə zidd olduğu təqdirdə, bu ziddiyyətləri həll edə bilmədikdə “tərcih” qaydasını tətbiq etməliyik, yəni birinci qaynaq olan Qurana üstünlük verməliyik. Ən əsası, burada ziddiyyəti həll edən zaman ictimai şərait nəzərə alınmalıdır
  2. Hədislərdə yaşın fərqli olmasına görə, hədislər Qurana uyğun yozulmalıdır, yəni ola bilər müxtəlif yaş, müxtəlif inkişafın göstəricisidir. Bu səbəbdən konkret yaş təyin olunmamalıdır.
  3. Cinsi həddi-büluğla təklifi həddi-buluğ ayırd edilməlidir. Yəni Quranda göstərilən həddi-büluğ cinsi münasibətin, hədislərdə isə şəri vəzifələrin qız uşağı üçün vacib olmasıdır. Yəni doqquz yaşda olan qıza şəriət hökmlərini icra etmək vacibdir, nəinki cinsi münasibət də icazəlidir.

İrad: Burada irad oluna bilər ki, islam Peyğəmbəri xanım Aişənin doqquz yaşı olan zaman evləndi. Bu da onu göstərir ki, doqquz yaşında qızın uşağının ərə gedib və cinsi münasibətdə olması icazəlidir. Qadağan olsaydı Peyğəmbər özü bu işi etməzdi. Cavab olaraq deyirik ki, hədislərdə xanım Aişənin doqquz yaşında ərə getməsi göstərilir və bəzi hədislər də isə altı yaşında. Ancaq bu hədislərin tarixi sübutu yoxdur. Əksinə, tarixi sübutlarda göstərilir ki, xanım Aişə ərə gedən zaman yaşı doqquz yaşdan çox olmuşdur. (Bu haqda daha ətraflı oxumaq üçün toxun)

Nəticə: Aydın oldu ki, doqquz yaşlı bir qız uşağının cinsi münasibətə icazli olması məqbul deyil. Burada əsas meyar Quranın təyin etdiyi meyardır. Doqquz yaşlı qızda belə meyarın olması əksər hallarda mümkün olmur. Sadəcə olaraq, qız uşağı doqquz yaşa çatarsa, ona şəri vəzifələri bacardığı qədər icra etmək vacib olur. Bu isə Allahın əmrini yerinə yetirmək üçün hazırlıq prosesidir.