Avqust 27, 2018

Kant və onun fəlsəfi fikirləri

Kant 1724-cü ildə doğulmuş və bütün həyatını Köniqsberqdə yaşamışdır. Yerli universiteti bitirib, elə orada da pedaqogika, fəlsəfə və fiziki coğrafiyadan dərs demişdir. Kant yaradıcılığını iki dövrə ayırmaq qəbul edilib: «tənqidəqədərki» – XVIII əsrin 70-ci illərinə qədərki dövr, bu müddətdə alim təbiətşünaslığın fəlsəfi problemləri ilə məşğul olmuşdur və «tənqidi» dövrdə onun tədqiqatının predmeti insan zəkası, onun strukturu və dərketmə imkanları olub. Bütün həyatı boyu Kant «səbir və pəhriz» devizinə riayət edibdir. 1804-cü ildə ölmüşdür.

Mütəfəkkirin əsas əsərləri: «Xalis zəkanın tənqidi», «Praktik zəkanın tənqidi», «Mühakimə qabiliyyətinin tənqidi» kitablarıdır.

İdrak nəzəriyyəsi – hansı şəraitdə gerçək dərketmə mümkündür və onun sərhədləri necədir məsələsi üzərində ardıcıl düşüncələrdir. Kant belə bir tezisdən çıxış edirdi ki, insan və onun şüurundan asılı olmayan şeylər dünyası -«özündə şeylər» mövcuddur.

İdrak prosesi ondan başlayır ki, şeylər bizim hiss üzvlərimizə təsir edir və insanda duyğular yaradır. Duyğular bazasında anlayışlar və düşüncə mühakiməsi, həmçinin zəkanın ideyaları formalaşır.

Kant qeyd edir ki, bilik həmişə öz növbəsində analitik ve sintetik olan mühakimələr formasında ifadə olunur. Birinci əşyalar haqqında yeni biliklər əlavə etmir, ikinci isə belə bilik əldə etməyə kömək edir.

Kant hissi, düşüncə və zəka bacarığını ayırır. Hissiyyat şeyləri duymaq qabiliyyətidir; düşüncə – insanın sadə anlayışlara və şeylər haqqında mühakimələrə olan bacarığıdır; zəka – əqli nəticə və ideyalara, yəni ali anlayışlara olan bacarığıdır.

Kanta görə zəka özündən üç əsas ideya törədir: ruhun ideyası (psixi proseslər), dünya ideyaları (səbəb-nəticə əlaqələri) və Allah ideyası (bütün səbəblərin səbəbi). Bu anlayışların köməyi ilə zəka bütün dünyanı vahid və sonsuz bütöv kimi şərh etməyə çalışır. Onun fövqəlvəzifəsi də elə budur.

Kanta görə insan müstəqil davranışa və əxlaqi kamilləşməyə qabiliyyəti olan mövcudluqdur. İnsan əxlaqi mövcudluqdur ve onun əxlaqı xaricdən gətirilə bilməz, o insanın öz təbiətindən irəli gəlir. Hər bir insanı özündə əxlaqi qanun daşıyır, bu qanun məcburi gücə malikdir və nəsihət xarakteri daşıyır. Hamı üçün eyni olan bu qanunu Kant qəti imperativ adlandırmış və onu belə formulə etmişdir: «Elə hərəkət et ki, sənin şəxsi davranış qaydan hamı üçün davranış qaydası olsun». Əxlaqm odur ki, şəxsi qazanca deyil, borca uyğundur.

Şükürov-Hamı üçün fəlsəfə