Aprel 9, 2019

Çolaq Addım – Karl Saqanın “Qarajımdakı əjdaha” iddiasına cavab

Məşhur astrofizik Karl Saqan özünün “Science as a Candle in the Dark“ kitabında tanrının mövcudluğunu inkar etmək üçün “Qarajımdakı əjdəha” (The dragon in my garage) adlı bölmədə gətirdiyi məşhur bir arqument ateist səhifələri tərəfindən tez-tez, həvəslə istifadə olunur. Qısaca Saqanın nə dediyinə baxaq.

Karl Saqan

“Əgər bir gün qonşunuz sizə öz qarajında odpüskürən bir əjdəha gizləndiyini desə, səbirsizliklə göstərməyini istəyərsiniz.. Beləliklə qarajın qapısı açıldıqda orada ancaq nərdivan, bir neçə boş boya qutusu və köhnə üçtəkərli bir velosipeddən başqa heçnə olmadığını görərsiniz. Bəs əjdəha hardadır deyə soruşsanız, qonşunuz əjdəhanın əslində gözəgörünməz bir əjdəha olduğunu deyəcək. O zaman yerə un səpək və nəticədə üzərinə basdıqda ayaq izlərini görək desəz, qonşunuz sizə bu əjdəhanın havada uçduğunu deyəcək. O zaman infraqırmızı sensor vasitəsiylə onun püskürdüyü alovu görməyi sınayaq deyə təklif etdikdə qonşunuz yenə başını yelləyər və əjdahanın püskürdüyü alovun istilik buraxmadığını bildirər. Bu dəfə havaya aerozol boya püskürdək deyə təklif etsəz yenə qonşunuz əjdəhanın boya yapışmaz bir dəriyə sahib olduğunu deyəcəkdir. Beləliklə əjdəhanı görmək üçün hansı fiziki testi təklif etsəz qonşunuz onun işə yaramıyacağına dair növbəti bir səbəb gətirər..”

Beləliklə Saqan şəhərin bütün sakinlərinin qarajlarında görünməz, izburaxmaz, istilik saçmaz bir əjdəhanın var olmasına inanmaları ilə əslində bu əjdahaların mövcud olmadıqları arasında heç bir fərq olmadığı nəticəsinə varır. Gələcəkdə elə bir test üsulu tapılacaq ki, qonşusunun əjdəhasının varlığı fiziki cəhətdən isbat olunsun, ancaq bu üsul kəşf olunmayıbsa iddia etdiyinin qarabasma olmadığına inanmağa borclu deyilik.

Ateistlər analoji şübhəni personajın adını dəyişdirərək qaradamları, yadplanetlilər, supermenlər və başqa mifik varlıqlar üzərindən səsləndirməyi sevirlər.
Bəs qarajda əjdəha olmağına inanmağımız ilə Yaradıcının var olmasına inanmağımız arasında fərq nədir? Bu bəsit suala bir neçə bənddə cavab verə bilərik.

1) Qaraj dediyimiz məkan müşahidə oluna bilinən bir yerdir, 92 milyard işıq ili diametri sərhədləri daxilində müşahidə edə bildiyimiz kainatımız kimi. “Tanrı yoxdur çünki görə bilmirəm” demək üçün Karlın məntiqinə əsasən ən azı kainatın hüdudlarının çölünə çıxa bilmək və ya zamanda “böyük partlayışdan” əvvələ getməyimiz labüddür. Astronom David Kipping`in məşhur “Bu, bir fincan okean suyuna baxıb okeanda heç bir canlı yaşamır iddia etmək kimidir” sözünü qeyd etməyimiz burada yerinə düşər.

2) Naturalist baxış bucağından baxdıqda bu arqument elmdə skeptik yanaşmanın tələb etdiyidir və yerinə görə istifadə olunması etibarlı sayıla bilər. Ancaq Tanrının varlığına bu baxış bucağından baxdıqda əks arqument kimi istifadə olunması heç bir məntiqə sığmır. Təbiət elmlərinin fəaliyyət sferasının harada bitdiyinə dair əvvəlki yazılarımızda xeyli söhbət açmışıq. Sevgi, şərəf, insan şüuru, estetik gözəllik, əxlaq və başqa mövcudluğu şübhə doğurmayan dəyərlər də fiziki təcrübələr ilə heç vaxt ölçülə bilinmiyəcək məfhumlardır. Dolaysıyla həqiqətlər fiziki təcrübələrin ölçə bilmiyəcəyi qədər çox və aşkardır.

3) Əks arqument kimi bu qarajın özünü gətirmək mümkündür. Təsəvvür edin qədim və tərk edilmiş bir qaraj vardır. Su keçirməmək üçün damı, qıfıllanmaq üçün qapısı, divarlarında alətlər asılması üçün asılqanları olan kimə məxsus olmadığı bilinən bir qaraj. Bu qarajın kim tərəfindən inşa olunduğu məlum deyil, bunun üçün əlimizdə heç bir sənəd və ya başqa bir dəlil yoxdur. Köhnə olduğundan ətrafda yaşayanlardan da onun necə tikildiyi barədə bilgisi olan yoxdur. Az öncə təqdim olunan fəlsəfi baxış ilə yanaşsaq, sübut oluna bilinmədiyinə görə qarajın bir mühəndisinin olmadığına inanmalıyıq. Bəli, inanmaq. Çünki əslində Karl Saqanın təklif etdiyi hipotez elmi yox, fəlsəfi ehtimallara dayanır.

Nəticə: Qarajda əslində heç bir əjdəha yoxdur, çünki onun mövcud olmağı üçün əlimizdə heç bir əsas yoxdur. Qarajın bir mühəndisi var, onun mövcud olması üçün əlimizdə xeyli sayda təkzib olunmaz izlər var. Təbii ki düşünən beyinlər üçün.