Avqust 27, 2018

Lao-tszı və onun fəlsəfi fikirləri

Lao-tszı yarıməfsanəvi şəxsiyyətdir. Belə söyləyirlər ki, o ana bətnində 60 il qalaraq qoca kişi doğulub. Yalnız dəqiq məlumdur ki, o Konfusinin müasiri olmuşdur. Lao-tszı öz təlimini şifahi yaymışdır. Nəticədə onun mühakimələri «Dao de dzin» kitabında toplanılmışdır.

Lao-tszı fəlsəfəsində «Dao» anlayışı əsasdır. «Dao»-nun ilkin mənası «yol» deməkdir. Sonradan bu anlayışı ilkin əsas, bütün mövcudatın əsası, dünyadakı bütün şey və proseslərin yolu kimi başa düşürlər.

Daosizmdə göstərilir ki, «dao» ziddiyyətli xassələrə malikdir. O dəyişməzdir və bununla birgə daimi dəyişmədədir, o yalnız sonlu şeylərdə mövcuddur, özü isə sonsuzdur.

Dünyada mövcud olan hər şey – aşkar səbəbi olmayan saysız çevrilmələrin nəticəsidir. Dünya kəsilməz doğuluş və ölüm, yaranma və qayıtma kimi görünür. Hər şeyin arxasında dünyada vəhdət və harmoniya verən «dao» dayanır.

Daosizm prinsiplərinə görə insan ətraf dünya ilə harmoniyada yaşamalıdır. Bu dünya heç kimin ağalıq hüququ olmayan qab kimidir. Hər şeydə ölçünün gözlənilməsi insanın mühüm məsələsi, onun həqiqi müdrikliyinin təzahürüdür.

Müdriklik – mübarizəsiz, zorakılıq və qəddarsızlıqdan uzaq həyatdır. O dünyanı olduğu kimi qəbul etmək və onu dəyişməyə cəhd etməmək bacarığıdır.

Hökmdar ümumi qanunu pozmamaq üçün mövcud nizama toxunmayaraq müdriklik göstərir. «Ən yaxşı hökmdar odur ki, xalq yalnız bilir – o mövcuddur».

Şükürov-Hamı üçün fəlsəfə