İyun 30, 2019

Mirçingiz Ağazadə – Nizam Dəlilinə Tutulan İrad və Cavab

Bir dostumuz belə bir iddia irəli sürüb ki, nəsnələrin müxtəlif mühitlərdə nizamlı quruluşu onların səbəbli şəkildə var olmasına dəlalət etmir. Mən həmin dostumuzu tanıyıram və gözəl bilirəm ki, elmi nöqteyi nəzərdən bilgilidir, lakin öz əqli mühakiməm sayəsində başa düşdüyüm bəzi gerçəklər var ki, bu gerçəklərdən yola çıxaraq iddianın əsassızlığını göstərə bilərəm.

İddia belədir ki, biz teistlərin nəsnələr və onların içində olduğu mühitlərdəki nizamı əsas gətirərək Tanrının varlığına inanmağımız, Onun tərəfindən məqsədli şəkildə yaradıldığımıza olan inanc xətalıdır. 
İddianın isbatı üçün gətirilən əks-arqument isə belədir ki, əgər bir gözəl bir parkda, səkidə boy atmış hansısa çiçək qarşımıza çıxsa, biz deyə bilərikmi ki, park həmin güldən ötrü salınıb?

Dinsiz olduğum zamanlarda belə mühakimələri qeyd-şərtsiz, müftə mal kimi mənimsəyib digərlərinə izah edir, qürurlanırdım ki, mən çox bilgiliyəm. İndisə öz cəhalətim ucbatından hər gün xəcalət çəkirəm, utanıram. Hətta bu yazını yazmaq üçün bir qədər tərəddüd də etmişəm. Amma haşiyədən geri qayıdıb iddiaya qarşılıq cavabımı vermək istəyirəm.

Əvvəla, biz teistlər iddia etmirik ki, park bir güldən ötrü salınıb.

İndisə parkı və dünyanı ayrılıqda izah edək: ( bu izah bilgiləndirmək üçün yox, sonrakı bəhslərdə barəsində danışdığımız anlayışı doğru başa düşək deyə qeyd olunub).

Park – müəyyən qism insanlar üçün salınmış bir ərazidir. Bu ərazi insanların istirahəti üçün nəzərdə tutulub, orada müxtəlif bitkilər əkilir, cığırabənzər yollar salınır ki, insanlar rahat gəzişsin, təmiz hava və xoş mənzərədən zövq alsın. Skamyalar quraşdırılır ki, yol gəlmiş sakinlər dincəlsin, təbiətin ləzzətini dadsın. Beləliklə, parkda gəzişərkən qeyri-adi strukturlar ilə rastlaşsaq, təəccüblənər, raket görsək, təlaşa düşər, yerdə uzanmış yüzlərlə insan cəsədi görsək, qorxar, həyəcan keçirərik. Çünki park əylənmək üçündür, ciddi işlərin məkanı deyil, baxmayaraq ki, ciddi insanlar burada dincələ bilər, fəqət bu, yenə də parkı zatı olaraq ciddiyyət nümunəsinə çevirmir.

Dünya – Dini qavram kimi dəyərləndirildikdə istirahət sahəsi yox, müvəqqəti məkandır. Bura sınaq üçün nəzərdə tutulduğuna görə insan daxil olduğu andan etibarən hər anını diqqətli keçirməlidir. Sınağın məqsədi insanı özünə tanıtmaq, onun zatında nə qədər möhtəşəm vücud olduğunu ona əyan etməkdir. Buradakı nizam məhz səbəb kəlməsiylə sinonim sayıla bilər. Qeyd olunan kəlmələr müəyyən ardıcıllıq, zəncirvarilik, mürəkkəblik mənasında işlənmir, əksinə, şüurdan hasil olan nəticə kimi dəyərləndirilir. İnsan nəticənin özüdür, O yalnız özündən yola çıxaraq səbəbini tapa bilər. Lakin özün kəşfinə aparan yol mütləq praktiki həyat tərzindən keçir. Çünki şəxs necə bir cövhərə sahib olduğunu ancaq ehtiyac duyarkən hiss edə bilər. Tox insanın yeməkdən iyrənməsi onun yemək ehtiyacını ödədikdən sonrakı haldır. İnsan isə mənəvi cəhətdən həmişə acdır, o əsla bezmir, ömrünün sonuna kimi axtarır, yaxud özünü aldadaraq elə güman edir ki, istədiyini tapmışdır, fəqət tapdığını düşündüyü şeyə yeni anlayışlar yükləyərək cismdə vücud axtarışını davam etdirir. Qısaca, dünya insanın düşünməsi, dərk etməsi və özünə qayıtması üçündür. Dini anlayışlara görə dünyanın mahiyyətcə İnsanı batinindəki mütləq zata çatdırmaq konsepsiyası o demək deyil ki, burada dincəlmək olmaz. Hərçənd, siz maşın yolunun kənarında uzana bildiyiniz halda, o yol yenə də istirahət məkanına çevrilmir. Dünya özündə bütün insani önəmə sahib dəyərləri təcəssüm etdirdiyindən dolayı park, gül və bitki kimi qavramları ona nisbət gətirmək əvvəla xətalıdır, lakin biz bunu görməzdən gəlsək belə, parkın “özündə iş” potensialından ibarət olmadığını bildiyimiz kimi, dünyanın da ( dinə görə) “özündə əyləncə” olmadığını dərk edirik.

O zaman, gəlin, əvvəlcə sual verək; Nə üçün parkda roket görməyə öyrəşməmişik? Yaxud nə üçün düşünürük ki, əyləncə mərkəzində insanı yoran, onu tükəndirən, bezdirən şeylər olmamalıdır? Və ya nə üçün dünya əyləncə məkanı deyil, niyə dində göstərilir ki, dünya sınaq yurdudur? Niyə onu tərk etməliyik və tərk edirikmi? – Şüuri olaraq bəli. İstər bir dindar axirətə gedəcəyini düşünsün, istərsə də dinsiz şəxs ölüb torpağa qarışacağına inansın, fərq etməz, həqiqət budur ki, o şəxslərin hamısı ölür və dünyadakı vücudlarını tərk edir (burada “tərk etmək” şüurun aid olduğunu düşündüyü bədəndə qalmamasıdır, onun başqa yerə gedib getmədiyi, yaxud da şüurluluqdan çıxaraq yox olması müzakirə obyektimiz deyil). Bu isə iddiaçılar arasında teistlər üçün önəmli üstünlükdür. Çünki tərk edilən yerin ötəri olduğu gün kimi aydındır. Bu mənada bir dindar, hətta parkı da ötəri yurdun bir parçası adlandıra bilər, çünki dindar üçün nizam varlığın özündəki təzahürüdür, onun kiçik parçaları yox. Lakin dinsiz şəxs dünyanı park adlandırmaqda bir qədər tərəddüd edəcək. Bu MMC ilə dövləti eyni anlayış hesab etmək, yaxud da bir kasa ilə qara dəliyi “ehtiva edir” qənaətiylə bərabər saymağa bənzəyir, məlumdur ki, belə yanaşma xətalıdır.

Bəs görəsən, elmdar dostumuzun fikirləşdiyi həmin gülün parkın kənarı, səkisi, yaxud da çəmənzarında bitməsi o çiçəyin mövcudluq səbəbini aradan qaldırırmı? Məsələn, mən, oxuyacağım kitabı aldıqdan sonra nə fərqi var ki, onu qonaq otağı, yaxud kiçik otağa qoyuram? Bu, məgər, mənim aldığım kitabı mənim almadığıma dəlil sayılırmı?

İkincisi, doğrudanmı dindarlar kainatın gülü bitirmək üçün var olduğunu düşünür və həqiqətənmi, biz dindarlar insanın səbəbiyyəti ilə gülün səbəbiyyətini eyni məntiqlə qəbul edirik? Elmdar dostumuzun fikrincə, parkın salınması güldən ötrü deyil, insandan ötrüdür. Dindarların fikrincə isə varlığın özü insanın vücudu üçün deyil, Allahdan ötrüdür. İş gəlib Allah məqamında dayandıqda , elmdar dostlar da qəbul edəcəkləri təqdirdə, məsələni dini prizmadan araşdıracağıqsa, o zaman, deməliyəm ki, burada Allah istəsə, kainatı insan üçün yaradar, istəməsə, insanı kainat üçün yaradar. Necə ki, domino daşlarından xarüqələr yaradan insan nəticəyə hesablanmış ardıcıllıqla daşları düzür və biz xarüqəni izləyəndə demirik ki “o daşlar elə aşdığına görə rəsm əsəri yarandı”, eyni şəkildə, Allahın, nəticəsində insan, gül və ya başqa şey görmək istədiyi varlıq aləmində də kainatın insana görə var olması təəccüb doğurmamalıdır. Məsələni daha yaxşı açmaq üçün şüur anlayışını yenidən araşdıraq. Əgər şüur varsa, deməli, şüurlu hasilat ilə şüursuz hasilat arasında fərq var, hətta şüursuzun hasilat olmadığını demək daha məntiqlidir ( Yəni, mən istəyirəm və edirəm. Deməli, edilən mənim qərarımın nəticəsidir. Yox, əgər mən etmirəmsə, deməli, nəticə də yoxdur, o zaman baş verən hadisələr nəticə hesab edilmir). Əgər Allah olmasaydı, o zaman, kainatın insanı ərsəyə gətirdiyi faktını bildikdə belə, şübhələrə qərq olmazdıq ki, bu kainat nə üçün insanı formalaşdırıb? Və Allah həqiqətən də insan şüuru daxilində qalsaydı, elə olduqda Allahı şüurun fövqündə qəbul etmək mümkünsüzləşərdi. Bir başqa deyişlə, parkın səkisində bitmiş hansısa gül ilə o səkidə gəzişən insan parka nisbətdə eyni dərəcədə önəmsizdir. Burada parkı salan şəhər merinin əmrinə tabe şəxslərdir və onlara tapşırılıb ki, parkı insan üçün salsınlar, əgər tapşırıq verilsəydi ki, park həmin gülü bitirməkdən ötrü salınsın, o zaman, bu yenə mümkün olardı və bu elə bir imkandır ki, elmdar dostumuzun “park həmin güldən ötrü salınmayıb” iddiası tutarsızlaşır. Çünki mövcud parkın salınmasında göstəriş verən şəxs şüurludur. Zatən dindar biri üçün kainatı yaradan varlıq da şüurlu, hətta İnsandan daha şüurludur, ən alim olandır, beləliklə, onun bu dünyanı insan üçün yaratması, bir merin parkı insan üçün salması qədər təbiidir. 
Və bir parkda nəhəng şirkət binası, fəhlələr, roketlər görmək nə qədər qeyri-adidirsə, dünyanın boşuna, mənasız və məqsədsiz yaradıldığına inam da, biz dindarlar üçün o qədər cəfəng, əlaqəsiz bir iddiadır. 
Nə bilmək olar, bəlkə mer o parkı məhz, həmin güldən ötrü salıb, bəlkə biz özümüz o güllərdən ötrü gəlirik parka, bəlkə biz özümüz həmin güllərə möhtacıq və bəlkə təbiət zəncirində o güllər olmasaydı, biz də indiki biz olmaz, nəticədə həmin güllərə dair örnək gətirəcək qədər inkişaf etmiş insan da olmayacaqdıq?