Oktyabr 15, 2018

Nikolas Kopernik – Commentariolus

Atalarımız, müşahidə edə bildiyim qədəriylə, xüsusilə planetlərin aşkar hərəkətlərini nizamlılıq prinsipinə görə açıqlaya bilmək üçün, fəzada çoxlu sayda kürə olduğunu fərz edirdilər. Fəzadakı bir obyektin, yəni mükəmməl bir kürənin hər vaxt düzgün şəkildə hərəkət etməməsinin absurd olduğunu düşünürdülər. Fərqli istiqamətlərdəki nizamlı hərəkətləri əlaqələndirərək və birləşdirərək, hər obyektin hər hansı bir mövqedə görünə biləcəyinə qərar verdilər.

Bu problemləri, konsentrik kürələri istifadə edərək həll edə biləcəyini düşünən Kallippus və Evdoks bütün planetlərin hərəkətlərini açıqlaya bilmədi; yalnız planetlərin görünən dövrələrini deyil, bu obyektlərin göydə bəzən bizə daha yaxın, bəzən də daha uzaq göründüyü gerçəyinin açıqlaması lazım idi və bu gerçək konsentrikliyə uyğun gəlmirdi. Buna görə eksantrik və xarici çevrələri istifadə etmək daha doğru idi; bu, alimlərin haradasa bütününün qəbul etdiyi bir sistem oldu.

Ancaq, Batlamyusun və digər astronomların planet nəzəriyyələri ədədi əsaslarla tutarlı olsa da, az çətinlik çıxarmırdı. Çünki, müəyyən tarazlıq nöqtələri düşünülmədiyi müddətcə bu nəzəriyyələr kafi olmur, bu vəziyyətdə planet, xarici mərkəzin nə orbitinə nə də mərkəzinə görə sabit sürətdə hərəkət edirmiş kimi görünürdü. Buna görə belə bir sistem nə kifayət qədər mütləq nə də yetəri qədər ağılı qane edici bir həll ola bilirdi.

Bu səhvlərin fərqinə vardığımda, sıx dairələr üçün bəlkə də daha ağlabatan bir nizam tapa biləcəyimi düşündüm; bu nizamda görünən hər balanssızlığın səbəbi müəyyən edilə bilinməli və hər şey öz mərkəzinə uyğun olaraq hərəkət etməli idi, çünki mütləq hərəkət qanunu bunu tələb edirdi. Özümü bu çox çətin və az qala həll edilə bilinməz problemə həsr etdiyimdə, nəhayət köhnədən istifadə ediləndən daha az və daha sadə bir quruluşla bu problemi necə həll edə biləcəyimlə bağlı təklif, bəzi fərziyyələr (aksiyomlar olaraq adlandırılar) ortaya atdım. Fərziyyələr aşağıdakı kimidir.

  1. Bütün səmavi dairələrin və kürələrin tək bir mərkəzi yoxdur.
  2. Dünyanın mərkəzi, kainatın da mərkəzi deyil, yalnız öz ağırlığının və ayın orbitinin mərkəzidir.
  3. Bütün kürələr hərəkət edərkən günəşi mərkəz götürərlər, buna görə günəş kainatın mərkəzidir.
  4. Dünyanın Günəşə uzaqlığının, göyqübbəsinin yüksəkliyinə nisbəti, dünyanın radiusunun dünyanın günəşə olan uzaqlığına nisbəti qədər kiçikdir. Dünyanın Günəşə olan uzaqlığı, göyqübbənin yüksəkliyiylə müqayisə edildiyində fərq edilə bilməz.
  5. Göyqübbədə görünən istənilən hərəkət göyqübbədəki bir hərəkətdən deyil, ancaq dünyanın hərəkətindən qaynaqlanır. Dünya, ətrafındakı elementlərlə birlikdə öz sabit qütbləri oxunda gündəlik bir hərəkət edir, bu zaman göyqübbə və ən uzaq səma sabit qalır.
  6. Bizə günəşin hərəkəti kimi görünən əslində Günəşin deyil, dünyanın və kürəmizin hərəkətidir; Dünya da digər planetlər kimi günəşin ətrafında dövr edir. Yəni Dünyanın birdən çox hərəkəti vardır
  7. Planetlərin görünən hərəkətləri öz hərəkətlərindən deyil, Dünyanın hərəkətindən qaynaqlanır. Bu səbəbdən, yalnız Dünyanın hərəkəti səmadakı açıqlana bilməyən bir çox nizamsızlığı şərh edə bilər…

Dünyanın hərəkətini Pifaqorçularla birlikdə kefimə görə irəli sürdüyümü heç kim düşünməməlidir; dairələri araşdırarkən bu mövzuda güclü dəlillər tapmışdım. Təbiətçi filosofların dünyanın hərəkətsizliyini isbat üçün irəli sürdüyü əsas arqumentlər, ancaq görünüşə əsaslandığından, bu arqumentlər də çürüdülmüş olur. Çünki mən də Dünyanın yalnız görünüşcə hərəkətsiz olduğunu göstərirəm.

Göydəki kürələrin hərəkəti aşağıdakı kimidir:
Ən yüksəkdə olanlsr sabit ulduzların hərəkətsiz kürəsidir, hər şeyi ehtiva edər və hər şeyin mövqeyini təyin edərlər. Ondan sonra Saturn gəlir, onu Yupiter izləyir, ardından da Mars. Marsın altında bizim də yaşadığımız Dünya vardır; daha sonra Venera, ən son da Merkuri. Ay, dünyanı mərkəz götürərək dönər və dünyayla birlikdə eksantrik hərəkət edər. Yenə eyni nizamda, bir planet digərini dövr etmə sürətində keçə bilər, bu çəkdiyi dairənin böyüklüyünə yaxud kiçikliyinə bağlıdır. Buna görədir ki, Saturn öz orbitini otuz ildə tamamlayır, Yupiter on iki ildə, Mars iki yarım ildə, Dünya bir ildə, Venera doqquz ayda, Merkuri isə üç ayda.