May 5, 2020

ORUC ZƏRƏRLİDİRMİ?

Mənbələrdən istifadə edərək məlumatları bir araya toplayan: Ziya Balıyev

Giriş

Müsəlmanlar üçün xüsusi olan hər dönəmdə islamafobların xüsusi aktivliyini görürük. Heç şübhəsiz ki, Ramazan ayı da bu dönəmlərdən biri, hətta birincisidir. Ramazan ayı daxil olan kimi islamafoblar öz çirkin fəaliyyətlərinə başlayırlar. Spirtli içkilərlə şəkil çəkdirənlər, dini lağa qoyanlar bir yana, bir də elmi sferada yazdığını düşünənlər var. Bu “elmi” ateistlər hər zaman iddia edirlər ki, oruc tutmaq insan sağlamlığı üçün zərərlidir. Əslində orucun zərərli yoxsa faydalı olması haqqında yazı yazmağı ciddi bir şey saymırıq, bunun faydalı olması hər kəsə məlumdur. Sadəcə bilgisiz insanların beynini qarışdıran bu şəxslərə cavab yazmaq vacibdir. Bu yazıda orucun tarixi, fəlsəfəsi haqqında yazmağı düşünmürük. Əgər ehtiyac olsa, bu məsələlər haqqında da ayrı yazı yazarıq. Bu yazıda sadəcə oruc tutmaq insan üçün zərərlidir yoxsa faydalı məsələsinə toxunacağıq.

Autofagiya

Yapon elm adamı Yoşinori Oşumi 2016-ci ildə autofagiya mexanizmlərinin tədqiqatı ilə əlaqədar Fiziologiya və tibb üzrə Nobel mükafatı alıb.[1] Bəs Autofagiya nədir? Yunan dilində auto “özünü” fagiya “yemək” mənasına gəlir. Yəni, autofagiya özünü yeyən deməkdir.[2] Çox dəhşətli görünsə də, əslində insan üçün olduqca faydalı bir şeydir. İnsanın bədənindəki hüceyrələr bir-birini yeyir və beləliklə xəstə hüceyrələr aradan çıxdıqca, sağlam hüceyrələr həyatda qalır. Bu da insan ömrünün uzanmasında, bir çox problemlərin aradan qalxmasında müstəsna vasitədir. Autofogiyanı tətikləyən təməl şey orucdur. Oruc qida qəbulunu bir müddətlik saxlamaqla bədəndə autofogiyanı tətikləyir və beləliklə həm yararsız hüceyrələr sıradan çıxır, həm də yeni hüceyrələr formalaşır.[3]

Oruc və xərçəng

Orucun xərçəng xəstəliyinə qarşı da böyük ölçüdə faydalı olduğu bilinən həqiqətdir. Son dönəmlərdə siçanlar və insanlar üzərində aparılan araşdırmalar onu sübut edir ki, oruc xərçənglə mübarizədə bir vasitə ola bilər. Ac qalmaq ən az kimyaterapiya qədər xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır. Araşdırmaların nəticələri bunu göstərir ki, gələcəkdə oruc tutmaq bəzi kimyaterpiya maddələrinin yerini ala bilər.[4]

Oruc və şəkərli diabet

Oruc həmçinin şəkərli diabetdə də faydalı metoddur. Bildiyiniz kimi, şəkərli diabet xəstəliyinin əsas səbəbi qandakı şəkərin artımıdır. Araşdırmaların ortaya qoyduğu nəticə budur ki, oruc tutmaq qandakı şəkər miqdarını önəmli formada nizama salır.[5]

Oruc və iltihab

Kəskin iltihab bir çox infeksiyalarla mübarizədə faydalı olsa da, xroniki iltibah həyat üçün ciddi təhlükədir. Xroniki iltibahlar insanda ürək xəstəliyinə, xərçəngə və bir çox başqa problemlərə yol aça bilir.[6] Bəzi araşdırmalar göstərir ki, oruc bədəndəki iltibah səviyyəsini aşağı sala bilir və bu da daha sağlam həyat yaşamığımıza zəmin yaradır. Ramazan ayında 50 nəfərin üzərində aparılan araşdırmada bir aylıq orucun iltibah səviyyəsini aşağı saldığı aşkarlandı.[7]

Oruc və ürək xəstəlikləri

Dünyadakı ölümlərin 31.5%-i ürək xəstəliklərinin payına düşür ki, bu baxımdan ürək xəstəlikləri çox təhlükəli problemlərdir.[8] Müxtəlif formalı oruclar ürək xəstəlikləri üçün də yetəri qədər faydalıdır. Bu mövzuda bir çox testlər həyata keçirilmişdir.[9]

Oruc və beynin funksiyaları

Aclıq infarkt, şəkərli diabet, xərçəng kimi xətləlikləri yanaşı, beynin funksiyalarının sağlam işləməsində də yetəri qədər faydalıdır. Təcrübələr hələki heyvanlarla məhdud olsa da, ortaya bir çox nəticə çıxıb. Heyvanlarda aparılan araşdırmalar göstərir ki, oruc beyin sağlığını qoruya bilir[10] və xüsusən Altsheymer, Parkinson kimi xəstəliklərdə xüsusi faydası ola bilər.[11]

Bütün bunlar kimi onlarla məsələ sadalamaq olar ki, ac qalmaq bu məsələlərə yetəri qədər faydalıdır. Xüsusi olaraq qeyd edək ki, burada danışılan orucların hamısı Ramazan orucudur kimi bir qənaətə gəlinməməlidir. Biz ümumilikdə oruc anlayışının faydaları haqqında danışdıq. Əlbəttə, Ramazan orucu sadaladığımız məsələlərin hər biri üçün müəyyən faydaya sahibdir, lakin elə hallar ola bilər ki, orucun müddətinin artırılması labüd ola bilər. Yenə də, ən doğrusunu Allah bilir. Ramazan ayında qətiyyən belə neqativ fikirlərə köklənməyin, bu ayın fəzilətlərindən zövq alın. Əmin olun ki, Allahın sizin üçün buyurduğu heç nə zərərli ola bilməz.

PS. “Ac qalıb sonra partlayana qədər yeyirsiniz, bu da zərərlidir” tipli fikirlər yazan insanlara da demək istərdik ki, “kimsə partlayana qədər yeyirsə, bu onun öz problemidir, bizim örnək aldığımız Peyğəmbərin necə etməyidir.”


[1] https://www.nobelprize.org/prizes/medicine/2016/press-release/

[2] http://www.perseus.tufts.edu/hopper/text?doc=Perseus%3Atext%3A1999.04.0057%3Aentry%3Dau)tofa%2Fgos

[3] https://www.dietdoctor.com/renew-body-fasting-autophagy

[4] https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3608686/

[5] https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5394735/

[6] https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3492709/

[7] https://www.ncbi.nlm.nih.gov/pubmed/23244540

[8] https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5408160/

[9] https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2572991/, https://www.ncbi.nlm.nih.gov/pubmed/17929537, https://www.ncbi.nlm.nih.gov/pubmed/20300080

[10] https://www.ncbi.nlm.nih.gov/pubmed/20460146/, https://www.ncbi.nlm.nih.gov/pubmed/11220789

[11] https://www.ncbi.nlm.nih.gov/pubmed/17306982, https://www.ncbi.nlm.nih.gov/pubmed/10398297