Fevral 15, 2019

Ziya Balıyev – Den Qibson yalanı: Qiblə Dəyişdirilib

Erkən dövr Quran və İslam araşdırmaçısı olduğunu iddia edən Den Qibsonun məşhur “Petra” iddiasından çoxunuz xəbərdarsınız. Elxan Zeynallının (Qaraqan) “İkinci Addım” kitabında məsələyə toxunması və Den Qibsonun bu haqda olan “The Sacred City” adlı sənədli filminin dilimizə tərcümə olunmasından sonra, çox insan bu iddiadan xəbər tutdu və hətta, bəzi İslami məzhəblər də bu iddianı özləri üçün məqbul saydılar. Bu yazıda Den Qibsonun arqumentlərinə və buraxdığı xətalara toxunulacaqdır.

İddia 1: Məkkə şəhəri heç bir qədim xəritədə yoxdur.
Den Qibson iddia edir ki, İslamdan öncəki bütün xəritələri araşdırdım və heç birində Məkkə şəhəri yoxdur. Bu da isbat edir ki, Məkkə şəhəri İslamdan sonra, Qiblə Petradan köçürülən zaman salınmışdır.

Cavab:
Əslində Den Qibson ya bilərəkdən, qəsdən, ya da həqiqətən bilməyərəkdən belə bir xətaya sürüklənmişdir. Bu iddia tamamilə yanlış bir iddadır və Məkkə İslamdan 500 il öncəki xəritələrdə yer alır. Buna misal olaraq Ptolomeyin dünya xəritəsini göstərmək olar. Eramızın 2-ci əsrində yaşamış Ptolomey çəkdiyi xəritədə Məkkəni də göstərmişdir. Xəritədə Məkkə şəhərinin adı Makoroba olaraq keçir. Başda Cavad Əli olmaqla, bir çox tədqiqatçının nəzərincə, burada keçən Makarobo sözü yunan mənşəlli yox ərəb mənşəllidir və sadəcə yunanca tələffüzü belə səslənir.Adın orijinalı isə Məqrəbədir və mənası, yaxınlaşdırandır.Bu ad keçmiş Sabi hökmdarlar tərəfindən qoyulmuşdur.

Təkcə bir xəritədə Məkkənin göstərilməsi kifayət edir ki, Den Qibsonun “bütün xəritələr” iddiası tamamilə puç olsun.

İddia 2: Bütün qədim məscidlərin qibləsi Petra şəhərinədir.
Den Qibson başqa bir iddasında qeyd edir ki, İslamın ilk dönəmlərində tikilən məscidlərin hamısının qibləsi Petra şəhərinə doğrudur. Bu da isbat edir ki, ilk qiblə Məkkə yox Petradır.

Cavab: Bu iddia da tamamilə yanlış üzərində qurulmuşdur və Qibson sadəcə 1-2 məscidin qibləsini əsas götürərək digər məscidlərin qiblələrini təhrif etmişdir. Bu iddianı tamamilə puç etmək üçün sadəcə Mədinədəki Quba məscidinin qibləsini göstərmək kifayətdir. Petra və Məkkənin arasında yerləşən Mədinə şəhərindəki bu məscidin qibləsi Məkkə şəhərinə doğrudur. Lakin, Qibson bu arqumenti öncədən planlaşdıraraq iddia edir ki, Quba məscidi araşdırılarkən, oradan divar qalıqları tapılıb və bu qalıqlar qiblənin Petraya olduğunu isbat edir. Halbu ki, belə bir tapıntının olduğu heç bir ciddi mənbədə keçmir və böyük ehtimalla bu iddia, arqumentini möhkəmləndirmək üçün Qibsonun uydurduğu yalandır.
Əlavə olaraq, peyğəmbərin şəxsi istəyi ilə tikilən Yəmənin Sana məscidinin qibləsi heç bir yerdə olmadığı qədər dəqiq formada kəbə istiqamətindədir. Bu məscidin tikilmə əmrini peyğəmbər vermiş və qibləsini də təyin etmişdir:

Abdurrazzəq “əl-Musannəf” kitabında rəvayət edir:

أن رسول الله صلى الله عليه وسلم أمر وبر بن يحنس الأنصاري حين أرسله إلى صنعاء والياً عليها فقال: ادعهم إلى الإيمان، فإن أطاعوا لك به، فاشرع الصلاة، فإذا أطاعوا لك بها فمر ببناء المسجد لهم في بستان باذان، من الصخرة التي في أصل غمدان، واستقبل بها الجبل الذي يقال له: ضِيْن

“Allahın elçisi – salləllahu aleyhi va səlləm – Vabər bin Yuhənnəs əl-Ənsari’ni Sana şəhəri üzərinə vali olaraq göndərərkən dedi: “Onları imana dəvət et və əgər onda sənə itaət etsələr onlarla namaza başla. Əgər bunda da sənə tabe olsalar o zaman onlara Bəzən bostanında, Ğamdanda yerləşən qayadan bir məscid tikilməsini əmr et! Məscid ilə Din adlanan dağa tərəf üz tut.”

Qibson, bu məscidin qibləsinin Məkkəylə Yerusəlim arasından keçdiyini iddia edir, lakin bu məscidin qibləsi, düz Kəbə evindən keçir. Əgər sənədli filmə diqqətlə baxsanız, qiblələrin çıxış istiqamətində təhriflərin olduğunu açıq görərsiniz. Sana məscidinin qibləsinin düz Kəbə evindən keçməsinin isbatını videodan izləyə bilərsiniz.

İddia olunan başqa məscidlərə də Google xəritədən baxa bilərsiniz. İstiqaməti Petraya olan məscidlər vardır, lakin bütün məscidlərdə vəziyyət bucür deyil. Əlavə olaraq, məscidlərin istiqamətlərinin belə olması, o zamanki elmin hələ təkamül etməməsindən qaynaqlanır ki, hesablama xətalarıdır. Professor David King Yale, Oxford, Cambridge kimi universitetlərdə təhsil almışdır. Əsas ixtisas sahəsi ilkin İslam mədəniyyətindəki astronomik biliklər və bu biliklərin islami arxitekturadakı roludur. Professor David King bu barədə ayrıca elmi bir araşdırma etmişdir. Həmin elmi araşdırmanın girişində bizim mövzumuzla bağlı bir xülasə verir və deyir:
“Şübhəsiz ki, bəzi müəyyən istiqamətlənmələri yalnış anlama iki müasir alimi absurd nəticələrə gətirib çıxarıb. Onlar İraq və Misirdəki ilkin məscidlərin Şimali Ərəbistandakı bir nöqtəyə istiqamətlənmələri faktını bu məscidlərin yönləndikləri bir “Həcəri məbədinin” mövcudluğunu təsdiqləyən bir dəlil hesab ediblər. Həqiqətdə isə sözü gedən məscidlər sadəcə olaraq yayda günəşin batdığı və çıxdığı istiqamətlərə yönəlmişdilər; bunlar, bizim indi bildiyimiz kimi, o bölgələrdə qiblə üçün istifadə olunan istiqamətlər idi. Başqa sözlə desək hər iki bölgədəki məscidlər Kəbəyə tərəf üz tuturlar.”


İddia 3: Hədislər
Qibson bəzi hədisləri əldə əsas tutaraq öz iddiasını möhkəmləndirməyə çalışır. Belə ki, Tarixi Təbəri başda olmaqla bir neçə kitabdan barmaqla sayılacaq qədər hədis sadalayan Qibson, öz iddiasını İslam tarixiylə də əsaslandırdığını zənn edir.

Cavab:
Qibsonun bəzi kitablardan xüsusi olaraq hansısa hədisləri seçib öz iddiasını möhkəmləndirməyə çalışması, tamamilə absurd və əbəs yanaşmadır. Qibsonun sadaladığı heç bir hədisdə qiblənin dəyişməsi bir başa qeyd edilmir. Araşdırmaçı ancaq və ancaq bir neçə xırda nüansa toxunaraq, bunu özlüyündə qabartmağa cəhd edir. Halbu ki, bu hədislər sadalanarkən səhihliyi müəyyən edilmədən sadalanıb və sadəcə öz istədikləri mənanı yükləyiblər. Məsələn, Şamdan Məkkəyə gələn ordunun geri qayıtması hədisini əsas alaraq qeyd edir ki, Şamdan Məkkəyə gəlmək üçün 43 gün lazımdır. Lakin, ulaqla onlara xəbər gətirilməsi və geri qayıtmaları mümkün deyildi. Bu ancaq o təqdirdə mümkün olardı ki, mərkəz Petra olardı. Burada ortaya əsas sual çıxır, nə üçün bircə hədisi əsas alan Qibson, hədisdə problemin olduğunu yox, qiblənin dəyişdiyini iddia edir? Ola bilməzmi ki, problem hədisdə olsun? Hədislərdə onlarla bucür məqamlar olur ki, eyni hadisə haqqında gün, ay, il məsələsində fərqli rəqəmlər deyilir. Hər halda, hədisdə problemin olduğunu qeyd etmək, bir neçə hədisə görə qiblənin dəyişməsini qeyd etməkdən daha məntiqli olardı.


Əlavələr:
İddianın boşluğu haqqında bir neçə nüansa diqqət yetirmək vacib olardı:

1. Əgər belə bir hadisə olsaydı, bunun bir başa hədislərdə keçməsi heç bir halda qaçınılmaz idi. Mümkün deyildi ki, belə bir hadisənin olması haqqında 1 dənə belə olsun hədis olmasın. Lakin qiblənin dəyişdirilməsini bir başa iddia edən heç bir hədis və tarixi fakt yoxdur.

2. Qibson iddia edir ki, qiblənin yerini dəyişən şəxs Abdullah ibn Zübeyrdir və hədislərdə bu faktın gizlədildiyini əlavə edir. Bu iddia özü belə yetəri qədər gülüncdür. Abdullah ibn Zübeyr Əməvilərə qarşı üsyan qaldırmış şəxsdir və o vaxtın iqtidarı Əməvilər idi. Abdullah ibn Zübeyr məğlub edildikdən sonra, tarixdə ən çox hədis yazılan dönəm olan Əməvi dönəmində bu hadisənin gizlədilməsinə nə səbəb ola bilərdi? Abdullah açıq aşkar Əməvi düşməni idi və qiblənin dəyişdirilməsi onu gözdən salmaq üçün əla fürsət idi. Lakin, qəribədir ki, Əməvilər onun bu əməlinin üstünü örtdülər. Bu iddia heç bir ağıla və məntiqə sığmır.

3. Abdullah ibn Zübeyrin eyniylə bənzəyən şəhəri tapıb ora yerləşməsi mümkündür. Hələ müharibə şəraitində. Təsəvvür edin, Abdullah qiblənin yerini dəyişir və köhnə şəhərə birə bir bənzəyən bölgə tapır. Burada mağara (Hira), dağlar (Səfa və Mərvə) və lazım olan hər şey var idi. Hədislərdə təsvir olunan hər şeyin Məkkə şəhərində olması və Abdullahın oranı taparaq şəhər salmasının əsası yoxdur.

4. Əgər keçmiş qiblə Petra şəhəri olsaydı, bu halda qiblənin dəyişdirilməsi haqqında ayənin gəlməsi qüvvədən düşür. Çünki, Mədinədə durduqda Yerusəlimlə Petra eyni xəttə düşür ki, bu halda nə üçün “qibləni dəyişin” deyə ayə gəldi? Şəhər Petra olsaydı dəyişən heç nə olmayacaqdı, istiqamət olduğu kimi qalacaqdı.

PS: Qibsonun öz iddiasını möhkəmləndirmək üçün “Quran təhrif edilib” iddiasına heç toxunmuruq, çünki dəfələrlə bu iddiaya cavab verilib.