Mart 26, 2019

Osman Nuri Topbaş – Peyğəmbərlərin üç vəzifəsi

Ayeyi-kərimədə buyurulur:

“Həmçinin (nemətimizi tamamlamaq məqsədilə) sizə ayələrimizi oxumaq, sizi təzkiyə etmək (günahlardan təmizləmək), Kitabı, hikməti və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik!”[1]

Allah-Təala bu ayeyi-kərimədə Həzrət Peyğəmbərin üç əsas vəzifəsinə diqqət çəkir:

  1. Allahın ayələrini oxuyub dini təbliğ etmək.
  2. Daxili aləmi təzkiyə etmək ;duyğuları təmizləmək.
  3. Bu ruhi tərbiyə nəticəsində Kitabın dərinliklərini; kainat, hadisələr və baş verənlərlə sərgilənən ilahi sirr və hikmətləri öyrətmək.

Bildiyimiz kimi Hz. Peyğəmbərin ümmətini İslama və tövhid inancına dəvəti gələn vəhyi oxuyub təbliğ etməsi ilə başlamışdır. Ancaq bu vəzifə insanları son hədəfə çatdırmaq üçün ilk mərhələdir.

Tövhid dəvətinin əsl məqsədinə çatması isə nəfsləri küfr, şirk, nifaq, riya, təkəbbür və həsəd kimi mənəvi kirlərdən tamamən təmizləyib ixlas, təqva, xüşu və hüzura nail etməklə mümkündür.

Əbul-Həsən Haraqani bu barədə belə buyurur:

“Necə ki, namaz və oruc fərzdir, ifası məcburidir; kibir, həsəd və ehtirasdan təmizlənmək də zəruridir.”[2]

“Təndirdən paltarına bir qığılcım sıçrasa, tez onu söndürməyə çalışırsan! Bəs dinini yandıracaq olan alovun, yəni təkəbbür, həsəd və riya kimi pis xislətlərin qəlbində kök atmasına necə razı olursan?!”[3]

Təzkiyə bütün duyğuların iman süzgəcindən keçirilərək təmizlənməsi, bir növ süzülərək xalis hala gəlməsidir.

İbn Abbas ayeyi-kərimələrdə zikr olunan “təzkiyə / təmizlənməifadəsini təfsir edərkən belə qeyd edir: “Bu, insanın “lə iləhə illəllah” deməsidir”[4] Çünki təzkiyənin ilk addımı qəlbin küfr və şirkdən təmizlənməsidir.

Kəlmeyi-tövhid “nəfy” ilə başlayır. Yəni “lə iləhə” deyərək bir növ qəlbdə bütləşən nəfsani həvəslər və çirkin xislətlər kənarlaşdırılır. Sonra “isbat” gəlir. Yəni “illəllah” deyərək ilahi nəzərgah olan qəlb Allah-Təalanın tövhid nurları ilə doldurulur.

Şair bu həqiqəti necə də gözəl ifadə edir:

“Sür çıxar əğyarı dildən, ta təcəlli edə Haqq,

Padişah girməz saraya xanə məmur olmadan…

Allahdan başqa nə varsa hamısını könül sarayından çıxar. Çünki gözəl və təmiz olmayan saraya padşah təşrif buyurmaz.“

Bu qəlbi təmizlikdən keçdikdən sonra isə ilahi əmr və qadağaları bəyan edən “Qurani-Kərimin təlimi” mərhələsi başlayır.

Quranın təfəkküründə dərinləşə bilmək də bu qəlbi təmizliyə nail olmaqla mümkündür. Çünki Qurani-Kərim təmiz bir qəlb ilə oxunub idrak edilə bilər.

Osman ibn Əffan belə buyurur:

“Əgər qəlbləriniz tərtəmiz olsaydı, Allahın kəlamından doymazdınız.”[5]

Ona görə də daxili aləmin batil fikir və süfli duyğuların təsirindən qurtarılaraq səhih etiqad, yəni düzgün inanc və gözəl əxlaq ilə bəzədilməsi şərtdir. Məhz bütün bu mərhələlərdən sonra qul “hikmət” təcəllilərinə, yəni baş verən hadisələrin və əşyanın batini həqiqətlərinə, sirlərinə məzhər olmağa başlayar.


[1] Bəqərə:151

[2] Əttar, Təzkirətul-Övliya, s.629.

[3] Haraqani, Nurul-Ulum, s.239.

[4] Qurtubi, əl-Cami, XX, 22.

[5] Əli əl-Müttəqi, II, 287/4022[