Oktyabr 15, 2018

Qravitasiya dalğaları müşahidə edildi

Amerika Birləşmiş Ştatlarında “Ligo” Rəsədxanası tərəfindən qravitasiya dalğalarının kəşf edilməsi astronomiyada yeni bir cığır açdı. Beləcə XX əsrə damğasını vuran elm adamlarından Albert Eynşteynin qravitasiya dalğalarıyla bağlı nəzəriyyəsi isbat edilmiş oldu.

Lyon Universitetindən fizika professoru Qyanpyetro Kanyoli elm dünyasını həyəcanlandıran bu kəşflə əlaqədar “euronews”un suallarını cavablandırdı: “Kainata yeni bir pəncərə açırıq. Bu günə qədər naməlum olan bu faktı tamamilə fərqli bir şəkildə çalışmaq imkanına sahibik.”

Dünyamızdan 1.3 milyard işıq ili uzaqlıqda olan iki qara dəliyin toqquşmasından yaranan dalğaların izi, “interferometre” adlı bir alətlə ölçülüb: “Siqnalın dalğa formasını analiz edərək, bu qravitasiya dalğalarının kütlələrini və iki dalğa arasındakı məsafəni ölçmək mümkündür. Bu parametrlər hər bir neytron ulduzu növünə ya da qara dəliklərə xasdır. Tutduğumuz bu siqnalın hər hansı bir bənzərinin olmadığını söyləyə bilərik. Yəni, bu eynilə barmaq izi kimidir.”

Bu anda kainatın səsini eşidə bilirik. Bəs bundan sonrakı addım nə olacaq? Qravitasiya dalğalarını görə bilmənin kosmosun bir çox sirrini həll etməkdə faydalı olacağı ifadə edilir. Lazer “Interferometer” Qravitasiya Dalğası Rəsədxana qrupu, bu kəşfin Böyük Partlayışı anlamağımıza köməkçi olacağını düşünür.

Prof.Dr.Qyanpyetro Kanyoliyə görə isə Böyük Partlayışdan sonra ortaya çıxan qravitasiya dalğalarını qəbul edə biləcək cihazlara sahib olmaq üçün illərlə gözləməyimiz lazımdır.

Eynşteyn, Nisbilik Nəzəriyyəsini yazdığı dövrlərdə 1916-cı ildə, bütün kainatın qravitasiya dalğalarıyla əhatələnmiş olduğunu müdafiə etmişdi. Bu, kainatın işləyişinə ən uyğun nəzəriyyə olaraq qəbul edilirdi.