İyun 9, 2020

QURANDAKI ALLAHLA İNANCDAKI ALLAH FƏRQLİDİRMİ?

Müəllif: Ziya Balıyev

Ateistlərin İslama qarşı gətirdikləri arqumentlərdən biri də budur ki, Qurandakı Allahla müsəlmanların inandığı Allah fərqlidir. Müsəlmanlar məkansız, zamanın fövqündə olan Allaha inanırlar, Qurandakı Allah isə zaman və məkan daxilindədir. Əlbəttə, olduqca gülməli arqumentdir. Bu arqument ateistlərin savadsızlığından qaynaqlanır. Həyatlarında bircə dəfə də olsun təfsir üzü açmayan, Quranı axıra qədər oxumayan bu fərdlər, bu cür mənasız arqumentləri ortaya atırlar. Qurandakı Allahın necə olduğuna baxaq.

Quranda Allahın necələyini ən təfərrüatlı formada qeyd edən surə tövhid surəsi dediyimiz “İxlasdır”. İxlas surəsində Qurandakı Allahdan bəhs edilir. Surə deyir:

1. De: “O Allah təkdir;

2. Allah möhtac deyildir!

3. O, nə doğmuş, nə də doğulmuşdur!

4. Onun heç bir tayı-bərabəri də yoxdur!”

Bu surədən açıq aşkar Allahın zamanın və məkanın fövqündə olduğu görünür. Yəni, Qurandakı Allah heç də onların dediyi kimi deyil. Təkdir, ehtiyacsızdır, əzəlidir. Surədə Allahın ehtiyacsız olduğunu vurğulaması məkansız və zamansız olduğuna aşkar formada dəlildir. Əgər Allah məkan daxilində olsaydı və zamandan asılı halda olsaydı, o zaman o, zaman və məkana ehtiyac duyacaqdı. Bu halda Quran “Allah ehtiyacsızdır” deyə bilməzdi. Təkcə bu surə ilə açıq aşkar görünür ki, Qurandakı Allahla müsəlmanların inandığı fövqəlzaman, fövqəlməkan Allah eynidir.

Bu ayəni görməzdən gələn ateistlər başqa bir neçə ayəni əsas gətirərək öz iddialarını möhkəmləndirməyə çalışırlar. O ayələri qeyd edib ateistlərin savadsızlığından qaynaqlanan xətaları sizə göstərək.

Hud surəsi: 7

“Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl (itaət) sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur. (Ya Peyğəmbərim!) Əgər desən ki: “Siz öləndən sonra, həqiqətən, dirildiləcəksiniz!”, kafir olanlar: “Bu, açıq-aşkar sehrdən (yalandan) başqa bir şey deyildir!” – deyə cavab verərlər.”

Bu ayədə ən çox irad tutmağa çalışdıqları şey “6 gün”“Ərş”dir. Ərşi fiziki bir taxt kimi başa düşən ateistlər iddia edirlər ki, Allahın fiziki taxtı var və o taxt suyun üzərində idi. Bu tamamilə absurd və gülünc yanaşmadır. Ərş sözü Quranda bir çox mənada keçməkdədir. Bu mənalara güc, qüdrət, taxt, yaradılış, elm, tavan və.s. aiddir. Bu ayədə suyun üzərində olan Allahın elmi və qüdrətidir. Belə ki, ayə göyün və yerin yaradılmasından əvvəl suyun olduğunu qeyd edir. Beləliklə də Allah öz elmi və qüdrətilə göy ilə yeri yaratdı. Ayədə keçən yer və göy də, biosfer və atmosferdir. Biz elmdən də bilirik ki, atmosferin yaranmasında su buxarının mühim rolu vardır. Yəni, planetimizdə su olmasaydı, bugünkü atmosfer mövcud olmayacaqdı. Əlavə olaraq biosfer də sonradan ortaya çıxmışdır. Dünyanın hər yeri su ilə örtülü olduqdan sonra zamanla ilk canlılar və quru meydana çıxmışdır.

İrad: Ayədə keçən konkret olaraq “taxt” sözüdür, bu da fiziki taxt deməkdir.

Cavab: Ayədə taxt sözü keçsə də, bu fiziki taxt demək deyil. Bütün dillərdə olduğu kimi, ərəb dilində də bənzətmələr və məcazlar vardır. Taxt sözü bizim dildə də gücü, qüdrəti bildiri. Məsələn, “Səddam Hüseyn öz taxtından endirildi” dediyimiz zaman, fiziki taxtdan düşdüyünü başa düşmürük. Başa düşülən odur ki, onun gücü, iqtidarı əlindən çıxdı.

İrad: Ayədə yer və göy biosferlə atmosferi ifadə edə bilməz. Burada ifadə edilən kainatla yer planetdiri.

Cavab: Bu da tamamilə əsassız iddiadır. Yer və göy sözü bizim dildə bir çox mənada istifadə edilir. Məsələn, “göydə buludlar var” cümləsi ilə “göydə ulduzlar var” cümləsində qəsd olunan göy tamam başqadır. Hər ikisinə göy desək də, biri atmosferi, digəri isə kainatı bildiri. Və yaxud “Yerdə otlar bitib” və “Kosmosdan yer yumru görünür” cümlələrində hər iki yer ayrı şeyi bildirir. Birində qəsd edilən biosfer, digərində isə planetdir. Buna görə də bu irad öz dilimizdən də baxdıqda əhəmiyyətsiz və boş söz yığınından başqa bir şey deyil.

6 gün məsələsi də iradlardan biridir. Bunu əsas gətirərək iddia edirlər ki, ayədə 6 gün dedikdə 24 saatlıq zaman nəzərdə tutulur. Bu iradın üstündə dayanmağa heç əsas yoxdur. Sadəcə qeyd edək ki, ərəb dilində “Yəvm” sözü dövr, mərhələ mənasına gəlir. 24 saatlıq zaman da bir mərhələ olduğu üçün, ona “əyyami” (yəvm) deyilir. Ayədə qəsd edilən qətiyyən 24 saatlıq gün yox, 6 mərhələdir. Yəni, Allah göyü və yeri 6 mərhələdə yaradıb. Bu ayədən də Allahın zaman daxilində olduğu çıxarıla bilməz.

Haqqə surəsi: 17

“Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların üstündə səkkiz mələk daşıyacaqdır!”

Bu ayədə də tutulan irad budur ki, Allahın ərşini 8 mələk daşıyacaqsa, deməli ərş fiziki taxtdır. Bu da tamamilə əsassız iraddır. Fəxrəddin Razi bu ayənin təfsirində bu fikrin mümkünsüz olduğunu qeyd edir. Razi qeyd edir ki, əgər burada fiziki taxt olsa, o halda mələklər taxtla bərabər Allahı da daşıyacaqlar. Bu zaman Allah mələklərə ehtiyaclı olacaq (İxlas surəsinə zidd olaraq) və mələklər Allahdan güclü olacaqlar. Ayədə qeyd edilən ərş sözü Allahın hakimiyyət taxtı olan yaradılış aləmini təmsil edir. Təfsirçilər bu fikri mənimsəyiblər. Mələklərin o ərşi daşımasında qəsd olunan isə, ya fiziki daşımadır, ya nəzarətdir, ya da başqa bir şey. Əsas olan isə budur ki, ayədə Allahın əyləşdiyi taxt nəzərdə tutulmur.

İrad: Nə üçün yaradılış aləmini mələklər daşıyanda Allah ehtiyaclı olmur, amma Allahın özünü daşıyanda ehtiyaclı olur?

Cavab: Mələklərin yaradılış aləmini daşıması sadəcə bir vasitədir, Allahın özünü daşımaları isə Allahın hərəkət edə bilməyəcəyinin göstəricisidir. Yəni, Allah özü hərəkət edə bilmir, buna görə də öz yaratdığı mələklər onu daşıyırlar. Bu da hər şeyi yaradan Allah üçün absurd bir bənzətmədir.

Məaric surəsi: 4

“Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar.”

Bu ayəyə irad tutan ateistlər deyirlər ki, mələklərin Allah dərgahına qalxması və bunun zaman daxilində olması Allahın zaman və məkana daxil olduğunu göstərir. Bu irad da tamamilə əsassızdır. Ayədə keçən “Allah dərgahı” qətiyyən Allahın olduğu məkan mənasına gəlməz, mələkut aləmini nəzərdə tutar. Bunu iddia edənlərə qarşı Fəxrəddin Razi təfsirində qeyd edir:

“Bəzi insanlar ayədə keçən “ona tərəf” sözündən çıxarış edərək Allahın dərgahda olduğunu qeyd ediblər. Ayədə keçən “ileyhə” sözündə Allahın məkanda olduğu yox, hər şeyin onun iradəsilə baş verdiyi qəsd edilmişdir. Bu eynən Hud surəsi 123-cü ayədə deyilən “Bütün işlər ona qaytarılar” ifadəsi kimidir. Burada qəsd edilən əməllərin “izzət və şərəfin olduğu yerə” yüksəldilməsidir. Yaxud Səffat 99-cu ayədə keçən “Mən rəbbimə gedirəm, o məni hidayət edəcək” ifadəsində qəsd edilən cənnət, mükfat yurdudur.”

Ayədə qeyd edilən 50 min il ifadəsi də çox təfsirçiyə görə konkret zamanı yox, sadəcə zamanın böyüklüyünü göstərir. Məsələn, Azərbaycan dilində də “sənə min dəfə dedin”, “Bunu əlli min dəfə oxumusan artıq” kimi ifadələr, konkret sayı yox, çoxluğu ifadə edər. Ayədə tam olaraq qəsd edilən budur ki, mələklərin Allah dərgahına yüksəlməsi sizin üçün uzun olan qısa bir zamanda baş verir. Buradakı zamanın da Allahla heç bir əlaqəsi yoxdur əlbəttə.

Ümumilikdə əsas 3 ayəni ələ aldıq və digər bu qəbildən olan ayələr eyni məzmunludur.

Xülasə: Qurana görə Allahın zamandan və məkandan asılı olması İxlas surəsi prizmasından tamamilə yanlış və əsassızdır. Ayələrdə keçən ərş, il, gün kimi ifadələr də Allahın zamandan və məkandan asılı olduğunu əsla göstərməz. Əlavə olaraq, təkcə fəlsəfə və Quran yox, hədislər də Allahın zamansız və məkansız olduğunu təsdiq edir (Hz.Əli – Nəhcül Bəlağə, 1-ci xütbəyə bax.). Nəticə olaraq bizə sabitdir ki, Qurandakı və hədisdəki Allahla müsəlmanın inandığı Allah qətiyyən ayrı deyil, əksinə tamamilə eynidir.