Avqust 27, 2018

Ruhullah Musəvi Xomeyni-Nəfsin saflaşdırılması

Əgər istəsə, insan öz üzərində belə bir təcrübə aparsın: tənha olduğu zaman sakit bir halda yaxınlarının, dostlarının, qohumlarının əməllərini düşmənlərinin oxşar əməlləri ilə müqayisə etsin və özünə belə bir sual versin:

“Nə səbəbə mən dostlarımın yaxşı hərəkətlərini tərifləyirəm, qüsurlarını isə ört basdır edirəm? Amma düşmənimin eyni yaxşı əməlini görmürəm, ya da özümü görməməzliyə vururam. Dostlarımın eyiblərinə fikir vermədiyim halda, düşmənimin eyni qüsuruna görə səs küy qaldırıram, etirazımı bildirirəm, var qüvvəmlə tənqid etməyə çalışıram, hətta arada bir az da özümdən qataraq rəngləri tündləşdirirəm.”

İnsan istəsə, nə halda olduğunu görə bilər.

Ümumbəşəri dəyərlərə riayət olunmalıdır, yəni ətrafda baş verənlərə obyektiv nəzərlərlə baxmalısan. Ən qatı düşmən etsə belə, yaxşı hərəkət təqdir olunmalıdır və kimin etməsindən asılı olmayaraq pis əməl tənqid edilməlidir. Hətta bu pis əməl ən yaxın adamın tərəfindən baş versə belə tənqiddən kənarda qalmamalıdır. Mənim bu sözlərim insanların sirrlərini aşkara çıxarmaq mənasına gəlməməlidir. Mən deyirəm ki, insan bu cür düşüncəyə yiyələnməlidir, heç olmazsa, özü özlüyündə, “bu yaxşıdır”, “bu pisdir” deməyi bacarmalıdır. Bu sözləri tələffüz etməyə ehtiyyac yoxdur, təki insan bu şəkildə düşünə bilsin. Əlbəttə, özgəsinin sirrini aşkara çıxarmaq İslamın xilafinadır, həqiqətən töhmət və qeybət çoxlarının mübtəla olduğu ağır xəstəlikdir.
Ən böyük dərd bəla – insanın özünün özünə məftun olmasıdır. Buna ən böyük sübut odur ki, düşmənlərimin hər hansı bir yaxşı əməli ilə rastlaşanda mən onu təftiş etməyə və imkan daxilində dəyərdən salmağa çalışıram, amma eyni əməli dostlarımdan görəndə var qüvvəmlə bunu tərifləyib göylərə qaldırıram, hələ özümdən də bir az əlavələr edirəm