Aprel 4, 2019

Seyyid Ağarəşid Talibov – Peyğəmbərin adının mənası nədir?

Bilmirəm siz bugünə qədər verilişinizdə bu sualı qoymusunuz ya yox, amma mən çoxundan soruşmuşam, görmüşəm ki, bilmirlər. Ən uzağı bilənlər də tərcüməsini bilirlər. Məsələn, deyirlər Muhəmməd – “həmd olunmuş” deməkdir. Bəs “həmd” özü nədir. Biz adətən deyirik ki, “həmd” “şükür” deməkdir. Nəzərə alsaq ki, bu adı Allah qoyub əziz peyğəmbərinə ilham vasitəsilə, onda insan gərək diqqət etsin, düşünsün bu barədə. Çünki insan qoyan adlar belədi ki, biz ad qoyanda arzulayırıq bu ad doğrulsun. Məsələn, biz övladımıza “Zəhra” adı qoyanda bu reallığı əks etdirmir, sadəcə arzumuz var ki, Zəhra nurundan balamıza da nəsib olsun. Biz övladımızın adını  “Qorxmaz” qoyanda bu, reallığı əks etdirmir, sadəcə olaraq arzumuzdur ki, balamız şücaətli olsun, igid olsun. Amma Allahda bu cür deyil. Allah ad qoyanda  arzulamır, reallığı əks etdirir. Fərq var burda. Ona görə ilahi adlarla, məsumun  qoyduğu adlarla bizim qoyduğumuz adlar arasında fərq var. Daha məsum arzulamır, Allah arzulamır. Məsələn, Allah kitabını “Quran”, “Furqan”,  “Zikr” adlandırır. Belə deyil ki, Allah arzulayır mənim kitabım furqan olsun, yox! Furqandır! Reallıq var onda, o həqiqət var, o sifət var onda. “Furqan”– yəni, fərq qoyan, ayıran, haqnan batili bir-birindən ayıran; “Mənim kitabım haqnan batili ayırandır, ona görə də adını qoyuram Furqan.” Allah ad qoyanda, o ad qoyulmuşda olan bir real sifəti bizə əks etdirir, göstərir.

Allah ilham vasitəsilə peyğəmbərin babası Əbdül Müttəlibə ilham edib övladının adını Muhəmməd qoydurub. Ondan qabaq bu adı heç kəs daşımayıb yer üzündə, bundan bilinir ki, bu insan icadı deyil, Allah tərəfindəndir. Həmdin açıqlamasını biləndə böyük bir məna çıxır ortaya. Həmd şükürlə, sənayla, mədhlə sinonim deyil. Biz onu sinonim kimi  bilirik, amma sinonim deyil. Həmd hər gözəlliyin müqabilində deyilməz, hər yaxşı işin müqabilində deyilməz. Hər hansı bir yaxşılığa təşəkkür deyirlər, amma həmd belə deyil. Həmd çox məxsusidir, xüsusi bir mənadır, xüsusi bir məfhumdur. Həmd, mədh də deyil. Söz yox ki, hərflərin dördü də eynidir: h, ə, m, d – m, ə, d, h. Hərflər dördündə də eynidir, hərflərin yeri dəyişib, amma mədh də deyil. Məsələn,  biz qiymətli bir daşı mədh edərik, amma həmd olmaz, ona həmd düşməz. Nə üçün? Çünki bu qiymətli daş öz ixtiyarıyla gözəlləşməyib, Allah onu elə yaradıb. Məcbur gözəlləşənə həmd düşməz, ixtiyarla olan gözəlliyin müqabilinə həmd deyilər. Ona görə biz deyirik ki,”Əlhəmdulilləhi rabbil ələmin” “Bütün həmd aləmlərin rəbbi olan Allaha məxsusdur”. Niyə? Çünki, aləmlərin rəbbi olan Allah aləmlərdə  nə yaradıbsa gözəl yaradıb və ixtiyari edib. Allahı heç kəs məcbur edə bilməz, hər şeydən qüdrətlidir. Deməli, ixtiyarla görüb və gördüyü hər işi də gözəl yaradıb. Ona görə “Bütün həmd Allaha məxsusdur”. İndi həmin bütün həmd Allaha məxsus olan Rəbbimiz, öz seçilmiş bəndəsinin adını qoyur “həmd olunmuş”. Yəni, peyğəmbərdə olan gözəllik ixtiyaridir, məcburi deyil.

Mən bu adın mənasını düşünəndən sonra, öz-özümə dedim ki, “Mən bu gündən etibarən hz. Rəsullallahın məsum olmasına başqa dəlil gətirməyəcəm. Kim mənə dəlil gətirsə, deyəcəm peyğəmbərin adı onun məsumluğuna dəlildi. Niyə? Çünki, əgər bir insanın əməlində gözəllik olmasa, heç vaxt ona “həmd  olunmuş” demək olmaz. Çünki həmd ixtiyari gözəlliyin müqabilindədir. Peyğəmbər nə görübsə gözəl görüb və ixtiyarıyla görüb. Ona görə Allah onun adını qoyub “həmd olunmuş”. Buna görə də “Adı gözəl, özü gözəl Muhəmməd” cümləsi də, tam yerində işlədilmiş cümlədir.