Dekabr 3, 2018

Təbriz Qasımov – Epikür və “Şər” problemi

Tanrının varlığını inkar edənlərin istifadə etdikləri ən ciddi arqumentlərdən biri və başlıcası “şər” problemidir. Bu dəstənin inancına görə “tanrı” və “şər”, bir yerdə cəm olması mümkün olmayan iki zidd anlayışdır. Yəni, əgər tanrı varsa və o, yenilməz qüdrət sahibidirsə, o zaman kainatda şər olmamalıdır. Yox, əgər kainatın hər yerində şərlərin varlığını müşahidə ediriksə, deməli kainatı yaradan tanrının olması inancı keçmişdəkilərin uydurduqları əfsanədən savayı bir şey deyildir. Әlbəttə, tənqidçilərin şər problemini bu cür qabartmaqda əsas hədəfləri şərin varlığını inkar etmək deyildir. Onlar də şərin var olduğunu qəbul edirlər. Sadəcə olaraq bu problemi xüsusi olaraq qabartmaqla əslində tanrı inancının gerçək olmadığını isbat etmək çabasındadırlar. Qədim Yunan filosofu Epikür (e.ə 342-270) şər və tanrı arasında ola biləcək mümkün 3 ehtimalı sadalayır:

1) Tanrı şərin qarşısını almaq istəyir, amma, buna gücü çatmır. Deməli, tanrı yenilməz qüdrət sahibi deyildir.

2) Tanrının şərin qarşısını almağa gücü yetir, amma, bunu istəmir. Deməli, elə tanrının özü də şərdir.

3) Tanrının şərin qarşısını alamağa gücü yetir və bunu etmək istəyib də. O zaman niyə hələ də kainatda şər var?

1-ci ehtimal qəbul edilə bilməz. Qəbul etsək o zaman gərək tanrının aciz olduğunu etiraf edək. Bu isə tanrının varlığını inkar etmək deməkdir. Çünki, aciz qalan bir varlıq heç zaman tanrı ola bilməz. 2-ci ehtimal da heç zaman qəbul edilə bilməz. Çünki, dinin insanlar üçün vəsf etdiyi tanrı bütünlüklə xeyir mənbəyidir. Onun varlığında şərə əsl yer yoxdur. Dolayısıyla, şər olan bir varlıq əsla tanrı ola bilməz. 3-cü ehtimal da kökündən batildir. Belə bir fərzin doğruluğu nəticədə yenə də tanrının yoxluğuna gətirib çıxardacaq. Әgər tanrı şərin qarşısını almağa qadirdirsə və üstəlik bunu etmək istəyibsə, amma, buna baxmayaraq kainatda yenə də şər varsa, deməli ya tanrı bunun qarşısını almaqdan acizdir, ya da ki, ümumiyyətlə tanrı deyilən bir varlıq yoxdur. Gördüyünüz kimi Epikür şər və tanrı barəsində bu 3 ehtimalı qeyd etməklə tanrının varlığını sual altına aparmaq istəyir. Şər mövzusunda Epikürün təhlilinə bənzər bir başqa təhlil Şotlandiyalı alim, filosof Devid Yumun təhlilidir. Devid Yuma görə kainatda mövcud olan şər, iki haldan xaric deyildir:

1) Şərin varlığı tanrının istəyinə bağlıdır.

2) Şərin varlığı tanrının istəyinə ziddir.

Devid Yum iddia edir ki, iki ehtimaldan istənilən birinin doğruluğu tanrının varlığını sual altına aparır. 1-ci ehtimalı qəbul etsək o zaman tanrının xeyir mənbəyi olmadığı məlum olmuş olacaq. Bu nəticə isə dini təlimlərlə dabandabana ziddir. Çünki, dini mətnlərdə tanrı xeyir mənbəyi olaraq vəsf olunur. Yox, əgər, 2-ci ehtimalı qəbul etsək, o zaman gərək tanrının aciz olduğunu qəbul edək. Çünki, tanrının istəyinə və iradəsinə zidd olaraq ortada şər var. Deməli, tanrı bunun qarşısını almaqdan acizdir. Aciz bir varlıq isə əsla tanrı ola bilməz.

Şər problemi üzərindən tanrının varlığı necə sual altına aparılır bununla tanış olduq. Cavaba gəldikdə, şər probleminin həlli üçün verilən ən qədim və geniş yayılmış cavab budur ki, şərin varlığı həqiqətdə yoxluğa qayıdır və şər özü nisbi bir anlayışdır. Məsələn, ilan sancması insan üçün şər hesab olunur. Halbuki məsələni diqqətli şəkildə təhlil etsək görərik ki, ortada heç bir şər yoxdur. Bizim şər olaraq gördüyümüz şey isə həqiqətdə nisbi bir anlayışdır. Yəni, ilanın varlığı özlüyündə heç vaxt şər hesab oluna bilməz. Әksinə, onun varlığı başdan-ayağa xeyirdir. Çünki, kainatda ilanın da öz yeri var və o da müəyyən funksiyaları yerinə yetirməklə vəzifəlidir. Sadəcə olaraq ilanı insanla qarşı-qarşıya qoyduğumuz təqdirdə nisbi olaraq şər anlayışı formalaşmaya başlayır. Və ya əgər bir insan başqa bir insana cəhalət üzündən zərər yetirirsə məlum məsələdir ki, mövcud zərərin (şərin) mənbəyi cəhalətdir. Cəhalət isə elmin yoxluğudur. Kainatda müstəqil şəkildə “cəhalət” adlı nəsnə mövcud deyildir. Cəhalət- sadəcə olaraq yoxluqdur, elmin yoxluğu! Deməli kainatda mütləq mənada şər deyilən bir şey yoxdur. Bizim şər olaraq gördüyümüz şeylər isə tamamilə nisbi anlayışlardır.

Şər probleminin həlli üçün verilən klassik və ən geniş yayılmış cavabla tanış olduq. Qədim Yunan filosofu Әflatundan tutmuş islam filosof və teoloqlarının problemin həlli zəminində istinad etdikləri ən əsas cavab budur. Fikrimcə verilən cavab insanda tam xatircəmlik yaratmır. Nəticədə, düzdür ilan özlüyündə xeyirdir, kainat üçün lazımlıdır. Amma, unutmayaq ki, bu varlıqlar kainatda bir arada yaşayırlar. Bunlar mütləq haradasa qarşı-qarşıya gəlib biri-digərinə zərər yetirəcək. Həmçinin, doğrudur bir insanın başqa bir insana yetirdiyi zərər cəhalət üzündən baş verirsə deməli bu şərin qaynağı yoxluğa (cəhalətə) qayıdır. Lakin, diqqətdən yayınan önəmli məsələ budur ki, şərin mənşəyi yoxluğa qayıtsa da nəticəsi ontoloji yöndən realdır, gerçəkdir, heç bir şəkildə yoxluq olaraq vəsf oluna bilməz. Әks təqdirdə Kərbəla faciəsinə baxışımız necə olmalıdır? Ortada real olaraq faciə, bəla və müsibətlər var? Yoxsa bu hadisələri gərək şər olaraq vəsf etməyək? İnanmıram hansısa normal düşüncəli bir insan bu qəbildən olan müsibətləri sırf yoxluq olaraq görsün. Nə qədər hayqırsaq ki, zəlzələ, tufan, sel, vulkan, xəstəliklər və s kimi təbiət hadisələri şər deyildir, özlüyündə müəyyən faydalara sahibdirlər, bu hadisələrin törətdikləri fəsadları, aldıqları canları, təbiətə və iqtisadiyyata vurduqları ziyanları göz önünə aldıqda, nəticədə verilən fəlsəfi cavbların heç də insan qəlbində xatircəmlik yaratmadığının şahidi oluruq. İddia olunduğu kimi kainatı parçalar halında təhlil etməyə çalışsaq ola bilsin nisbi şər anlayışı nəsə məna daşısın. Halbuki kainat bir bütündür, ona görə də onu bir bütün şəklində nəzərdən keçirməliyik. Yəni, kainatda olan varlıqlar haqqında öz aralarında olan əlaqələri də nəzərə almaqla təhlil yürütməliyik. Deməli şər, heç də iddia olunduğu kimi yoxluq falan deyil, onların varlığı gerçəkdir, realdır. Dini mətnlər də şərin varlığını təsdiqləyir. Qurani-kərimdə (Әnbiya 35) insanların şər vasitəsiylə imtahan olunduqları qeyd olunur. Deməli, şər var ki, tanrı insanları onunla imtahan edir. Yoxluqla insan imtahan olunmaz ki!!!

Şərin ontoloji varlığı aydın olduqdan sonra yenidən Epikürün iradlarına geri qayıdırıq. Epikür, şər və tanrı mövzusunda mümkün üç ehtimalı qeyd edir və bununla da tanrının varlığını sual altına aparmaq istəyir. Halbuki, ortada Epikürün diqqətindən qaçan 4-cü bir ehtimal var. O da budur ki, kainatda şər var və onun varlığı zəruridir. Şərin varlığı isə əsla tanrının qüdrətinin sonsuzluğuna xələl yetirmir. Nə də ki, Devid Yumun iddia etdiyi kimi onun istəyinə zidd deyildir. Sadəcə olaraq bunu anlamalıyıq ki, kainat, bütünüylə materiyadan mütəşəkkil bir varlıqdır. Belə bir özəlliyə sahib olan varlıqdan şərin olmadığı və mütləq xeyrin hakim olduğu bir sistem gözləmək olduqca absurd bir fikirdir. Ümumiyyətlə materiyaın buna tutumu və potensialı yoxdur. Materiya heç bir zaman şərsiz təsəvvür oluna bilməz. Məsələn, 2+2 toplamasının nəticəsinin 4-dən savayı bir şey olması heç zaman mümkün deyildir. Problem nədədir? Görəsən dünya səviyyəsində tanınmış hansısa məşhur riyaziyyat professoru bu toplamadan fərqli nəticə ala bilməz? Әgər ala bilmirsə deməli onun savadı sual atında düşmüş olur? Xeyr, əsla! Problem hansısa riyaziyyat professorunun savadında deyil. Әsas problem məhz həmin toplamanın 4-dən savayı istənilən nəticə üçün əlverişsiz olmasıdır.  Mütləq xeyir ancaq tanrıdır. Ondan savayı yerdə qalan hər nə varsa hamısı nöqsanlıdır. Nöqsan olan yerdə isə çatışmamazlıqların olması labüddür. Bundan əlavə Quranın da söylədiyi kimi dünya insanlar üçün imtahan yeridir. Burada tanrı insanları müəyyən çətinliklər, şərlərlə imtahan etmək istəyir. Elə dünyanın yaranışının əsas qayəsi də məhz budur. Bu çətinliklərin hamısı insanın ruhunda mövcud olan potensial güclərin üzə çıxmasında, onların çiçəklənərək böyüməsində, nəticədə insanın bir insan kimi kamillik zirvələrinin ən uca pillələrini qət etməsində müstəsna rolu vardır. Buna görədir ki, dünyanı şərsiz təsəvvür etmək yaranışın əsas hədəfləriylə də üst-üstə düşmür. İmtahan varsa deməli şər olmalıdır, bəla və çətinlik olmalıdır. Məsumlardan bizə çatan bəzi hədislərdə mömin kəslərin özlərini bəla və çətinliklər üçün hazırlamalarına dair göstərişlərin keçməsi qeyd elədiyim mətləbi isbat edir. Buna görədir ki, şər problemini analiz edərkən axirət inancı da göz ardı edilməməlidir. Әksinə, məsələyə bir də axirət konteksindən baxdıqda şərin varlığının insanın imtahan olunaraq kamil bir varlıq olması üçün necə zəruri olduğu aydınlaşmış olur.