Yanvar 25, 2019

Təbriz Qasımov – Brahmanistlərin “Nübuvvət” inancına yönəlik iradları və Әllamə Hillinin cavabı.

Nübuvvət anlayışı islam inanc sistemində xüsusi dəyər ifadə edən təməl prinsiplərdən biridir. Bir insanın islam dininə daxil ola bilməsi üçün “Tövhid” inancından sonra “nübuvvət” inancınını qəbul etməsi şərtdir. İslam teoloqları (kəlam alimləri) qələmə aldıqları əsərlərdə bu inancın rasional formada isbatı üçün ciddi səy göstəriblər. Təbii ki, məsələnin isbatı üçün hər şeydən öncə bu müddəanı isbatlayacaq rasional arqumentlər təqdim olunmalı, daha sonra isə bu inancı sual altına apara biləcək bütün əks iradları saf-çürük edilməlidir. Bu qısa yazımda Brahmanistlərin nübuvvət anlayışına yönəlik irəli sürdükləri məşhur bir iradlarını qeyd etmək istəyirəm.

İradın məzmunu:

Peyğəmbərlərin bəşəriyyətə təqdim etdikləri təlimlər iki haldan xaric deyildir:

1) Bu təlimlər insan ağlına müvafiq olan və onun təsdiqlədiyi təlimlərdir.

2) Bu təlimlər tamamilə insan ağlına ziddir və heç bir halda bəşər ağlı bu təlimləri təsdiqləyə bilməz.

Brahmanistlərə görə qeyd olunan iki variantdan istənilən birini qəbul etmək nübuvvət inancının yanlışlığını isbatlamaq üçün kifayət etməkdədir. Gəlin, indi hər iki variantı bir az daha təfsilatıyla nəzərdən keçirək. İlk varianta gəldikdə, əgər peyğəmbərlərin gətirdikləri təlimlər insan ağlına müvafiq olan təlimlərdirsə, o zaman peyğəmbərlərin gəlişi tamamilə əbəs bir şey olacaqdır. Çünki, peyğəmbərlərin gəlişi özlüyündə heç bir əlavə fayda bəxş etmir. Məsələn, fərz edək ki, hansısa bir peyğəmbərin əsas missiyası insanlara günəş işığının altında yol yeriməyin necə zərərli bir şey olduğunu başa salmaqdan ibarətdir. Şübhəsiz belə bir missiya heç bir fayda daşımır. Çünki, günəş işığının altında yol yeriməyin necə zərərli bir hal olmasını insan ağlı normalda dərk edə bilir. Bunu başa salmaq üçün tanrının əlavə elçilər göndərməsinə lüzum yoxdur. İnsana verdiyi ağıl, bu işin nə qədər zərərli olduğunu dərk etmək üçün yetərlidir.

Gələk ikinci variantın izahına. Peyğəmbərlərin gətirdikləri təlimlər insan ağlına zidd olarsa o zaman bu məzmunda olan təlimlərin qəbul edilməsi əsla təsəvvür edilə bilməz. Səbəbi isə çox sadədir. Nübuvvət anlayışı yalnızca ağıl vasitəsilə dərk oluna bilməkdədir. Әgər peyğəmbərlərin gətirdikləri təlimlər insan ağlına zidd olarsa o zaman həmin təlimlər, insan övladı üçün heç bir dəyər ifadə etməyəcəkdir. Çünki, bu məzmunda olan təlimlərin insanlıq üçün heç bir fayda verməyəcəyi məlum olur. Fərz edək ki, hansısa peyğəmbər öz təlimləri arasında yetim malı yeməyin qadağan olmadığını, əksinə bəyənilən bir əməl olduğunu söyləyir. Şübhəsiz, bu işin yanlış olması, cəmiyyəti uçuruma sürükləməsi, insan ağlının dərk etdiyi bir məsələdir. Belə olan halda insanların yanlış olduğunu rahatlıqla dərk etdikləri bu işi, sırf peyğəmbər olduğunu iddia etdiyi bir şəxsin sözüylə icra etmələri normal bir hal deyildir. Brahmanistlər qeyd olunan hər iki variantın təhlil edilməsindən belə bir qənaətə gəlirlər ki, peyğəmbərlik anlayışı heç bir şəkildə rasional arqumentlərlə dəstəklənə bilməz. Әksinə, reallıq budur ki, əldə olan dəlillər bu anlayışın tamamilə əsassız olduğunu göstərir.

İradın dəyərləndirilməsi.

Әllamə Hilli Brahmanistlərin yuxarıda deyilən məşhur iradını qeyd etdikdən sonra irada cavab qismində iki arqument qeyd edir:

1) Peyğəmbərlərin gətirdikləri təlimlərin insan ağlının dərk etdiyi bir sıra həqiqətləri dəstəkləməsi: Әllamə Hilliyə görə peyğəmbərlərin missiyası heç bir halda insan ağlına zidd ola bilməz. Bu mənada Brahmanistlərin söylədikləri ikinci variant batil olmuş olur. Yerdə qalır birinci variant, yəni, bu təlimlərin insan ağlıyla müvafiq olması.  Әllamə Hilliyə görə bu variant qəbul oluna bilər. Üstəlik, Brahmanistlərin iddia etdikləri kimi ortada heç bir əbəslik də yaranmır. Necə? Әllamə Hilli iddia edir ki, hansısa təlimin insan ağlıyla uzlaşması həmin təlimin faydasız olmasını gərəktirməz. Çünki, bu təlimlərin insan övladı üçün verəcəyi əlavə faydaları ola bilər. Әllaməyə görə həmin fayda ağlın gəldiyi qənaətin tanrı tərəfindən dəstəklənməsidir. İnsan övladı, öz ağlı vasitəsilə əldə etdiyi nəticənin peyğəmbərlərin təlimləri ilə uyğun gəldiyini gördükdə gəldiyi nəticənin doğruluğuna daha çox inam bəsləmiş olur. Bu hal isə özlyündə Brahmanistlərin qeyd etdikləri əbəslik problemini aradan aparmaqdadır. Belə olan halda nübuvvət anlayışının faydası ortaya çıxmış olur.

2) Ağlın dərk etmədiyi bir çox məsələlərin izah edilməsi: Әllamə Hilliyə görə peyğəmbərlərin təlimlərində insan ağlının normalda dərk edə bilməyəcəyi bir çox məsələlər vardır. İnsanların icra etdikləri dini ayinlər (ibadətlər) bunun ən bariz nümunələridir. Məsələn, namaz qılmağın necə faydalı bir əməl olması şübhəsiz ağıl vasitəsilə dərk oluna bilməz. Bunun üçün ilahi təlimə və göstərişə ehtiyac vardır. Peyğəmbərlərin gətirdikləri təlimlər arasında insanlıq üçün faydalı olan bu cür əməllər kifayət qədərdir. Deməli, nübuvvət inancı heç də Brahmanistlərin iddia etdikləri kimi  batil bir inanc forması deyilmiş. (Kəşful-Murad, səh 154-155)

Burada Brahmanistlərin iradına cavab olaraq Әllamə Hillinin qeyd etdiyi cavablara üçüncü bir cavabı əlavə etmək istəyirəm.  Peyğəmbərlərin gəlişinin bir başqa -və mənə görə ən önəmli- faydası da budur ki, ilahl elçilər, öz təlimləri sayəsində insanlarda olan gizli qabiliyyətləri, istedadları üzə çıxardır, onların inkişaf etməsində müstəsna rol oynayırlar. Bu qabiliyyətlər istər nəzəri müstəvidə olsun, istərsə də əməli müstəvidə, fərq etmir, bu təlimlər hesabına hər iki sahədə yüksəlişlərin olduğunu müşahidə etmək mümkündür. İddiamı qeyd edəcəyim iki hədislə dəstəkləmək istəyirəm. Hz Әli (ə), Nəhcul-Bəlağə kitabında qeyd olunan ilk xütbəsində peyğəmbərlik məktəbinin faydasından və önəmindəm danışarkən olduqca önəmli sayılacaq bir məsələyə toxunur. Peyğəmbərlərin göndəriliş hədəflərini sadalayarkən deyir: ليثيروا لهم دفائن العقول “İnsanların ağıl dəfinələrini üzə çıxarsınlar”. Bu söz tarixin səhifələrinə qızıl hərflərlə həkk olunası bir sözdür. Peyğəmbərlər, insanların daxili dünyanlarında gizlənmiş xəzinələri üzə çıxarmaqla məsuldurlar. Onların ən böyük missiyası məhz bu dəfinələri tapıb üzə çıxarmaqdır.

Qeyd edəcəyim digər hədis isə əməllə bağlıdır. İslam peyğəmbərindən nəql olunan bir hədisdə belə deyilir: انما بعثت لأتمم مكارم الاخلاق “Mən, yalnızca yüksək əxlaqi dəyərləri tamamlamaq üçün göndərilmişəm”. (Biharul-Әnvar, cild 16, səh 210). Bu hədis isə peyğəmbərlik məktəbinin əməli müstəvidə insanlıq üçün hansı dəyər ifadə etdiyini aşkar şəkildə göstərməkdədir. Peyğəmbərlərin əsas vəzifələri, insanları tərbiyə etmək, onlara yüksək insani dəyərləri aşılamaqdır. Bu tərbiyə proqramları şübhəsiz isnanların mənəvi yönlərinin təkmilləşməsində müstəsna rol oynamaqdadır.

Qeyd olunan hər iki hədisdən aydın oldu ki, peyğəmbərlik məktəbinin əsas missiyalarından biri və başlıcası, insanları nəzəri və əməli olmaqla, hər iki sahədə tərbiyə etmək, onların yüksələrək insani dəyərlərin uca pillələrini qət etmələrində yardımçı olmaqdır. Qeyd olunan bu prinsip, peyğəmbərlik anlayışının önəmini və əhəmiyyətini, eyni zamanda zərurətini açıqlamaq üçün yetərlidir fikrimcə…