Yanvar 16, 2019

Təbriz Qasımov – Fəlsəfədə “Qədim” və “Hadis” terminlərinin izahı, Aləmin əzəli olması iddiasının açıqlaması.

“Qədim” və “hadis” sözlərinin fərqli işlənmə yerləri var. Ümumi kütlənin bu iki sözdən anladıqları məna nisbi xarakter daşıyır. Tutalım İbn Sinayla Molla Sədranın yaşadıqları tarixlər arasında müqayisə aparsaq İbn Sinanın daha qədimdə, Molla Sədranın isə ondan sonra yaşadığını görürük. Deməli burada İbn Sinanın yaşadığı tarixin “qədim”, Molla Sədranın yaşadığı tarixin isə “hadis” olaraq görülməsi tamamilə iki tarix arasında aparılan nisbi müqayisənin nəticəsidir. Yəni, burada İbn Sinayla Molla Sədranın yaşadığı tarixlər arasında müqayisə aparılıb. Amma, bu o demək deyil ki, İbn Sinanın yaşadığı tarixə “qədim” deməklə onun əzəldən var olduğu nəzərdə tutulur.

Fəlsəfəyə gəldikdə burada artıq hər iki sözün fərqli işlənmə formaları, fərqli mənaları və növləri vardır. Fəlsəfə kitablarında qeyd olunduğu kimi “qədim” və “hadis” məfhumlarının hər biri iki növə ayrılır. Ümumilikdə isə bu növlərin sayları dörddür. Həmin növlər aşağıdaklılardır:

1) Zamanlı hüdus (əl-Hüdus əz-zəmani)
2) Zamanlı qədim (əl-Qidəm əz-zəmani)
3) Zati hüdus (əl-Hüdus əz-zati)
4) Zati qədim (əl-Qidəm əz-zati).

İndi isə gəlin fəlsəfədə geniş istifadə olunan bu dörd məfhumun hər birini ayrı-ayrılıqda izah edək. Qeyd olunan terminlərin düzgün şəkildə anlaşılması bir çox yanlış anlaşılmaların da aradan getməsinə kömək edəcəkdir:

1) Zamalı hüdus (əl-Hüdus əz-zəmani)- Bu termindən məqsəd hansısa nəsnənin müəyyən zaman dilimində meydana gəlməsidir. Məsələn, Xacə Tusi miladi təqvimlə 1201-ci ildə dünyaya gəldiyi üçün artıq “zamanlı varlıq” kateqoriyasına daxildir. Çünki, onun varlığı müəyyən zaman dilimində meydana gəlib.

2) Zamanlı qədim (əl-Qidəm əz-zəmani)- Zamanlı qədim dedikdə məqsəd hansısa varlığın zamanın hüdüdlarından kənarda qalması deməkdir. Bu qəbildən olan varlıqlar hansısa zaman dilimində varlıq tapmırlar. Onların varlıqlarının ümumiyyətlə zamanla heç bir bağlılığı yoxdur. Bu varlıqlara mücərrəd (abstrakt) nəsnələri nümunə göstərmək olar.

3) Zati hüdus (əl-Hüdus əz-zati)- Zati hüdus dedikdə məqsəd nəsnənin varlığı gərəyi xarici səbəbə ehtiyac duyması, onun təsiri olmadan varlıq tapmasının qeyri-mümkün olmasıdır. Bu növə daxil olan varlıqların hansısa zaman dilimində var olmaları şərt deyildir. Ola bilər ikinci növdə olduğu kimi tamamilə zamanın hüdudlarından kənarda olsunlar. Amma, buna baxmayaraq mahiyyətləri gərəyi müstəqil şəkildə, xarici səbəbin müdaxiləsi olmadan var ola bilmədikləri üçün bu növün tərkibinə daxil olan varlıqlara aid edilən hüdus növü “zati hüdus”dur.

4) Zati qədim (əl-Qidəm əz-zati)- Zati qədim müstəqil şəkildə var olan, varlıq tapmaq üçün heç bir xarici səbəbə ehtiyac duymayan, əzəli və əbədi olan varlıqdır. Bu növə yalnıca hər şeyə varlıq əta edən ilk səbəb, vacib varlıq, tanrının varlığı daxildir. Tanrından savayı heç bir varlıq qədimin bu növünə daxil deyildir.

Yuxarıda qeyd olunan dörd terminin mənaları aydın olduqdan sonra gələk bunların tətbiq edilməsinə!. “Zamanlı hüdus” kateqoriyasına hansısa zaman dilimində meydana gələn bütün varlıqlar daxildir. “Zamanlı qədim” kateqoriyasına isə zamanla heç bir bağlılığı olmayan bütün mücərrəd varlıqlar, həmçinin zamanın başlanğıcı hesab olunan ilk maddi varlıq daxildir. “Zati hüdus” kateqoriyası isə zamanlı qədim də daxil olmaqla bütün yaranmış varlıqları əhatə edir. “Zati qədim”ə gəldikdə isə bu növə yalnıca tanrının varlığı daxildir.

Filosoflar aləmin qədim oldğunu söyləyərkən şübhəsiz onun zati yöndən qədim olduğunu nəzərdə tutmayıblar. Çünki, zati yöndən qədim olma özəlliyi yalnıca tanrıya aiddir. Aləmin qədim olması fəlsəfədə zamanlı qədim kateqoriyasına aid edilir. Aləm, həmçinin mücərrəd (abstrakt) varlıqlar heç bir zaman dilimində var olmadıqları üçün onların zaman baxımından qədim olduqları deyilir. Unutmayaq ki, həmin varlıqlar zaman baxımından qədim olmalarına baxmayaraq zat baxımında hadisdirlər. Buna görədir ki, onların zaman baxımından qədim olduqlarını söyləmək heç də onları Allaha şərik qoşmaq demək deyildir. Fəlsəfədə bu qəbildən olan dəqiq, eyni zamanda böyük agahlıq tələb edən bölgülərə diqqət yetirməyən kəslər (İmam Qəzzali kimi), qəflət üzündən bu məsələdə filosofları təkfir ediblər. Məsələyə İmam Qəzzali kimi səthi yanaşmaqda davam edənlər isə təəssüf ki, hələ də bu yanlış yolu getməkdə israrlıdırlar.

Qeyd olunan bu izahdan sonra filosofların həqiqətdə aləmin niyə zaman baxımından qədim olduqlarını söylədikləri məlum olur. Әgər aləmin hansısa zaman kəsimində yarandığını söyləsək o zaman belə bir sualla qarşılaşırıq ki, görəsən zamanın özü necə yaranıb? Әgər zamanın özünün də başqa bir zaman dilimində yarandığını söyləsək, o zaman sonsuzluq paradoksuyla üz-üzə gələcik. Sonsuzluq paradoksu isə fəlsəfədə isbat olunduğu kimi əsassız bir anlayışdır. Deməli, zamanın özü hansısa zaman dilimində meydana gələ bilməz. Yəni, onun varlığı artıq zamanın hüdudlarından kənardadır. Belə olan halda ən azı zamanın özünün qədim olması sabit olmuş olur. Әlbəttə, bu qədim zati qədim deyil, zamanlı qədim növünə aid olacaq.

Digər cəhətdən zaman- maddənin hərəkət miqdarını bilmək üçün istifadə olunan ölçü vahididir. Yəni, zamanın yaranması maddəyə bağlıdır. Maddə olan yerdə zaman var, maddə olmayan yerdə isə zaman yoxdur. Deməli, maddəyə aid xassələrin heç birini özündə daşımayan mücərrəd varlıqlar zaman etibarilə qədim varlıqlardır. Çünki, hansısa zaman dilimində var olmayıblar. Bundan əlavə ilk meydana gələn maddi varlıq da zaman etibarilə qədim varlıqdır. Çünki, zaman anlayışı məhz həmin varlığın meydana gəlməsiylə ortaya çıxır. Ondan öncə materiya olmadığı üçün zaman anlayışı da olmayıb. Yəni, onun varlığı, öncədən zaman olmadığı üçün zamanın əhatəsində olmayıb. Belə bir şəraitdə meydana gələn varlıq da şübhəsiz zamanlı qədim kateqoriyasına daxil olmuş olacaqdır.