Aprel 5, 2019

Təbriz Qasımov – Hokinqlə papanın ilk səbəb mövzusunda dialoqu

Məşhur fizik Stiven Hokinqlə papa arasında kainatın ilk səbəbi mövzusunda belə bir dialoqun keçdiyi qeyd olunur:

Hokinq: Kainatı kim yaratdı?
Papa: Tanrı…
Hokinq: Bəs Tanrını kim yaratdı?
Papa: Tanrının yaradana ehtiyacı yoxdur…
Hokinq: Deməli yaradana ehtiyac duyulmadan var olmaq münkündür…

Hokinq əslində bu sualla papaya isbatlamağa çalışmaq istəyib ki, əgər tanrı üzərindən ilk yaradıcıya ehtiyacın olmadaığını sübut etsək deməli bu hökmü kainata da tətbiq etmək mümkündür. Yəni, ilk yaradıcıya ehtiyacın olmaması isbatlansa bunun kainata tətbiq etməyin nə eybi vardır? Necə ki, tanrının yaradıcıya ehtiyacı yoxdur, eynilə kainatın da qoy yaradıcıya ehtiyacı olmasın…

Hokinqin bu sual üzərindən qeyd olunan nəticənin əldə olunduğunu iddia etməsi əslində məntiqi yöndən ciddi xətadır. Çünki, tanrının ilk səbəbə ehtiyac duymaması digər varlıqların da ilk səbəbə ehtiyac duymayacağı mənasına gəlməz. Nəticədə hər varlıq öz sahib olduğu xüsusiyyətlərə görə dəyərləndirilməlidir. Fəlsəfədə ilk səbəbin varlığının öz zatından qaynaqlandığı və varoluş üçün xarici bir gücə ehtiyac duymadığı möhkəm dəlillərlə isbatlanıb. Amma, kainat barəsində sırf tanrı üzərindən oxşar nəticəni (ehtiyacsızlıq) almaq doğru deyildir. Tanrının öz hökmü var, kainatın isə başqa hökmü var. Nə tanrının səbəbsizliyi kainatı səbəbsiz etməz, nə də kainatın səbəbə möhtac olması tanrını da səbəbə möhtac qılmaz. Təsəvvür edin biri sual verir ki su neçə dərəcədə buxara dönür? Cavabında deyilir ki, 100 dərəcədə. İndi sual verən qayıdıb desə ki, həə deməli 100 dərəcədə buxara dönmə varmış, bəs onda dəmir də 100 dərəcədə buxara dönə bilər!!! Şübhəsiz buxarlanmanı suyun üzərindən dəmirə aid etmək necə məntiqsizlikdisə səbəbə ehtiyac duymamanı da tanrı üzərindən kainata aid etmək eyni məntiqsizlikdir…