Yanvar 25, 2019

Təbriz Qasımov – Qadın peyğəmbərlər olubmu?

Tarix boyu inanclıları düşündürən önəmli məsələlərdən biri də insanlara doğru yola göstərmək üçün göndərilən peyğəmbərlər arasında qadın peyğəmbərin olub-olmamasıdır. Yəhudi dininə görə peyğəmbərlərdən 8-i qadındır. Həmin qadın peyğəmbərlər bunlardır: Hz İbrahimin xanımı Sara, Məryəm, İsrailin dördüncü hakimi Devora, Elqananın xanımı Hənna, Davudun xanımı Aviagil, imperator Ahaşveroşun xanımı Ester, Rav Şlomo Ritshak, Rahel və Lea. İslam alimləri arasında hakim olan görüşə görə isə peyğəmbərlərin hamısı yalnız kişilər olub və qadınlardan heç kimə peyğəmbərlik vəzifəsi verilməyib. Az bir dəstə isə bir neçə qadının peyğəmbərlik məqamına çatdığını iddia ediblər. Bunlardan ilki Әbul-Həsən Әşəridir. Әşəriyə görə 6 nəfər qadın peyğəmbər olub. Qurtubi öz təfsirində Hz Məryəmin peyğəmbər olduğunu iddia edib. İbn Həzm əl-Әndəlusiyə görə də qadınların peyğəmbər olması məsələsini nə Quran, nə də ağıl inkar etmir.

İnkar edənlərin dəlilləri.

Peyğəmbərliyin yalnız kişilərə məxsus olduğunu iddia edənlərin istinad etdikləri əsas dəlil “Yusif” sürəsinin 109-cu ayəsidir. Həmin ayədə belə deyilir: “Və səndən öncə yalnız şəhər və kənd əhalisindən olub vəhy nazil etdiyimiz kişiləri göndərmişik”.  Ayədə keçən “kişilər” (رجالا) sözünü əsas götürənlər ayənin aşkar şəkildə peyğəmbərlik məqamının yalnızca kişilərə məxsus olduğunu və qadınların mütləq şəkildə bu məqamdan məhrum edildiyini iddia edirlər. Həmin şəxslərə görə əgər peyğəmbərlərin arasında qadın peyğəmbər də olmuş olsaydı ayənin göndərilən peyğəmbərlərin yalnızca kişilərdən ibarət olduğunu söyləməsi düzgün olmazdı və qadın peyğəmbərlərin göndərilməsinə işarə etməməsi bir daha bunu sübut edir ki, peyğəmbərlik vəzifəsi yalnızca kişilərə məxsusdur. Әgər hansısa qadına peyğəmbərlik verilmiş olsaydı ayədə bu məsələyə işarə olunmalıydı. İşarə olunmayıbsa deməli qadın peyğəmbər olayıb.

İddianın dəyərləndirilməsi.

Qadınların da peyğəmbər seçilə biləcəyini iddia edənlərə görə bu iddia heç də güman edildiyi kimi müddəanın isbatı üçün tutarlı dəlil deyildir. Çünki ayəyə diqqət etsək kişilərə məxsus qılınan vəzifənin nübuvvət deyil, məhz risalət məqamı olduğu aydın olmuş olacaq. Ayədə yalnızca kişilərə nisbət verilən şey, göndərilmədir (irsal). Məlum məsələdir ki, göndərilmə (irsal)- risalət vəzifəsi ilə əlaqəlidir və nübuvvət məqamına şamil deyildir. Çünki risalətlə nübuvvətin fərqi budur ki, nübuvvətdə sadəcə olaraq xəbər alma var, halbuki risalətdə xəbər alma ilə yanaşı öncəki peyğəmbərə və ya özünə endirilmiş şəriəti təbliğ etmə məsuliyyəti var. Deməli ayədə keçən “irsal” (göndərmə) sözü yalnızca risalət məqamına işarə edir və bu vəzifəni kişilərə məxsus qılır. Nübuvvət məqamı barədə isə ayədə heç bir söz keçməyib. Deməli ayəyə istinad edərək qadının nəbi ola bilməyəcəyini iddia etmək dəqiq yanaşma deyildir.

Qarşı tərəfin ayənin mənasına yönəlik iddiaları bundan ibarət idi. Burada istəyirəm ayənin dəlaləti haqqında başqa bir iradı qeyd edim. Әrəb dili, xüsusilə Quranın üslubu ilə tanış olanlar yaxşı bilirlər ki, bir çox hallarda cümlələrdə kişi cins kateoqoriyasından istifadə olunur. Belə olan halda baxmayaraq ki, cümlədə istifadə olunan kəlmə kişi cinsinə işara edir, amma bununla yanaşı qadınların da ayənin xitab dairəsinə daxil olduqları inkar edilmir. Nümunə üçün elə həmin ayədə keçən “kişilər” sözünü götürək. Görəsən Quran ayələrində keçən “kişilər” sözü hər yerdə yalnızca kişilər barəsindəmi işlənib? Yoxsa bəzi hallarda ayədə kişi sözü keçməsinə baxmayaraq məzmun qadınlara da şamildirmi? Nümunə olaraq aşağıdakı ayələrə nəzər salaq:

Heç bir ticarət və alış-verişin Allahı yad etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmadığı kişilər. Onlar ürəklərin və gözlərin pərişan və fərqli olacağı gündən qorxurlar. (Nur, 37).

Və (od əhli) deyər: «Bizə nə olub ki, (dünyada) şər və pis insanlardan saydığımız kəsləri (kişiləri) görmürük? (Sad 38).

İnsanlardan bəzi şəxslər (kişilər) cinlərdən bəzilərinə (kişiləra) sığınırdılar (ki, hər hansı bir şəri özlərindən dəf etsinlər) (Cinn 6).

Gördüyünüz kimi qeyd olunan ayələrdə “kişilər” sözü keçməsinə baxmayaraq heç kim həmin ayələrdə açıqlanan özəlliklərin yalnızca kişilərə aid olduğunu iddia edə bilməz. Məlum məsələdir ki, həmin ayələrdə “kişilər” sözü ya əksəriyyətə işarə etmək (təğlib) üçün işlədilib, ya da ki, ərəb dilində bəzi hallarda yalnızca kişi cins kateqoriyasından istifadə etməklə ümumi məna hər iki cinsə eyni edərəcədə şamil edilərək çatdırıldığı kimi bu ayədə də eyni üslubdan istifadə edilib..

İcma dəlili.

Müddəa lehinə istinad edilən dəlillərdən digəri icma dəlilidir. Bəzi şəxslər mövzu barəsində islam alimləri arasında icma olduğunu irəli sürərək öz müddəalarını əsaslandırmağa çalışıblar. Lakin icma dəlilinin yetərsiz olması da aydın məsələdir. Adlarını sadaladığım alimlər mövzu barədə əks görüş sərgilədikləri halda ortada islam alimlərinin icması olduğunu necə söyləmək olar? Alusiyə görə mövzu barədə icma iddiası etmək olduqca qəribədir. Çünki qadınların arasından peyğəmbərlərin seçilməsi, xüsusilə Hz Məryəmin peyğəmbər olması məşhur bir görüşdür. (Ruhul-Məani, c 3, s 154). Belə olan halda mövzu barəsində icma olduğunu idda etmək olduqca əsassız bir yanaşmadır.

Hz Fatimənin Hz Məryəmdən üstün olması.

Bəziləri Hz Məryəm də daxil olmaqla adları çəkilən digər xanımların peyğəmbər ola bilməyəcəklərini əsaslandırmaq üçün Hz Fatimənin bütün xanımlardan üstün olduğu barədə islam peyğəmbərindən nəql olunan hədisi əsas gətirirlər. Belə ki, əgər Hz Məryəm peyğəmbərdirsə o zaman necə olur ki, ondan daha üstün olan Hz Fatimə peyğəmbər deyildir?

Qarşı tərəfin irada verdiyi cavab budur ki, Hz Fatimənin bütün xanımlardan üstün olduğunu qeyd edən həmin hədis Hz Fatimə üçün peyğəmbərin qızı olduğuna görə sırf şərəfləndirmə hədəfini daşıyır. Belə olan halda hədisdən Hz Fatimənin mütləq şəkildə üstünlüyünü çıxarış etmək olduqca çatindir. Dəlili də budur ki, islam peyğəmbəri bir başqa hədisdə Hz Həsən və Hz Hüseynin cənnət cavanlarının ağası olduğu qeyd edib. Halbuki heç kim bu hədisə istinad edərək Həsən və Hüseynin hətta peyğəmbərin özündən də üstün olduğunu iddia etməyib.

Qeyd olunan bu cavab bir qədər mübahisəlidir. Çünki Hz Fatimənin üstün olduğu qeyd olunan bəzi hədislərdə hətta Hz Məryəmin də adı çəkilib. Belə olan halda hədisdən nisbi üstünlüyü çıxarış etmək çətindir. Fikrimcə qeyd olunan bu cavab yetərli deyildir. Amma yuxarıda qeyd olunan irada fərqli bir şəkildə cavab vermək mümkündür. O da budur ki, Hz Fatimənin Hz Məryəmdən üstün olması heç də Hz Məryəmin peyğəmbərliyini inkar etməyə əsas vermir. Səbəbi isə olduqca sadədir. Hz Fatimənin zamanında artıq peyğəmbərlik missiyası xətm olunmuşdu. Qeyd olunan irad o zaman tutarlı olardı ki, peyğəmbərlik vəzifəsi Hz Fatimənin zamanında hələ davam etmiş olardı. Bu məsələ imamlar barəsində də keçərlidir. Şiə alimlərinin bir dəstəsi imamları islam peyğəmbəri istisna olmaqla digər peyğəmbərlərdən üstün bilirlər. Amma həmin dəstədən heç kim bu üstünlüyü əsas gətirərək digər peyğəmbərlərin peyğəmbərliklərini sual altına aparmayıb. Deməli üstünlük faktoru heç də digərlərinin peyğəmbər olması üçün mane hesab olunmur. Çünki həmin dövürdə artıq peyğəmbərlik missiyası xətm olunmuşdu.

Qadınların zəif məxluq olması.

Qadınların peyğəmbər ola bilməyəcəklərini iddia edənlərin istinad etdikləri əsas dəlillərdən biri də onların fiziki yöndən zəif olmaları, psixoloji olaraq həssas və atifəli bir xüsusiyyətə sahib olmalarıdır. Belə bir özəlliyə sahib olan qadın çətin və məşəqqətli işləri yerinə yetirə bilməz, verdiyi qərarlarda ağıldan daha çox hisslərinə qapılaraq qərar çıxaracaqları üçün onların peyğəmbər seçilmələri imkansızdır.

Cavab: Qeyd olunan bu iradın süstlüyü Quran və tərixi təcrübələrlə sabitdir. Qurani-Kərimdə Səbə kralıçəsi Bilqeysin hökmranlığından söhbət açılır. Quranın da qeyd etdiyi kimi həmin xanım böyük səltənət sahibi idi. Bundan əlavə Quran, həmin xanımın nə qədər tədbirli və uzaqgörən olduğuna işarə edir. Hz Süleymandan gələn təhdid məzmunlu məktubu oxuyan Bilqeys, ətrafındakı əyan-əşrəflə mövzu barədə müzakirələr aparır. Quran, həmin müzakirədə irəli sürülən təklifləri qeyd edir. Sonda Bilqeysin əyan-əşrəfin təkliflərini bir kənara qoyaraq öz görüşü ilə qərar verdiyini və nəticədə doğru yolu taparaq Hz Süleymanın dininə tabe olduğunu deyir. Bu ayələr zimnən Səbə karliçəsinin atrafındakı əyan-əşrəfdən (kişilərdən) necə ağıllı, uzaqgörən və tədbirli olduğunu göstərir.

Bundan əlavə qadının ən çətin və dözülməz anlarda necə dözümlü, mətin və şücaətli ola biləcəyini Hz Zeynəb misalında görmək mümkündür. Görəsən həmin çətinliklərə neçə kişi tab gətirə bilərdi? Hz Zeynəb hansı söhbətində, etirazında, xütbəsində hissə qapılaraq ağıldan uzaq söz danışıb? Şübhəsiz heç birində!. Deməli irad qismində yuxarıda qeyd olunan iddia tamamilə əsassızdır. Nümunə olaraq qeyd olunan xanimların (Bilqeys və Hz Zeynəb) istisna olmaları da məsələni dəyişmir. Peyğəmbər olaraq seçilmiş qadınlar da qoy elə həmin istisnalardan olmuş olsun, nə problem var axı?

Nübuvvət məqamına işarə edilməməsi.

Etiraz edənlərin mövzuya dair digər bir iradı da budur ki, əgər Hz Məryəm peyğəmbər olmuş olsaydı nəyə görə Quranda heç bir yerdə Hz Məryəmin peyğəmbərliyi qeyd olunmayıb? Niyə digər peyğəmbərlərin peyğəmbərliyinə müxtəlif ayələrdə bir neçə dəfə işarə edilməsinə baxmayaraq bir dəfə də olsun Hz Məryəmin peyğəmbər olduğu barədə heç bir ifadə keçməyib? Bu hal, özlüyündə Hz Məryəmin peyğəmbər olmadığını göstərir.

Cavab: Bu etiraz da özlüyünda mübahisələrə açıqdır. Belə ki, Quranda adı keçən Zul-Qərneynin heç bir ayədə peyğəmbər olduğu qeyd olunmamasına baxmayaraq tarix boyu islam alimləri arasında Zul-Qərneynin peyğəmbər olub-olmaması məsələsi mübahisə doğurub. Heç bir islam alimi qətiyyətlə Zul-Qərneynin peyğəmbər olmadığını inkar etməyib. Әksinə, bəziləri Quranda Zul-Qərneyn barədə qeyd olunan bəzi xüsusiyyətləri əsas götürərək onun peyğəmbər olduğunu iddia ediblər. Deməli peyğəmbərlik məqamına işarə edilməməsi heç də həmin şəxs barəsində peyğəmbər olub-olmayacağı müzakirələrinin əsassız və imkansız olduğunu göstərmir.

Hz Məryəmin peyğəmbər olduğunu iddia edənlərin dəlilləri.

Yuxarıda inkarçıların dəlilləri ilə tanış olduq. İndi isə gəlin iddiaçıların dəlilləri ilə qısa olaraq tanış olaq. İddiaçıların istinad etdikləri ən əsas dəlil Hz Məryəmə vəhyin enməsi, Cəbraili görməsi, cənnət nemətlərindən verilməsi və s kimi Quranın qeyd etdiyi xüsusiyyətlərdir. İddiaçılara görə qeyd olunan bu xüsusiyyətlər ancaq peyğəmbərlik məqamına seçilmiş şəxslərə nisbət verilə bilər. Xüsusilə, əmr və qadağa məzmunlu vəhyin enməsi ancaq peyğəmbərlərə məxsus olan bir haldır ki, Hz Məryəmə enən vəhylərdə bunu görmək mümkündür.

Nəticə:

Qadınınların peyğəmbərliyi mövzusunda inkarçı və iddiaçıların təqdim etdikləri arqumentlərlə tanış olduq. Sonda belə bir nəticəyə gəlmək mümkündür ki, qadının peyğəmbərliyini inkar etmək üçün nə Quranın, nə də ağılın ortaya qoyduğu möhkəm bir dəlil gətirmək mümkün deyildir. Qeyd olunan bir sıra dəlillər ya ayələri lazımı şəkildə təhlil etməməkdən qaynaqlanır, ya da heç bir əsası olmayan bir sıra önyarğılara dayanır. Bunun müqabilində qadının peyğəmbər olduğunu söyləmək üçün də əlimizdə heç bir möhkəm dəlil yoxdur. Bəli, kimsə Hz Məryəm barəsində enən aylərədən onun peyğəmbər olduğunu ehtimal verə bilər. Amma bu hal, ehtimaldan o yanan keçə bilməyəcəkdir.  Fikrimcə, mövzu barədə deyilməsi gərəkən ən uyğun və mötədil rəy məsələ barəsində aqnostik yanaşma sərgiləməkdir. Belə ki, ortada nə mövzu lehinə, nə də əleyhinə heç bir möhkəm dəlil yoxdur. Bir başqa sözlə, hansısa qadının peyğəmbər seçilməsi barədə heç bir məlumatımız yoxdur. Ola bilsin seçilmiş olsun, ola bilsin olmasın. Kimsə bu işin özlüyündə imkansız olduğunu da iddia edə bilməz. Bu qısa araşdırmadan əldə etdiyimiz ən önəmli nəticə də məhz budur…..