Avqust 1, 2019

Ülvi Kazımlı – Qurandakı miras bölgüsündə xəta yoxdur

Nisa 11, 12 ayələrini oxuyan bəzi ateistlər tərcümələrin və ya düzgün nəticə çıxarmamalarının nəticəsi olaraq riyazi səhv olduğunu iddia edirlər. Bu yazımda onların bu iddiasını tam formada cavablayacam. Əvvəlcə iddianı olduğu kimi verim:

Ər ölüb, geriyə arvadı, 3 qızı, ata, anası qalıb. Onların mirasını bölüşdürək.

1. İkidən çox qızı varsa, mirasın 2/3-ü onlarındır.
2. Övladı varsa ata və anasına (hər birinə) mirasın 1/6-i düşür.
3. Övladı varsa arvadına mirasın 1/8-i düşür.

İndi gəlin bu payları toplayaq:

2/3 + 1/6 + 1/6 + 1/8 = 9/8 = 1,125 (halbuki cəm 1-dən böyük ola bilməz).

Quranda miras bölgüsünü bilmək üçün Nisa 11, 12, 176-cı ayələri bir yerdə gözdən keçirmək lazımdır. Hər detala ciddi fikir verilməlidir. Ateistlərin belə cürətli iddiasının bir səbəbi də əhli sünnətin bu bölgüdə istifadə etdiyi “əvliyyə”metodudur. Bu metod Qurana tamamilə tərs düşür və heç bir əsası yoxdur. Həmin metod haqqında internetdən kifayət qədər məlumat ala bilərsiniz. İndi isə dediyim ayələri verərək yuxarıdakı iddianın səhv olduğunu göstərəcəm.

Nisa 11. Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. Əgər qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısıonundur. Bir oğlan övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, üçdə bir hissəsi anaya aiddir. Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir. Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah biləndir, hikmət sahibidir.

Gəlin ayədə deyilənləri aydınlaşdıraq.

  • Kişiyə qadının iki qatı qədər miras verilir.
  • Uşaqların hamısı qızdırsa və sayı 2-dən çoxdursa mirasın 2/3 hissəsi onlarındır.
  • Əgər uşaq sadəcə bir qızdan ibarətdirsə, mirasın yarısı onundur.
  • Əgər ölənin bir oğlan uşağı varsa (və ya oğlanlı, qızlı hər iki cinsdən uşaqlar), onda ölənin ata və anasının hər birinə 1/6 hissə düşər.
  • Ölənin uşağı yoxdursa, varisi ata və anasıdırsa onda mirasın 1/3 hissəsi ananındır.
  • Ölənin qardaş və bacıları varsa, onda ana mirasın 1/6 hissəsini alar.

Nisa 12. Əgər arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısısizindir. Onların uşağı olduqda isə mirasın dörddə biri sizə çatır. Əgər sizin uşağınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür. Övladınız olduqda isə mirasın səkkizdə biri onlara çatır. Əgər kişi və qadının eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın altıda biri düşür. Onların sayi birdən artıq olduqda isə hamısı həmin malın üçdə birinə şərikdir. Bu, zərər toxunmadığı halda edilən vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra icra olunur. Allah tərəfindən tövsiyə olunmuşdur. Allah biləndir, həlimdir.

İndi isə bu ayədəki məsələləri müəyyənləşdirək.

  • Ölən qadınların uşağı yoxdursa, mirasın yarısı kişinindir.
  • Ölən qadınların uşağı olarsa, mirasın 1/4 hissəsi kişinindir.
  • Ölən kişinin uşağı yoxdursa, mirasın 1/4 hissəsi qadınındır.
  • Ölən kişinin uşağı olarsa (ya bir oğlan, ya da oğlanlı, qızlı uşaqlar), mirasın 1/8 hissəsi qadınındır.
  • Ölən kişinin və ya qadının bir qardaşı və bir bacısı varsa, onların hər birinə mirasdan 1/6 hissə düşər.
  • Əgər qardaş və bacıların sayı birdən çoxdursa, onların hamısı mirasın 1/3 hissəsinə şərikdirlər.

Nisa 176. Səndən fətva istəyirlər. De: “Valideynləri və övladı olmayan şəxs haqqında Allah sizə belə fətva verir: Övladı olmayan bir şəxs vəfat etdikdə onun bir bacısı varsa, qoyub getdiyi malın yarısı bacıya çatır. Övladı olmayan bir qadın vəfat etdikdə qardaşı onun varisidir. Əgər vəfat edən şəxsin iki bacısı varsa, mirasın üçdə ikisi onlara çatır. Əgər varislər qardaş və bacılardan ibarət olarsa, kişiyə qadına düşən payın iki misli verilir”. Allah bunu sizə doğru yoldan çıxmamağınız üçün aydınlaşdırır. Allah hər şeyi biləndir.

Bu ayədən çıxan nəticələr.

  • Ölənlərin (ər və ya arvad) valideynləri, uşaqları, əri (arvadı) yoxdursa, bir bacısı varsa, mirasın yarısı onundur.
  • Övladı olmayan qadın vəfat etdikdə, qardaşı mirasın tam sahibidir.
  • Vəfat edən şəxsin iki bacısı varsa, mirasın 2/3 hissəsi onlarındır.
  • Varislər qardaş bacılardan ibarətdirsə, yenə də 2/3 hissə onlarındır amma bu nisbətdə bölünən mirasda kişiyə qadına düşənin iki misli düşəcək.

Bütün bunları gözdən keçirərək yuxarıda yazılan iddiaya nəzər salaq.

Ər ölüb, geriyə arvadı, 3 qızı, ata, anası qalıbsa, bu zaman ölənin ata və anasına miras düşməz. Bəs ayələrə görə ölənin ata, anasına hansı hallarda mirasdan düşür?

  • Ölən şəxsin bir oğlu olarsa, onda ölənin ata və anasının hər birinə 1/6 miqdarda miras düşür (yəni uşaqların tərkibində ən azı bir oğlan olmalıdır).
  • Ölən şəxsin ümumiyyətlə övladı olmazsa, onda ölənin anasına 1/3, atasına isə 2/3 hissə miras düşər.
  • Ölən şəxsin ümumiyyətlə uşağı yoxdur, lakin qardaşları və bacıları vardır. Onda ölənin anası 1/6 alar.

Demək, ateistlərin iddia etdiyi nümunədə miras ancaq arvad və uşaqları arasında bölüşdürülür. İndi isə hesablamamızı aparaq:

1. Qız sayı 2-dən çox olduğu üçün mirasın 2/3 hissəsi onlarındır.
2. Geridə qalan 1/3 hissəlik pay da ölənin arvadınındır.

Ədədlə ifadə edək. Tutaq ki, ölən 300 manat miras buraxıb. Bunu 3 qızı və arvadı arasında bölmək lazımdır.

⇒Qızlara düşən pay: 300 x 2/3=200⇒3 qız olduğu üçün aralarında bərabər bölünəcək, hərəyə 66,7 manat düşəcək.

⇒Arvadına düşən pay: 300 x 1/3=100 manat. Bəzi nümunələrə baxaq.


Nümunə 1. Öləndən geriyə ancaq 2 oğlan və 2 qız mirasçı qalıb. Miqdarı 60 manat olan mirası bölüşdürək.
Həlli: Nisa 11 ayəsinə görə bu miras oğlanlara qızların 2 qatı verilmək şərti ilə bölünəcək⇒ x+x+2x+2x=60
6x=60
x=10
Demək qızların hərəsinə 10 manat, oğlanların da hərəsinə 20 manat düşəcək.


Nümunə 2. Öləndən geriyə anası, atası, bir oğlu, bir qızı və arvadı qalıb. 96 manat mirası bunlar arasında bölüşdürək.
Həlli: Nisa 11 və Nisa 12 ayələrinə görə.
⇒Ata alacaq 1/6 hissə ⇒ 96 x 1/6=16 manat.
⇒Ana alacaq 1/6 hissə ⇒ 96 x 1/6=16 manat.
⇒Arvadı alacaq 1/8 hissə ⇒ 96 x 1/8=12 manat.
⇒Qalan miras da oğlan və qız övlad arasında (x+2x) şəklində bölüşdürüləcək⇒96-(16+16+12)=52 manat.
⇒Qız-x
⇒Oğlan-2x
⇒x+2x=52⇒ 3x=52⇒ x=17,3 manat qız alacaq.
⇒ 2 x 17,3=34,6 manat da oğlan alacaq.


Nümunə 3. Ölənin ancaq bir qızı və arvadı var. 50 manat mirası onlar arasında bölək.
Həlli: Nisa 11 ayəsinə görə tək qız olarsa mirasın 1/2 hissəsi onundur. Yəni 50 x 1/2=25 manat qızın, digər yarısı da ölənin arvadınındır.


Nümunə 4. Ölənin ancaq atası və anası var. 90 manat mirası onlar arasında bölüşdürək.
Həlli: Nisa 11 ayəsinə görə bu zaman ölənin anasına 1/3 hissə düşür. Qalanı da, yəni 2/3 hissə də atasınındır.
⇒Anası alacaq: 90 x 1/3=30 manat.
⇒Atası alacaq: 90 x 2/3=60 manat.


Nümunə 5. Ölənin heç bir övladı yoxdur. Mirasçıları atası, anası, arvadı, 1 qardaşı, 2 bacısıdır. 120 manat mirası bunlar arasında bölüşdürək.
Həlli: Nisa 12 ayəsinə görə, ölənin övladı olmazsa, ata və ana hər biri 1/6 hissə alar, arvadı 1/4 hissə alar, geridə qalan mirası da qardaş və bacılar (x+2x) şəklində alar.
⇒Ölənin atası alacaq: 120 x 1/6=20 manat.
⇒Ölənin anası alacaq: 120 x 1/6=20 manat.
⇒Ölənin arvadı alacaq: 120 x 1/4=30 manat.
⇒Qalan miras qardaş və bacılar arasında bölüşdürüləcək⇒120-(20+20+30)=50 manat.
⇒Qardaş-2x
⇒Bacı-x, iki bacı olduğuna görə 2x olacaq.
⇒2x+2x=50 ⇒ 4x=50 ⇒ x=12,5 manat hər bacı alacaq.
⇒2 x 12,5=25 manat da qardaş alacaq.


Nümunə 6. Qadın ölüb və geridə əri, bir qızı, bir oğlu qalıb. 40 manat mirası bunlar arasında bölüşdürək.
Həlli: Nisa 12 ayəsinə görə, kişiyə 1/4 hissə miras düşəcək. Qalan miras da oğlu və qızı arasında (x+2x) nisbətində bölünəcək.
⇒Ölən qadının ərinə düşəcək miras: 40 x 1/4=10 manat.
⇒Geriyə 40-10=30 manat qaldı.
⇒Qız-x
⇒Oğlan-2x
⇒x+2x=30 ⇒ 3x=30 ⇒ x=10 manat qıza düşəcək.
⇒2x 10=20 manat da oğula düşəcək.


Nümunə 7. Atası, anası, övladları olmayan kişi ölüb və geridə bir qardaşı, bir bacısı, arvadı qalıb. 36 manat mirası onlar arasında bölüşdürək.
Həlli: Nisa 12 ayəsinə görə qardaşa 1/6, bacıya 1/6 hissə düşəcək. Qalan miras da arvadınındır.
⇒Qardaşın alacağı miras: 36 x 1/6=6 manat.
⇒Bacının alacağı miras: 36 x 1/6=6 manat.
⇒Geridə qalan miras: 36-(6+6)=24 manat da arvadındır.


Nümunə 8. Ər ölüb. Geriyə 2 həyat yoldaşı, 3 qızı, 2 oğlu, ata, ana, ölənin bir qardaşı və bir bacısı qalıb. 200 manat mirası bölüşdürək.
Həlli: Nisa 12 ayəsinə görə ölənin övladları olduğu üçün, onun qardaş və bacısına miras düşməyəcək.
⇒ Nisa 11 ayəsinə görə ailədə həm oğlan, həm də qız olduğuna görə, ölənin ata, anasına da miras düşəcək.
⇒ Bütün bölgülər aparıldıqdan sonra, yerdə qalan miras qız və oğlanlar arasında x, 2x şəklində bölünəcək.
 Nisa 12 ayəsinə görə arvadlara düşəcək: 200 x 1/8=25 manat. Hər arvada 25/2=12,5 manat düşəcək.
⇒ Ölənin atası alacaq: 200 x 1/6=33,3 manat.
⇒ Ölənin anası alacaq: 200 x 1/6=33,3 manat.
⇒ Qalan miqdar: 200 – (12,5+12,5+33,3+33,3)=108,4 manat.
⇒ Qıza x desək, 3 qız olacaq 3x.
⇒ Oğlana 2x desək, 2 oğlan olacaq 4x.
⇒ Uşaqlara düşəcək miras: 3x+4x=108,4 ⇒ 7x=108,4 ⇒ x=15,5 manat.
⇒ Qızların hər biri alacaq 15,5 manat.
⇒ Oğlanların hər biri alacaq 15,5 x 2=31 manat.

Beləcə mümkün halları artıraraq mirası ayələrə əsasən çox rahat bölüşdürə bilərik. Aşağıdakı cədvəldə ayələrdən çıxan bəzi nəticələri sizlərlə bölüşürəm.

Ailə üzvlərinin normal miras bölgüsü
Ümumiyyətlə mirasçı yalnız bir nəfər qalarsa alacağı miqdar1
Sadəcə oğlan və qız uşaqları varis olarsax+2x
Sadəcə ana və oğlan, qız uşaqları varis olarsa1/6+(x+2x)
Sadəcə ana, ata və oğlan, qız uşaqları varis olarsa1/6+1/6+(x+2x)
Ata, ana, arvadı və oğlan, qız uşaqları varis olarsa1/6+1/6+1/8+(x+2x)
Ölənin oğlu olmaması halında olan miras bölgüsü
Sadəcə tək qızı və arvadı varis olarsa1/2+1/2
İki və daha çox qızı və arvadı olarsa2/3+1/3
Ölənin heç bir övlad və heç bir qardaş, bacısının olmaması halındakı miras bölgüsü
Sadəcə ata və ana varis olarsa2/3+1/3
Heç bir övladın olmaması halında ölənin ana, ata, qardaş, bacılarının miras bölgüsü
Sadəcə ana, qardaş və bacıları olarsa1/6+(x+2x)
Sadəcə ata, qardaş və bacıları olarsa1/6+(x+2x)
Sadəcə ata, ana, qardaş və bacıları olarsa1/6+1/6+(x+2x)
Sadəcə ata, ana, arvadı, qardaş və bacıları olarsa1/6+1/6+1/4+(x+2x)
Qadından qalan mirasın bölgüsü
Qadın ölsə və uşağı yoxdursa, ərinə və digər qohumlarına1/2+1/2
Qadın ölərsə və uşağı varsa, ərinə və uşaqlarına1/4+(x+2x)
Kimsəsizin miras bölgüsü
Qadın kimsəsizin bir qardaşı və əri olarsa1/2+1/2
Kişi kimsəsizin bir bacısı və arvadı olarsa1/2+1/2
Kişi kimsəsizin iki bacısı və arvadı olarsa2/3+1/3
Kişi kimsəsizin bir qardaşı və bir bacısı olarsax+2x
Kişi kimsəsizin bir qardaşı və bir bacısı və arvadı olarsa1/6+1/6+x
Kişi kimsəsizin çoxlu qardaşı, bir bacısı və arvadı olarsa1/3+1/6+x

Qeyd 1: Cədvəldə olan x, 2x tənlik x-ları deyil. Ayələrə əsasən kişinin qadından 2 qat çox mirasa sahib olmasını ifadə edir.

Qeyd 2. Nisa 11 ayəsinin əvvəlindəki 1/2 və 2/3 hissələri ancaq tək qız və 2-dən çox qızlar olan hal üçün keçərlidir. Burada oğlan övladın olmaması əsas şərtdir. “Vələd” kəliməsi ümumi mənada “qız uşağı”, “oğlan uşağı”, “ancaq oğlan uşağı”, “ancaq oğlan uşaqları”, “qızlı oğlanlı bir yerdə uşaqlar”, “dəliqanlı”, “zürriyyət” mənalarında işlənir. Ayənin əvvəlində qızlar üçün miras müəyyən edildikdən sonra növbə ölənin valideyinlərinə çatır. Ölənin ata və anasının hər birinə 1/6 hissə verilir, bir şərtlə ki (“in” şərt ədatı), ölən adamın övladlarının içində həm qız, həm oğlan və ya ancaq bir oğlan olsun. Bəzən iddia edilir ki, “vələd” sözünün oğlan mənası yoxdur və sadəcə övlad kimi işlətmək olar (ümumi halda). Bəzi nümunələr verək:

Снимок

Qızlar olan halda miras müəyyən edildiyi üçün deməli burada fərqli övlad sayı durumu olmalıdır. Daha geniş bilgi üçün oxuyun ⇒ Qurandakı miras bölgüsü.

Qeyd 3. Nisa 12 ayəsinə görə əgər ər ölərsə, gerisində uşaqları qalarsa (yuxarıdakı qeyddə tərkibində ən azı bir oğlan uşağı olmasını demişdim), onda ölənin arvadına 1/8 hissə veriləcək. Ölənin valideyinlərinin hər birinə isə 1/6 hissə miras düşəcək. Qalan miras da oğlan və qız uşaqları arasında (x+2x) şəklində bölüşdürüləcək. (Nisa 11 ayəsində tək qız və ikidən çox qız olduğu halda onlara verilən mirasdan sonra yerdə qalan miras tamamilə ölənin arvadına qalırdı, belə halda ölənin valideyinləri mirasa sahib ola bilmirdilər).

Nəticə:

 Qurana görə mirasa əsas haqqı olan şəxslər-Uşaqlar, ər, arvad, ata, ana, bacı, qardaş.
 Əgər ailədə qızlar və arvad varsa, miras ancaq onlar arasında bölüşdürülür.
 Əgər uşaqların tərkibində həm oğlan, həm qız da olarsa ölənin valideyinlərinə də miras düşür.
 Ölənin atası və uşaqları yoxdursa, sadəcə anası varsa, mirasa onun anası və qardaş, bacıları varisdir.
⇔ Nisa 11 ayəsində “əgər ölənin ata, anası ona varis olarsa” cümləsinin keçməsi onu bildirir ki, bəzi durumlarda onlar həyatda olsalar da, varis ola bilməzlər (ailənin tərkibində oğlanın olmaması durumu).
 Diqqət etsək görərik ki, Nisa 11 ayəsinin əvvəlində oğlan və qıza konkret nə qədər miras veriləcəyi bildirilmir (x, 2x). Bunlar ayələrdə keçən şərtlərdən asılı olaraq müəyyən edilir.
 Ayəyə görə ölənin valideyinləri nəvələrinin ancaq bir qız, ikidən çox qız olduğu hallarda mirasa sahib ola bilmirdilər. Lakin ailənin tərkibində oğlan uşağı (ları) və ya oğlan, qız qarışıq uşaqlar olardısa, nənə və babanın hər biri 1/6 hissə alırdı.
 Nənə və baba öz paylarını alandan sonra oğlan və qız övladlar arasında x və 2x-lıq bölgü aparılır.