Noyabr 29, 2018

Ziya Balıyev – Əhzab 37 məsələsinə açıqlama

13 Oktyabrda “Talant TV”də “Xalq Laboratoriyası” verilişində iki ateistlə qonaq oldum. Verlişin mövzusu qonaqlardan məlum olduğu kimi Din və Ateizmi əhatə edirdi. Bir çox mövzu haqqında disskusiya aparıldı. Əsas məsələ ondan ibarətdir ki, verilişdən bir gün sonra, qonaqlardan birinin qurduğu “Azərbaycan Ateistlər Birliyi” səhifəsində bizim dialoqumuzdan bir hissə,-hansı ki, kənardan telefonla çəkilib,- paylaşılıb və başlığa yazılıb:”İnsestə haqq qazandırmaq istəyən insanlarla mübarizə aparırıq”. Burada, bu paylaşımı edən insanın vurğulamaq istədiyi şey, Qurani-Kərimin Əhzab surəsində keçən, Peyğəmbərin Zeynəblə evlənməsi məsələsidir. Bu hissəni paylaşaraq mənim insesti müdafiə etdiyimi əsas götürüblər. Məsələnin məğzinə daxil olmadan öncə kiçik bir şeyi diqqətinizə çatdırım. Sözü gedən paylaşımda qeyd edilib ki, söyüş söyən ban ediləcək, lakin mənim ünvanıma çoxlu sayda söyüş söyülüb. Yəqin ki, bu bildiriş ancaq müsəlmanlara aiddir və söyüş söyən ateistlər cəzəlandırılmır. Mən isə əlbəttə, o səviyyəyə enərək söyüş söyən insanları və paylaşımı edən şəxsi söymədim, çünki mənim üçün Quran əxlaqı mövcuddur:” Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.” Nəhl surəsi 125-ci ayə.

İndi keçək əsas məsələyə, yəni, Əhzab surəsi 37-ci ayədə keçən evlənmə məsələsinə. Bu ayəyə görə peyğəmbərimiz Hz.Məhəmməd oğulluğu olan Zeydin boşadığı Zeynəblə evlənir. Bu ayəni insestlə əlaqələndirən insanlara öncəliklə söyləmək lazımdır ki, insest sadəcə və sadəcə çox yaxın qan qohumluğu olan insanlar arasındakı cinsi münasibətə deylir. Buna aiddir; valideyn və övlad, bacı və qardaş, nənə, baba və nəvə.(1) Oğulluğun həyat yoldaşı ilə evlənməyə insest deyən insanın isə ya insestdə həqiqətən xəbəri yoxdur, ya da bilərəkdən cahil kütlədən istifadə edir. Qısaca Əhzab-37 haqqında bir iki açıqlama qeyd edib, daha sonra əslində kimin insestə daha yaxın olduğu haqda fikir irəli sürək.

Ayədə boşanan qadın Zeynəb, boşandığı kişi Zeyddir. Zeyd, peyğəmbərin doğma oğlu deyil, oğulluğudur. Zeydi xanım Xədicə qul bazarından alır və peyğəmbərin onu çox sevdiyini görərək hədiyyə edir. Bir dönəmdən sonra Zeydi geri almaq üçün gələn valideynləri peyğəmbərlə bu haqda danışırlar. Peyğəmbər onlara bildirir ki, Zeydi almaq üçün heç bir pul istəmir, tək şərti odur ki, qərarı Zeyd özü verəcək, ya ailəsiylə gedəcək, ya da peyğəmbərlə qalacaq. Bu zaman Zeyd valideynlərinə deyir:”Mən peyğəmbəri heç kimə dəyişmərəm”.(2) Ondan sonra Hz.Məhəmməd Zeydi övladlığa götürür. Sərbəst qərar verməsindən də məlum olur ki, Zeyd çox da balaca uşaq deyildi, sərbəst düşünə, qərar vermə bacarığına malik idi. Zeynəblə Zeydin evlənməsinə də bir başa peyğəmbər özü vəsilə olmuşdu. Lakin, bir dönəmdən sonra bu iki şəxsin anlaşa bilməməsi nəticəsndə boşanırlar və Allahdan vəhy gəlir ki, peyğəmbər özü bu xanımla evlənməlidir. Bu əmr cahiliyyə ərəblərindəki tabunu qırmaq üçün idi. Əslində cahiliyyə ərəbləri ögey anayla belə evlənirdilər, amma oğulluğun və qızlığın həyat yoldaşı ilə evlənməyi qəbul etmirdilər. (3) Bu ayədə də bildirilən odur ki, əslində bu işdə heç bir problem yoxdur və bu tabunun qırılması üçün Allah peyğəmbəri seçdi. Burada etiraz olaraq bildirilir ki, əslində peyğəmbərin özünün Zeynəbdən xoşu gəlirdi və ona görə bu ayəni uydurdu. Bu etirazın heç bir məntiqi əsası yoxdur, çünki peyğəmbər Zeynəbi uşaqlığından tanıyırdı və istəsəydi Zeydlə evləndirmək əvəzinə özü evlənərdi. Zeydlə evləndirib, sonra boşadaraq özünün evlənməsinin heç bir əsası yoxdur.
Biz öncəliklə, oğulluğun həyat yoldaşıyla evlənməyin insest olmadığını bildik, indi məsələnin daha da dərinliyinə gedək; bu hadisə insest deyilsə belə, pisdirmi? Ateist dostlarımız qeyd edirlər ki, bu çox pis bir şeydir. Ortaya təməl sual çıxır; Niyə? Bax bu sualı isə heç bir ateist cavablandıra bilməz. Verilişdə Zamin Mürsəlov cavab olaraq qeyd etdi ki, Azərbaycan mentalitetində bu pis qarşılanır deyə pisdir. Bu nəinki cavabdır, cavaba yaxın belə deyil. Öncəliklə, hansısa bir toplumun mental dəyərləri obyektiv dəyər halında təqdim oluna bilməz. Çünki, bu dəyərlər ancaq müəyyən bir toplumu əhatə edir və bütün insanlar üçün keçərli deyil. Müəyyən topluma aid pis və yaxşılar isə, qətiyyən “pis” və “yaxşı” adlandırıla bilməz. Məsələn, Azərbaycanın bəzi bölgələrində avtomobilin ön oturacağında əyləşən qadına pis baxırlar. Bu o deməkdirmi ki, bu şey həqiqətən pisdir? Qətiyyən. Bir şeyə pis demək üçün, onun pis olduğunu empirik və ya əqli idrak (vəhyi idrakı ateistlər qəbul etmədiyi üçün bura aid etmirəm) vasitəsiylə əsaslandırmalıyıq, əks təqdirdə ona heç bir vəchlə pis deyə bilmərik. İkinci əsas problem isə ondan ibarətdir ki, mental dəyərlər olduqca qısa müddət ərzində dəyişə bilirlər. Məsələn, 90-cı illərdə şalvar geyinən qadınlara pis baxırdılar, lakin indi, cəmi 20-30 il sonra buna yaxşı baxırlar. Ortaya təməl sual çıxır; qadının şalvar geyinməsi pisdir yoxsa yaxşı? Eyni toplum 20-30 il ərzində buna həm pis dedi həm də yaxşı, o halda bu pisdir yoxsa yaxşı? Bunun mental etalonla ölçülməsi mümkünsüz olur. İki misalla biz isbat etdik ki, mental dəyərləri əsas götürərək bir şeyə obyektiv rəy vermək mümkün deyil. 1. Mental dəyərlər eyni zamanda müxtəlif məkanlarda dəyişkəndir. 2. Mental dəyərlər eyni məkanda müxtəlif zamanlarda dəyişkəndir.
Ateistlərin hər zaman əldə silah tutmağa çalışdığı,-əsassız olaraq-, elmlə də bunun pis olduğunu isbat etmək mümkün deyil. Elm, evlilikdə maksimum tibbi baxımdan nəyəsə yanlış deyə bilər ki, oğulluğun həyat yoldaşı heç bir zaman bu məsələyə daxil olmur.
İndi son bir məsələyə də keçid edək; əslində insest münasibətə qapıları din açır yoxsa Ateizm? Əvvəla dinin insest haqqında münasibətini qeyd edək. Din, öz müqəddəs kitabı Qurani-Kərimdə və hədislərdə insest münasibəti tamamilə rədd edir, yəni dinin buna dair bir qadağası var. Din, insest münasibətə bütün qapıları bağlayıb və bunu etmək üçün heç bir açıq yer yoxdur. Nisa surəsi 23-cü ayədə bu barədə qəti qadağa belə qeyd edilir:” Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, öz belinizdən gələn oğullarınızın arvadları (ilə evlənmək) və iki bacını birlikdə almaq haram edildi.” Hədislərdə də bu qadağalar çoxlu sayda gəlir, hətta bunu edənlərə ölüm hökmünün tətbiqi belə yer alır. Deməli, bir dindar əlində olan əxlaq konsepsiyası ilə, heç bir əlavə idraka əl atmadan, təkcə vəhyi idrakla anladı ki, insest tamamilə qadağadır. Bəs ateist? Ateist hansı əsasla deyə bilər ki, insest etmək olmaz. Burada bir ateistin heç bir əxlaq konsepsiyası yoxdur və bunu ancaq fərdin öz seçiminə buraxa bilər. Bu da o deməkdir ki, Ateizmdə insestin qapısı açıqdır, istəyirsən gir, istəyirsən yox. Ateistlərin ən çox gətirdikləri arqument isə elmi arqumentdir. Tibbi olaraq uşaqlar xəstə doğulurlar deyə, bunun doğru olmadığını qeyd edirlər. Bu halda, haqlı olaraq bir ateist deyə bilər ki, mən hər hansı qoruyucu vasitədən istifadə edərək insest edirəm. Bu halda o ateistə qadağanı nə qoyacaq? Əgər insestin pis olması ancaq uşaq məsələsindədirsə, uşaq doğulmasının qarşısını alan bir ateistə insestin pis olduğunu izah etmək mümkün deyil. İkinci misalla da biz görürük ki, Ateizmin açıq qoyduğu insest qapısından içəri daxil olmaq daha asandır. Burada mənim qeyd etdiyim qətiyyən “ateistlər insest edirlər” iddiası deyil, dediyim odur ki, “ateistlər insest etməsələr belə, etməmələrinə heç bir əsas yoxdur, və etmək istəyən birinin qarşısına qadağa qoyula bilməz”.
Son bir məsələylə də yazını sonlardırmaq istəyirəm. Bəzi antropoloqların, nevroloqların araşdırmalarını əsas götürərək qeyd olunur ki, əslində insest bir qorxu olaraq bizim beynimizdə formalaşıb. Uşaqların xəstə doğulduğunu görən sapienslər bu əməldən maksimum çəkinmiş və insest bizdə qorxu olaraq öz yerini almışdır. Məhz bu səbəbdən insestdən qaçırıq. Bu iddianı sual altına salan təməl iki məsələ var: Birinci məsələ odur ki, əgər bu deyilən doğrudursa, ateistlərin çox uca gördükləri Freydin Edip kompleksiylə tamamilə ziddiyət təşkil edir. Edip kompleksinə görə hər bir uşaq 5 yaşına qədər valideyninə cinsi istək bəsləyir. İddiada deyildiyi tabu məsələsi doğrudursa, bu qorxu bizim genimizə yansımalıdır, bu halda isə 5 yaşımıza qədər valideynimizə cinsi istək bəsləməmiz mümkün deyil. Ateistlər iki iddiadan birini tutmalıdırlar ki, heç birinin tam əsası yoxdur. İkinci problem isə odur ki, uşaqların xəstə doğulması bizdə qorxu yaratmışdısa, insestdən çəkinmə nə üçün ancaq ailə içinə aid oldu? Bacıyla qardaşın uşağının xəstə olması ehtimalı, əmiqızıyla əmioğlunun uşağının xəstə olma ehtimalı qədərdir. Lakin, genin artmama qorxusu ancaq ailə daxili cinsi münasibətə yansıdı, eyni ehtimalda olan əmiqızı, dayıoğlu və.s məsələlərə yansımadı. Çarlz Darvin özü də bu cür evlilik qurmuşdu.

1. https://en.oxforddictionaries.com/definition/incest
2. Tabaqat, 3/42; Usdül-Ğabə, 2/225, əl-İsabə, 1/523.
3. Kasapoğlu, “Ensest Tabusu ve Egzogami Kuralının Kur’an’daki Yansımaları”, s.5.