Avqust 30, 2019

Ziya Balıyev – Əxlaqlı ateistin cəhənnəmə getməsi ədalətlidirmi?

Sual: Əxlaqlı, yaxşılıq edən bir ateistin cəhənnəmə getməsi ədalətlidirmi? Məsələn, Bil Qeyts mülkünün böyük hissəsini xeyriyə işlərinə xərcləyir. Bil Qeyts məhz ateistdir deyə niyə cəhənnəmə düşsün?

Cavab: Əxlaqlı bir ateistin cəhənnəmə düşməsi olduqca ədalətlidir. Gəlin bir neçə məsələyə aydınlıq gətirək:

1. Ədalət nədir? 
Ədalət doğru və yanlışı bir-birindən ayıran əxlaq müəllimidir. Yəni, biz ədalət sayəsində doğru və yanlışı bir-birindən ayırırıq. Bəzən ədalət və mərhəmət qarışdırılır. Bunlar tamamilə ayrı məfhumlardır. Məsələn, sizin qoyun sürünüzə canavar hücum etsə, onu öldürməniz ədalət, sağ buraxmanız isə mərhəmətdir. Əgər etdiyi pis əməlin cavabını alırsa, doğru etmisiniz və ədalətli davranmısınız. Əksində isə mərhəmət göstərmisiniz.

2. Cənnət və cəhənnəmin meyyarı nədir?
Cənnət və cəhənnəm dini bir termin olduğu üçün, bunlardan birini qazanmamız ancaq dinin dediklərinə əməl etdiyimiz təqdirdədir. Məsələn, Allah bizə deyir ki, cənnəti qazanmanız üçün namaz qılmalı, oruc tutmalı, yaxşı işlər görməlisiniz və.s. Yəni, Allah bizə cənnətə necə gedəcəyimizi göstərir. Eləcə də cəhənnəmə getmək üçün dini qəbul etməməli, pis insan olmalı olduğumuzu və.s deyir. Əgər biz bunlardan hansını edəriksə, etdiyimiz əməllərə uyğun mükafatlandırıla və ya cəzalandırılarıq.

İndi keçək məsələnin məğzinə. Əgər bir ateist Allahın cənnət üçün lazım bildiklərini etmirsə, o halda onun cənnətə getməməsi olduqca normal bir haldır. “Yaxşılıq etdim” deyərək heç kim özünə bəraət qazandıra bilməz. Təsəvvür edin, sizə bir nəfər deyir ki, Oksford Universitetinə daxil olmaq üçün 5 şərtə əməl etsən uğur qazanacaqsan.
1. İngilis dilini öyrən
2. Fizikanı öyrən
3. Riyaziyyatı öyrən
4. Kimyanı öyrən
5. Biologiyanı öyrən.

Siz də gedib 5 ay müddətində riyaziyyatı çox mükəmməl səviyyədə öyrənirsiniz. Lakin digər 4 fənni bilmədiyiniz üçün universitetə qəbul olmursunuz. Bu zaman siz heç bir vəchlə həmən adama yaxınlaşıb “Mən riyaziyyatı mükəmməl öyrəndim, niyə Oksforda daxil ola bilmirəm?” deyə bilməssiniz. Çünki həmən adam sizə bütün şərtləri demişdi, siz onun sadəcə birinə əməl etmisinizsə günah sizin özünüzdədir.

Bəs, o halda ateistin yaxşılıqlarına rəğmən cəhənnəmə getməsi ədalətlidirmi? Tamamilə ədalətlidir! Çünki Allah hər bəndəsinin istəyinə uyğun rəftar edir. Gəlin baxaq ki, ateist yaxşılığı nə üçün edir? Allahsız bir insanın 3 səbəbi ola bilər:
1. Daxili rahatlıq. Yəni, yaxşılıq edərək rahat olur.
2. Önəmli olma istəyi. Yəni, yaxşılıq edərək cəmiyyətdə nüfuz qazanır.
3. Cinsi istək. Yəni, yaxşılıq edərək əkscinslər arasında nüfuz qazanır. 
Yəni, bir ateistin yaxşılığı ancaq və ancaq bu dünyayla bağlıdır. O halda, Allah da onun yaxşılıqlarını bu dünyada mükafatlandırır. Əgər Allah onu axirətdə mükafatlandırsa, ədalətsizlik edər. Çünki o mükafatı bu dünyada istəyir, Allah da bu dünyada verir. Təsəvvür edin, siz bir yerdə 100 manat üçün işləyirsiniz və işin sonunda müdir sizə 100 manat yox, 100 manat dəyərində alma verir. Bu əlbəttə ədalətsizlik olar, çünki sizin istəyiniz 100 manat idi, alma yox. Buna görə də, əxlaqlı bir ateistin cəhənnəmə getməsi nəinki ədalətsiz, hətta tamamilə ədalətlidir. Çünki o, etdiyi yaxşılıqların əvəzini bu dünyada alır.