Noyabr 5, 2018

Ziya Balıyev – Таnrı inancdır yoxsa tələbat

Amerikalı genetik Din Hamer, 2004-cü ildə yayımladığı “Tanrı geni” kitabında, bizim genlərimiz içində tanrıya olan inancı müəyyən edən bir genin olduğunu açıqladı. Bu gen, VMAT 2 genidir. Genetik Din Hamerin araşdırmaları bizə onu göstərdi ki, əslində insanların hər birində tanrıya inanc mövcuddur. Yəni, bizim tanrıya olan inancımız, sadəcə bəsit bir inanc deyil, tələbatdır. Per 2 geni bizdə necə aclıq hissini yaradırsa, VMAT 2 geni də tanrıya olan inancımızı bizə bəlli edir. Bəs bu elmi araşdırma özünü real həyatda göstərə bilirmi?

Əslində, hər birimizin daxilində tanrıya olan inanc bəllidir, sadəcə, kimlərsə onu səylə gizlədir, kimlərsə də, rahat buraxaraq aşkar edir. Məsələn, çox çətin bir vəziyyətə düşən istənilən insan, daxilində bir yerlərdə ona kömək edəcək varlığın axtarışına çıxır. Bu məsələ İslam hədislərində də İmam Sadiqin adıyla mövcuddur. “Bir gün bir nəfər imama yaxınlaşaraq ondan Allahın varlığına dair dəlil istəyir. İmam ona deyir: `Düşün ki, bir dənizdə boğulursan və sənə kömək edəcək heç kim yoxdur. Bu zaman sənə kömək edəcək başqa bir qüvvə (metafizik) axtararsan?` Adam `Hə` deyə cavab verir. İmam deyir:`Bax, axtardığın  varlıq elə Allahdır`”. Yəni, insanın içində tanrıya inanmağa bir meyil var ki, çətin anlarda bu özünü biruzə verir. Qurani Kərimin Loğman surəsində də, Allah bu məsələyə vurğu edir:“Kölgələr kimi dalğalar onları ağuşuna aldığı zaman, onlar Allaha yalvararlar.” Məşhur xristian din xadimi Con Kalvin də, bu barədə çox diqqətə layiq qeydlər edib. Kalvin yazır: “İnsanın təbiətində tanrının varlığının fərqindəliyə dair bir meyil vardır. Tanrı, insanı varlığından xəbərsizlik kimi bir bəhanənin arxasında gizlənməkdən məhrum etmək üçün, öz varlığını fərq edəcək formada yaratmışdır. Məşhur bir paqanın da ifadə etdiyi kimi, barbar düşüncəyə sahib vəhşi bir insanın belə, “Tanrı vardır” formasında sabit bir inancı mövcuddur. Tarixin başlanğıcından bəri, dinin olmadığı bir zaman və məkan olmamışdır. Özünü tanrı düşüncəsindən və qorxusundan xilas etmək üçün, boş yerə səy göstərən bir kafirin səyləri belə, onun tanrı fikrinə sahib olmasına dəlildir.”

Tanrının bizim həyatımızda bir tələbat olması özünü çox cəhətdən göstərər həqiqətdir. Əvvəla, vurğuladığımız kimi, çox çətin bir vəziyyətdə qalan insan, pulun və hər hansı şəxsin kömək edə bilməyəcəyindən əmin olduğu halda, pulun və insanın fövqündə olan bir varlığın ona kömək etməsini istəyir. İstənilən səmimi ateist bunu etiraf edə bilər. İkinci bir məsələ isə budur ki, tanrı inancını itirmiş insanlar, tanrı inancına sahib olan insanlara nisbəttə intihara daha meyillidirlər. Bu da onun göstəricisidir ki, tanrı inancı bizim həyatımızın ayrılmaz bir tələbatıdır ki, onu itirdikdə böyük bir boşluğa sürüklənirik.

Tanrı inancının bizdə tələbat olduğunu göstərən ən böyük dəlillərdən biri də, bu inanca sahib olmayan toplumların özlərinə alternativ axtarmalıdır. Məsələn, Argentinada yaradılan Maradona kilsəsi buna nümunədir. Tanrıdan uzaq düşən bir qrup insan daxillərindəki tələbatdan xəbər tuturlar və o hissi doydurmaq üçün özlərinə alternativ tanrı yaradırlar. Və yaxud da, Ronda Bernin məşhur “Sirr” nəzəriyyəsi. Bu nəzəriyyəyə görə, biz öz istəklərimizi kosmosa göndəririk və kosmos bizə cavab verir. Bu düşüncə dinlərin bizə dediyi dua anlayışı ilə eyniyyət təşkil edir, bircə fərqlə ki, bu nəzəriyyənin kökündə tanrı yoxdur. Tanrı anlayışı olmadıqda, insan bu tələbatı doydurmaq üçün, hər cür absurd alternativə əl ata bilir. İntelekti olmayan kosmosdan nəsə istəmək də, bu qəbildəndir. Bu cür anlayışlar, ac olduğu zaman istənilən şeyi yeyən nsanı xatırladır. İnsan övladı ac olduğu zaman, bu hissin verdiyi əzabla necə ki hər şeyi yeyir, tanrı inancını itirdiyi zaman da, eynən bu formada istənilən alternativlə tanrı aclığını aradan qaldırmağa çalışır.

Bəs tanrı inancı bizim daxilimizdə olan bir tələbatdırsa, ateist olan insanlarda bu hiss necə yox olur? Əslində, bu hiss heç bir insanda yox olmur, sadəcə bəzi fərdlər, bəzi səbəblərə görə bu hissi özlərində gizlədirlər. Bu səbəblər müxtəlif ola bilər:

  1. Praqmatizm – Bir çox insanın tanrını inkar etməsinin əsas səbəbi maddi faydaçıllıqdır. İçki, zina kimi maddi istəklərin qarşısına sədd çəkən dini inancı, bu istəklərini həyata keçirmək üçün inkar edirlər.
  2. Tanrıdan küskünlük – Bəzi insanların da tanrını inkar səbəbi həyatlarındakı hər hansı bir bədbəxt hadisədir. Yaşadıqları travmanın günahını tanrıda görən bu insanlar, tanrıya olan küskünlüklərini ona inanmamaq kimi biruzə edirlər.
  3. Fərqli görünmək istəyi – Bir qrup insanda bu cür psixoloji hallar mövcuddur. Bu qəbildən olanlar, özlərini nələrləsə cəmiyyətdən fərqli göstərməyə və qabardılmağa çalışırlar. Onların bir hissəsinin tanrını inkar səbəbi də məhz budur. Fərqli görünmək üçün tanrını inkar edir və inanan çoxluqdan fərqlənirlər.
  4. Az bilgi – Bəzən az bilgi əldə edən cahil fərdlər, dərhal bu az bilgi ilə tanrını inkara yönəlirlər. Bu da, özlüyündə illuziyadan başqa bir şey deyildir. Heyzenberqin də dediyi kimi:”Elm bardağından içilən ilk qurtum insanı atest edə bilər, amma bardağın sonunda onu tanrı gözləyir.”

Əgər tanrı bizim bir tələbatımızdırsa və tarix boyu insan var olan andan etibarən inanc da mövcud olmuşdursa, bu halda bir suala cavab verilməlidir: Tanrı tələbatını bizdə yaradan tanrının var olmasıdır, yoxsa tanrını var edən bizdəki bu tələbatdır? Yəni, tanrı tələbatı yaratdı, yoxsa bu tələbat tanrını? Bu sualların cavabı gələn mövzularda bir-bir verləcək.