İyul 12, 2019

Ziya Balıyev – Alim qulun oğlan uşağını öldürməsi haqqında

Qurani-Kərimdə yer alan Alim qul (rəvayətlərə görə Xızır) və Musa qissəsi bir çox insanda müəyyən şübhələr yaradır. Alim qulun Musayla gedərkən yol boyu etdiyi üç əməldən biri xüsusi tənqidə məruz qalır. Bu yazıda bu məsələnin cavabını tapmağa çalışacağıq.

Məsələnin məğzi

Qurani-Kərimin kəhf surəsində Musa adlı bir insan alim bir qulla yol gedir. Həmən alim qul Musaya, onunla getməyə səbr edə bilməcəyini desə də, Musa bunu inkar edir və ona yoldaşlıq etməyə razı salır. Yol boyu alim qul üç hərəkət edir ki, Musa bu hərəkətlərin üçündə də səbr edə bilmir və ona etiraz edir.

  1. Əvvəl alim qul bir gəmini deşir. Musa ona etiraz edir ki, bu gəmini deşməsi doğru deyil.[1]
  2. İkincisi, alim qul yolda bir oğlan uşağını öldürür və Musa yenə etiraz edir.[2]
  3. Üçüncüsü, alim qul aşmaq üzrə olan bir hasarı düzəldir və Musa ona etiraz edir ki, gərək bunun müqabilində nəsə alaydın.[3]

Əvvəla qeyd edək ki, qissədə keçən alim qulun Xızır olması haqqında bir çox rəvayət vardır. Amma həqiqətən də bu Xızırdır ya yox tam olaraq dəqiq deyildir. İkincisi, qissədə keçən Musanın da peyğəmbər Musa olub-olmaması müzakirə mövzusudur. Bunu təsdiq və inkar edən hədislər vardır. Lakin, Musanın alim qula “bildiklərini mənə öyrət” deməsi və səbr edə bilməməsi onun peyğəmbər Musa yox başqa Musa olduğunu daha da möhkəmləndirir.

Bu hadisələrdə ən çox irad tutulan məsələ alim qulun bir oğlan uşağını öldürməsidir. Qeyri-müsəlmanlar bu ayəni əldə əsas tutaraq “sizin Allahınız uşağı öldürür”, “Allahınız ədalətsizdir” kimi sözlər deyirlər. İndi bu məsələ haqqında olan bütün iradları bir-bir ələ alaq və bu iradların həqiqəti nə qədər əks etdirdiyinə baxaq.

Allah nə üçün alim qul vasitəsilə balaca uşağı öldürdü?

Ayədə keçən “Ğuləm” sözü heç də bələkdəki və ya ağlı kəsməyən uşaq mənasına gəlmir. Ğuləm Quranda daha çox 15-20 yaşlı yenitmə üçün istifadə edilir. Məsələn, Tur surəsinin 24-cü ayəsində cənnətdə möminlərə xidmət edən gənc oğlanlardan danışılarkən, ğuləmin cəmi olan ğilmən sözündən istifadə edilir. Buna onu göstərir ki, ğuləm heç də məsum körpə deyil, yetişkinlik yaşına çatmış gənc bir oğlandır.

Ğuləmin nə olduğunu bilməmiz, bu ayəyə gələn ilk tənqidin cavabını bir başa verir. İlk tənqiddə “Allah günah etməmiş məsum uşağı niyə öldürdü?” deyilir və ayədə məsum uşaqdan danışılmadığı aydın bir məsələdir. Ayədə sözü gedən oğlan 15-20 yaşlarında gəncdir və onun günah etməsi, hətta böyük günah etməsi olduqca mümkündür.

Bu zaman haqlı olaraq əks tərəfdən sual gələ bilər: “Bəs o halda Musa nə üçün alim qula, günahsız insanı öldürməklə pis iş gördün deyir? Əgər o gənc günahkardırsa, o halda Musanın ona günahsız deməsi mümkünsüzdür. Deməli öldürülən məsum bir uşaqdır.” Bu sualın cavabı olduqca asandır. Musa adlı şəxsin “bildiklərini mənə öyrət” deməsindən məlumdur ki, alim qulun bildiklərini Musa bilmirdi. Yəni, Musanın o anda həmin gəncə günahsız deməsi, o gəncin günahsız olduğunun yox, günahından xəbərdar olmadığının göstəricisidir. Mümkündür ki, həmin gənci öldürməmişdən bir az əvvəl o gəncin böyük bir günahı olmuşdur.

O halda bizə yenidən sual ünvanlana bilər: “Əgər belədirsə, nə üçün səbəb kimi keçmişdəki günah yox, gələcəkdəki günah əsas götürülür? Yəni, alim qul Musaya deyir ki, o gələcəkdə günahkar olacaqdı.” Burada öncəki günahın deyilməməsi, heç də günahın olmamasına dəlalət etmir. Mümkündür ki, öncədən günahı olsun, sadəcə gələcəkdəki günahı daha böyük olduğu üçün vurğu da məhz o günaha edilir.

Məsələni belə izah edək. Təsəvvür edin bir qrup insan kütləvi qırğın etmək niyyətinə düşür. Onlar bir araya gəlib məsələnin planını qururlar. Bundan ölkənin təhlükəsizlik xidməti xəbər tutur və həmən qrupun insanlarını həbs edirlər. Bu zaman onları həbs etmə səbəbi kimi, gələcəkdə edəcəkləri günahları əsas götürülür. Yəni, günahı hələ etməmiş olsalar belə, öncədən etdikləri kiçik günah, yəni bu haqda düşünmələri onların həbs olunmasına səbəb olur. Əsas səbəb isə gələcəkdəki günahları göstərilir. Bu zaman biz onları həbs edənlərə deyə bilmərik ki, siz ədalətsizlik etdiniz, onlar hələ insan öldürməmişdilər. Bunu desək, əmin olun ki bizə gülərlər.

Allah o gənci öldürmək əvəzinə, imana gətirə bilməzdimi?

Bu arqumenti əsas gətirərkən çox zaman Quranda keçən “Allah istədiyini doğru yola gətirər, istədəyini də azdırar” ayəsini təqdim edirlər. Bu ayəni bu məsələyə aid etmək Quran məntiqini anlamamqdan qaynaqlanır. Allahın istəyəni doğru yola gətirməsi, istəyəni də azdırması bəndənin öz iradəsindən aslıdır. Bu ayədə Allahın iradəsi bəndənin iradəsilə uzlaşmalıdır. Yəni, Allah o insanı doğru yola çəkər ki, o insan doğru yolda olmaq istəyir və Allah o insanı azdırar ki, o insan azmaq istəyir. Əgər əksi olsa, Allahın ədalət sifəti tamamilə puç olar. Allah iman etmək istəyəni küfrə, küfr etmək istəyəni də imana çəksə, ədalət və azad iradədən söhbət belə gedə bilməz. O halda imtahanın da heç bir əhəmiyyəti qalmaz. Ədalət və azad iradə məsələsi ortaya girdiyi üçün Allahın bu ayəsinin də bu mənada gəldiyi olduqca aşkardır.

Bu zaman bizə əks arqument təqdim edilə bilər: “Əgər Allahın bir insanı zorla imana gətirməsi azad iradə və ədalətə ziddirsə, o halda bir insanı öldürməsi də azad iradə və ədalətə zidd olmurmu?” Burada biz iman gətirmək və cəza vermək məsələlərini aydınlaşdırmalıyıq. İman gətirmək və küfrdə olmaq tamamilə fərdi bir məsələdir. Yəni, mən iman gətirməsəm, bu Allahla mənim aramda olan bir prosesdir və başqa heç kimə zərər vermirəm. Bu halda zərəri özüm-özümə azad iradəmlə vermiş oluram deyə, Allahın mənə müdaxilə etməsi ədalətsizlik olar. Çünki özüm haqqımda olan qərarı özüm verirəm. Lakin, sözü gedən qissədə gəncin öldürülməsi fərdi bir məsələdən dolayı deyil, ictimai məsələdən dolayıdır. Bu halda Allahın müdaxilə etməsi ədalətsizlik sayıla bilməz. Bu gənc özündən əlavə, valideynlərini də zorla küfrə salacaqdı. Ən əsası isə, ayədə küfrdən əlavə azğınlıq da qeyd edilir. Azğınlığın da ictimai bir təhlükə olması hər kəsə məlumdur. Həmən gənc böyüyüb yüzlərlə insanın qatili ola bilərdi azğınlıq edərək. Bu zaman Allah başqa insanlara qarşı ediləcək qətlin qarşısını alır və ədalətli addım atır. Yəni, prosesin özü qətiyyən ədalətə və azad iradəyə zidd deyil. Yuxarıda qeyd etdiyimiz kütləvi qətliam planlaşdıran qrup misalını bir daha xatırlayaq. Onlar özləri azad iradəylə plan qurdular və qətliama hazırlaşdılar. Təhlükəsizlik xidmətinin onları həbs etməsi nə ədalətsizlikdir nə də azad iradəyə zidd deyil. Ədalətlidir ona görə ki, yüzlərlə insana qarşı olan qətliamın qarşısı alındı. Azad iradəyə zidd deyil ona görə ki, həbs olunmalarına səbəb öz etdikləri əməlləri idi. Yəni, onları buna kimsə zorla məcbur etmədi, azad iradəylə qərar verdilər və günahları ictimai olduğu üçün həbs edildilər.

Son sual:”Allah ictimai məsələlərə müdaxilə edirsə, nə üçün indi də bunu etmir?” Bu suala cavab vermək üçün də, Allahın müdaxilə etdiyi təqdirdə nə zaman müdaxilə etdiyini bilməliyik. Allahın müdaxiləsi ancaq iki zamanda baş verir: Peyğəmbər olduğu zaman və dua edilən zaman. Yəni, Allah bir müdaxiləni ancaq peyğəmbər olduğu zaman edir, birini də insan dua etdiyi zaman. Dua bu mövzuya aid olmadığı üçün, peyğəmbərlər dönəminin müdaxiləsinə nəzər salaq. Allah peyğəmbərləri nümunə göndərdiyi üçün, onların ətrafında baş verən hadisələri də bizlər üçün nümunə seçir. Məsələn, Allah Əyyub peyğəmbərə müxtəlif bəlalar göndərib onu səbrini yoxladı. Bu o demək deyil ki, Əyyub peyğəmbərin başına gələn hamının başına gələ bilər. Burada Allahın müdaxilə etməsi, insanlara nümunə göstərmək üçün idi. Yəni, başınıza nə bəla gəlsə səbr edin. Və ya Nuhun qövmü üçün Allahın daşqın göndərməsi, hamı üçün göndərməsi mənasına gəlmir. Burada nümunə var ki, haqla olun, ziyana uğramayıb. Sözü gedən qissədə də Allahın alim qulla (böyük ehtimalla peyğəmbərdir) bir gənci öldürməsi bizə göstərilən nümunə idi. Yəni, ədalət budur. Günahkar insan öz cəzasını almalıdır.

Bütün bu yazılanlar bizim nəzərimizdir, nn doğrusunu şübhəsiz Allah bilir!


[1] Kəhf: 71

[2] Kəhf: 74

[3] Kəhf: 77