Avqust 30, 2019

Ziya Balıyev – Ateizm və əxlaq

Nitsşe deyir ki, “Əxlaq insanı kölələşdirir.” Şopenhaure görə əxlaq “Dəymə mənə, dəyməyim sənə”dən ibarətdir. Rassel isə deyir ki, “Sənə görə pis olan mənə görə yaxşı ola bilər və ya əksi.” Fikir vermisinizsə, hər zaman dindən və tanrıdan uzaq düşmüş filosoflar əxlaqı pisləyir, onu adi bir şey kimi təqdim edir, obyektivlikdən çıxarıb tamamilə fərdiləşdirirlər.

Böyük alman filosofu İmmanuel Kant boş yerə demirdi ki, “Dəlillər tanrı haqqında bir şey deməsə də, əxlaqın varlığı tanrının varlığını daha çox mümkün edir.” Kant başa düşürdü ki, əxlaq ancaq və ancaq tanrı var olduğu zaman dəyər qazanır, əks halda mahiyyətsizləşir.

Əxlaqın varlığı hər zaman ateistləri çox böyük bir problemlə qarşı-qarşıya qoyub. Əxlaq varsa, mütləqdir ki, tanrı da var olsun. Əgər belə olmasa əxlaq heç bir dəyər qazana bilmir və biz insan öldürməkdən təcavüzə qədər heç bir şeyə pis deyə bilməz, heç kimi nədəsə günahlandıra bilmərik. Bu zaman böyük boşluğu doldurmağa çalışan dinsizlər əxlaqı pozivitizm və ya empirizmlə əsaslandırmağa çalışdılar.

Darvinə görə əxlaq təkamül prosesində avantaja görə formalaşıb. Dokinzə görə əxlaqı formalaşdıran bizim eqoist genimizdir. Başqa alimlər isə əxlaqı güzgü neyronları ilə əsaslandırdılar. Bununla da əxlaqı elmi yolla izah edib onu tanrının əlindən alacaqdılar. Bəs nə oldu? Bu nəzəriyyələrin heç biri əxlaqı əsaslandıra bilmədi, elm adamları tərəfindən böyük tənqidə məruz qaldılar.

İndi keçək əsas məsələyə. Əxlaqın formalaşmısanda iki ehtimal mövcuddur: əxlaqı tanrı yaradıb ya da insanlar özləri formalaşdırıb. Əgər biz əxlaqı insanların formalaşdırdığını iddia etsək, bu zaman ortaya böyük bir problem çıxır: insanlar fərqli məkanlarda və fərqli zamanlarda fərqli düşünürlər. Biz insanların zaman və məkana görə fərqli düşündüyünü nəzərə alsaq, onların formalaşdırdığı heç bir şeyi reallıq saya bilmərik. Bugün belə düşünüb sabah başqa cür düşünə bilərlər. Yəni, sənin birini öldürmən heç də pis bir şey deyil, əksinə yaxşı da sayıla bilər. Amma biz əxlaqın tanrıdan gəldiyini düşünsək, o halda əxlaq tamamilə obyektiv bir həqiqət olur və tanrının yaxşı dedikləri yaxşı, pis dedikləri pis sayılır.

Bu yazıda əsas toxunmaq istədiyim şey insestdir. Bildiyiniz kimi insest ailə daxili cinsi münasibətə deyilən addır. Şəkildə gördüyünüz yazıda mənim yazdığım rəyi Zamin Mürsəlov adlı ateist “Azərbaycan Ateistlər Birliyi” səhifəsində paylaşaraq tənqid etməyə çalışıb. Bu rəyi ateist astrofizik Laurens Krausun videosuna yazmışdım. Videoda müsəlman Həmzə ateist Krausa insest haqqında sual verir və Kraus səmimi olaraq bildirir ki, buna pis deməyə heç bir dəlilim yoxdur. Videoya rəy yazan ateistə də dedim ki, insestə ancaq tanrı varsa pis deyə bilərik, əks halda bunu deməyə əsasımız yoxdur.

Zamin bəy yazının başlığında qeyd edib ki, “Din olmasa bunlar hər şey edər.” Yəni demək istəyib ki, bunları insestdən saxlayan dindir. Bunu tənqid üçün desə də özü də bilmədən həqiqəti deyib. Bəli, insanları insestdən saxlayan şey dindir. Əgər din olmasa, yəni tanrının qanunu bizə çatmasa heç kim insestə pis deyə bilməzdi. Bu bədbəxtlər bilmirlər ki, bugün onların belə öz bacılarıyla evlənməməsinin tək səbəbi dindir. Onlar dini tənqid edə bilərlər, amma insest etmirlərsə, hələ də dini qaydalara riayət edirlər. Bu mövzu ümumiyyətlə Ateizm və ateistlər üçün qara bir ləkədir. İnsestin pis olduğunu demək üçün genetik qarışmanı əsas gətirirlər. Yəni, yaxın genlərin qarışması zamanı uşaq xəstə doğula bilər. Bu insestin pis olduğuna dəlil sayıla bilməz. Bu sözü “Xalq laboratoriyası” verlişində Zamin Mürsəlov mənə dedikdə, haqlı olaraq sual verdim ki, “Uşağın doğulmasının qarşısını alan qoruyucu vasitələrdən istifadə edilərsə, yenəmi insest pis olar?” Həmin anda Zaminin üz rəngini dəyişməsini və dilinin dolaşmasını görmənizi istərdim. Sonradan bilmədiyim səbəblərdən həmin hissə verilişdən silindi.

Əlqərəz, bir ateist heç bir halda insestə pis deyə bilməz və bunu etməkdə tamamilə azaddır. Bir teist isə obyektiv əxlaq normalarına görə insest edə bilməz, tanrı bunu qadağa edib. Yəni, teist insestə rahatlıqla pis deyə bilər, ateistinnisə deməyə vir kəlmə sözü belə yoxdur. Ateistlərə məsləhətim isə bu mövzuları açıb özlərini biabır etməmələridir.