Dekabr 1, 2019

Ziya Balıyev – Ateizmin Qısa Tarixi

Ateizm (Atheism) söz olaraq öz kökünü yunan dilindəki Atheos sözündən götürür. Theos, yunan dilində Tanrı deməkdir, sözün əvvəlindəki “A” hərfi isə inkar ədatıdır. Theos sözünün önünə inkar ədatı olan A hərfi artırılır və Atheos sözü alınır, yəni Tanrısız.1 Ateist bütün metafizik fikirləri rədd edən şəxsdir. İslam dünyasında ateistlərə “Dəhrilər” deyilir. Bu ifadə, Qurani-Kərimin Casiyə surəsinin 24-cü ayəsində keçən sözə əsasən deyilir: “Onlar dedilər: «Bizim bu dünya həyatımızdan başqa bir həyat yoxdur; daim ölürük və dirilirik və bizi yalnız “ZAMAN”ın keçməsi öldürür» Onların bu iddiaya bir bilikləri yoxdur. Onlar yalnız güman edirlər.”  Ayədə keçən “zaman” sözünün ərəbcə qarşılığı “dəhr”dir və buna görə də ateistlərə dəhrilər, yəni zamançılar, hər şeyi zamana bağlayan insanlar deyirlər.2

Ateizmin tarixi

Ateizmin tarixi dəqiq olaraq bilinməsə də yazılı mənbələrlə kökü Qədim Yunanıstan mədəniyyətinə dayanır. Tarixin ilk fəlsəfə məktəbi olan Milet məktəbinin nümayəndələri Fales, Anaksimander Anaksaqor ilk dəfə yaranışı metafizik yox, fiziki yolla izah etməyə çalışdılar. Buna görə də bu filosoflara “Təbiət filosofları” deyilir. O dönəmə qədər bütün yaradılış Tanrılarla əlaqələndirilsə də, ilk filosoflar yaranışı təbii proseslərə bağlamağa çalışdılar. Onlar ilkin substansiyanı hava, od, torpaq, su kimi təbii nəsnələrə bağlıyırdılar. Bu filosofların özlərinin ateist olub olmadığı dəqiq bilinməsə də, yaradılışa verdikləri izahlarla Tanrı anlayışını bir qədər mahiyyətsizləşdirdilər və Ateizmin zamanla inkişafına səbəb oldular. 3

Qədim Yunan mədəniyyətinin digər ateistlərindən biri də, tarixdə adına çox az rast gəldiyimiz Evhemerusdur. Evhemerus, “Müqəddəs siyahı” adlı utopik əsərində bütün Tanrıların əslində qədim krallar olduğunu qeyd edir. Onun nəzərinə görə, var olan bütün Tanrılar ölümündən sonra tanrılaşdırılan krallardır. Evhemerus, Zevsin də Krit adasının kralı olduğunu deyir. Bu filosofun fikirləri, sonradan “Evhemerizm” adıyla fəlsəfəyə daxil olmuşdur.4

Yunan filosofu Epikür də öz ateist fikirləri ilə fərqlənən filsoflardan biridir. Epikürün fikrinə görə, fəlsəfə insanı təbiət qanunlarını bilməməkdən irəli gələn və fövqəl təbii qüvvələrə inanmağa gətirib çıxaran qorxunu aradan götürməklə xoşbəxt etməlidir.5

Yunanlardan sonra bucür düşüncə tərzi zamanla Romaya yayılır. Romanın ən tanınmış ateistlərindən biri Epikürdən təsirlənən Titus Lukretius Karus olmuşdur. “Hər şeyin təbiəti haqqında” adlı məşhur əsərində o bir çox fəlsəfi problemlərə toxunmuşdur, bunu edərkən Epikürün fəlsəfəsindən yararlanmışdır. Bu kitabda Lukretius ilk növbədə xalqın arasında yayılmış müxtəlif inanclara qarşı çıxış etmişdir. Onun fikrincə onlar insanlarda qorxu hissi yaradır. Azadlığı əldə etmək üçün isə bu qorxudan qurtarmaq gərəkdir. Bunun üçün təbiət olduğu kimi öyrənilib qavranılmalıdır. Mövhumatların əsasını isə din təşkil edir, insanları bədbəxtliklərə sürükləyir. Ona görə də, Lukretius dini tamamilə inkar edirdi.6 Qədim Yunanıstanda və Romada var olan Ateizm haqqında Jan Bremer yazır:

“O dönəmdə Ateizm, nəzərə çarpacaq qədər tərəfdarı olmayan bir ideologiya idi. Qədim dövrdə, imansızlığını ifadə etməyə cəsarət edənlər; ancaq ziddiyyətli şəxslər və bir çox hallarda isə nəzəriyyələrini praktikaya çevirmədən, ya da  dini praktikanı tamamilə rədd etmədən Tanrıların varlığı haqqında intelektual nəzəriyyələr ortaya atan cəsur filosoflar idi. O dönəmdə Ateizm qarşımıza çıxardısa, bu daha çox “yumşaq” Ateizm, ya da başqalarını təhqir etmək üçün onlara deyilən ad olacaqdı.”7

Ateizmin ən böyük çiçəklənmə dövrü heç şübhəsiz Renesans dövrüdür. Bu dövrdə kilsənin zülmü və elmə qarşı olan mövqeyi insanlar içində zamanla dinə qarşı ikrah hissi yaratdı və Ateizm zaman içində inkişaf edərək insanları cəlb etməyə başladı. Kilsə yeni elmi kəşflərə “Allahın kitabına ziddir” adı verir və alimləri ya edam edir, ya da həbsə atırdı. Elmi kəşflər isə özlərini doğrultduqca, insanlar din və elm arasında seçim etmək məcburiyyətində qalırdılar ki, təbii olaraq elmi seçirdilər. Kilsənin İnkvizisiya dövründən sonra, zaman içində əvvəlcə dinə, sonra isə bir başa yaradıcıya, Tanrıya qarşı çıxan toplumlar yarandı.

Ateizmin termin olaraq ilk istifadəsi 16-cı əsrə aiddir. Maykl Baklinin araşdırmalarına görə “Ateizm” termini ilk dəfə 1540-cı ildə, ingilis tərcüməçi Con Çek tərəfindən istifadə edilib. Belə ki, Con Çek, Plutarxın “Batil inanc üzərinə” adlı əsərini yunancadan tərcümə edərkən, Ateizm terminindən istifadə etmişdir. Lakin həmin tərcümədə Ateizm termini tam başqa mənada işlədilmişdir. Buradakı ateistlər Tanrını inkar etmir, onların inkar etdikləri Tanrının dünyaya müdaxiləsidir. Bu dönəmlərdə “ateist” kilsəyə və xristian qanunlara qarşı çıxan insanlara təhqir mənasında deyilən ad idi.8 Ancaq bir əsr sonra atest sözünün mahiyyəti və istifadə məqsədi dəyişildi. Mişel de Serto bu dəyişiklik haqqında deyir:

“Mübahisənin mövzusu olan “ateistlər” hər bir kilsənin “kafirləri”, qanunlara qarşı çıxan inanc sahibləri və sairdir. Amma uzun müddət sonra, münaqişə Allahın varlığının ətrafında dönməyə başlayır. 1630-cu illərdə alimlər və skeptiklər tərəfindən yaradılan qruplar peyda olurlar; 1655-ci ildə … 1680-cü illərdə geri dönmək şərtiylə gözdən yox olurlar. Bir əsr əvvəl təhqir sayılan “Ateizm”, tanınan bir həqiqətə çevrilirdi.”9

Tarixdə özünə ilk dəfə ateist deyən şəxsin kim olduğu bir qədər mübahisə mövzusudur. Bir çox mənbələr alman filosofu Baron Holbaxı, digər mənbələr isə fransız filosofu Denis Diderotu göstərir. Eyni dönəmdə yaşayan bu iki filosof ateist fikirləri ilə çox fərqlənmişlər, lakin həyatı boyu durmadan inanc dəyişən Diderotun özünə ilk ateist deməsi daha yaxındır həqiqətə.10

Klassik Alman fəlsəfi dönəmində də Kantla başlayan şübhəçi axın zamanla Ateizmin geniş inkişafına təkan olmuşdur. Bu dönəmdə Ateizmin ən böyük nümayəndəsi alman filosof Feyerbax olmuşdur. Feyerbax israrla iddia edirdi ki, əslində Tanrı inancını bizim öz beynimiz yaratmışdır. Onun iddiasına görə insan ömür boyu çata bilmədiyi mükəmməllikləri Tanrıya yükləmiş və ona sitayiş etmişdir. Yəni, Tanrı sadəcə bizim çata bilmədiyimiz mükəmməllikləri yüklədiyimiz və sitayiş etdiyimiz varlıqdır.11

Tarix boyu bir çox ateist filosof və ateist axın olsa da, Ateizm öz varlığını heç şübhəsiz 4 nəfərə borcludur. Bunlar Karl Marks, Çarlz Darvin, Ziqmund FreydBertran Rasseldir.

Karl Marks, dostu Fridrix Engelslə bir yerdə “Marksizm” fikrini ortaya atmışdır. Marksizmin təməl prinsiplərindən biri də, dinlərin məhv olub aradan getməsidir. Ateist fikirlərində Feyerbaxdan təsirlənən Marks, dini cəmiyyət üçün bir narkotik kimi görür və inkişafa mane olan başlıca amillərdən sayırdı. Marksa görə din, güclülərin zəifləri idarə etməsi üçün vasitədir. “Dünya proletarları (işçi sinfi), birləşin!” deyən Marks, hər zaman zəif insanların, yəni işçi sinfinin yanında olduğunu bildirirdi. Proletar diktaturaya gedən yolda isə, güclülər, yəni burjuaziya və güclülərin silahı, yəni din məhv olub aradan çıxmalıydı. Lenin, Mao Zedonq, Fidel Kastro, Miloşeviç və.s inqilabçı insanların öz ölkələrində Marksizmi tədbiq etmələrindən sonra, dünyanın hardasa yarıdan çoxu ateist ölkələr idi. 1966-cı ildə “Time” jurnalında “Tanrı həqiqətən öldümü?” başlıqlı yazıda dünyanın təxminən yarısının ateist idarəçilik altında olduğu göstərilmişdi. Lakin, zaman keçdikcə Marksizm bu ölkələrdə özünü doğrulda bilmədi və bu sistem dağıldı. Yenə də buna baxmayaraq bir əsrdən çox zamanda, ateist təfəkkür dünyaya hakim oldu.12

Qərb dünyasında Ateizmin inkişafını ləngidən başlıca səbəblərdən biri “insanın yaranışı” problemi idi. İnsanların ortaya çıxışı barədə əlində heç bir ciddi dəlili olmayan Qərb insanları, çox zaman bu səbəbdən “Allah yoxdur” sözünü işlətməyə ehtiyat edirdilər. Məşhur şotland filosofu Devid Yum bu barədə deyirdi:”Biz hazırda insanın ortaya çıxışını bilmirik, lakin bu heç vaxt bilməyəcəyimizə dəlalət deyil”. Bu problemin həlli 19-cu əsrə qədər ləngidi, taa ki, Çarlz Darvinin “Təkamül nəzəriyyəsi”nə qədər. Biql gəmisiylə uzun bir səyahətə çıxan Darvin səyahətinin sonunda bir fikrə gəlir: Əslində bütün canlılar ortaq kökdən gəlir və zaman içində dəyişib növlərə ayrılırlar. Bu nəzəriyyə Avropada böyük bir rezonans doğurur. Başda Darvinin öz müəllimi olmaqla, insanlar ona qarşı çıxırlar, lakin Darvin öz iddialarından dönmür və zaman içində Darvinin fikirləri qəbul görməyə başlayır. Hazırda Təkamül nəzəriyyəsi ateistlərin ən başlıca silahlarından biri sayılır.13

Çarlz Darvinin “Təkamül nəzəriyyəsi”ndən sonra, artıq Qərb dünyasında insanın ali mövqeyi aradan çıxmağa başlayır, insanlar da heyvanlar sinfindən olan canlılar kimi qəbul edilirdi. Bu dönəmdə öz psixoanalitik fikirləriylə meydana çıxan insan Ziqmund Freyd oldu. Xristianlıqda insanın aliliyini bildirən “Tanrı insanı öz formasında yaratdı” fikrini dəyişərək, “İnsan Tanrını öz formasında yaratdı” fikri ilə dinlərə və Tanrı inancına qarşı meydan oxumağa başladı. “Tanrı, şişirdilmiş ata brazından başqa bir şey deyil” deyən Freyd, dini inancları tamamilə uşaq vaxtı alınan travmalara, nevroz hallarına bağlayırdı. Freyd belə düşünürdü ki, bizim Tanrı dediyimiz varlıq, əslində uşaqlıqda şişirtdiyimiz atamızın bir prototipidir. “Totem və Tabu” kitabında dini inancın yaranması haqqında olan fikri bu cürdür ki, “Qədim dövrdə klanlarda yaşayan oğullar, bütün gücün atalarında olduğunu görüb, ona paxıllıq edirlər. Belə qərara gəlirlər ki, atalarını öldürüb yesinlər. Bunu etdikdən sonra, klan daxilində böyük bir xaos tüğyan edir və oğullar bu əməllərindən peşman olaraq, atanın ruhunu başçı edir, ona itaət etməyə başlayırlar. Beləcə, Tanrı inancı öz kökünü atadan götürür.”14

XX əsrdə Ateizmin ən böyük siması heç şübhəsiz Bertran Rasseldir. Riyaziyyat, Məntiq və Fəlsəfəylə məşğul olan Rassel Rasionalizmin təməl daşlarından sayılır. Bertran Rasselin təməl iddiası budur ki, bizim üçün etalon olan ancaq ağıldır, ciddi dəlilləri olmayan bir obyekti qəbul etmək isə tamamilə yanlışdır. Bu iddiaya “Evidentializm”, yəni dəlilçilik deyilir. Sonnradan Entoni Flyu kimi filosofların da işlədiyi Evidentializm, Ateizmin ən ciddi sütunlarından biridir. Evidentializmə görə, bir gəmi düzəldən usta, gəminin batmayacağına dair əlində ciddi dəlilləri olmadan gəmini suya buraxsa, yanlış addım atar, çünki gəmi batdıqdan sonra yüzlərlə insanın ölümünə səbəb olacaq. Yəni, bir şeyə inanmaq yox, ona dair əldə ciddi dəlillərin olması önəmlidir. Tanrı inancına dair də, əldə elmi rasional dəlillər olmadığı üçün, ən məntiqli seçim Ateizmdir. BBC kanalına verdiyi bir müsahibəsində Rasseldən soruşurlar:”Əgər ölsəniz və inanmadığınız Tanrı sizin qarşınıza çıxsa, nə edərsiniz?” Rassel cavab verir:”Tanrıdan soruşaram `nə üçün sənə inanmağım üçün daha ciddi dəlillər göstərmədin?`”15

XX əsrdə başqa bir məşhur cərəyan da, Ekzistensializmdir. Ekzistensialist ateizmin ən böyük nümunəsi heç şübhəsiz Jan Pol Sartr sayılır. Sartra görə insanın mövcud olması mahiyyətindən daha öncə gəlir. Sartr bununla nəzərdə tutur ki, bizim həyatımızda etməli olduğumuz heç nəyi təsdiq edən norma yoxdur, yəni biz mahiyyətə özümüz qərar veririk. Bu halda biz azadıq. Bunu izah etmək üçün bir misala müraciət edək: Teatrın ortasına qəfildən gəlmiş bir aktyor düşünün. Bu aktyorun ssenari haqqında heç bir məlumatı yoxdur, yəni nə edəcəyi ona deyilməyib. O heç bilmir ki, tamaşa drammatikadır, komediyadır ya romantikadır. Bu halda o, özü hansı rolu oynayacağını, kim olacağını seçməlidir. Sartrın fikirlərinə görə, insan azad doğulur və azad yaşayır. Dini inanc isə insanın öz azadlığını məhdudlaşdıran başlıca faktorlardan biridir ki, insan bundan xilas olmalıdır.16

Ekzistensializmin başqa bir nümayəndəsi Alber Kamyudur. O, bütün həyatı mənasız sayır, yəni, yaşadığımız həyatda heç bir məna, heç bir dəyəri yoxdur. Kamyuya görə dini inanc sadəcə bu mənazıslıqdan qaçmağın bir yoludur və bu seçim yanlışdır. Kamyunun Nihilist Ekzistensializmində mənasızlıqdan qaçışın sadəcə 3 yolu var və onlarda ikisi yanlış, biri isə doğrudur.

1. Cismi intihar-İnsanın özünü öldürməsi

2. Fəlsəfi intihar-Hər hansı dini idelogiyaya bağlanmaq

3. Başqaldıran insan-Mənasızlığa qarşı mübarizə armaqla məna yaratmaq.17

Modern dönəmdəki Ateizm tamamilə elmi Ateizmdir. Yəni, modern Ateizmin əlindəki ən böyük silah elmdir və hər bir elmi yeniliklərlə dini və Tanrı inancını tənqid etməyə çalışırlar. Elmi Ateizmin ən məşhur nümayəndəsi, bioloq Riçard Dokinzdir. Riçard Dokinz daha çox Təkamül nəzəriyyəsini əldə əsas tutaraq, durmadan dinləri tənqid edir və dini inancı cəmiyyətin inkişafına maneə kimi görür. İnsandakı əxlaq anlayışını da əsaslandırmağa çalışan Dokinz, Biologiyaya yeni bir nəzəriyyə, Memetika nəzəriyyəsini gətirib. Memetika nəzəriyyəsinə görə, bizdəki əxlaqı formalaşdıran eqoist gendir, yəni genin daha çox həyatda qalma istəyi və bu xüsusiyyət nəsildən nəsilə ötürülür.18

Ateizm 4 əsas qrupa ayrılır:

1. Neqativ (Zəif) Ateizm

Neqativ Ateizmdə bir Tanrının var olması prinsip etibarı ilə mümkün olsa də, varlığına dair heç bir dəlilin olmaması səbəb ilə qəbul edilmir. Məs:“Bir Tanrı ola bilər, amma varlığına dair ciddi dəlil görməsəm, bunu qəbul edə bilmərəm”.

2. Pozitiv (Güclü)  Ateizm

Pozitiv Ateizmdə bir Tanrının var olma ehtimalı qətiyyətlə rədd edilir. Məs:”Hər hansı bir Tanrının var olması mümkün deyil”.

3. Praktiki Ateizm

Praktik Ateizmə görə bir Tanrının varlığı rədd edilmir, amma önəmsiz bir yer verilir. Tanrı, nə bu dünyaya təsir edə bilər, nə də bizim həyatımıza bir məqsəd qata bilər. Məs:”Tanrı var olsa belə, onun varlığının heç bir əhəmiyyəti yoxdur”.

4. Nəzəri Ateizm

Nəzəri Ateizm, bir başa Teizmin iddialarının qarşısına əks-arqumentlər qoyaraq Tanrının varlığını inkar edir. Məs:”Deyirsən bir Tanrı var? Varlığına dair iddialarını de, hamısını inkar edim”.

Bu 4 əsas qrupdan başqa, Ateizmin başqa formaları da mövcuddur. Bunların ən maraqlılarından biri, Karen Armstronq bölgüsüdür. Armstronq 2 növ Ateizmi bir birindən ayırır; Döyüşkən Ateizm (Militant Atheism) Dostyana Ateizm (Friendly Atheism).  Döyüşkən Ateizm, Tanrının varlığını əsassız sayması ilə yanaşı, din və dini nəsnələrlə heç bir formada barışa bilmir, onlara qarşı kəskin olaraq dözümsüz yanaşır və mübarizəyə qalxır. Dostyana Ateizm isə, Tanrı fikrini əsassız saysa da, dinə və dini nəsnələr qarşı düşmən mövqeyində deyil, əksinə onların bəşəriyyət üçün faydalı olduğunu hesab edir. Armstronqa görə Döyüşkən Ateizm təhlükəlidir və yer üzündə insani, əxlaqi və mənəvi həyatın formalaşmasını yubadır.

Mənbələr:

  1. Oxford dictionary
  2. Mürtəza Mütəhhəri, Materializmə yönəlmənin əsas səbəbləri (Əl-Hadi məətbəsi, 1992), s.6
  3. Qunnar Skirbekk və Nils Gilye, Fəlsəfə tarixi (Zəkioğlu, 2008), s.14-20
  4. Aydın Əlizadə, Antik fəlsəfə tarixi, (3 saylı Bakı Mətbəəsi ASC, 2016), s.109-110. 
  5. Qunnar Skirbekk və Nils Gilye, Fəlsəfə tarixi (Zəkioğlu, 2008), s.116-118
  6. Aydın Əlizadə, Antik fəlsəfə tarixi, (3 saylı Bakı Mətbəəsi ASC, 2016), s.139-142. 
  7. Jan N Bremmer, “Atheism in Antiquity” ist: Michael Martin (ed), The Cambridge Companıon to Atheism (Cambridge University Press, 2006), s.11. 
  8. Gavin Hyman, Ateizmin qısa tarixi, (Kırmızı Kedi Yayın evi, 2010), s.21
  9. Michael de Certau, The Possession at London, (University of Chicago Press, 2000), s. 101.
  10. Gavin Hyman, Ateizmin qısa tarixi, (Kırmızı Kedi Yayın evi, 2010), s.24
  11. Ferhat Akdemir, Feuerbach’in antropolojik ateizmi ve teistik açidan değerlendirilmesi (Məqalə)
  12. Karl Marx ve Friedrich Engels, Din üzerine (Sol yayınları, 2013)
  13. Charles Darwin, Türlerin kökeni (Alfa yayıncılık, 2017), Charles Darwin, İnsanın Türeyişi (Onur yayınları, 2002), Çarlz Darvin, Əqli Qabiliyyətimin və Xarakterimin İnkişafı Haqqında Xatirələrim(Qanun, 2017)
  14. Ziqmund Freyd, Totem və Tabu (Qanun, 2016), Ziqmund Freyd, Bir illuziyanın gələcəyi (Xan, 2015)
  15. Ferhat Akdemir, Alvin Plantinga ve analitik din felsefesi (Elis yayınları, 2007), s.41-148)
  16. Qunnar Skirbekk və Nils Gilye, Fəlsəfə tarixi (Zəkioğlu, 2008), s.526-532
  17. Ahmet Cevizci, Felsefe tarihi (Say yayınları, 2009) s. 648-689
  18. Richard Dawkins, Tanrı Yanılgısı (Kuzey yayınları, 2008)