Oktyabr 11, 2019

Ziya Balıyev – Cəlal Şəngörün Antropoloji Ateizm haqqında sayıqlamalarına cavab

Biz çox zaman ateistlərə irad olaraq “Cəlal Şəngörün dini bilgisi çox səthidir, onun dini yanaşmalarını niyə həqiqət kimi qəbul edirsiniz?” dediyimiz zaman, onlar bizə “Biz Cəlal bəyin İslam haqqında dediklərini yox, dinin mənşəyi və dinlər tarixi haqqında dediklərini qəbul edirik. O mövzuda çox bilgilidir” deyə cavab verirlər. Əslində bu problemin qaynağı, bizim yerli ateistlərin “Antropoloji Ateizm” mövzusunda bilgisinin səthiliyindədir. Azərbaycanlı ateistlərin ümumiyyətlə Antropoloji Ateizm haqqında təsəvvürləri yoxdur və bu mövzuda olan mütaliələri demək olar ki, sıfırdır. Buna görə də, Cəlal Şəngörün bu mövzu ətrafında danışdıqlarını həqiqət kimi qəbul edir, ona tabe olurlar. Bu yazıda Cəlal Şəngörün məhz bu mövzu ətrafında dediklərindən yola çıxaraq, onun doğru yoxsa yalan danışdığını analiz edəcəyik.

Aşağıdakı videoda Cəlal Şəngörün dinlərin mənşəyi haqqında qısa çıxışı var. Videoda deyir: “Dinlərin yaranma səbəbi yalandır. İlk insanlar yanlarına şimşək düşdüyü zaman bunun səbəbini axtarmağa başladılar və düşündülər ki, bunu edən onlar kimi bir varlıqdır. Beləliklə Tanrı anlayışı ortaya çıxdı.”

https://www.youtube.com/watch?v=igApi2qpy6I

Cəlal Şəngörün qeyd etdiyi nəzəriyyə, alman filoloq Maks Müllerin “Naturizm” nəzəriyyəsidir. Bugün bu nəzəriyyə Qərbdəki ciddi mühitlərdə qətiyyən müzakirə mövzusu deyil və tamamilə çökmüşdür. Danyel Denet kimi ateist mütəfəkkirlər belə artıq bu nəzəriyyədən istifadə etmir, əvəzinə yeni fikirlər ortaya çıxarmağa cəhd edirlər.[1] Təəssüfləndirici haldır ki, bucür ciddi mühitlərdən və bu barədə yazılan kitablardan geridə qalan Türkiyə və Azərbaycan kimi ölkələrdə Naturizm kimi nəzəriyyələr hələ də aktuallığını qoruyur.

Naturizmin nəzəriyyəsinin ortaya çıxışı

Maks Müller, alman filoloq və din araşdırmaçısıdır. Uzaq Şərq dinlərini yaxından araşdıran Müller, zamanla ilk inancın ortaya çıxışı barədə də fikirlər ortaya atmağa başladı. Maks Müllerin dinin mənşəyi haqqında formalaşdığı nəzəriyyəsi bəlkə də ən çox təsir buraxmış nəzəriyyədir. Həmin arqument Naturizmdir, yəni Təbiətçilik. Bu fikrə gəlməsində ona əsas ilham mənbəyi olan şey, hər zaman maraqlandığı hind inancları olmuşdur. Upanişadlar üzərində böyük çalışmalar həyata keçirən Müllerin bir şey diqqətini çox çəkir; kitablarda var olan Tanrıların əksəriyyətinin adı təbiətlə eynidir. Bu zaman Maks Müller, özünün Naturizm nəzəriyyəsini ortaya atır. Naturizmə görə ilk inanc məhz təbiətin özünün – günəş, ay, vulkan, yağış, külək, daşqın və.s.- Tanrılaşdırılmasıdır. İlk insanlar aciz idilər və heç bir şeydən xəbərdar deyildilər. Bu cür zehni hələ tam inkişaf etməmiş və aciz insanları təbiət çox təəccübləndirirdi. Günəş nədir? Günəş necə isti saçır? Göydən yerə su nə üçün tökülür? Ağacları tərpədən, üzümüzə toxunan hava axını nədir? Yerdən göyə püskürən, hər şeyi məhv edən vulkan nədir? Heç bir cavab olmadığı və özlərini təbiətdən qoruya bilmədikləri üçün, ilk insanlar təbiəti Tanrılaşdırıb ona sitayiş etdilər. Vulkan püskürürsə bu hansısa bir qəzəbdir. Vulkan Tanrı qəzəblənib, ona yalvararaq, sitayiş edərək bağışlandıq bəlkə. Meşə yanırsa bu hansısa bir qəzəbdir. Alov Tanrı qəzəblənib, ona yalvararaq, sitayiş edərək bağışlandıq bəlkə. Beləliklə ilk Tanrı təbiətin özündə meydana çıxdı və bütün tarix boyu insan övladına yoldaşlıq etdi.[2]

Diqqət edirsinizsə, videoda Cəlal Şəngörün verdiyi izah Maks Müllerin Naturizm nəzəriyyəsilə eynidir. Bəs bu nəzəriyyənin çökmə səbəbi nədir? Buna sübutlar varmı?

Naturizm nəzəriyyəsinin tənqidi

Mövzunun tənqidinə keçməzdən öncə bir şeyi xüsusi olaraq qeyd edək ki, ortaya atılan bu fikirlər tamamilə xəyal məhsuludur və dəqiq deyil, sadəcə ehtimaldır. Sonrakı araşdırmalar isə, bu ehtimalın da ola bilməyəcəyini bütün çılpaqlığı ilə ortaya sərdi.

Maks Müllerin Naturizm nəzəriyyəsi ən çox təsir buraxmış nəzəriyyə olsa da, Antropoloji Ateizmin digər nəzəriyyələrinin içində ən zəif olanıdır. Müllerin araşdırmaları ancaq hind mətnləri üzərində olduğu üçün, bu barədə böyük bir xətaya düşmüş və ortaya yanlış nəzəriyyə qoymuşdur. Fransız sosioloq Emil Durkhaym böyük araşdırmalarından sonra Maks Mülleri iki çox ciddi arqumentlə tənqid edir.

Birinci arqument budur ki, əslində ibtidai insanlar bu təbiət hadisələrinə vərdiş idilər və vərdiş olduqları hadisələr onlarda Tanrı anlayışını ortaya çıxaracaq qədər ciddi təsir buraxa bilməzdi. Yəni, ibtidai insanlar təkamül prosesində insan olmazdan öncə, hələ ibtidai primat olduqları dönəmdə bu hadisələrə şahid olurdular. Onlar ağıllanmamışdan öncə də şimşək çaxmasını, daşqınlar, vulkanları müşahidə edirilər. Bu təqdirdə onların tədricən ağıllandıqları zaman bu hadisələrə qeyri adi baxmaları heç bir halda mümkün ola bilməz. Bu o təqdirdə mümkün ola bilər ki, insanlar birdən-birə ortaya çıxsınlar və bu hadisələri ilk dəfə müşahidə etsinlər. Məsələyə bucür yanaşdıqda isə, ani varoluşu qəbul etmək və avtomatik Tanrıya inanmaq labüd hal alır.

Bizə irad bildirilə bilinər ki, “Əgər belədirsə, nə üçün indi də insanlar qeyri-adi təbiət hadisələrinə metafiz yanaşırlar?” Bunun cavabı olduqca sadədir. Hazırki insanlar qeyri-adi hadisələrə ona görə metafizik yanaşırlar ki, onlar metafizik varlıqlardan xəbərdarlırlar. Yəni, bir insan Allah anlayışına sahib olduqdan sonra “Bunu Allah etdi” deyir. Əlavə olaraq da, insanların metafizik yanaşdığı hadisələr çox zaman ilk dəfə müşahidə etdiyi hadisələr olur ki, bu da nəzəriyyəyə verilən iradla birə-bir uyğunluq təşkil edir.

İkinci və əsas arqument isə bundan ibarətdir ki, Müller sadəcə hind mətnlərini araşdırıb və oradakı Tanrı adlarının təbiət adlarıyla eyni olmasından dolayı Naturizm nəzəriyyəsinin dinlərin mənşəyi olduğu qənaətinə gəlib. Əslində isə bu böyük xətadır. Təbiət adlarının Tanrıya verilməsi sonrakı prosesdir, daha öncələrdə isə bu mövcud deyildi. Yəni, biz təbiətlə Tanrıların eyniliyini ancaq və ancaq miflərdən sonra müşahidə edirik, daha öncəki ibtidai inanclarda isə belə bir hal heç bir zaman müşahidə edilmir. Müller də, sonrakı dinləri araşdırıb və daha öncəkilərdən xəbərsiz qalıb deyə, bu cür xətaya düşüb, ortaya yanlış nəzəriyyə qoyub. Əvvəlki inanclarda belə bir şey olmadığı halda, Müllerin dediklərinin doğru olma ehtimalı tamamilə sıfıra bərabər olur.[3]

Əlqərəz, bu iki tənqid Müllerin dediklərinin doğru ola bilməyəcəyini bütün aydınlığı ilə ortaya sərir.

Mövzuya gələ biləcək tənqid

Mövzumuza belə bir tənqidi yanaşma sərgilənə bilər: “Mümkündür ki, insanlar təbiət hadisələrindən təsirləniblər, lakin təbiət adlarını Tanrılara verməyiblər, əvəzində vahid bir Tanrı yaradaraq bütün hadisələri ona yükləyiblər.” (Xatırladaq ki, antropoloji və sosioloji araşdırmalar ilk inancın təktanrıçılıq olmasını dəstəkləyirlər.)

Bu düşüncə forması da qətiyyən yeni deyil və illər öncəyə dayanır. Ən əsası isə budur ki, bu nəzəriyyəni ortaya qoyan şəxs özü sonradan bunu inkar edir. Nəzəriyyənin banisi Rafael Pettazonidir. Pettazoni ilk inancların təktanrıçılıq (özünün deyişilə: Uca Varlıq) ola biləcəyini mümkün hal hesab edirdi. O, ilk insanların təbiətdən təsirləndiyini və bununla da ilk Uca Varlığı yaratdığını düşünürdü. Pettazoniyə görə Uca Varlıq göy üzünün şimşək, ildırım, yağış, göyqurşağı və.s. kimi hadisələrlə fenomenləşdirilmiş halı idi.[4]

Bu nəzəriyyədən sonra Uilhelm Şmit Pettazoniyə çox doğru bir tənqid yönəldir. Şmit qeyd edir ki, göy üzünün bütünlüyü ilə tanrılaşdırılması mümkün deyildir. Əgər belə bir hadisə baş vermişdirsə, o halda ildırım tanrısı, yağış tanrısı, göyqurşağı tanrısı ayrı-ayrılıqda mövcud olmalı idi. İldırım tanrısı formalaşdırılmadan, bütün hadisələri öz daxilinə alan vahid Tanrı heç bir halda ortaya çıxa bilməz. Pettazoni ömrünün sonlarına doğru yazdığı “The Supreme Being: Phenomenological Structure and Historical Development” (Uca Varlıq: Fenomenoloji quruluş və tarixi inkişaf) adlı əsərində Şmitin dediklərini doğru qəbul edir. Ona görə Uca Varlıq insanların hadisələrə izah vermək üçün ehtiyac duyduğu şey yox, varlığı etibarilə ehtiyac duyduğu şeydir.

Bütün bu tənqidlərdən gördüyünüz kimi, bucür nəzəriyyələr günümüzün ciddi elmi mühitlərində müzakirə halını almaqdan çıxmışdır. Bugün artıq bu nəzəriyyələr işlək deyil və yerini tamamilə yeni nəzəriyyələr alır. Lakin, “professor” Cəlal Şəngörün sahəsi olmadığı mövzuda çökmüş nəzəriyyələri əsas alması, bunu pəh-pəhlə danışması və mövzudan xəbərsiz ateistlərin də onu dəstəkləməsi olduqca təəssüf edici və utancverici haldır.


[1] Küre Yayınları – Din Felsefesi Seçme Metinler (İstanbul, 2013), s. 24-37 (Daniel C.Dennett – Dine Dair Evrimci Bir İzah)

[2] İbrahim Ethem Karataş, Max Müller: hayati, eserleri ve dinler tarihindeki yeri, (Dokuz eylül üniversitesi sosyal bilimler enstitüsü felsefe ve din bilimleri anabilim dalı, 2006); Edward Evans-Pritchard, İlkellerde din, (Öteki yayın evi, 1999) s.8-9

[3] Emile Durkheim, Dini hayatın ilkel biçimleri, (Ataç Yayınları, 2005), s. 95-110

[4] Eliade, Religion australiennes, s.34.