Avqust 30, 2019

Ziya Balıyev – Cəlal Şəngörün Big-Bang haqqında sayıqlamaları

Türkiyəli geoloq Cəlal Şəngörün bir çox elmi, fəlsəfi, dini mövzuda sayıqladığını bilirik. Təkcə Lamarkla Darvinin Təkamül nəzəriyyəsini ayıra bilməyib insanlara təkamüldən danışması nümunəsi kifayətdir. Maraqlıdır ki, başqa mövzuları çox səthi bilən Şəngörü hələ də proqramlara çıxarıb bu mövzularda söz sahibi edirlər. Burada toxunacağımız mövzu Şəngörün Big-Bang haqqında dedikləridir.

Türkiyənin məşhur proqramlarından olan “Teke-tek” proqramına qonaq olan Şəngörə Big-Bang haqqında sual verir aparıcı. Cəlal Şəngörün mövzuya girişi çox maraqlı və gülməlidir. Mövzuya “Yeməkxana dostum Stiven Hokinq” deyə başlayır. Yəni, adamla bir neçə dəfə eyni yeməkxanada olub və bunu “Yeməkxana dostum” deyə qabardır. Bucür sözlər bu geoloqda olduqca tez-tez görülməkdədir. Sanki ciddi bir əskiklik kompleksi var və bunu hansısa elm adamlarıyla eyni yeməkxanada olduğunu deyərək aradan qaldırmağa çalışır. Keçək mövzunun əsas hissəsinə.

Şəngör qeyd edir ki, Hokinq Big-Bang’dən öncə heçnəyin olmadığını deyirdi, yəni Big-Bang hər şeyin başlanğıcıdır. Məkan, zaman, maddə, enerji, hər şey bununla ortaya çıxdı. Modern fizikada bu fikir ən güclü rəy hesab olunur. Hətta ateist Harrari də məşhur “Sapiens” kitabına bunu qeyd etməklə başlayır. Lakin bu fikir ateistlərə olduqca ciddi bir zərbədir. Məkanın, maddənin, enerjinin, zamanın Big-Bang’lə ortaya çıxması onları ciddi bir problemə salır; heçnə yox idisə, nələrsə necə var oldu? Bu sualın cavabı ancaq və ancaq yaradıcı, fövqəlmaddi bir varlıqdadır. Başqacür varlıq ortaya çıxa bilməz. Ya maddə əzəli sayılmalıdır, ya da Allah qəbul edilməlidir.

Söhbətinin davamında Hokinqin fikrinin yalan olduğunu deyən Şəngör özünü elə bir çıxılmaza salır ki, fikrini heç bir şeylə əsaslandıra bilmir. Əvvəlcə aparıcının “Hokinq özü bunu inkar etdimi?” sualına, “Etmədi, amma Qara dəliklər haqqında yanıldığını dedi” kimi lazımsız, absurd, mövzuya aidiyyatı olmayan bir cavab verir. Qara dəliklərin mövzuyla heç bir əlaqəsi yoxdur. Ardınca “Müasir elm Big-Bang’dən öncə nələrinsə olduğunu deyir” desə də, bu iddiasıyla böyük bir xəta etdiyini anlayıb dərhal “ən azından nəzəri bir şeylər var” deyir. Big-Bang’dən öncə nəyinsə olduğunu demək, iddia etmək olduqca absurd bir şeydir. Çünki bunun ortada heç bir dəlili yoxdur və bu haqda deyilən fikirlər heç nəzəriyyə belə deyil, sadəcə hipotezdir.

Danışdıqca özünü çaşdıran Şəngör ən sonda daha da gülməli söhbətə girir. Dediyini əsaslandıra bilməyəcəyini gördükdə, məsələni Antik Yunanıstan filosofu Anaksimanderə aparır. Təsəvvür edin, ən modern fiziklərdən olan Hokinqin sözünü 2000 ildən daha qədim bir filosofla inkar etməyə cəhd edir. Və ən maraqlısı da budur ki, cənab Şəngör Anaksimander fəlsəfəsini də qarışdırır. Filosofun “Apeyron” fikrini kainatın əzəliliyinə əsas gətirir. Əslində isə Anaksimanderin Apeyronu qətiyyən kainatla əlaqəli deyil, hətta kainatı yaradandır. Apeyron dərkolunmaz, hüdudsuz, əzəli və əbədidir. Eynən səmavi dinlərin dediyi Allah anlayışı kimi. Yəni, Anaksimanderin Apeyronu səmavi dinlərin Allahıyla çox bənzərdir, hətta eynidir. Bəzi yerlərdə Anaksimanderin İslamın “Allahdan gəldik, Allaha gedəcəyik” fikrinin birə-biri olan “Apeyrondan gəldik, Apeyrona gedəcəyik” kimi fikirləri var. Yəni Anaksimanderin Apeyronu qətiyyən kainatın əzəli olmasına əsas vermir, əksinə filosofa görə kainatl yaradan Apeyrondur.