Aprel 14, 2019

Ziya Balıyev – Doktor Vasif İsmayıla cavab

Doktor Vasif İsmayıl bir çoxunuzun yaxından tanıdığı insandır. Ən azından, bir çoxumuz hörmətli həkimi televiziya kanallarından tanıyırıq. Həkim uroloqumuzun tibb sahəsində gördüyü işlərə heç kimin sözü yoxdur. Öz sahəsində mütəxəssis bir şəxsdir və gördüyü işlər də qənaətbəxşdir. Lakin bizim cavab verməkdə məcbur qaldığımız bir sıra məsələlərdən də yan keçmir Vasif bəy. Bunlardan ən başda gələni də din və fəlsəfə mövzularıdır. İnancsız olduğundan dolayı bəzi hallarda dini tənqidlərə yer verən Vasif bəyin  bu mövzuda yazdığı son yazısı isə, sözün həqiqi mənasında təəssüfləndirici idi. Son yazısında Vasif bəy, intihar edərək canına qəsd etmiş az yaşlı Elinanın hadisəsini dinlə əlaqələndirməyə çalışıb. Yazının başlığı bucürdür: “Elina intiharmı etmək istəyirdi? Əxlaqı din gətirmədi, sadəcə həyasızcasına öz adına çıxır.” Düzü Elinanın intiharı ilə dini bir arada eyni yazıya yerləşdirməyin məntiqini hələ də anlamış deyiləm. Hər halda, hörmətli həkim bununla nələrisə çatdırmaq istəyib, lakin yazısında yetəri qədər xətalara yer verib ki, burada o xətalara toxunulacaq.

Əvvəla qeyd etmək lazımdır ki, az yaşlı bir fərdin ölümündən istifadə edərək, dərhal dinə qarşı hansısa iddiada olmaq istər sekulyar, istərsə də dini təfəkkürdə yer verilən bir addım deyildir. Dünyasını dəyişən balaca bir uşaq var və buna görə təəssüf hissi keçirən yüzlərlə, bəlkə də minlərlə vətəndaş. Bu əsnada insanların həssas damarını tutmaq, belə ağır bir hadisəni dinə tərəf tuşlamaq və günahkar çıxarmaq cəhdləri olduqca qeyri etikdir. İndi yazının əsas məğzinə keçək.

Hörmətli Vasif bəy “Elina intihar mı etmək istəyirdi? Əxlaqı din gətirmədi, sadəcə həyasızcasına öz adına çıxır. Bundan bir-neçə gün əvvəl 14 yaşında Elina adlı qızımız intihara cəhd etdi və təhsil, səhiyyə sistemimizin əclaflığı ucbatından itirildi.” sözlərilə başladığıdı yazısına “Əxlaq nədir?” sualından giriş edib.

Vasif bəy öz yazısında əxlaqa belə tərif verir: “Əxlaq cəmiyyətdə canlının davranış kodeksidir.” Razıyam, Vasif bəyin bu tərifi Azərbaycan dilinin izahlı lüğətində təsdiqlənə bilər, lakin əxlaq ərəb sözü olduğu üçün etimologiyasına baxaraq daha dəqiq anlamaq olar. Əxlaq cəmiyyətdə canlının davranış kodeksi deyil, davranış kodekslərinin bir hissəsidir, hansı ki, bunlar doğuşdan onda olan bilgilərdir. Yəni, əxlaq insanın cəmiyyətdəki davranışları deyil, yaradılışdan onda olan xüsusiyyətlərdir. Əl-Məani lüğətində qeyd edilir: “Əxlaq Xüluqun cəmidir. Ruha (nəfsə) bağlı olan bir haldır ki, o ruhdan yaxşı və pis fellər ortaya çıxır və həmin o işlər təfəkkür etmədən baş verir.” Lüğətdən də görüldüyü kimi, əxlaq sözü xüluq sözündən törəyib, yəni yaratmaqla bağlıdır. Əxlaq tamamilə insanın yaranışıyla bağlı haldır və sonradan cəmiyyət içində formalaşmayla əlaqəsi yoxdur. Əbu Həmid Qəzali bu haqda yazır: ”Əxlaq, nəfisdə köklənmiş bir əsasdır ki, bu əsasın səbəbiylə davranışlar düşünməyə ehtiyac olmadan rahatlıqla ortaya çıxır.”[1]Əxlaq tamamilə doğuşdan gələn bir anlayışdır.[2]

Vasif İsmayıl yazının ardında qeyd edir ki, “Əxlaq eynilə bir maşın kimidir. Maşın, yəni avtomobil müxtəlif parçalardan meydana gəlir. Dəmir də var, plastik də, parça da. Əxlaq da onu formalaşdıran parçalardan meydana gəlir.” Yazısında mədəniyyət, ədalət kimi qavranların əxlaqın parçaları olduğunu qeyd edərək kiçik bir xətaya yer verir müəllif. Mədəniyyətin əxlaqla uzlaşdırılması və onun bir parçası olduğunun deyilməsi tamamilə yanlışdır. Çünki, mədəniyyət sonradan formalaşdırılan davranışlar toplusudur, əxlaq isə doğuşdan gələn. Məsələn, sizin hansısa bir kafedə özünüzü aparmanız, oturuşunuz, danışığınız mədəniyyət ola bilər, lakin əxlaq deyil. Və yaxud bir günahsız insanın öldürülməsini pis qəbul etməniz  mədəniyyət deyil, əxlaqdır. Bu iki qavram tamamilə ayrı şeylərdir. Ədalətin isə əxlaqın bir parçası olduğunu qeyd etməkdə ciddi bir problem yoxdur və razılaşmaq olar.

Yazıda belə bir hissə keçir: “Arxaik, yəni köhnə zamanlarda bir qrup insan ədalət duyğusu ilə bərabər inancı formalaşdı və daha sonra institut halında meydana çıxan din inancı da, ədaləti də, lap elə əxlaqı da inhisara alaraq öz adına çıxmağa başladı. Belə iddianın bir uroloq üçün həddən ziyadə böyük olduğu nəzərindəyəm. Köhnə zamanlarda ədalət duyğusu ilə inancın formalaşdırılmasını o qədər rahat formada qeyd edir ki, sanki bu haqda ciddi bir araşdırma və konkret fakt mövcuddur. Tarix boyu Maks Müller (Naturizm), Emil Durkhaym (Totemizm), Eduard Teylor (Animizm), Ceyms Freyzer (Magiya) kimi alimlər bu mövzuda nələrisə isbat etməyə çalışsalar da, ortaya heç bir fakt qoyulmamış, əksinə əldə edilən dəlillərlə bu şəxslərin nəzəriyyələri tarixin qaranlıq səhifələrinə qərq olmuşdur. Mövzuyla əlaqəli insanlar çox yaxşı bilirlər ki, ilk inanc mövzusu olduqca qarışıq, ağır, dərkolunmaz mövzudur və bunun təbiətüstü varlıqdan daha məntiqli açıqlaması yoxdur. Bu gün Vasif bəyin rahatlıqla həqiqət kimi təqdim etdiyi məsələni, ən qədim qəbilələri araşdıran Durkhaymlar, Spenserlər, Freyzerlər belə aşkara çıxara bilməmişdir.

“Din ‘ədaləti, əxlaqı mən gətirdim‘ deyibən min cür əxlaqsızlığı və ədalətsizliyi əsrlər boyu etdi.” sözlərini müəllifin hansı əsasa dayanaraq dediyi həqiqətən maraqlıdır. Nə İslamın müqəddəs kitabı Qurani-Kərimdə, nə də hədislərdə belə bir iddia olmazkən, Vasif bəy bunu bütün dinin iddiası kimi təqdim edir. Nəinki Quranda, heç Tövrat, İncil, Zəbur kimi kitablarda belə bu iddiaya yer verilməyib. Hər halda, Vasif bəy bir-iki dindarın ağzından çıxan sözləri bütün dinin sözləri kimi qələmə verib.

Yazısının ardında Vasif bəy olduqca maraqlı bir məsələyə diqqət çəkərək, ədalət hissinin inanc hissindən öncə olduğunu vurğulamağa çalışır. Burada həkim uroloqun toxunduğu təməl məsələ budur ki, ədalət hissi heyvanlarda da var və əgər belədirsə, “insan kəşfi olan inancdan” daha qədim olmalıdır. Bu misalı çəkməkdə məqsədi dinin olmayan və zorla dinə yüklədiyi “ədaləti din gətirdi” iddiasını yanlışlamağa çalışmasıdır. Bu iddiası onsuzda xətalıdır və dinlərdə belə fikir yoxdur, lakin yenə də etdiyi təməl iki xətasına diqqətinizi çəkmək istərdim. Vasif bəy ədalətin heyvanlarda olduğunu isbat etmək üçün edilən bir testi əsas gətirir. Testi qısaca sizə izah edim. İki qəfəsə iki ayrı meymun salınır və onlarla müxtəlif oyunlar oynanılır. Hər oyunun sonunda meymunların ikisinə də xiyar verilir və xiyarı yeyirlər. Bir müddətdən sonra isə mükafatı dəyişirlər. Meymunun birinə hələ də xiyar verərkən, digərinə üzüm verirlər. Xiyar verilən meymun buna etiraz edir, xiyarları testi həyata keçirən alimin üstünə atır. Bununla da bu qənaətə gəlinir ki, heyvanlarda ədalət hissi var.[3]

1-ci xəta: Müəllifin ilk xətası budur ki, əgər məsələ ədalət və inanc məsələsidirsə, nə üçün meymunlardakı ədalət testlərini qeyd edərək, inanc testlərini vurğulamır? Nensi Hovel[4], Ceyn Qudel[5] kimi şəxslərin meymunlarda dini inancın olmasına dair iddiaları vardır. O halda, Sara Brosnanın ədalət testlərini vurğulayaraq ədalətin inancdan öncə gəldiyini iddia edən Vasif bəyin arqumentləri, Ceyn Qudelin fikirləri ilə çürüdülə bilər. Yəni, əgər ədalət hissi insanlarla sərhədlənməyib heyvanlara aid edilə bilinərsə, inancı da bu yolla heyvanlara aid edə bilərik. Və beləliklə, ədalət dindən daha öncədir iddiasının əsası qalmaz. Əslində mən bu testlərin heç birini qəbul etmirəm, sadəcə Vasif bəyin yanaşmasındakı xətanı göstərmək üçün vurğuladım.

2-ci xəta: Sara Brosnanın şimpanzelər üzərindəki bu testi əslində ədalət qavramının heyvanlarda olmasına dəlil sayıla bilməz. Əvvəla ədalət qavramını dəqiq anlamalıyıq ki, nə üçün sayılmadığı bizə aşkar olsun. Ədalət həqiqətin müəyyən edilməsi və yerinə yetirilməsidir. Yəni, edilən felin doğru olması özlüyündə ədalətdir. Məsələn, bir canavar mənim sürümə hücum edərək zərər vurubsa, onu öldürmək ədalətli hərəkətdir. Mərhəmətli olmaya bilər, amma ədalətlidir. Burada mərhəmət və ədaləti ayırd etmək lazımdır. Və yaxud, cinayət edən şəxsin həbs edilməsi, ya da işləyən şəxsin işlədiyinin müqabilində mükafat alması ədalətlidir. Çox incə bir məqam budur ki, ədalət təkcə doğru davranılmayan insanın etirazı ilə yox, həm də başqa fərdlərin etirazı ilə müəyyən edilir. Məsələn, işlədiyim müəssisədə eyni işi gördüyüm iş yoldaşımdan daha az məvacib almama görə etiraz etsəm, bu hələ insanda ədalət hissinin olmasına dəlil sayılmaz. Dəlil o zaman ortaya çıxar ki, məndən çox alan iş yoldaşım da çox aldığına görə etiraz edə. Bax əslində ədaləti ortaya çıxaran təməl faktor budur. Sara Brosnanın testlərindəki əskiklik də bundan ibarətdir ki, xiyar alan meymun etiraz etsə də, üzüm alan meymun heçnəyi vecinə almır və üzümləri pəh-pəhlə yeyir. Bu zaman ortaya işin müqəddəratını həll edən sual çıxır: xiyar alan meymunun etirazı sadəcə nəfsindən dolayıdır, yoxsa ədalət? Əgər bütün testlərdə daha pisi qazanan fərd etiraz edən tərəfdirsə və daha yaxşını əldə edən fərdin vecinə deyilsə məsələ, o zaman meymunlarda ədalətin olması çox böyük bir sual altına girir. Bu, nəfsinin tələb etdiyi təməl instiklər də ola bilər.

Əslində heyvanlardakı bucür davranışları (məs. meymunların bir-birinin kürəyini qaşımasını, bir birinə kömək etməsini və.s) əxlaqa və yaxud ədalətə aid etmək olduqca xətalı bir yanaşmadır, çünki hərəkətlərin oxşarlığı səbəblərin eyniliyinə dəlalət edə bilməz. İnsanla heyvanın hərəkətlərini ayıran bir sərhəd var: fərqindəlilik. Fərqindəlilik məsələsi nəzərə alınmadan ortaya atılan heç bir arqumentin ciddi əsası yoxdur. Bu xətaya Riçard Dokinz də “Tanrı İlluziyası” kitabının əxlaq bölməsində yol verir. Dokinz bal porsuğuyla bir quşun köməkləşməsini əxlaqa əsas gətirir. Quş arı yuvasını dağıda bilmir, porsuq isə yuvanın yerini tapa bilmir. Bu zaman quş porsuğu müxtəlif hərəkətlərlə arı yuvasına qədər gətirir, porsuq yuvanı dağıdır, quş da baldan yeyir. Burada quşun porsuğu yuvaya qədər gətirməsiylə, mənim hansısa fəqirə sədəqə verməm arasında yerlə göy qədər var. Quşun o andakı tək məqsədi baldan yeyə bilməkdir, başqa heç nə bilmir. Mən isə fəqirə sədəqə verməyin, zəifə kömək etməyin yaxşı olduğunu bilirəm, bunun fərqindəyəm. Əxlaqı da, ədaləti də ortaya çıxaran əsas məsələ elə fərqindəlilikdir. Proseslərin oxşaması, səbəbləri heç bir zaman eyni etməz və bu xətayla gəlinən qənaətlərin xətalı olmaq payı doğruluq payından daha çoxdur.

Vasif bəy yazının sonunu da olduqca mənasız bitirib. Qarmaqarışıq, nədən bəhs olunduğu tam olaraq müəyyən edilməyən yazıda, sanki Vasif bəy özü də nə demək istədiyini tam olaraq müəyyənləşdirə bilməyib. Yazının son hissəsini sizə şərh etmədən təqdim edirəm:

“Elina da ədalət istəyirdi. Özünü öldürmək niyyəti olan insan heç nə istəməz. İnsan ancaq çıxılmaz vəziyyətə gəldiyini düşünəndə özünə qəsd edər.

Yuxarıda anlatdığım təcrübəni bir çox heyvanda, quşlarda belə aparıblar.

Nəticə eynidir.

Ədalət sürü halında yaşayan canlılara məxsus bir məfhumdur. Universaldır. Təzahürü və qaydaları eynidir.

Din sizi aldadır. ədalətin sahibi o deyil.”


[1] Əbu Həmid əl-Qəzzali, İhyaü Ulumid-din, (Beyrut), c.III, s. 53

[2] Əxlaqın doğuşdan gəlməsi ilə əlaqədər elmi əsaslara baxmaq üçün: Dr.Paul Bloom, Bebeklerin ahlaki yaşamı, (Verita yayın evi, 2015)

[3]Prof. Sarah Brosnan – A Comparative Approach to Morality

[4] Harrod JB. (2014). “The Case for Chimpanzee Religion” Journal for the Study of Religion, Natural and Culture (8.1)

[5] Goodall J “Primate spirituality” The Encyclopaedia of Religion and Nature. edited by B. Taylor. Thoemmes Continuum, New York. Pp. 1303-1306