Aprel 11, 2019

Ziya Balıyev – Evidentializm; Ateizmin dəlilçilik iddiası və onun tənqidi

Məqalənin hüquqları qorunur. İstifadə edərkən müəllifə və sayta istinad etmək vacibdir.

            Tarix boyu ateistlər tərəfindən dini inanca və tanrı anlayışına qarşı bir çox arqument irəli sürülmüşdür ki, bunların ən güclülülərindən biri “Evidentializm”, yəni dəlilçilik iddiasıdır. Evidentializm sözünün kökü latınca “Evidens” sözündən gəlir və mənası “göz və ağıl üçün aydın olan” deməkdir[1]. Evidentializmin təməl iddiası ondan ibarətdir ki, “Dini inanc, ancaq onu dəstəkləyən çox güclü dəlillər olduğu təqdirdə rasional olaraq qəbul ediləndir, əks təqdirdə ən məntiqli seçim Ateizmdir”[2]. Yəni, bir insanın hər hansı bir dinə və ya tanrıya inanması üçün mütləq dəlillərə ehtiyac vardır. Bir insan ancaq ortada olan dəlilləri tamamilə ələ aldıqdan sonra, bir dinə inanıb inanmayacağı mövzusunda qərar verə bilər. XX əsrdə ateist fəlsəfənin zirvəsinə qalxan bu iddianın əsası, Alvin Plantinqaya görə daha qədimə gedir. Con Lokk “İnsan dərketməsi üzərinə bir esse” adlı əsərində “Bir iddianı, dəlillərin onu möhkəmləndirməsi əsasında təsdiq etməliyik” yazır. Devid Yum da, “İnsan zehni üzərinə bir araşdırma” adlı əsərinin X bölümündə, “Ağıllı insan, öz inancını sahib olduğu dəlillərin əsasında təsdiqləyər” deyə qeyd edir. XX əsrdə Evidentializmin ən böyük simalarından biri olan Bertran Rassel də, dəlil məsələsini BBC kanalına verdiyi müsahibəsində bu cür cavablandırır: Əgər öldükdən sonra tanrı qarşıma çıxıb, niyə inanmadığımı soruşsa, Tanrıdan soruşaram: “Nə üçün sənə inanmağım üçün daha ciddi dəlillər göstərmədin?[3]

            Kökünü Con Lokk və Devid Yumdan götürən Evidentializmin ən güclü nümayəndəsi heç şübhəsiz Uilyam Kliforddur. Kliford dəlil olmadan tanrıya inanmağın əsassız olmasıyla yanaşı, bunun əxlaqa zidd və zərərli olduğunu da qeyd edir.[4] Uilyam Kliford bunu gəmi misalı ilə əsaslandırmağa çalışır:

“Bir gəmi sahibi, gəmisinin batmayacağına inanaraq, əlində batmayacağına dair dəlilləri olmadan gəmini okeana buraxır. Ancaq, gəmi sahibi çox qısa zamandan sonra gəmisinin okeanda batdığı xəbərini alır. Bu adam haqqında nə düşünməliyik? Əlbəttə, ölən insanların həyatından cavabdeh tutulmalı olan gəmi sahibidir.“[5]

            Dəlilçi iddianı əsas götürən filosoflar, Personsun deyimiylə “Ya dəlilini ver, ya da kəs səsini” (put up or shut up) deyərək, isbatlamaq yükünü tamamilə teistlərə həvalə etmiş və dəlil olmadığı təqdirdə, ən məntiqli seçimin Ateizm olduğunu qeyd etmişlər.

            Sonradan tanrını qəbul etmiş və “Yanılmışam, tanrı varmış” adlı məşhur kitabı yazan Entoni Flyuya görə, “Tanrının varlığını iddia etdiyi üçün, onun dəlilini vermək də teistin üzərinə düşür. Teist, öz iddiasını dəlillərlə isbat edə bilmədiyi müddətdə, tək alternativ Ateizmdir”. Flyu bu iddasını aşağıdakı kimi əsaslandırır:

  1. Yetərli dəlil olmadığı müddətdə tanrı inancını qəbul etmək məntiqsizdir.
  2. Biz, tanrı vardır iddiasını əsaslandıracaq dəlilə sahib deyilik.

Nəticə: İstənilən halda bizim üçün ən məntiqli və rasional seçim, tanrının olmadığına qərar verməkdir.[6]

Entoni Flyu

Dəlil nədir?

            Rasionallıq prosesində bütün diqqət dəlil üzərində toplandığına görə, “rasional inanc” dedikdə, ancaq dəlilə əsaslanan inanc nəzərdə tutulur. Teist və ya ateist bir çox filosoflar bir inancın rasional olub-olmadığını anlamaq üçün hansı kriteriyaların nəzərə alınması mövzusunda ortaq fikirdədirlər. Məsələn, Akvinalı Tomas, Dekart Bertran Rassell kimi filosoflar inancın rasionallığını təsbit etmək üçün, onun bilginin köklərini formalaşdıran fundamental müddəalarla olan əlaqəsinin test edilməsinin lazım olduğunu bildirməkdədirlər. Onlara görə rasional inanc ya hisslərə açıq bir müddəayla, ya da bu cür müddəalarla əsaslanan bir dəlillə aydınlaşdırılan inancdır. Bu iddiaya “İdraki Fundamentalizm”[7] deyilir.[8] Klassik fundamentalizm və modern fundamentalizmə görə hansı müddəanın fundamental müddəa olduğu mövzusunda fikir ayrılıqları mövcuddur. Akvinalı Tomasın da daxil olduğu klassik fundamentalizmə görə, bir müddəanın fundamental olması üçün ya özlüyündə aşkar, ya da hisslərə aşkar olması lazımdır. Modern fundamentalizmə görə isə ya özlüyündə aşkar, ya da yanlışlana bilinməz olması müddəanı fundamental edir. Fundamental müddəaları ümumilikdə izah edəcək olsaq, bu 3 kateqoriyaya bölmək olar:

  1. Özlüyündə aşkar – Bir müddəanın özlüyündə aşkar olması, hər hansı zehni prosesə və zamana ehtiyac duymadan, doğruluğunu özlüyündə qəbul etdiyimiz inanclardır. Yəni, bir insan bir müddəada istifadə olunan qavramların nə olduğunu bilirsə, doğruluğunu vasitəsiz qəbul edir. Məsələn, “Bir insan həm evli həm də subay ola bilməz” müddəası, özlüyündə aşkar  müddəadır.
  2. Hisslərə aşkar – Bir müddəanın hisslərə aşkar olması üçün, onu hər hansı hiss orqanımızla dərk etməliyik. Məsələn, “Qarşıda ağac var” müddəası hisslərə aşkar müddəadır.
  3. Yanlışlana bilinməz – Bir müddəanın yanlışlana bilinməz müddəa olması üçün, onun heç bir yolla inkar edilməsi mümkün olmamalıdır. Məsələn: Üçbucağın daxili bucaqlarının cəmi 180-ə bərabərdir müddəası yanlışlana bilinməz müddəadır.[9]

Evidentializmin tutarsızlığı.

A) İdraki Fundamentalizm hər zaman tutarlıdırmı?

            Evidentialist filosofların əsas ələ aldıqları fundamental müddəaların hər zaman keçərli olması mövzusunda bir çox filosoflar tənqidlər vermişdirlər. Bunların başında gələnlərdən biri də, dövrümüzün ən böyük filosoflarından olan Alvin Plantinqadır. Alvin Plantinqa qeyd edir ki, “Ümumiyyətlə, fundamental müddəalar hər zaman üçün keçərli deyildir. Məsələn, mən dünən günorta yemək yediyimi desəm, bu iddiam özülüyündə fundamentalizmin heç bir kateqoriyasına aid deyil. İstər özlüyündə aşkar, istər hisslərə aşkar, istərsə də yanlışlana bilinməzlik prinsiplərinin heç biri, mənim dünən günorta yeməyimi öz daxilinə almır. Lakin, bu o deməkdirmi ki, mənim iddiam fundamentalizmə söykənə bilmədiyi üçün yanlışdır?”[10] Buna yüzlərlə misal gətirmək olar. Bu iddianı tənqid edən filosoflardan başqa biri də, Kelli Klarkdır. Klark deyir:”Dünən velosipedə mindim kimi yaddaşa dayanan inanclarımız, Yunanıstan Demokratiyanın beşiyidir kimi tarixi inanclarımız, hər hansı elmi hipotezlər, öldürmək pisdir, ədalətli olmalıyıq kimi aksiolji inanclarımızın hamısı təməl inanclardır, lakin fundamentalizmin kateqoriyalarıyla dəstəklənmirlər”. Bu iddiaları yenə uzatmaq olar. Məsələn, meşədə bir dostunuzla tək qalsanız və dostunuz ağrılar içində qıvrılsa, ona kömək edərsiniz ya yox? Onun həqiqətən ağrıdığını 3 prinsipin heç biri təsdiqləmir. Evidentialist birinin edəcəyi ən məntiqli hərəkət, onu orada tək qoyub getməkdir.

B) İdraki Fundamentalizmin paradoksallığı

            Fundamentalist iddialara Plantinqanın başqa bir öldürücü[11] zərbəsi də vardır ki, bu iddia özlüyündə fundamentalizmi tamamilə çökdürür. İddia fundamentalizmin paradoksallığındadır. Plantiqa qeyd edir ki, əslində fundamentalizmin qarşımıza qoyduğu 3 prinsip, özlüyündə bu prinsiplərin heç biri ilə təsdiqlənmir və ortaya paradoksallıq çıxır. Özlüyündə aşkarlıq, hisslərə aşkarlıq və yanlışlana bilinməzlik prinsipləri, nə özlüyündə aşkardır, nə hisslərə aşkardır, nə də yanlışlana bilinməz deyil. Bu halda fundamentalizmin həqiqət saydığı 3 prinsipin özünü əsas saysaq, fundamentalizm özü yanlış bir iddia olur, çünki öz prinsipləri özünü təsdiqləmir.[12]

C) Tanrıya inanmaq üçün epistomoloji dəlillər önəmlidirmi?

            Bu məsələ tarix boyu filosofların müzakirə mövzusu olmuşdur; həqiqətən də tanrıya inanmaq üçün dəlillərə ehtiyacımız varmı? Herman Bavink, Alvin Plantinqa və.s filosoflara görə, tanrı inancı üçün heç bir dəlilə ehtiyac yoxdur, çünki tanrı insanı onsuzda ona inanacaq formada yaradıb. Yəni, insanın fitrətində tanrıya inanc vardır. Bu məsələ İslam hədislərində də İmam Sadiqin adıyla mövcuddur. “Bir gün bir nəfər imama yaxınlaşaraq ondan Allahın varlığına dair dəlil istəyir. İmam ona deyir: `Düşün ki, bir dənizdə boğulursan və sənə kömək edəcək heç kim yoxdur. Bu zaman sənə kömək edəcək başqa bir qüvvə (metafizik) axtararsan?` Adam `Hə` deyə cavab verir. İmam deyir:`Bax, axtardığın  varlıq elə Allahdır`”. Yəni, insanın içində tanrıya inanmağa bir meyil var ki, çətin anlarda bu özünü biruzə verir. Məşhur xristian din xadimi Con Kalvin, bu barədə çox diqqətə layiq qeydlər edib. Kalvin yazır:

            “İnsanın təbiətində tanrının varlığının fərqindəliyə dair bir meyil vardır. Tanrı, insanı varlıqdan xəbərsizlik kimi bir bəhanənin arxasında gizlənməkdən məhrum etmək üçün, öz varlığını fərq edəcək formada yaratmışdır. Məşhur bir paqanın da ifadə etdiyi kimi, barbar düşüncəyə sahib vəhşi bir insanın belə, “Tanrı vardır” formasında sabit bir inancı vardır. Tarixin başlanğıcından bəri, dinin olmadığı bir zaman və məkan olmamışdır. Özünü tanrı düşüncəsindən və qorxusundan xilas etmək üçün, boş yerə səy göstərən bir kafirin səyləri belə, onun tanrı fikrinə sahib olmasına dəlildir.”[13]

Con Kalvin

Fəlsəfi xəta: Varlığa dair dəlilin olmaması yoxluğa dəlildir!

            Evidentializmin təməl iddiası olan “Varlığa dair dəlilin olmaması, yoxluğa dəlildir” fikri, fəlsəfi olaraq çox xətalı bir yanaşmadır, çünki bu fikir hər zaman üçün keçərli deyil. Bəzən elə bir hallar mümkün ola bilər ki, ortada dəlil olmasa belə həqiqət öz payını itirməz. Buna dair sonsuz sayda misal çəkmək olar. Məsələn, əvvəlki məsələlərdə qeyd etdiyimiz ağrı misalını yenidən yada salaq. Bir dostumuzla meşənin ortasında tək qalmışıq və qəfildən bizi şiddətli ağrı tutur. Bu zaman ağrının həqiqətən olduğuna dair heç bir iddia irəli sürə bilmərik. Buna dair ancaq deyə bilərik ki, həqiqətən ağrıyıram. Lakin, bu özlüyündə qətiyyən dəlil sayıla bilməz. Bu zaman, dəlilin olmaması, həqiqətənmi ağrının olmamasına dəlalət edir? Qətiyyən! Ortada dəlil olmasa belə, ağrının olması tamamilə həqiqətdir. Və yaxud, axşam yuxuda öldüyümü görmüşəm. Bunu qarşımdakı insana heç bir yolla isbat etmək ehtimalım yoxdur, lakin bu dəlilsizlik həqiqəti qətiyyən ortadan qaldıra bilməz. Bunun kimi yüzlərlə misal çəkmək olar ki, dəlilsizlik bir iddanın həqiqət olma payını tamamilə yox edə bilməz və bu iddia fəlsəfi olaraq başdan-başa xətalıdır.

Yoxluğa dair dəlil verilə bilərmi?

            “Varlığa dair dəlilin olmaması, yoxluğa dair dəlil” sayıla bilərsə, o halda “yoxluğa dair dəlilin də olmaması, varlığa dair dəlil” ola bilərmi? Yəni, dəlilçiliyi əsas götürən bir ateistin, Ateizmin özünə dair dəlili varmı? Bu halda bir ateist dərhal buna etiraz edərək iddia edə bilər ki, ”Yoxluğa dair dəlil verilə bilinməz, dəlil ancaq varlığa dair verilə bilinər”. Buna dair tarix boyu Uçan Spagetti Yırtıcısı, Tək buynuzlu çəhrayi at, qurbağa, kompyuter və.s misalı veriblər. Bu iddiaların məğzi ondan ibarətdir ki, “hər şeyi yaradan səmavi dinlərin dediyi tanrı yox, əslində Uçan Spagetti yırtıcısı, Tək buynuzlu at, qurbağa, kompyuter və.s kimi varlıqlardır və sən isbat et ki, bunlar deyil”. Hər şeyi yaradan varlığın bunlar olmadığını çox rahat izah edə bilərik. Gəlin 5 addımda bunların yoxluğunu isbat edək:

  1. Uçan Spagetti Yırtıcısı, Tək buynuzlu at, Kompyuter, Qurbağa və.s kimi obyektlərdən danışarkən, ağlımızda müəyyən forma yaranır.
  2. Əgər müəyyən bir forma yaranırsa, deməli bu obyektlər fiziki obyektlərdir və müəyyən maddi tərkibləri var.
  3. Maddə özü Big Bang-dən sonra ortaya çıxmışdır.
  4. Maddə Big Bang-dən sonra ortaya çıxıbsa, maddəni yaradan varlıq heç bir maddi tərkibə malik ola bilməz.
  5. Deməli yaradılışın səbəbi bu varlıqlar ola bilməz.

Və yaxud:

  1. Uçan Spagetti Yırtıcısı, Tək buynuzlu at, Kompyuter, Qurbağa və.s kimi obyektlərdən danışarkən, ağlımızda müəyyən forma yaranır.
  2. Əgər müəyyən bir forma yaranırsa, deməli bu obyektlər fiziki obyektlərdir və fiziki obyektlərin fəaliyyəti üçün məkana ehtiyac var.
  3. Məkan özü Big Bang-dən sonra ortaya çıxmışdır.
  4. Məkan Big Bang-dən sonra ortaya çıxıbsa, məkanı yaradan varlıq heç bir məkanda ola bilməz.
  5. Deməli yaradılışın səbəbi bu varlıqlar ola bilməz.

Və yaxud:

  1. Uçan Spagetti Yırtıcısı, Tək buynuzlu at, Kompyuter, Qurbağa və.s kimi obyektlərdən danışarkən, ağlımızda müəyyən forma yaranır.
  2. Əgər müəyyən bir forma yaranırsa, deməli bu obyektlər fiziki obyektlərdir və fiziki obyektlərin fəaliyyəti üçün zamana ehtiyac var.
  3. Zaman özü Big Bang-dən sonra ortaya çıxmışdır.
  4. Zaman Big Bang-dən sonra ortaya çıxıbsa, məkanı yaradan varlıq heç bir zaman daxilində fəaliyyətdə ola bilməz.
  5. Deməli yaradılışın səbəbi bu varlıqlar ola bilməz.

Yoxluğa dair dəlil verilə bilinməz deyən insanlara, çox rahatlıqla dəlil vermək mümkündür. Əgər bir iddia tamamilə məntiqsizdirsə, bu halda onun inkarı olduqca asandır, lakin iddia məntiqli və əqlə zidd deyilsə, tutarlıdırsa və həqiqətdirsə, onun inkarı mümkünsüz olur.

Bəzən ateistlər bu iddialarını daha da möhkəmləndirmək üçün, öz məntiqsiz iddialarına məntiq donu geyindirməyə çalışırlar ki, bu da öz qazdıqları quyuya özlərinin düşməsinə səbəb olur. Məsələn, biz Kompyuterə maddi deyəndə, cavab verirlər ki, “yox maddənin fövqündədir”. Zaman və məkan lazım olduğunu dedikdə isə, “zamanın və məkanın da fövqündə” olduğunu deyirlər. Bu zaman, özləri elə səmavi dinlərin dediyi tanrını qəbul edirlər, lakin, sadəcə ona kompyuter adı verirlər. Buna məşhur teoloq Uilyam Leyn Kreyqin bioloq Luis Uolpertlə bəhsindən olduğu kimi misal gətirək:

Solda: Luis Uolpert
Ortada: Uilyam Kreyq

Kreyq: Kainatın başlanğıcına dair dəlillərimiz var.

Uolpert: Bu tanrı mənasına gəlməz.

Kreyq: “Hər nəticənin bir səbəbi vardır” və biz ən başa getdiyimiz zaman bu tanrıdır.

Uoplert: Bu səbəbin tanrı olması vacibdirmi?

Kreyq: Daha öncə də qeyd etdiyim ki, bu səbəb zamansız, məkansız olmalı, hər şeyə qüdrəti çatmalı və fiziki olmamalıdır.

Uolpert: Məncə bu bir kompyuterdir.

Kreyq: Amma kompyuter özü dizayn edilmiş bir obyektdir.

Ulpert: Xeyir, bu özünü dizayn edə bilən bir kompyuterdir.

Kreyq: Yəni zamansız?

Uolpert: Bəli zamansız.

Kreyq: Bu bir ziddiyətdir.

Uolpert: Niyə ziddiyətdir?

Kreyq: Kompyuterin zamana ehtiyac duyan işləmə mexanizması vardır.

Uolpert: Onda bu çox qeyri adi bir kompyuterdir.

Kreyq: Məntiqli olması lazımdır.

Uolpert: Bəli məntiqlidir. Bu kompyuter möhtəşəmdir.

Kreyq: İlk səbəbin fiziki obyekt olmaması lazımdır, lakin kompyuter fiziki bir obyektdir.

Uolpert: Bu düşündüyün kimi bir kompyuter deyil.

Kreyq: Əgər belədirsə, o halda sənin dediyin şey elə tanrının özüdür, sadəcə sən tanrının bütün xüsusiyyətlərini götürüb ona kompyuter adı vermisən.[14]


[1] Oxford dictionary

[2] Alvin Plantinga, Warranted Christian Belief, (Oxford University Press, 2000), s.82

[3] Ferhat Akdemir, Alvin Plantinga ve analitik din felsefesi (Elis yayınları, 2007), s.43

[4] William Clifford, The ethics of belief, (New Jersey, 1970), s.159

[5] William Clifford, The ethics of belief, (New Jersey, 1970), s.151-153

[6] Alvin Plantinga, Reason and belief god, (University of Notre Dame press, 1991), s.26

[7] İdraki Fundamentalizm sözü müəllifin əlavəsidir. Bütün dünyada Fundamentalizm deyə bilinir. Sadəcə Azərbaycan dilində Fundamentalizm və ya Təməlçilik dedikdə, dini ehkamçılıq başa düşülür deyə, ən doğru alternativ kimi “İdraki Fundamentalizm” sözündən istifadə etdik.

[8] Ferhat Akdemir, Alvin Plantinga ve analitik din felsefesi (Elis yayınları, 2007), s.55

[9] Ferhat Akdemir, Alvin Plantinga ve analitik din felsefesi (Elis yayınları, 2007), s.57-58

[10] Ferhat Akdemir, Alvin Plantinga ve analitik din felsefesi (Elis yayınları, 2007), s.61

[11] Plantinqa özü bu iddianı “Öldürücü” adlandırır.

[12] Ferhat Akdemir, Alvin Plantinga ve analitik din felsefesi (Elis yayınları, 2007), s.63

[13] John Calvin, İnstitues of the Christian Religion

[14] William Lane Craig vs Lewis Wolpert | “Is God a Delusion?” | Westminster, 2007