Avqust 30, 2019

Ziya Balıyev – Evtifro arqumenti və Taryel Abdullayev sayıqlamaları

Son günlərdə böyük müzakirə mövzusu olan Əxlaq haqqında Taryel Abdullayev də rəy bildirməyə çalışıb. Bizim aktuallaşdırdığımız (əlbəttə ateistlər bu mövzunun müzakirəsini istəmirlər) mövzu haqqında ateistlər tərəfindən bir dənə belə tutarlı rəy gəlməyib. Taryel bəy də mövzu haqqında nəsə deməyə çalışıb, amma dedikləri nəin ki, cavabdır, hətta Platonun “Evtifro arqumenti”ni də doğru formada analiz edə bilməyib.

Bizim ortaya atdığımız təməl arqument bundan ibarət idi ki, bir ateist əxlaqı heç bir formada əsaslandıra bilməz. Bir ateist təbiətin bir parçası olduğu üçün və sistemi yaradan vahid varlığı qəbul etmədiyi üçün yaxşı və pisi ancaq fərdlərin öz baxış bucağına görə dəyərləndirə bilər. Bu halda da ortaya böyük bir nisbilik çıxır. Biri üçün yaxşı olan başqası üçün pis olur və yaxud da tam əksi. Deməli, bir ateist heç bir zaman insestə, pedofiliyaya, insan öldürməyə pis deyə bilməz, çünki bu şey başqası üçün yaxşı olar. Bir şey o halda yaxşı və ya pis olur ki, həmin şey obyektiv bir reallığa dayanır.

Taryel Abdullayev bu suala cavab vermək əvəzinə məsələni Platonun Evtifro arqumentinə çəkib. Əlbəttə, bu sualın cavabı olmadığı üçün məsələni başqa yerlərə çəkməkləri olduqca başa düşüləndir. İndi Taryel bəyin yazdıqlarına diqqət edək.

Taryel Abdullayev qeyd edir: ”Əxlaq doğru və ya yalnış hesab edilən hesablamalardır. Sosiologiyanın, antoropogiyanın əxlaqa verdiyi tərifinə girəmədən, əxlaqın Allah ilə əlaqəsi olub olmadığını yoxlamaq üçün Platonun dioloqlarının birində etdiyi arqumentə baxmaq lazımdı. Məsələn Platon soruşur: `Əgər doğru və yalnışın meyyarı Allahdırsa, o zaman bir şey Allah əmr etdiyi üçün doğrudur yoxsa doğru olduğu üçün Allah onu bizə əmr edib?`”

Ardınca məsələnin birinci tərəfini izah etməyə çalışan Taryel bəy, arqumentdə olmayan, öz xəyal məhsulu və tamamilə mənasız bir iddia qoyub ortaya. İddiasında deyir: “Birinci düşüncəni təsdiqlədiyimiz zaman, doğru Allahın istədiyi, pis isə Allahın istəmədiyi şeylər mənasına gələcək. Bizim üçün əxlaq, ədalət, yaxşılıq, pislik kimi qavramların heç bir subyektiv mənası qalmaz və sadəcə bizdən kənar mütləq bir əmr sahibinin subyektiv iradəsinə dayanmış olur.” Bu arqumenti nəyə əsasən gətirdiyini həqiqətən anlamış deyilik. Onsuz da bizim dediyimiz də elə budur ki, əgər qavramlar subyektiv olarsa, heç bir həqiqət payları qalmır. Yaxşı mənim üçün yaxşıdırsa, yəni subyektivdirsə, o halda hansısa şeyə yaxşı deyə bilmərəm, çünki bu şey obyektiv deyil. Buna görə istənilən yaxşı və pis mütləq formada obyektiv bir reallığa dayanmalıdır ki, o şey Allahdır. Taryel bəy məsələni subyektivliyə çəkərək elə bizim dediyimiz iddianı xəbərsiz formada təsdiqləyir. Əlavə olaraq, istənilən aksioloji müddəanı, yəni yaxşı, pis, ədalətli və.s kimi şeyləri hansı metodla əsaslandıra bilərik? Bunun üçün insan övladının əlində heç bir əsas, heç bir meyar yoxdur. Ona görə də “bu şey subyektiv olmur” demək mənasızdır, çünki fərdin özünün bunu hansısa metodla isbat etməsi mümkün deyildir. Taryel bəy də öz iddiasını tutarlı etmək üçün, əvvəlcə izah etməli idi ki, bir qavramın fərdə görə subyektiv çəkisi olması üçün onu hansı metodla isbat etməlidir? Bu metodu vermədən, fərdə görə subyektiv mənası yoxdur demək sadəcə söz oyunudur.

Ardınca qeyd edir: “İkinci düşüncəni təsdiqlədiyimiz zaman, demək ki, bir şey özlüyündən doğru və ya yalnış olduğuna görə Allah o şeyə doğru və yalnış deyib. O zaman da o şeyin doğru və yalnış olmasını Allahın iradəsindən müstəqil bir əsl səbəbi olduğun qəbul etmiş oluruq.” Bu bənd də isə ciddi problem yoxdur. Arqumentin ikinci formasını doğru başa düşüb və bu hissəni bizlər də qəbul etmirik. Yaxşı və pis kimi qavramlar Allahdan müstəqil heç bir həqiqətə sahib ola bilməzlər, ona görə də bir şey yaxşıdır deyə Allah əmr etmir, Allah əmr edir deyə yaxşıdır.

İndi məsələdə Taryel bəyin anlamadığı, mənasız sözlərlə bəzədiyi arqumentin birinci hissəsinə nəzər salaq. Evtifro arqumentinin birinci hissəsində Taryel bəyin qeyd etdiyi iddia yoxdur, bunu Platonun adından cahil fərdlərə verməyə çalışıb. Onsuz da Platon kimi dahi arqumentin birinci hissəsini Taryelin əsaslandırması kimi cılız formada əsaslandıra bilməzdi. Evtifro arqumentinin birinci hissəsində ortaya çıxan təməl problem bundan ibarətdir ki, əgər biz yaxşının Allahın əmr etdiyi üçün yaxşı olduğunu desək, o halda Allah nə desə yaxşımı olacaqdı? Yəni, bunu qəbul etdiyimiz zaman “kefinə görə hərəkət” problemi ortaya çıxır. Allah desəydi ki, insan öldürmək yaxşıdır, biz də buna yaxşı deməli olacaqdıq. Allah insan öldürməməyə yaxşı dediyi üçün biz də yaxşı deyirik. Bunu qəbul edən Qəzali kimi böyük alimlər vardır. Lakin bu bir növ illuziyadır. Allah kefi istəyir deyə yaxşı demir nəyəsə, öz təbiəti etibarıyla yaxşı deyir. Ontoloji arqumentdən də bildiyimiz kimi Allah ən mükəmməldir. Allah ən mükəmməl olduğu üçün, deməli həm də ən yaxşıdır. Ən yaxşı olduğu üçün də, onun təbiəti tamamilə yaxşı olmuş olur. Bu halda Allahın dediyi bütün şeylər yaxşı olmuş olur. Deməli Allah kefi istədiyinə yaxşı, kefi istəmədiyinə pis demir, təbiəti etibarı ən yaxşı, ən mükəmməl olduğu üçün dediyi hər şey yaxşı olmuş olur. Arqumenti gətirən Platon özü də yaxşı və tanrı qavramlarını öz kitablarında eyniləşdirir. Yəni, Platon özü tanrı və yaxşı qavramlarını eyniləşdirdiyi üçün, bir növ Evtifro arqumentinin də cavabını vermiş olur.

Əlqərəz, Taryel Abdullayev bu mövzularda danışmasa daha yaxşı olardı. Onun işi ən yaxşı halda tərcüməçilikdir. Hansısa məqaləni tərcümə edərək sayta yerləşdirsin vəssalam. Hansısa elmi və ya fəlsəfi arqumentə öz rəyini bildirdikdə, bilgi qıtlığı ucbatından qarışdırır və onu “dahi” sayan cahil kütləni də yanlış yola çəkir.