Sentyabr 28, 2018

Ziya Balıyev-Gizlədilmiş Müsəlman; Mirzə Ələkbər Sabir

Bir dəfə satışda olan sovet nəşri kitab çox diqqətimi çəkdi. Kitabın adı “Gənc  Ateistin Cib Kitabı” idi və o dönəmdə ateist olduğum üçün faydası ola biləcəyini düşünürdüm. Ucuz olduğu üçün baxmadan aldım və evə gətirdim. Evə gəlib kitabı vərəqlədikdə sözün həqiqi mənasında dəhşətə gəldim. Kitabın ilk hissəsi Məhəmməd Füzulinin şeiriylə başlayırdı.”Könül, səccadəyə basma ayaq, təsbihə əl vurma, Namaz əhlinə uyma, onlar ilə durma, oturma! şeiri ilə başlayan kitabda, daha neçə görkəmli yazarlardan hissələr verilmişdi. Necə ola bilərdi axı, öləndə son vəsiyyəti Hüseyn ibn Əlinin ayaqları altında basdırılmaq olan, “Kərbəla Vaqiəsi” kimi bir əsəri ortaya qoyan Füzulini ateist kimi təqdim edə bilərdilər? Əslində Füzulinin bu şeiri tamamilə irfani bir şeirdir və sovet təbliğatçıları özləri də səhv anlamışdılar.

Sovet Sosialist Respublikası təbliğatçıları bu cür materialist təbliğatlarda çox peşəkar idilər. Çox rahatlıqla bir insanı cəmiyyətə ateist kimi təqdim edə bilirdilər. Füzuli, Nəsimi və başqa ateist kimi tanıdılan dahilərin içində Mirzə Ələkbər Sabir də var. Bəs əslində Sabir kim idi?

Sabir, bir çox tənqidi şeirləri əldə bayraq tutularaq, ateist kimi təqdim edilən müsəlman şairdir. Əslində, onun tənqidi şeirləri qətiyyən İslama deyil, əksinə, İslam adına uydurulan yalanlara, yəni xurafatlara qarşı idi. Bəzən insanlar din və xurafatı ayıra bilmirlər və hər hansı xurafatı və yaxud xurafata qarşı olan tənqidi din və ya dini tənqid kimi görürlər. Bu, onların nə qədər dindən xəbərsiz olduqlarını göstərir. Orta əsrlərdə Avropanı cənginə alan Xristian xurafatı İnkvizisiyanı da din kimi görmələri və bu səbəbdən “din elmə düşməndir” demələri bundan qaynaqlanır. Sabirin də şeirlərində tənqid etdiyi, eynən bu idi, yəni İslamın İnkvizisiyası. O dönəmdə İslam dinini əlinə alan, öz sözlərini Allahın sözü kimi təqdim edən mollalardan xəbərdar idi Sabir. Necə ki, Martin Luter İncili oxuduqdan sonra “Bunlar Xristianlığa ziddir” deyib kilsəyə etiraz etdi, eləcə də Qurandan xəbərdar olan Sabir “Bunlar İslama ziddir” deyərək etiraz edirdi. 95 tezisə görə Martin Luterə ateist demək nə qədər gülüncdürsə, tənqidi şeirləri üçün Sabirə də ateist demək o qədər gülüncdür. Sabir, “Harda müsəlman görürəm qorxuram” deyəndə, dini bu hala salanları nəzərdə tuturdu. O dönəmdə hegemonluqlarının əllərindən çıxmasından qorxan mollalar da, bu gün Ateizmi yaymaq üçün əldən-ayaqdan gedən ateistlər kimi Sabirə kafir deyirdilər. Sabir isə, öz şeiriylə həm o dövrün yalançı mollalarına, həm də günümüzün sovet ardıcılı olan ateistlərə cavab verir:

Əşhədü billahi -əliyyül əzim,
Sahibi imanəm, a şirvanlılar!
Yox yeni bir dinə yəqinim mənim,
Köhnə müsəlmanam, a şirvanlılar!
Şiəyəm əmma nə bu əşkaldən,
Sünniyəm, əmma nə bu əmsaldən,
Sufiyəm əmma nə bu əbdaldan,
Həqq sevən insanəm, a şirvanlılar!
Qaili-Quranəm, a şirvanlılar!1

Sabir, bu şeiriylə ona kafir deyən insanlara özü öz diliylə cavab verir, lakin, hələ də onun bu şeirləri gizlədilməyə, gözardı edilməyə çalışılır. O, başqa bir şeirində də müsəlmanların Qurana uyğun yaşamalı olduqları halda, Qurana uyğun olmayan həyat tərzi sürdüklərindən heyfslənir:

Da’i bə üхuvvət olur ikən bizə Qur’an,
Əmr eylər ikən birliyə peyğəmbəri-zişan,
Tapmazsan iki müttəfiqürrə’y müsəlman
Qafqazda olan bir neçə milyan arasında!

Dinməz əcəba mə’niyi-Qur’ani bilənlər,
İslamı belə təfriqədə хar görənlər,
Aya, oхumazlar nə üçün dini bölənlər,
(Kanu şiyəən) rəmzini Qur’an arasında!

Aхır bu nə təfriqü təхəllüfdür, ey ümmət?!
Əldən gediyor, dinləməyirsizmi bu millət?!
Ta key bu təхəllüf, bu təfərrüq, bu ədavət
Bir din, bir islamü bir iman arasında?!

Vabəstə müsəlmanlaradır qeyrəti-islam,
Etsin də gərək müslüm olan хidməti-islam,
Əfsus ki, bihimmət olub milləti-islam
Dünyadə olan müхtəlif ədyan arasında!

Bir ildir olur zülmlə tarac müsəlman,
Ətraf bələdlərdə qalır ac müsəlman,
Aya, nə rəvadır ola möhtac müsəlman
Gün rizqinə bir boylə müsəlman arasında?!

İslamımızı etməliyiz boyləmi ihya?!
İmanımızı qılmalıyız boyləmi ifa?!
İslam o deyilmi ki, ciyərguşeyi-Zəhra
Baş verdi yolunda susuz, al qan arasında!2

Şeirdə keçən “Kanu şiyəən” sözü Qurani-Kərimin Ənam surəsinin 159-cu ayəsində keçir:” “İnnə-l-ləzinə fərraqu dinəhum və kənu şiyəən ləstə minhum fi şeyin innəmə əmruhum ilə-lahi summə yunəbihuhum bimə kənu yəfalunə”3.Ayədə keçən “Kanu şiyəən” “Firqə-firqə olanlar” deməkdir. Şeirin son hissələrində də Xanım Zəhranın canı-ciyəri olan Hüseyn ibn Əlinin Kərbəla müsibətini misal çəkərək, insanlara bu hadisəni örnək kimi təqdim edir.  

Dostlarından birinə yazdığı məktubda Sabir, Halından şikayətlənir, çəkdiyi fiziki əzablardan birdəfəlik can qurtarmaq üçün özünü zəhərləyib intihar etmək dərəcəsinə gəldiyini yazır. Sonra: “Lakin nə etməli, tərbiyeyi-ibtidaiyyənin təsirindənmi, dindarlıqdanmıdır ki, buna
razı ola bilmirəm”
– deyir.4

Bu məktubunda da o, dindarlığından dolayı intihar edə bilmədiyini deyir, çünki İslam dinində intihar etmək haram buyurulmuşdur.

Mirzə Ələkbər Sabir haqqında bunun kimi yüzlərlə fakt qoymaq olar ki, o müsəlman biri idi və Ateizmlə yaxından uzaqdan əlaqəsi olmayıb. Yazdığı tənqidi şeirlər isə, İslami təfəkkürün dirçəldilməsi üçün xurafata qarşı tənqidləri idi.

Yazını, Mirzə Ələkbər Sabirin Kərbəla hadisəsi zamanı tikə-tikə doğranmış, Hüseyn ibn Əlinin oğlu Əliəkbərə yazdığı növhə5 ilə bitirirəm. Bu növhəni Seyid Əzim Şirvani üçün göndərdikdə, Seyid Əzim cavab olaraq sadəcə ağ kağız və lələk göndərir. Bu isə o demək idi ki, “Mən daha bu növhədən sonra növhə yaza bilmərəm”.

Baxdı çün Əkbərinin nizədə Leyla üzünə,
Gördü zülfü tökülüb, çün şəbi-yelda üzünə.

Gəldi şurə dedi: Ey şəmi-şəbistanım oğul,
Yetmədi kami – muradə məhi – təbanım oğul,
Həşrətək dildə qalıb çıxmadı bu canım, oğul,
Gəlməyəydi anan, ey kaş, bu dünya üzünə.

Ey səba! Bircə əs, ol zülfi – pərişanı dağıt,
Xanimani – dili – viraneyi – Leylanı dağıt,
Dili – viraneyi – Leyla kimi dünyanı dağıt,
Qoyma düşsün dəxi ol zülfi-səmənsa üzünə.

Çün kənar etdi səba zülfi – şikən pürşikəni,
Görünüb Haşimi xalilə xətu vəlhəsəni,
Məhv olub cümləsi, tökdülə dəfi – dairəni,
Bir baxıb Əkbərə, bir baxdıla Leyla üzünə.

Qaşların tağı, oğul sureyi – “Yasin” oxuyur,
Baxsa hər kim üzünə ayeyi- “Təhsin” oxuyur,
Əhli-Qur’andu bular cümləsi “Ta Sin” oxuyur,
Necə çəkdilər qılınc məzhəri – “Ta Ha” üzünə?

Dedilər: Kimdi bu övrət bizi nalan eləyən,
Yoxsa Leyladı bu Məcnun kimi əfqan eləyən,
Səni, ey tazə cavan, qanına qəltan eləyən,
Necə Məhşərdə baxar Həzrəti-Zəhra üzünə?

Etdilər çahi-zənəxdanına həsrətlə nəzər,
Zər xirid olmaq üçün bir-birinə verdi xəbər,
Tökdülər Şam Züleyxaları çün əşki-bəsər,
Baxdılar həsrət ilə Yusifi-Bədha üzünə.

Arizin səfheyi – İncili – Xudavəndi – vədud,
Nizə başında başın, həm oxuyur süreyi-Hud,
Deyəsən, nizə ayağında durub qövmi-Yəhud
Darın üstündə baxırlar hamı İsa üzünə.

Məzhəri-hüsni-peyəmbər rüxi-xalındu sənin,
Ayeyi-“Şəmsü Züha” mehri cəmalındı sənin,
Süreyi- “Nunü Qələm” Həşimi xalındı sənin,
Kakilin pərdə çəkib “Leylətül-Əsra” üzünə.

Başdakı şuri-şəhadətdi sənin tacın, oğul
Arizin Kə’bə, hərəmlər hamı hüccacın oğul,
Rəfrəfin nizə, mübarəkdü bu Me’racın oğul,
Qaşların qiblədü “Qövseyni-ov-ədna” üzünə.

Gəh üzün ayineyi – Müshəfü Tövratü Zəbur,
Atəşi – Turi – təcəlladı cəmalında zühur,
Misridür Şam bu qibtilərə, ya vadiyi – Tur,
Ali – Fir’on gəlib baxmağa Musa üzünə.

Sabira, hər il əza saxla Əli Əkbərə sən,
Kərbəladə gedib ağla o şəhi-davərə sən,
Gəl qiyamətdə bu cəm ilə səfi-Məhşərə sən,
Qalma həsrət iki dünyadə bu Mövla üzünə.6

 

  1. Bu əsərin ilk bəndi şairin ölümündən sonra “Məlumat” qəzetində (29 iyul 1911, № 25) “Mərhum Ə.Sabirin axırıncı günlərində dediyi kəlamlarından” qeydi ilə çap olunmuşdur. Bütünlükdə isə ilk dəfə “Yeni irşad” qəzetində (6 sentyabr 1911, № 7) şairin vəfatı münasibəti ilə A.Səhhətin çap etdirdiyi “Sabir” adlı məqaləsinə daxil edilmişdir.
  2. Mirzə Ələkbər Sabir – Hophopnamə, II cild, (Şərq-Qərb Nəşriyyat, 2004), s.57
  3. “Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir.”
  4. 1912-ci ildə çapdan çıxmış “Hophopnamə”nin titul səhifəsində dərc edilmişdi. 
  5. Növhə – ölüyə oxunanhüznlü şeir, matəm nəğməsi
  6. Anar – Min Beş Yüz İlin Oğuz Şeiri (Antologiya-I kitab), (Bakı, Azərbaycan Nəşriyyatı, 1999), s.554